Ana səhifə Gündəm |
Bu gün Azərbaycan Mədəniyyət Fondu və SEBA (Seul-Bakı)
Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə
təşkilatçılığı ilə Qəbələ şəhərindəki Heydər Əliyev Konqres
Mərkəzində "Qəbələ IV Beynəlxaq İncəsənət Sərgisi"nin rəsmi açılışı
mərasimi keçirildi.
Publika.az xəbər verir ki, "İdman! Gözəllik!
Həyat!" adlı sərgi tarixdə ilk dəfə keçirilən və Azərbaycanın böyük
uğurla ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr edildi.
Sərgidə dünyanın 19 ölkəsindən (Azərbaycan, Almaniya, Belarus,
Çexiya, Estoniya, Gürcüstan, Koreya, Qazaxıstan, Türkiyə, Latviya,
Meksika, Monteneqro, Özbəkistan, Pakistan, Rusiya, Slovakiya,
Ukrayna, Yaponiya və Yunanıstan) 112 rəssamın iştirakı ilə 137 əsər
nümayiş olunur.
Sərginin açılış mərasimində ilk olaraq "Azərbaycan dövlətçiliyi və
mədəniyyəti" adlı sənədli film nümayiş olundu. Filmdə Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, Azərbaycan
incəsənətinə verdiyi dəyər, rəssamlıq və heykəltəraşlıq sənətinin
inkişafı ilə bağlı gördüyü işlər, eyni zamanda Prezident İlham
Əliyevin və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın
milli-mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətimizin,
incəsənətimizin və musiqimizin dünyaya tanıdılması sahəsində
xidmətləri öz əksini tapıb. Filmdə həmçinin SEBA Assosiasiyasnın 10
illik fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlərdən bəhs
edilib.
Rəsmi açılış mərasimi SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiaasiyasının sədri Ruhəngiz Heydərovanın çıxışı ilə
açıq elan olundu. Ruhəngiz xanım, Prezident İlham Əliyev və Birinci
xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı və
dünyada tanıldılmasında xüsusi xidmətlərindən danışdı. Sərginin
keçirilməsinin məqsədinin Azərbaycan və dünya mədəniyyət xadimləri
arasında əməkdaşlığın artırılması olduğunu deyən Ruhəngiz
Herdərova, sərginin keçirilməsində ideya və təşkilati dəstəyinə
görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür
etdi. Azərbaycanın SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiaasiyasının sədri qeyd etdi ki, Azərbaycan
keçirilən ən yüksək tədbirlərdə Mehriban Əliyevanın xüsusi imzası
var.
Heydər ƏIiyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan
Mədəniyyət Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın sərgi iştirakçılarına təbrik məktubunu
oxudu. O, Azərbaycanın bu cür tədbirlər üçün artıq bir məkan
olduğunu və ölkənin beynəlxalq tədbirləri uğurla keçirdiyini
dedi.
"Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondu tərəfindən
həyata keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil edilir.
Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinə Mehriban xanımın
ənənəvi dəstəyi var" – o, dedi.
Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov
Qəbələnin yalnız Azərbaycan deyil, dünyanın mədəniyyət
mərkəzlərindən birinə çevrildiyini vurğuladı. Nazir qeyd etdi ki,
Qəbələnin gözəl təbiəti beynəlxalq tədbirlərin keçirilməsinə əlavə
zövq verir.
Sərginin I Avropa Oyunlarına həsr edildiyini xatırladan Azad
Rəhimov, bu idman yarışının Azərbaycanı bütün dünyada tanıtdığını
dilə gətirdi. O, sərginin idmanın təbliğatı və gənclərin idmana
cəlb edilməsi üçün böyük əhəmiyyət daşıdığını bildirdi.
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Nazim Səmədov sərgini Qəbələ şəhərinin həyatında növbəti əlamətdar
hadisə adlandırdı. O, rəssamlara gələcək fəaliyyətində uğurlar
arzuladı.
Azərbaycan, Rusiya və SSRİ-nin xalq rəssamı Tahir Salahov,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı
Ömər Eldarov, Koreya Respublikasının Azərbaycan Respublikasındakı
səfiri Kim Çanq Gyu və Rusiya Federal Məclisi Federasiya Şurasının
sədr müavini İlyas Umaxanov da çıxışlarında sərginin təşkilində
əməyi olan hər kəsə, xüsusilə Azərbaycan Mədəniyyət Fondunun
Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban
Əliyeva və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiaasiyasının sədri Ruhəngiz Heydərovaya minnətdarlıq
etdilər.
Kim Çanq Gyu Səfir mədəniyyətin xalqlar arasında ortaq anlaşma üçün
böyük əhəmiyyət daşıdığını və sözügedən sərginin ortaq anlaşma üçün
böyük töhfə verəcəyini dilə gətirdi.
Mərasim zamanı hər bir sərgi iştirakçısına sertifikat verildi.
Sərginin təşkilatçıları və "Gazelli Evi"nin əməkdaşları tərəfindən
bütün qonaqlara hədiyyələr, həmçinin Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti tərəfindən nəşr olunmuş "Discover Azerbaijan"
("Azərbaycanı kəşf et") adlı kitablar təqdim olundu.
Qeyd edək ki, Qəbələ Beynəlxalq İncəsənət Sərgisi 2010-cu ildən
etibarən ənənəvi olaraq keçirilir. İlk sərfi 2010-cu il dekabr
ayında, ikinci sərgi 2011-ci ilin dekabrında, üçüncü sərgi 2013-cü
ilin mayında keçirildi.
"Qəbələ IV Beynəlxaq İncəsənət Sərgisi" 2016-cı il 17 yanvar
tarixinə kimi davam edəcək.
Tarix
2015.12.19 / 20:39
|
Müəllif
Axar.az
|