"Əbu Bəkr" məscidinin imamı,
Mədinə Beynəlxalq İslam Universitetinin Hədisşünaslıq fakültəsinin
məzunu Qamət Süleymanov geniş məqalə ilə çıxış edib.
Axar.az-ın məlumatına görə, iri həcmli yazıda sələfilərin lideri
"İslam dövləti" və Əl Qaidə terror təşkilatlarının yaranma tarixinə
toxunub.
Məqaləni ixtisarla təqdim edirik:
"Müsəlman qardaşlar" təşkilatı (ərəbcə "İxvanul Muslimin") XX və
XXI əsrlərin ən nüfuzlu müsəlman siyasi təşkilatıdır.
1928-ci ildə məktəb müəllimi, sufi əqidəsinə mənsub olan Həsən
Bənnanın əsasını qoyduğu "Müsəlman Qardaşlar" təriqəti qısa müddət
ərzində bütün dünya müsəlmanları arasında geniş populyarlıq
qazandı.
"Qardaşlığın" şöhrətinin kulminasiya nöqtəsi 2012-ci ilə təsadüf
etdi. "Ərəb baharı"ndan sonra ixvanlar Misirdə hakimiyyətə
gəldilər, Liviya və Tunisin yeni hökumətlərində nüfuzlu mövqeləri
tutdular.
Həmçinin ixvanlar və onların təsiri altına düşmüş siyasi
müsəlman partiyalar, o cümlədən Türkiyə, Sudan, Qəzza zolağı və
digər yerlərdə hökumət strukturlarında bərqərar oldular.
İxvanların dini lideri və "ərəb baharı"nın ideoloji təbliğatçısı
Yusuf Qərdavi bu günə qədər də Qətərin qeyri-rəsmi müftisi olaraq
qalır.
Lakin ixvanların şan-şöhrət dövrü uzun sürmədi. 2013-cü ildə
Misirdə ixvanlar əleyhinə əks-inqilabi çevriliş həyata keçirildi və
təşkilat rəsmi olaraq terror təşkilatı elan edildi.
2014-cü ildə Misir, BƏƏ və bir çox digər ölkələrin ardınca
gedərək Səudiyyə Ərəbistanı da "Müsəlman qardaşlar" təriqətini
terror təşkilatlarının sırasına daxil etdi.
Lakin Əl Qaidə və İŞİD terror qruplaşması kimi müasir esktremist
xəvaric təşkilatlarının meydana gəlməsinin əsas səbəbinin məhz
ixvanlar olduğunu çox az adam bilir.
Həmçinin, bu xəvaric təşkilatlarının əksəriyyətinin, sələfi
nəzəriyyələrinin təsiri altında ixvan ideologiyalarının mürəkkəb və
kifayət qədər uzunmüddətli mutasiya prosesinin nəticəsi olduğunu
çox az insan dərk edir.
Misirdə Əbdül Nasirə qarşı törədilmiş uğursuz sui-qəsddən sonra
həbsə atılmış şəxslərdən biri də, müasir ekstremist-xəvariclərin
gələcək ideoloqu Seyyid Qütb idi (1906-1966).
Qütb ömrünün demək olar ki, qalan hissəsini həbsxanada keçirir
və 1966-cı ildə dövlətə xəyanətdə ittiham edilərək edam edilir.
Seyyid Qütbün İslami təhsili yox idi və o heç islam alimi olmağa
namizəd də deyildi. O, sıravi, dünyəvi təhsil almış bir müsəlman
idi və yanlış şəkildə düşünürdü ki, demokratik yolla hakimiyyətə
gələrək cəmiyyətin vəziyyətini yaxşılaşdıracaq.
Lakin o, həbsxanaya düşdükdə və işgəncələrə məruz qaldıqda
fundamental islami biliklərə sahib olmadığı üçün, baxışları
radikallaşdı. Məhz bu dövrdə özünün ən məşhur, hətta qeyri-müsəlman
mütəxəssislərin təsdiqi ilə bütün müasir xəvariclərin masaüstü
kitabına çevrilən "Yoldakı nişanələr" (ərəbcə "Məalim fi ət-Tariq")
əsərini qələmə alır. Jurnalist Ceyson Byörk "Əl Qaidə" kitabında
yazır:
"Qütb bütün müsəlman cəmiyyətlərini islamdan çıxmaqda ittiham
edir və "küfr liderləri və onların nökərlərinə" qarşı silahlı və
zorakı mübarizəni təbliğ edir".
Beləliklə, Qütbün radikal baxışlarının geniş vüsət almasından
sonra, ixvanlar 2 əsas qrupa bölündülər: Qütbçülər və Bənnaçılar.
Birincilər zorakı üsullarla hakimiyyətə gəlməyin tərəfdarı
olanlardır.
Seçki proseslərində iştirak etməyi haram və hətta "küfrün
təzahürü" olaraq görürlər. Bənnaçılar isə demokratik üsullarla
hakimiyyətə gəlməyin tərəfdarlarıdır.
Lakin bənnaçılar hakimiyyətə demokratik yolla gəlməyin tərəfdarı
olsalar da, bu mümkün olmadıqda, terror əl atmağı icazəli
görür.
Ardı var