Yuxarı

Əlinə, dilinə, belinə sahib ol...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dərgahı

Qardaş Türkiyənin bütün gözəlliklərini, təbiət və mədəniyyət möcüzələrini, milli-mənəvi dəyərlərini görüb, öyrənməyə bir necə ömür bəs etməz.

Anadolu torpaqları bütövlüklə insanlığın tarix aynasıdır. Bu aynaya baxandə türkün yaradıcılıq qüdrəti və türk ruhunun böyüklüyü qarşısında heyrətə düşürsən. Otuz ilə yaxın bir zaman içində Türkiyəyə dəfələrlə gəlsəm və bu torpaqları dörd dəniz boyunca, eninə-uzununa gəzsəm də, hər gəlişimdə onun yeni bir zənginliyinin şahidi oluram.

Bu dəfə Kırşəhir Ahi Avran Unuiversitetinin dəvətlisiydim, Azərbaycan -Türkiyə ədəbi əlaqələri timsalında mili-mənəvi birliyimiz mövzusunda konfransım olacaqdı. Ankaradan Kırşəhirə gedən yol Orta Anadolunun baharın oğlan çağında gözalan bir yaşıllığa bürünmüş geniş yaylalarından keçir. Bu yaylalar, dağlar türklüyün yüksəliş çağlarını, zəfər və fəthlərini xatırladır.

Yol yoldaşlarım - Türkiyənəni ünlü yazarlarından olan və Türk dünyası ədəbiyyatını Türkiyədə ardıcıl çevirib nəşr etdirən köhnə dostum İmdat Avşar və millət sevdalısı, iş adamı Mövlud Toprakla yol boyu bu duyğuları paylaşırıq. Mənim Kıpşəhirə ilk dəfə gəldiyimi bildiklərindən, Anadolunu vətən eləmiş, bura türklüyün silinməz imzasını atmış böyük insanların türbələrini, təkkələrini ziyarət edə-edə gedirik: Həsəndədə və onun övladlarının türbələri, Sofu Baba türbəsi, Hacı Bektaş dərgahı, Əxi Evran camesi... Kalehöyük muzeyi... Bunlarsız nə Kırşəhirin ruhunu duymaq olar, nə də Orta Anadolunun türk tarixindəki yerini dərk etmək...

Bu yaylalarda insan özünü dünyanın damındaymış kimi hiss edir, elə bil, Yer üzünün qalan yerləri səndən xeyli aşağıdadır. Elə bir genişlikdən keçirsən ki, sanki yamac-yamac, səhifə-səhifə, üfüq-üfüq açılan bu əkin-biçin yerləri, tarlalar, bağlar, dağarası vadilər dünyanın sonunadək uzanıb gedir və bu gözəlliyə heç vaxt payız nəfəsi dəymir, bu genişliyi dolduran gün işığı heç vaxt çəkilib getmir. Ancaq İmdat bəy bu ilki yazın yağmursuz keçdiyindən və quraqlığdan narahatdır.

Orta Anadoluda belə "Dədə", "Baba" türbələri çoxdur. Şübhəsiz, Azərbaycandakı eyni adlı məzarlar və ziyarətgahlar da eyni yolun yolçusu olmuş insanlara məxsusdur. Ziyarət etdiyimiz türbələrin, camelərin hər biri Türk-Osmanlı tarixində mühüm rol oynamış adamların haqqa qovuşduqları - Haqqa yürüdükləri yerdə böyük sevgiylə ucaldılıb, bugünədək diqqətlə və minnətdarlıqla qorunub; hər birinin cildlər dolduracaq tarixi var; fərqli olan Kalehöyük muzeyidir. Bu muzey yaponların yayladakı bir kurqanda onillərlə apardıqları qazıntılar sonucu olaraq yaradılıb. Muzey də elə bir kurqandır. Kənardan baxanda yaşıl təpədir, ancaq yandan yolu var, içəridə zəngin və yüksək texnolojı özəllikləri olan bir muzey yerləşir. Arxeoloqların bu səliqəsi və sayqısını mən bizim Qəbələdə koreyalı mütəxəssislərin qazıntılarında da görmüşəm. Muzeydə 6-7 min illik bir tarixin yadigarları qorunur.

Yol boyu diqqətimi çəkən ən mühüm cəhət adamların qeyri-adi dərəcədə xeyirxahlığı və yardım etmək duygusu oldu. Yaşlı adamların marağı, cavab vermək, izah etmək şövqü adamı həyəcanlandırır. Bunun özü də o ziyarətdə yatanların müqəddəs ruhlarının ölməzliyindən, nəsillərin ürəyində yaşadığından xəbər verir.

Bu günün ən unudulmaz anlarını Hacı Bektaş Vəli dərgahında yaşadıq. Bu ziyarətə çoxdan can atırdım. Hacı Bektaş türk irqinin yetişdirdiyi ən böyük, ən müqəddəs şəxsiyyətlərdən biridir. Hacı Bektaş - Yəsəvidən başlanan türk milli fikir intibahının ən uca zirvələrindən olmaqla, "bektaşilik" adlanan və sonralar bütün Şərqə yayılan, sırasına bizim böyüklərimizdən Nəsimini, Şah İsmayıl Xətayini, Füzulini də qatan və Həzrəti Əliyə bağlı olan bir təriqətin yaradıcısıdır. Maraqlıdır ki, böyük Yəsəvinin fikir babası, müəllimi azərbaycanlı Yusif Həmədani olmuşdu.

Burda bektaşilikdən geniş bəhs etmək niyyətim yoxdur. Qısaca onu deyə bilərəm ki, Türkiyədə Əxilər Hərəkatının və bektaşiliyin tarixindən danışılarkən, Azərbaycan kənarda saxlanıla bilməz. Çünki bektaşiliyin təməl qaynaqlarından olan əxilik-qardaşlıq təşkilatları Anadoludan əvvəl Azərbaycanda yayılmışdı.

Kırşəhirdə (o zaman Gülşəhəri) əxiliyi yayan, əxilərin piri olan Əxi Evran da əslən azərbaycanlı idi. O, 1175-ci ildə Güney Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Bu vaxt artıq Gəncədə dahi Nizami Gəncəvinin də daxil olduğu əxilik-qardaşlıq geniş yayılmışdı. Əxi Evran (Əvran) Anadoluda ilk sənətkar birliklərini qurmuşdu. Özü 32 sənətin ustadı və müəllimiydi. Onun qurduğu sosial-iqtisadi-siyasi sistem Osmanlı imperatorluğunun idarəçilik fəlsəfəsi oldu. Osmanlı sultanları özlərini əxi-qardaşlıq birliyinə bağlı sayırdılar. Əxilərin bir deyimi məşhurdur: "Əxi olanın əli-qapısı-süfrəsi açıq, sözü-beli-dili bağlı olar".

Əxi Evran 1264-cü ildə, 93 yaşında əlində qılınc monqollarla savaşarkən öldürülmüşdü. Məni dəvət edən universitet də onun adını daşıyır. Kırşəhirdə bu gün də qadınların, kişilərin bir-birinə "qardaş" deyə müraciət eləməsi əxilik ruhunun yaşadığını göstərir.

Ələvi və bektaşi böyükləri, onların ağlasığmaz mərifət və kəramətləri haqqında çox yazılıb. Biz də birinin şahidi olduq. Yol boyu İmdat bəy quraqlıqdan şikayətlənirdi dedim. Sonuncu ziyarətimizdən, yəni Hacı Bektaş dərgahından çıxan kimi havanın tutulduğunu gördük. Seyrək, iri damlalar səpələnməyə başladı. Bir dəqiqə sonra, özümüzü maşına çatdırmağa inkan tapmamış elə bir leysan başladı ki, dükanların birində daldalanası olduq. Yazın bu çağında əsil bərəkət yağırdı və sonrakı iki gündə də davam elədi. Kim bilir, bəlkə də sidq-ürəkdən edilən ziyarət və verilən nəzirlərin bir sirli kəraməti də bu idi.

***

Hacı Bektaş və onun yaratdığı təriqətin biçimlənməsində yuxarıda adlarını çəkdiyim Böyük Azərbaycan-türk şairlərinin yaradıcılığı kimi, təsəvvüf düşüncəsi - o dövrün əsas dini-fəlsəfi fikir axını kimi - mühün rol oynamışdı. Təsəvvüfə görə, insan və gördüyümüz bütün var olan hər şey Tanrı ilə birdir. Varlıq birliyi - vəhdəti-vücud - anlayışı da burdan qaynaqlanır. İnsan Allahın ruhundan yaranıb, Mütləq Yaradan insanda təcəlla edib. Ay, ulduz Allahın zərrələridir. Şiəliyin bir qolu olan ələviliyin əsas fəlsəfəsi insana sevgidir. Yaradan və yaradılmışların ən alisi-mükəmməli olan insan bir-birindən ayrılmazdır. İnsanı sevmək - Yaradanı sevməkdir. Allahdan qorxmaq yox, onu sevmək lazımdır.

Ələvi-bektaşi humanizm ənənələri - insanlığın əxlaq dəyərlərinin yox edildiyi, haqqın, ədalətin Zora və Qanunsuzluğa əsir düşdüyü indiki zamanda bəşəriyyətin Ana Yasası - Konstitusiyası olmaq səviyyəsində üstün bir normadır.

Ələviliyə görə, insan dörd kamilləşmə qapısından keçəndən, özünü tanıyandan sonra günəş, ulduz kimi kainatın bir parçası olur, dünya onun ətrafında dövr edir. Ələvi alimlərinin yazdığına görə, ələviliyi islamın başqa təriqətlərindən ayıran əsas fərq Allaha və Qadına münasibətdədir. Başqa məzhəblərdə Allahdan qorxu olduğu halda, ələvilər Allaha "dost" deyir, dost gözüylə baxır. Ələvilər qadını erkəklə bərabər tutur, onun yaşınmasını mənasız və əsil islamla əlaqəsi olmayan bir şey sayırlar. Bu baxımdan onlar dünyanın inkişaf etmiş xalqlarını yüzillərlə qabaqlamışlar. Ələvi-bektaşiləri anlamaq baxımından Türkiyənin tanınmış alimlərindən İsmət Zəki Eyuboglunun sözləri yerinə düşür: "...Bektaşilik tarixinin Anadolu insanının tarixinin bəlli bir kəsimi olduğu anlaşılır. Bu düşüncə Anadolu insanıyla yaşıddır. Anadolu insanı, insan kavramından nə anlamışsa, bektaşiliyin anladığı da odur aşağı-yuxarı".

Maraqlı məsələlərdən biri də yüzillər boyu Osmanlının əsas güclərindən biri olan, onu ayaqda tutan yeniçərilərin bektaşiliyə bağlı olmasıdır. Yeniçərilər öz ocaqlarını həm də Hacıbektaşi ocağı sayırdılar. Bəzi ələvi-bektaşi araşdırıcılarının yazdığına görə, Osmanlının çöküşü 1826-cı ildə Yeniçəri Ocağının ləğvindən başlanmışdı. Yeniçərilər "bizim başımızdakı geyim Hacı Bektaş börkü, qurşandığımız qılınc Həzrəti Əli qılıncıdır" deyirdilər... Bu bağlılığı göstərmək baxımından Yeniçəri gülbankı (duası) da maraqlıdır: Allah, Allah, illallah. Baş üryan, köküs qalxan, didə al qan, sinə püryan. Bu meydanda neçə başlar kəsilir, heç olmaz soran. Kahrımız, qılıncımız düşmənə ziyan. Qulluğumuz padşaha əyan. Sayılmarız barmaqla, tükənməriz kırmakla. Üçlər, Beşlər, Yeddilər, Qırxlar... Nuri Nəbi, kərəmi Əli, kəraməti Vəli, Gülbank-i Məhəmmədi, pirimiz, hünkarımız, ustadımız, Kutb-ul Arifin Hacı Bektaş-i Vəli. Dem-ü devranına hu deyəlim huuu..

Yaxın Asiyada bu boyda nüfuz və təsirin arxasında Hacı Bektaşın böyük mərifət və insanlıq fəlsəfəsi dayanır. O deyirdi: Ara, bul. Kadınları oxudunuz. İncinsən də incitmə. Murada yetmək səbir ilədir. ... Hər nə ararsan, özündə ara. Əlinə, dilinə, belinə sahib ol. Mərifət elminin ilk məqamı ədəbdir. İnsanın camalı sözünün gözəlliyidir. Heç bir milləti və insanı ayıblamayın. Elmlə gedilməyən yolun sonu qaranlıqdır. Düşüncə qaranlığına işıq tutanlara nə mutlu. Düşməninizin dəxi insan olduğunu untmayın və s.

Bektaşi alimləri bu sözlərə dayanaraq BMT-nin İnsan Haqları Bəyannaməsinin kökündə bektaşi fəlsəfəsi və türkün insan sevgisinin dayandığı qənətindədirlər.

***

Bakıdan çıxandan cəmi bir neçə saat sonra insanlığın fikir tarixinin ən parlaq səhifələrinin yarandığı, o səhifələri yaradan insanların adının, sözünün, xatirəsinin müqəddəs tutulduğu yerlərdəydim. Burdakı bilgilər bir çox sirlərin üstündən pərdəni götürür. Böyüklərimizin keçdikləri yollar, türkü altıyüz il üç qitənin Baş ağası (Paşası) etmiş böyük fiziki və mənəvi gücün qaynaqları burda daha canlıdır və daha aydın görünür. İdrak qapısı təkcə keçmışə yox, həm də gələcəyə açılır. Çünki zaman insan ağlının çox böyük imkanlarını göstərsə, bir çox sahələrdə ağlasığmaz intellekt sıçrayışları olsa da, insanlığın zəiflikləri də davam edir və bir sıra mənəvi məsələlərdə irəliləməkdənsə, geriləmələr müşahidə olunur. Türk ərənlərinin, pirlərin, dədələrin, babaların, abdalların, dərvişlərin, övliyaların əxlaq dərsləri bu meydanda öz parlaq gözəlliyi ilə yenidən ortaya çıxır, yeni savaşları dinc yola yönəldən ən təsirli, çağdaş vasitə, məktəb kimi dəyər qazanır.

Hacı Bektaş dərgahının mətbəx bölümündə əfsanəyə görə eyni zamanda 12 inəyin ətinin bişirildiyi nəhəng qazanlar var. Bu dərgahda minlərlə, on minlərlə insan illər uzunu bu mətbəxin bərəkətini dadıb, aclıqdan xilas olub. Ancaq indi daha o qazanlar da, onlarin iki metrlik sapı olan yekə çömçələri də, ocaq qurdalamağa uzun maşaları da sadəcə muzey əşyalarıdır. Amma Hacı Bektaşın söz və hikmət qazanı odsuz-alovsuz hələ də qaynamaqda və fikir aclarını doyurmaqdadır.

Kırşəhir həm də türk dünyasının ən böyük şairlərindən olan Yunus Əmrənin, Aşıq Paşanın vətənidir.

İmdat bəy və dostlarının buraxdıqları "Koroğlu" dərgisinin mənə həsr olunmuş irihəcmli nömrəsini başqa vaxt görsəm, "buna ehtiyac varmı?" deyə narahat olardım. Ancaq indi böyük Yəsəvilərin, Hacı Bektaşların, Yunus Əmrələrin,, Aşıq Paşaların yolunda olmağın, onların dilində yazmağın, onların sözünü, ürfan və mənəviyyat ənənələrini davam etdirməyin nə qədər böyük bir xoşbəxtlik olduğunun rahatlığı dolmuşdu ürəyimə.

Axşam Universitetdəki görüşün təşkilatçısı olan Ayfər xanım da bizə qoşuldu. Gördüm elə o da qardaşlıq ruhunu, türk birliyi ruhunu yaşadan qız qardaşlarımızdan, Türkiyənin əsil aydınlarından biridir.

Ertəsi gün şəhərlə tanış olduq, Cacabəy Gökbilim (astronomiya) Mədrəsəsinə baxdıq, Aşıq Paşa türbəsini ziyarət etdik. Türkiyənin böyük xalq aşığı, ozan Neşet Ərtaşın muzeyindən aldığım təəssürat, dinlədiyim musiqilərin oyatdığı duyğular ayrıca qeyd olunmalıdır.

Burda yenə Türkiyə ilə Azərbaycan bir yerdədir. Anadolu sazı ilə yanaşı Azərbaycan sazı... Kamança, tar, tulum da beləcə. Yunus Əmrə, Aşıq Paşa ilə yan-yana Nəsiminin, Füzulinin, Xətayinin, Aşıq Ələsgərin rəsmləri və şeirləri təqdim olunur. Ayrı-seçkilik qoyulmadan.

Muzeyin ən gözlənilməz eksponatı Ərtaşın öz mum heykəlidir. Kənardan baxanda elə bilirsən canlıdır; geyim-kecimi yerində, saz sinəsində, "çalır, oxuyur"...

Unudulmaz görüşlərimizdən biri Kırşəhir valiliyində oldu. Vali Necati Şəntürk məni çoxdankı tanışı kimi qarşıladı. Şair olduğunu dostlarımız öncədən demişdilər; aramızda əsil ruh qohumlugu varmış. Yeni çapdan çıxmış kitabını açıb "gəl sənə şeir oxuyum, görüm bəyənirsən?" deyərək oxumağa başladı:

Yəsəvicə kükrəmiş, bizə Pir-i Türküstan,

Anadolu türkündür, diyar-i Rum müslüman,

Horasandan yürümüş, neçə alp, neçə aslan,

Horasan, insanlığın irfan çağlayanısan,

Tarixi istikbala hale bağlayanısan.

...Tarixə toxum səpmiş bu kəntdən Əxi Evran,

Bursada çinar olmuş Dövləti-ali Osman,

Üç qitə, yeddi iqlim, nə möhtəşəm bir dövran,

Kırşəhir, dövranların irfan çağlayanısan,

Sən ki, Anadolunun qədim Xorasanısan...

Şairləri bilirəm, birini oxudumu, ikincisini oxumaq istəyir. Amma Vali qardaşımızın şeirlərində Kırşəhirə yaraşan yüksək bir milli ləyaqət, tarixinə sahib çıxmaq, sevgi ruhu var.

Söhbətimiz uzanır. Bu arada Bakının Qala kəndində hərbi xidmətdə olmuş bir zabit də gəlib məclisimizə qoşulur. Bu da birlik duyğusunu gücləndirən başqa bir reallıqdır. Öz-özümə düşünürəm ki, görəsən Türkiyədə neçə vali, Azərbaycanda neçə icra başçısı ürəyində belə yüksək Vətən sevdası daşıyır, neçəsinin tarix şüuru bu qədər itidir, neçəsi kitaba bu qədər bağlıdır?..

***

Universitetin böyük salonu dolu idi. Türkiyənin demək olar ki, bütün universitetlərində Bakıdan getmiş müəllim və tələbələrlə rastlaşmaq olur. Bura da istisna deyildi. Adını çoxdan eşitdiyim riyaziyyat alimlərimizdən Vaqif Quliyev bu universitetdə çalışır. Onunla, azərbaycanlı tələbələrlə görüşdük. 1990-cı ildə Kaysəri Ərciyəz Universitetində keçirilmiş Birinci Böyük Azərbaycan Konfransında tanış olduğum ədəbiyyatşünas-folklorşünas alim Mahmud Sarıqaya, dekanlar Rafiq Balay, Nadir İlham, rektor yardımçısı Mustafa Kurt ilə görüşlərimizin xoş ovqatını, onların konfransda iştirak və çıxışlarını xüsusi qeyd etməliyəm.

Konfransda Ayfər xanımdan başqa İmdat Avşar da Azərbaycan-Türkiyə əlaqələri barədə öyrəncilərə ətraflı məlumat verdilər. Qalan iş mənim boynumaydı.

Ancaq konfransla iş bitmədi. Yorulmaz təşkilatçı olan Ayfər xanım həyat yoldaşı Əli bəy və gözəl qızları Münəvvər İlay Vüslat və Gülbəyaz Dilşadı da yanlarına alıb, axşam bizi qonaq çağırdılar. Təkcə bizi yox, həm də Kırşəhirin şairləri və musiqiçilərini. İkinci bir şeir axşamı burda başlandı və gecə yarısınadək davam etdi...

***

Yazımı burda bitirərkən dostumuz İmdat Avşarın ədəbiyyatımızın Türkiyə türkcəsinə axtarılmasında göstərdiyi fədakarlığı, tərcümələrinin yüksək keyfiyyətini bir daha minnətdarlıqla yada salmaq istəyirəm. Əslində, bunun əsas səbəbi onun istedadla yazılmış gözəl şeir və hekayələr müəllifi olmasıdır.

...İstanbula Kaysəridən uçacaqdım. Fürsətdən istifadə edib, yolüstü köhnə dostumuz, erməni dili və ədəbiyyatı üzrə sayı çox olmayan mütəxəssislədən biri, Ərciyəz Universitetinin müəllimi Qafar Çaxmaqlı ilə görüşüb onu professor adı alması münasibətiylə təbrik etdik... Özünü gözə soxmadan, sakitcə, amma vicdanla, elmi dəqiqliklə gördüyü işlər onu bizlərə və tələbələrinə sevdirən əsas keyfiyyətlərdəndir..

Bu səfərdə gördüyüm, tanış olduğum adamların hamısının üzündə Hacı Bəktaş dərgahının, türk dərgahının işığını gördüm...

8.05.2016. İstanbul.

Tarix
2016.05.10 / 23:45
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla