Yuxarı

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli kimlik, milli ideya, dövlət ideologiyası - Azərbaycanda yüz əlli ilə yaxındır Avropada və Rusiyada gedən prosesləri izləyən, bilən və xalqın bütövlüyünü və azadlığını düşünən ziyalıların əsas qayğılarından və müzakirə mövzularındandır... O başda bu məsələni ən dərindən araşdıran dahi Mirzə Fətəli Axundzadədir, bu başda akademik Yaşar Qarayev.

Lakin milli kimlik və ulusal ideya, Azərbaycan dövlətinin ideologiyası ilk dəfə 1918-1920-ci illərdə, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən rəsmiləşdirilmişdi: türk kimliyi, çağdaş yaşam tərzi və islam inancı... Bayrağımız da bu ideologiyanın rəmzidir. Cümhuriyyət qurucuları Cənubi Qafqazın türklər və müsəlmanlar yaşayan bu bölgəsinin qədim “Azərbaycan” adını da unutmamışdılar. Türk etnosunun hələ türk adını almamış çağlarından yol alıb gələn az, azər, Azərbaycan bu bölgədə öz sahiblik, liderlik haqqını, varlığını qorumaq üçün elə türk sözü qədər çətin bir mübarizə yolundan keçmişdir.

Məhəmməd Əmin Rəsulzadə türk kimliyini önə çəkərkən, azərbaycançılıqla türklük arasında heç bir fərq görmədiyini deyirdi.

1991-ci ildə müstəqilliyimizin bərpası – milli ideologiyamızın da bərpası oldu. Lakin Ermənistanın torpaq iddiası və müharibə ucbatından müstəqilliyin ilk illərində bir çox vəzifələrimiz yerinə yetirilməmiş qaldı. Ölkənin parlamentdə seçilən ilk prezidenti Ayaz Mütəllibov iqtisadçı idi və ölkənin gələcəyini daha çox iqtisadiyyatın liberallaşması, sahibkarlığın inlişafında görürdü. Hakimiyyətə xalqın-kütlənin içindən gəlmiş Əbülfəz Elçibəy milli dəyərlərə söykənməklə daha çox türk kimliyinin bərpasına çalışırdı. Sovetlər Birliyinin liderlərindən olmasına baxmayaraq, xalq arasında nüfuzunu saxlayan və kommunist erasının bitdiyini, milli dövlətçilik zamanının gəldiyini görən Heydər Əliyev əsas diqqətini ölkə daxilindəki birliyin qorunmasına, azərbaycançılığa və iqtisadi inkişaf yollarının axtarışına yönəltdi.

Bu arada müharibə şərtləri ilə uyuşmayan “zorən demokratikləşmə”, yəni çoxlu partiyanın və partiya adı daşıyan qurumların meydana çıxması bir hissəsi köhnəlmiş, bir hissəsi yeni olan bir sıra ideologiyaların yolunu açdı. Kommunist, sosial-demokratiya illuziyalarını qorumağa çalışanlarla – milli istiqlalçılar, müsavatçılar, xalqçılar, həmrəyçilər yan-yana dayandılar. Lakin 30 illik gözləmə dövrü bu ideyaların çoxunu solğunlaşdırdı, qoclatdı.

İkinci Qarabağ savaşındakı qələbə Azərbaycan tarixinin yeni bir başlanğıcıdır və savaş öncəsi – milli birlik zərurətinin ortaya atılması, iqtidarla müxalifətin vətəndaş həmrəyliyi ideyası ətrafında bir araya gəlməsi qələbəmizi şərtləndirən amillərdən biri olmaqla, müharibədən sonrakı həyatımızın da əsas əlamət və uğurlarındandır.

İndi milli ideya və dövlətimizin ideologiyası haqqında həm nəzəri aspektdə, həm də real qaynaqlar və hədəflər öyrənilməklə danışmaq imkanı genişlənib və zərurətə çevrilib.

Siyasi partiya məfhumu, partiyalarin ideoloji özəllikləri əsasən, son əsrlərin məhsuludur. Ancaq milli ideya anlayışının əhatə etdiyi məna çeşidli adlar altında xalqların və dövlətlərin meydana çıxdığı uzaq çağlarda doğulmuşdur. Avropa filosofları ideya sözünün arxasında daha çox ictimai və mənəvi azadlığı nəzərdə tuturdular. (İdeya sözünü fəlsəfi termin kimi ortaya atan Kant olmuşdur). Şəxsin daxili azadlığını və ruhi rahatlığını düşünən fəlsəfə dinə yaxınlaşır və insanın qısa ömrünü stres və bədbinlikdən qurtarmaq üçün dinə bağlılığın gücləndirilməsini zəruri sayırdılar.

İdealın nə demək olduğunu anlatmaq üçün çox vaxt “proobraz” sözünü qullanırlar, yəni xəyal etdiyimiz, arzuladığımız, hər zaman gözümüzün önündə olan, lakin yetə bilmədiyimiz bir “gözəllik ilahəsi”, yol göstərən işıq, durna çırağı, uzaqdan görünən və çağıran yüksəklik, dağlar....

İnsan üçün ideal - özünün, ailəsinin, yaxınlarının sərbəst, azad, ehtiyacsız olması, təhlükəsiz bir mühitdə xoşbəxt yaşamasıdır.

Xalq da belədir. Onun da idealı ayrı-ayrı fərdlərin arzularının cəmidir. Xalqların yolu, sözü, həyat və hərəkət tərzi bu şəkildə biçimlənir, qurduqları dövlət də o xalqın ruhundan doğan müəyyən məqsədlərə xidmət edir, bəlli bir hədəfə çatmaq üçün çalışır.

Milli ideyaların yaranması, inkişafı və sonda dövlət ideologiyasına çevrilməsində böyük şıxsiyyətlərin, liderlərin, ədəbiyyat və siyasət adamlarının, filosofların rolu danılmazdır. Tarixdə güclü sərkərdələrin və dövlət başçılarının öz inam və iddialarının kütləviləşib xalqları və dövlətləri hərəkətə gətirən, qələbəyə, zirvəyə, bəzən də uçuruma aparan gücə çevirdiyinə aid çox misal var. Hitlerin simasında faşizmin aqibəti onlardan biridir. Passionarlığın və çöküşün başlanmasında da şəxsiyyət amili danılmazdır. Təbii ki, başqa amillərlə bir sırada.

Zəngin şifahi ədəbiyyat, atalar sözləri və misallar, dastanlar - türklərin mənəviyyat və ruh xəritəsidir! Böyük millət olma yolları orda çox aydın izlənir. Törələr, ictimai əxlaq güzgüsü olan xalq deyimləri keçilən yollar və yaşam tərzi, onlara güc verən dəyərlər haqqında tarix kitablarından daha artıq material verir.

Orxon-Yenisey yazılarında – “Üstdə mavi göy çökmədikcə, altda yer yarılmadıqca, sənin düzənini kim poza bilər” nidası və budunun (millətin) birliyə çağırılması, “dövlət dövlət oldu, xalq xalq oldu” deyə bu iki anlayışın biri-birindən asılılığının önə çəkilməsi - bugünkü düşüncə baxımından tərtəmiz bir ulusal ideyadır.

“Mavi göy çadırımız, günəş bayrağımız!” deyimi də xalqın qüdrətini, yaşayış dairəsinin genişliyini, iradəsini və kürəsəl iddiasını göstərən bir ifadədir; səfərbəredici və birləşdirici gücdür, dini ayinlər səviyyəsində sehirləyici, insanı kosmik bütövlüyə qovuşduran səmavi sözdür. Millətin əbədi şüarıdır, bugünkü anlayışla həm milli, həm dövlət ideologiyasıdır.

Şah İsmayıl Xətainin “Sizə Azərbaycan lazımdır, yoxsa Gülüstan qalası?” sorusu da qurduğu dövlətin hədəfini və ideologiyasını göstərirdi. Savaşa girməzdən qabaq səsləndirilən saz havaları, türkcənin ordu dilinə, ümumişlək dilə çevrilməsi yazılmamış Ana Yasanın əsas maddəları idi və Şahın milli durum və niyyətini göstərirdi!

Savaş öncəsi təkbirlər - Allaha bağlılıq əzmindən, böyük inancdan və sevgidən doğan ayinlər idi, müqəddəs sözdən güc almaq inamı idi. Bütün mövsüm və mərasim nəğmələri, milli birliyə xidmət edən adət-ənənələr də o yazılmamış Ana Yasanın qızıl sətirləri idi.

Türklərə, o cümlədən Azərbaycan türklərinə xas bir çox özəlliklər – böyüklərimizin yaradıcılığından süzülərək yüz illəri aşan fikir axınlarına - millətin dini və dünyəvi aləmini biçimləndirən sistemə çevrilmişdir. İsmayıl Qaspiralının məşhur “fikirdə, sözdə, əməldə birlik” çağırışı, Əli bəy Hüseynzadənin türkçülük, çağdaşlıq və islamçılıq ideyası da əslində öz mənbəyini min illərin yaddaşından götürmüşdür. Vətəni, insanı, Allahını sevmək və qorumaq etiqadı, səlib müharibələrinə dirənişlər, Nizaminin evrənsəl və zamanı qabaqlayan humanist təfəkkürü, ədalətli dünya axtarışı, Əhməd Yəsəvinin Türküstanda və Anadoluda türklüyü və islamı yayan müridlərinin yorulmaz təlimləri, Nəsminin insanı qutsallaşdıran və Allaha qovuşduran fəlsəfəsi, Füzulinin böyük sevgisi, M.F.Axundzadənin xalqı çağdaş mədəniyyətlər səviyyəsinə qaldırmaq yolunda qəhrəmancasına mübarizəsi, ürəyini məşələ çevirən ziyalı nəsillərinin fədakarlığı sonda vətəndaş dayanışmasından və milli birlikdən başqa yolun olmadığına hər kəsi inandırmışdır.

Ən qədim çağlardan bəri türklər həmişə öz geniş dünyalarında quş kimi azad, təbiətin bütün sirrini və gözəlliyini duya-duya, daim gözlənilməz təhlükələrə hazır, havanın, suyun, torpağın bir parçası kimi, ölümlə nəfəs-nəfəsə yaşayıblar. Tanrıçılıq onları sonsuz göylərə bağlayıb; islam ölümün son olmadığına, Haqq dünyasına inandırıb. Yurd, ailə, soy, törə, qövm sevgisi onları təbii şəkildə birləşdirib, gərəkəndə vahid gücə çevirib. Eyni zamanda hər türk bir qəhrəmandır; dastanlardan, nağıllardan gördüyümüz kimi, yurda gələn fəlakəti təkbaşına önləmək istər, düşmən üstünə tək gedər, hiylədən uzaqdır, sözündən qaçmağı kişilikdən saymaz, sözünü əyməkdənsə cəzanlanmağı seçər, qılıncına, atına, qolunun gücünə güvənər, mərddir və kimsədən namərdlik gözləməz, Tanri ilə söhbət edirmişcəsinə təkbaşına-solo oxuyar, bütün yolların geriyə ata yurduna dönməsini arzular, ilahi ədalətə, balansa, bu dünyada itirdiklərinin əvəzini o dünyada alacağına inanması onun daxili azadlığının mənbəyidir. Halaldır, düzdür, mərhəmətlidir, el içində üzüağdır... Milli xarakter, milli ideya və yaşam tərzi burdan doğur. Tarix boyu düşüncəsinin düzlük, halallıq, saf sevgi, ədalətə inam və azadlıq üstündə qurulması bəzən sadəlövhlük dərəcəzinə çatıb, bu saflığın, inanmaq xəstəliyinin əzabını da görüb. Lakin əqidəsi və yolundan dönməyib.

Dünya Cəhalət qaranlığında ikən Babək azad cəmiyyət arzusu ilə yaşayırdı, Qərbin qanlı xaçlı yürüşləri uc-uca calananda Nizami Gəncəvi xalq iradəsi ilə idarə olunan utopik dövlət modelini vəsf edirdi, əxilik-qardaşlıq təşkilatları bütün Yaxın Şərqdə birliyin, qarşılıqlı yardımın inkişafın əsas şərtlərindən biri olduğunu təbliğ edirdi, ürfan ocaqlarının hikmətləri Birləşmiş Millətlər Təşkilatının bugünkü konsepsiyası səviyyəsində dayanan dünya düzəni təlimi idi.

Amma sonra xarici düşmənlər və daxildəki çəkişmələr düzəni pozdu, çöküş başlandı, parçalandıq, bir-birimizə düşmən olduq, başqalarının yeminə çevrildik, kökümüzü, yolumuzu, dinimizi, törəmizi, dəyərlərimizi unutdurmağa çalışdılar və buna qismən də nail oldular...

Azərbaycan Cümhuriyyətinin öz dövlət rəmzlərini və idelogiyasını müəyyənləşdirərkən türklüklə yanaşı islam inancımızı əsas seçməsi yuxarıda sadaladıqlarımızı tamamlayır. Milli ideyada dinin özəl bir yeri var. Katolik avtoritarizmi, protestant fərdiyyətçiliyi (Berdyayev) ilə müqayisədə insanların Allah qarşısında bərabərliyi haqqında islam inancı müsəlman qardaşlığının əsasıdır və milli ideyamızın formalaşmasına ciddi təsir göstərmişdir.

Milli ideya – Azərbaycan xalqının əxlaqını, inancını, niyyətini, təbiətə və insana münasibətini, tarixindəki yerini, simasını, yaşam tərzini, gələnəklərə bağlılığını və gələcək haqqında arzularını cəmləşdirir. Bunlar bir yerdə həm də azərbaycanlıların başqa toplumlar sırasında yerini göstərir, onu tanıdır.

Dözümlülük, mərhəmət, təbiət sevgisi, ocağa, ata-anaya, övlada bağlılıq, tarixə dərin sayğı, Vətən yolunda şəhadət sevinci, dünya malından imtina edib özünü Haqq dünyasına hazırlamaq gözütoxluğu, tale hökmünə, qəzavü-qədərə boyun əymək və bundan doğan biganəlik... Bütün bunlar Azərbaycan ərazisində yaşayan bütün xalqları, özəlliklərini qorunmaqla, vahid gücə çevirmişdir və onların ümumi ideya qaynağıdır.

XX yüzil qanlı dünya müharibələri qədər zərər verən qansız ideoloji müharibələrə yol açdı. Marksizm, leninizm, stalinizm, sosializm... Bunlar insanı göylərdən, inancdan, mifdən, Allahdan qoparıb yerə endirdi və yerdə əzdi; ideya olaraq nə qədər parlaq görünsələr də, yaşaya bilmədilər. Kollektivin şəxsiyyətə qarşı qoyulması, fərdin cəmin içində əriyib itməsi, xalqların min illərlə formalaşmış düşüncə, əxlaq, inanc və yaşayış sistemlərinin dağıdılması, onları manqurt, idarə olunan bir sürüyə, böyük əmək və qazanc alətinə çevrilmək istəyi uzun müddət yaşaya bilməzdi.

Bunun adınca dünya liberalizmə, pasivizmə qədər bir çox başqa tez yanıb tez sönən “izm”ləri dişinə vurandan, onların gətirdiyi fəlakətlərin şahidi olandan sonra bir ideologiyasızlaşdırma, rəsmi dövlət ideologiyalarını inkar dövrü başlandı.

Lakin tezliklə bəlli oldu ki, aydın ideoloji xətt olmayanda dövlətin fikir yönəticiliyi oliqarx ideologiyasının, pul və ya qazanc mafiyasının, mason qruplarının əlinə keçir və bunlar maneəsiz at oynatmaq üçün ilk növbədə millətlərin tarix boyu biçimlənmiş mənəviyyat və əxlaq dəyərlərini ucuzlaşdırmaq, ləyaqət hissini sarsıtmaq, beyinləri təmizləmək, milli yaddaşı ləğv etmək yolunu tutur. Bu baxımdan sosializmlə kapitalizm bir-birindən az fərqlənir və heç biri ideal deyil.

Böyük güclərin və dünya ağalığı iddiasında olanların, oliqarx birliklərinin qullandıqları gizli və pərdələnmiş silahlar çoxdur: kürəsəlləşmə təbliğatı, qitələrarası kompaniyaların, şirkətlərin, terror təşkilatlarının dövlət içində dövlət yaratmaq niyyəti, demokratiya transferi, feminizm, cins və şəxsiyyət varlığının, ailə düzəninin uçurum kənarına gətirilməsi, siyasi pandemiya, ideya ixracı və s.

Bütün bunlar, həmin güclərin dünyada maneəsiz hərəkətinə yol açmaq işinə ximət edir.

Təbii ki, ideyasızlaşdırmaq istəyinin uğursuzluğu dünyada yeni ideologiyalar axtarışını genişləmdirmişdir. Məsələn, Rusiyada belə ideologiyalardan birinin müəllifi, yazıçı-siyasətçi Sergey Qorodnikov zahirən diqqəti daha çox iqtisadi tərəqqiyə yönəlmişdir və hesab edir ki, “orta təbəqənin inkişafı və yeni iqtisadi siyasət nəticəsində ölkədə velikoruslar, belaruslar, ukraynalılar və bizə (ruslara – S.R.) yaxın olan xalqlar birləşəcəklər”. Göründüyü kimi, Rusiyanın bu yeni ideoloqu da milli ayrı-seçkilik xəstəliyindən xilas olmamışdır.

Etnik birliyi göstərən “ulusal” sözü ilə inanc birliyini ifadə edən “milli” sözü arasında fərq var, lakin bu fərq getdikcə itir və hər ikisi xalq, millət çərçivələrini ifadə edir.

Sovet ideologiyası Azərbaycanı ümumtürk tarixindən və kökündən qoparıb Rusiyanın sayəsində dövlətçilik qazanmış, hətta adını, əlifbasını, sərhədlərini də sovet dönəmində müəyyənləşdirmiş cavan bir xalq kimi, tariximizi isə fars-İran tarixinin bir parçası kimi təqdim edirdi. Sovet azərbaycançılığı respublika ərazisindəki azsaylı xalqları, etnik qrupları birləşdirsə də, təəssüf ki, bizi böyük türk dünyasından ayırırdı. Özünə sayğı göstərən, özünün var olmasını istəyən xalq kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, heç bir xalqın əriyib itməsini, tarix səhnəsindən çəkilməsini istəməz. Sən ondan böyüksən, ancaq səndən də böyüklər var. Böyüklük məhv etmək haqqı vermir. Azərbaycan ərazisindəki xalqlar neçə min ildir heç bir rəsmi ideologiya, təbliğat olmadan da bir yerdədirlər, Böyük Vətən anlayışının, gözəl Azərbaycan adının çətiri altındadırlar və qaynayıb qarışıblar. Bu coğrafiyada bütün xalqların adı qala-qala türklüyün unutdurulması və yasaqlanması, əslində gizli ayrımçılıq toxumu səpməkdən başqa bir şey olmamışdır.

Bütün xain cəhdlərə, bizi özümüzdən uzaqlaşdırmaq, yadlaşdırmaq, kökümüzdən qoparmaq, böyük dünyamızdan ayırmaq siyasətlərinə baxmayaraq, Azərbaycan türklüyü yeni intibah dörünə qədəm qoymuşdur.

1988-ci ilin meydan olayları bu intibahın başlanğıcı idi. Heç nəyi unutdura bilmədilər. Nə türk və Turan sözlərini, nə Güney Azərbaycanı, nə İran deyilən ölkənin qədim türk yurdu olduğunu, nə Hind-Avropa mədəniyyəti adına çıxmaq istədikləri Şumer, Hun, Sak/İşquz sivilizasiyalarını, nə Türk Birliyi arzularını... Çünki bunların heç biri uydurma deyil, çünki bunların heç biri aqressiyaya xidmət eləmir, başqa xalqlara nifrətdən, işğalçılıq niyyətindən doğulmayıb. Bunlar bir tərəfdən həmin o Hind-Avropa ideoloqlarının, Avropa xaçpərəstlik düşüncəsindən indiyədək qopa bilməyənlərin, Avropa mərkəzçilərinin, digər tərəfdən ərəb-fars işğalçılıq niyyətinin hissə-hissə əlimizdən aldıqları, unutdurmağa çalışdıqları, ancaq sonadək bacarmadıqları dəyərlərimizdir, kökümüz, yolumuz, varlığımızdır.

Yeni Azərbaycan düşüncəsi və milli ideologiyamız bu həqiqətin dərkindən başlanır. Azərbaycan respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimizdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspiralının “fikirdə, sözdə, əməldə birlik” fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımızla tamamilə dəyişik bir müstəvidə baxacaqdır.

Bu gün Türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir.

Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə, onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir.

Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir.

İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalanmaq istəmirsə, güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarını düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.

Tarixin qədim çağlarında Quzey Azərbaycana - Bakıdan Dərbəndə və daha şimala doğru uzanan torpaqlara Türküstan, Arazın Güneyindəki yerlərə Turan deyirdilər. Azərbaycan eyni vaxtda həm Turan, həm Türürküstan idi. Sonra bu anlayışların sərhədləri genişlənmişdir. Azərbaycan türklüyün beşiyidir və 2009-cu ildə Türk Şurasının Naxçıvanda elan edilməsi də tarixi ədalətin təntənəsi idi. Bu il Türkiyədə Türk Dövlətlər Təşkilatının yaradılması bu yüzildə türk xalqlarının ən böyük qələbələrindən biridir. Türkün məsləhət, gənəşmək ideyası yenidən birliyimizin və bərabərliyimizin əsas şərtinə çevrilir. Gücümüz, iqtisadi qüdrətimiz qarşılıqlı anlaşmada və birliyimizdədir!

Bütöv Azərbaycan və Turan birliyi ideyası yeni nəslin tərbiyəsində təməl cizgi olmalıdır!

Tarix
2021.12.08 / 08:30
Müəllif
Sabir Rüstəmxanlı
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla