Ana səhifə İqtisadiyyat |
"Axar.az" xəbər verir ki, Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Sahibkarların Qəbələ Forumu keçirilib.
Forum ,"Gənc Mühasiblər" İctimai Birliyi, "Gənclər üçün Təhsil Mərkəzi" və "Sosial İqtisadi İnkişafa Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Forum zamanı gənc iqtisadçıları və sahibkarları Azərbaycanda gedən iqtisadi proseslər, bu proseslərə təsir edən xarici və daxili amillər, prioritet sahələr və dayanıqlı inkişafa mane olan problemlər barədə danışılıb.
Forum iştirakçılarının həmin məsələlərlə bağlı şəxsi fikir və düşüncələri öyrənilib və ölkə iqtisadiyyatının inkişafında gənclərin iştirakını artırmaq üçün həyata keçirilən layihələr müzakirə olunub
Forumda Qəbələ, İsmayıllı və Oğuz rayonlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar, ekspertlər və əlaqədar dövlət orqanlarının nümayəndələri iştirak edib. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı qazanılan uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib
F.Heydərov bu tədbirin gənc sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyət daşıdığını qeyd edib və sahibkarlığın inkişafı ilə bağlı dövlət siyasətinin uğurla icra olunduğunu, iş adamlarının fəaliyyət dairəsinin genişləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldığını vurğulayıb.
Milli Məclisin deputatı tövsiyə xarakterli çıxışında bildirib ki, gənc sahibkarlar öz fəaliyyətlərini ölkəmizin sürətli iqtisadi inkişaf tempinə uyğun qurmalı və perspektivləri nəzərə almalıdırlar.
Qəbələ Forumunda "Gənc Mühasiblər" İctimai Birliyinin sədri
Solmaz Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun aparıcı
məsləhətçisi Mübariz Qədirov, "Sosial İqtisadi İnkişafa Dəstək"
İctimai Birliyinin sədri Qalib Nəbiyev, "Gənclər üçün Təhsil
Mərkəzi" İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə
çıxış edib.
Daha sonra "Makroiqtisadi göstəricilər iqtisadi və sosial inkişafın
yüksəlişindən xəbər verir", "Dövlət Məşğulluq Xidməti tərəfindən
gənc işaxtaranların sahibkarlıq fəaliyyətinə başlamalarına kömək
göstərilməsi", "Sahibkarlıq fəaliyyətinin inkişafında bankların
rolu", "Sahibkarlıqda strateji istiqamətləndirmə: Gələcəyə baxış"
və digər mövzularda məruzələr dinlənilib.
Həmçinin forumda Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri də çıxış edib. Kiçik və orta sahibkarlığın aktivləşdirilməsi və inkişafının dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi olaraq hazırlanacaq təkliflər paketinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.
Tarix
2013.12.23 / 16:08
|
Müəllif
Tural Qurbanlı
|