Dədə Mamed Allahın rəhmətinə qovuşub. Yeri behişitlik
olsun.
Deyirlər, dədəlik edib DİN-də olanlara. Böyüklüyü,
xeyirxahlığıyla çoxunun "din-imanı" olub. DİN-də olanlar da,
olmayanlar da onun dədəliyini görüb. Hər kəs rəhmətliyi özünün
bildiyi kimi "dədələyir".
"Dədə" böyük addır, hər adama bu adla müraciət etmirlər. Şəxsi
tanışlığım və münasibətim olmasa da, yas mərasimində iştirak edə
bilməsəm də, rəhmətliyin yaxınlarına və dədəlik etdiyi bütün
insanlara başsağlığı verirəm, qəbri nurla dolsun.
İnanıram ki, rəhmətliyin dədəlik etdiyi adamlar onu həmişə
xatırlayacaq, sözün bütün mənalarında...
Generalın vəfatı xəbərini saytımızdan oxuyub, pis olmuşdum.
Redaktor bu tanınmış, adlı-sanlı kişinin yas mərasimi ilə bağlı
xəbər yazmağımı istədi: dəfn mərasimi harda olacaq, yasda kimlərin
iştirakı nəzərdə tutulur...
Eyni zamanda, general-mayor Məmməd Əsgərovun son iş yeri olan
"Azərpoçt" MMC Mərkəzi Xüsusi Rabitə İdarəsi ilə də əlaqə saxlamalı
idim.
"Azərpoçt"dan ilk zəngimdə mərhumu kədərlə yad etdiklərinin
şahidi oldum. Mərhum haqda xoş sözlər dedilər: "Rəhbərlik və digər
səlahiyyətlilər mərhumla vidalaşmağa gedəcək, onu son mənzilə yola
salacaqlar".
İndi isə keçək DİN-ə. Xəbərin "DİN-lə bağlı hissəsi"ni yarıda
bilmədim. Çünki o boyda nazirlikdə məlumat bürosundan başqa heç bir
şöbədə telefonu qaldıran tapılmadı. "Təbii haldır, - düşündüm, -
keçmiş həmkarları ilə vidalaşmağa yollanıblar".
Bu düşüncə ilə durmadan aradım. Telefona cavab verənlər
ümumiyyətlə məsələdən xəbərsiz olduqlarını, rəhbərliyin bu haqda
onlara bir söz demədiyini bildirdilər: "Məsləhət bilinsə, hüzrə
gedərik, yaxud gedərlər".
Yeri gəlmişkən, DİN-in Mətbuat xidmətinin bütün telefonları
general-mayorun yasını saxlayırdı sanki: ətini kəsirdin, reaksiya
vermirdi. Kadrlar və şəxsi heyət, eləcə də dəftərxana
şöbələrindənsə bizə heç nə deyə bilməyəcəklərini söylədilər.
Necəsə və nələrsə öyrənə bildik - əlbəttə. Biz də jurnalistik
axı. Amma...
Amma uzun müddət Baş Kadrlar İdarəsinə rəhbərlik etmiş,
çoxlarının təyinatını imzalamış bir kişiyə, generala qarşı bu
sayğısızlığı mən DİN-dən gözləmirdim.
Allah rəhmət eləsin Dədə Mamedə. Bu gün vaxtı ilə rəhbərlərindən
olduğu bir nazirliyin əməkdaşlarının mənə elədikləri "dədəliyi",
jurnalist sorumu cavabsız qoymalarını, ötür-ötür etdiklərini onun
ruhuna qurban verirəm... Guya qurban verməsəm nə olacaq ki...