Ana səhifə Yazarlar |
Dərmanlar xəstə üçündür. Buna görə də dərman qutularına əlavə edilən təlimatlar (içlik vərəqlər), ilk növbədə xəstəyə yardım etməlidir. Ona dərmanın tərkibini, hansı xəstəliklər üçün nəzərdə tutulduğunu və istifadə qaydalarını başa salmalıdır. Buna görə də həmin içlik vərəqlərin üst tərəfində xüsusi qeyd var: xəstələr üçün.
Müstəqilliyimizin ilk illərində bu təlimatların dilimizə çevrilməsi yada düşmürdü; hansı ölkədən gəlirdisə elə o ölkənin dilində də ötürürdülər bazara, xəstənin dərmanın istifadə qaydasını anlayıb anlayamacağını düşünmədən. O vaxt da xəstələrə və dil qanunumuza qarşı bu etinasızlığa etirazımızı bildirmişdik.
İndi, şükür, dərmanların böyük əksəriyyətinin təyinatları dilimizə çevrilir. Bu məsələyə diqqət artıb. Ancaq başqa bir problem çıxıb ortaya: Dərman haqqında verilən məlumatlar ilk baxışda azərbaycancadır; həm də azərbaycanca deyil. Xüsusi bir dil icad ediblər: Dərman dili.
Gərək hər məlumatı oxuyanda sənin yanında bir həkim olsun.
Bir daha xatırladıram bu ilaclar xəstə üçündür. Xəstə dərmana əlavə olunan vərəqi oxuyub başa düşməlidir. Burda bütün tibb terminlərini olduğu kimi saxlamağa ehtiyac yoxdur.
Misal çəkməli olsam bir cild kitab yaranar. Bu məsələ məni uzun müddətdən bəri narahat edir. Amma rast gəldiyim gülünc yazı nümunələrini ayrıca qeyd edib saxlamamışam. Yalnız bu sətirləri yazarkən əlimin altında olan bir neçə dərmanın təlimat kağızını gözdən keçirtdim və onların xəstəyə necə kömək edə biləcəyini aydınlaşdırmağa çalışdım. Əslində bu yazılar xəstəyə kömək deyil, xəstəliyin üstünə əlavə bir qayğı artırmaqdır: dilimizə hörmətsizlik qayğısı. Burda çox yox, bir neçə misal çəkmək istəyirəm: “Domperidon-periferik dofamin reseptorlarının selektiv antaqonistidir”. Doğrudanmı bu ifadələri dilimizə çevirib elə yazmaq olmaz ki, xəstə başa düşsün? Bu, Quran ayəsi deyil! İstənilən həkim bu terminlərin xalq dilinə yaxın variantını bilir.
Bir balaca təlimatın az qala bütün cümlələri bu gündədir. Onda zəhmət çəkib bu vərəqlərin tərcüməsinə, çapına niyə pul xərcləyir, bu qədər kağızı niyə zay edirlər? Anlaşılmayan bir məlumatı yaymağın nə mənası?
“Sfinkter tonusu”, “hematoensefalik baryer”, “hidrofob polimer maddə”, “absorbsiya”, “N-dealkilləşmə hesabına metobolizə olunur”, “dispeptik simtomlar”. Mədə rahatsızlığı ilə bağlı olan bu dərmanı yazıq xəstə necə anlasın?
“Maqne B”-nin təliamtına baxıram. “Leadora: leadoranın aktivliyi piridoksin ilə inhibisiya edilir”.
Həkimlər deyə bilər bunlar terminlərdi, dəyişdirmək olmaz. Əvvəla, xəstənin, millətimin anlamadığı terminlər mənim nəyimə gərəkdir? Bunları tibb mütəxəssisləri başa düşür, öz aralarında işlətsinlər; amma xəstə ilə onun başa düşdüyü dildə danışsınlar. O qədər də çətin iş deyil. Çünki həmin terminləri çox asanlıqla sadələşdirmək olar. Mürəkkəb danışmaq, anlaşılmaz terminlərlə dolu cümlələr qurmaq hələ ağıllı olmaq demək deyildir.
Sosial mediada həkim məsləhətlərinə və dərman reklamlarına kim nəzarət edir və niyə nəzarət edilmir? Səhiyyə Nazirliyi bu məsələdə yaxasını kənara çəkə bilməz. İnsanların sağlamlığı ilə bağlı olan dərman reklamlarını sərbəst buraxıb, bunu mətbuat azadlığı ilə izah etmək kökündən yanlışdır. Bir də görürsən bir yalan uydurublar ki, guya azərbaycanlı gənc bir həkim az qala Nobel mükafatına layiq olan bir dərman icad edib. Rəylər ard-arda düzülüb. O həkimi göyə qaldırırlar. Axırda baxırsan ki, reklam olunan saxta və mənasız bir dərmandır. Yaxud da başqa ölkələrin tanınmış həkimlərini Azərbaycan alimi kimi təqdim edirlər. Reklamların çoxu milli mentalitetdən uzaqdır və tərbiyəsizliklərlə doludur. Hələ mən televiziya reklamlarını və sosial mediada təbabətlə bağlı yazıların dilinin nə qədər bərbad olduğunu demirəm. Bizim kifayət qədər mükəmməl ədəbi dilimiz var. Əlavə və eybəcər bir Dərman dili də yaratmayaq.
Tarix
2022.09.20 / 16:00
|
Müəllif
Sabir Rüstəmxanlı
|