Üzeyir bəyə uydurma şan-şöhrət lazımdırmı?
Hər il olduğu kimi, bu il də 18 sentyabr ölkəmizdə musiqi günü,
Üzeyir Hacıbəyli günü kimi qeyd olundu. Sosial şəbəkələrdə və
kütləvi informasiya vasitələrində bu böyük sənətkar haqqında
yazılar yayımlandı. Bunların arasında həqiqətə uyğun olmayan xatirə
və əhvalatların verilməsi isə təəssüf və təəccüb doğurur.
Bu baxımdan bir neçə internet saytında yerləşdirilmiş "Üzeyir
Hacıbəyli hansı prezidentin istəyini rədd etdi?" adlı yazı xüsusilə
"seçilir".
Təvazökarlıqdan uzaq olsa da, bu yazıya münasibət bildirməzdən
əvvəl xatırladım ki, bir neçə il əvvəl İctimai Televiziyanın
sifarişi ilə "Koroğlu" operasının yazılma tarixi ilə əlaqədar
arxivlərdə geniş araşdırma apararaq, "37-ci ilin "Koroğlu"su adlı
sənədli film hazırlamışam, eləcə də bu araşdırmalarım əsasında
hörmətli bir saytda böyük yazı dərc etdirmişəm. Ona görə də Üzeyir
bəy və Şarl de Qoll haqqında əsassız məlumatların yayılmasına
etirazımı bu tarixdən az-çox xəbəri olan adam kimi bildirmək
istəyirəm.
"Üzeyir Hacıbəyli hansı prezidentin istəyini rədd etdi?" adlı
yazıda idda olunur ki, "1944-cü ildə Şarl de Qoll İkinci Dünya
müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının
görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun izi ilə
rəhbərlik etdiyi müvəqqəti Fransa hökümətinin nümayəndə heyəti,
eləcə də xarici işlər naziri Jorj Bido ilə Moskvaya getmək üçün
Tehrandan Bakıya gəlib".
Axı general və xarici işlər naziri Bakıya Əhmədiyyə Cəbrayılovun
izi ilə necə gələ bilərdi? 1944-cü ildə hələ müharibə gedirdi və
Əhmədiyyə Cəbrayılov da Fransada döyüşürdü. Vətənə də 1946-cı ildə
qayıda bilmişdi. Söhbət hansı izdən gedə bilər?
Tarixi sənədlərdə öz əksini tapan həqiqət isə belədir: həmin
dövrdə general Şarl de Qoll Afrikada olmuş, oradan Moskvaya,
Stalinlə görüşə dəvət edilmişdi. Buna görə də Qahirədən Tehrana,
Tehrandan isə Bakıya gəlmişdi. Moskvaya getmək üçün ən yaxın yol
beləydi...
Bu barədə o vaxt SİTA-nın rəsmi məlumatı "İzvestiya" qəzetinin 1
dekabr tarixli nömrəsində (bir neçə gün sonra isə Bakı
qəzetlərində) dərc edilmişdi. Həmin məlumatda deyilirdi: "Noyabrın
27-də saat 14-də Fransa Respublikası Müvəqqəti Hökumətinin başçısı
general de Qoll və onu müşaiyət edən şəxslər Bakıya gəlmişdir.
Aeorodromda general de Qoll Azərbaycan SSR hökumətinin
nümayəndələri və Xalq Xarici İşlər Komissarlığının və Dövlət
Müdafiə Komitəsinin bu görüş üçün Moskvadan gəlmiş nümayəndələri
tərəfindən qarşılanmışdır.
Fransa və sovet milli bayraqları ilə bəzədilmiş aerodromda fəxri
qarovul düzlmüşdür. Orkestr Fransa və sovet himnlərini
səsləndirmişdir. Axşam general de Qoll Azərbaycan opera teatrında
"Koroğlu" tamaşasına baxmışdır.
Hava şəraitinin pis olması ilə əlaqədar növbəti gün general de
Qoll və onu müşaiyət edən şəxslər xüsusi qatarla Bakıdan Moskvaya
yola düşmüşdür".
Bu o deməkdir ki, general Bakıda cəmi bir gecə qalıb (Yeri
gəlmişkən, general həmin yazıda deyildiyi ki, "Hacınski evi"ndə
yox, Hacınskinin evində gecələyib).
Gündüz saat 14-də Bakıya çatan və axşam təxminən saat 19-da
operaya tamaşa edən və səhər xüsusi qatarla Moskvaya yola düşən
generalın Bakı ilə tanışlığa, sadəcə, texniki cəhətdən imkanı ola
bilməzdi. Belə olan halda "1944-cü ildə Bakıya təşkil edilmiş
səfərində Azərbaycan haqqında məlumatlarını daha da
genişləndirdiyi, hətta Qız Qalasını və İçərişəhəri gəzib bu yerlərə
heyran olduğu və... Bağırovdan iki tarixi məkanın sxemini xahiş
etdiyi" barədə iddialar məntiqsizdir. Həmin iki tarixi məkanın
sxemi (sxem deyəndə nə nəzərdə tutulur, anlaşılmır) Stalinlə
dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamağa gedən generalın
nəyinə lazım idi?
Yeri gəlmişkən, o vaxt de Qoll təxminən on gün Moskvada
danışıqlar aparıb və sonra gəldiyi marşrutla da geri qayıdıb. Bu
barədə də SİTA-nın rəsmi məlumatı var: "13 dekabr. Fransa
Respublikası Müvəqqəti Hökumətinin başçısı general de Qoll, Xarici
İşlər Naziri cənab J.Bido və onları müşaiyət edən şəxslər SSRİ-dən
Fransaya qayıdarkən bu gün xüsusi qatarla Bakıya gəlmişdir" (Bax:
"Kommunist" qəzeti, 15 dekabr 1944-cü il).
Xəbərdə daha sonra deyilir ki, saat 12.30-da nümayəndə heyəti
sovet təyyarəsi ilə Tehrana yola düşmüşdür.
"Üzeyir Hacıbəyli hansı prezidentin istəyini rədd etdi?" adlı
yazıya de Qollun Bakıda qarşılanmasının əks olunduğu kino-xronika
da əlavə edilib. Çox güman ki, bu, de Qollun Moskvadan qayıdarkən
qarşılandığı mərasimin xronikasıdır. Çünki general Tehrandan Bakıya
da təyyarə ilə gəlmişdi.
Daha sonra yazıda deyilir ki, guya de Qoll "Koroğlu" operasına
baxarkən Üzeyir Hacıbəyli ilə daha yaxından tanış olur, ötən əsrin
əvvəllərində Fransa mətbuatında tariximizin, ədəbiyyatımızın,
mədəniyyətimizin təbliği ilə bağlı danılmaz fəaliyyəti olan Ceyhun
bəy Hacıbəyli barədə Üzeyir bəylə danışır və s.
Əvvəla, Ceyhun Hacıbəyli ötən əsrin əvvəllərindən yox, 1919-cu
ilin mayından Parisdə yaşayırdı. İkincisi də, sovet dövründən,
xüsusən 30-40-cı illərdən az-çox xəbəri olan hər kəs bilir ki,
Üzeyir bəy o vaxt ilk dəfə gördüyü fransız generalı ilə Parisdə
antisovet fəaliyyətlə məşğul olan qardaşı Ceyhun bəy haqqında açıq
müzakirə apara bilməzdi. Bu, birmənalıdır.
Digər tərəfdən, Ceyhun Hacıbəylinin həyatı, yazışmaları kifayət
qədər tədqiq olunub və indiyədək heç bir tədqiqatçı onun general de
Qolla tanışlığını xatırlatmayıb. Heç Ceyhun bəyin yazışmalarında da
generalın adı çəkilmir. Əgər onların arasında belə bir tanışlıq
olsaydı, təbii ki, Ceyhun bəy bunu yazardı. Deməli, general de
Qollun Ceyhun bəyi tanıması və bu barədə Üzeyir bəyə danışması,
yumşaq desək, inandırıcı deyil...
Daha sonra guya de Qoll Üzeyir bəyə "Koroğlu" operası haqqında
Fransada çıxan "Vətən xatiratı"nda oxuduğunu deyir. "Vətən
xatiratı" nədir? Qəzetdir, jurnaldır, yoxsa kitab? Adından belə
görünür ki, hər nədirsə, Azərbaycan dilində olub. Onda belə çıxır
ki, general de Qoll Azərbaycan dilini də bilib?
Doğrusu, Heydər Əliyev Fondunun sifarişi ilə "Əbədi ezamiyyət"
sənədli-bədii filminin ssenarisi üzərində işləyərkən Əlimərdan bəy
Topçubaşovun rəhbərliyi ilə Fransada fəaliyyət göstərən Azərbaycan
nümayəndə heyətinin, o cümlədən Ceyhun Hacıbəylinin həyat və
fəaliyyəti ilə kifayət qədər tanış olmuşam. Nə nümayəndə heyətinin,
nə də Ceyhun bəyin Parisdə "Vətən xatiratı" adlı qəzet, jurnal və
ya kitab buraxdığı ilə bağlı fakta rast gəlməmişəm. Və Ceyhun bəyin
Parisdəki arxivini bütünlüklə Bakıya gətirib arxivə təhvil verən
tanınmış diplomat Ramiz Abutalıbov da belə bir faktın olmadığını
söyləyir. Belə olan halda müəllif de Qollun Ceyhun bəyi tanıması
barədə məlumatı hansı mənbə və ya məntiqlə iddia edir?
Nəhayət, sonuncu cəfəngiyyat: "Bakı barədə maraqları o qədər çox
olur ki, müddətində gizli yaşamaq barədə Mircəfər Bağırovdan xahiş
edir və onu KQB-nin xüsusi nəzarəti altında qoruyurlar".
Bu nə vaxt olub, cənablar? "Müddətində" nə deməkdir?
Daha sonra isə müəllif generalı gizli yolla Bakıya "gətirir" və
onun gündəlik "qayğılarını" təsvir edir: "General hər gün səhər
Xəzər dənizi sahillərində dolaşır, sonra əlində qeyd dəftəri
İçərişəhəri gəzir və Qız Qalası barədə məlumatlar
toplayırdı..."
Müharibdən sonra general de Qollu əlində qeyd dəftərçəsi
İçərişəhərin küçələrdində gəzən yerdə təsəvvür edirsinizmi?
Yenə də həmin yazıdan sitat: "O (de Qoll – M.H.), dəfələrlə
"Koroğlu" operasının orijinal nüsxəsini əldə etmək istəsə də,
Üzeyir bəyin əlyazmalarına əli çatmır. Lakin Qız Qalası,
İçərişəhər, Xəzərin sahilboyu ərazilərinin sxemini əldə edə
bilir".
Beləliklə, fransız general 1944-cü ildə çatmadığı "arzulara" bu
dəfə çatır, "...Qız Qalası, İçərişəhər, Xəzərin sahilboyu
ərazilərinin sxemini əldə edə bilir".
Əvvəla, hər addımda xarici ölkə casuslarının axtarıldığı Stalin
dövründə o vaxtkı "KQB" fransız generalını uzun müddət Bakıda necə
saxlaya bilərdi? Və ona necə imkan verə bilərdi ki, "Qız Qalası,
İçərişəhər, Xəzərin sahilboyu ərazilərinin sxemini" əldə edib özü
ilə Fransaya aparsın? Və ümumiyyətlə, bu "sxemlər" Fransanın
taleyini həll etməklə məşğul olan bir adamın nəyinə lazım idi?
Axı de Qollun həyatı ilə az-çox tanış olanlar bilir ki, general
1944-cü ildən 1946-cı ilin yanvarına qədər baş nazir postunu tutub,
sonra 1947-ci ildən yenidən aktiv siyasi fəaliyyətə qoşulub və
Fransa Xalq Birliyi adlı təşkilat yaradıb, 1953-cü ildə aktiv
siyasətdən uzaqlaşıb. 1958-ci ildə Əlcazair böhranı ilə əlaqədar
yenidən siyasətə qayıdıb və 1959-cu ildə prezident seçilib.
Generalın şəxsi bioqraflarının yazdığına görə, o, 1953-1958-ci
illərdə Kolombe şəhərində memuar yazmaqla məşğul olub. Bəlkə
general həmin illərdə memuarlarının bir hissəsini Bakı küçələrində
yazıb? Amma bu da həqiqətə uyğun gəlmir. Çünki yazıda generalın
Bakıda yaşamaq üçün Mircəfər Bağırovdan icazə aldığı bildirilir.
1953-cü ildə isə Stalin dünyasını dəyişmiş, Bağırov isə həbs
olunmuşdu. Ona görə də Bağırov generala Bakıya gəlməyə icazə verə
bilməzdi...
Beləcə bir müddət Bakıda "KQB-nin xüsusi nəzarəti altında
qorunan" de Qoll 1959-cu ildə Fransanın prezidenti seçilir. Amma
hələ müharibə illərindən "tanıdığı" Ceyhun bəylə nədənsə
görüşmür...
Həm də tarixdən məlumdur ki, 1960-cı ildə Sovet lideri Nikita
Xruşşov Fransaya rəsmi səfərə gedir. Sonralar Ceyhun bəyin oğlu
tanınmış diplomat Ramiz Abutalıbova danışıb ki, Xruşşov Parisə
gələndə Fransa hökuməti ona qarşı təxribat və etirazlardan ehtiyat
edərək keçmiş sovet mühacirlərini bir neçə günlüyə şəhərdən
çıxarıb. Oğlunun dediyinə görə, həmin günlərdə Ceyhun bəy də 10
günlüyə məcburi qaydada Paris yaxınlığındakı sanatoriyalardan
birinə göndərilib, daha doğrusu, "sürgün olunub"... Və bütün bunlar
məhz Şarl de Qollun prezidentlik dövründə baş verib və o, nədənsə
40-cı illərdən tanıdığı "dostu"nu bir dəfə də olsun yada
salmayıb...
Yazının hətta son cümləsinin də həqiqəti əks etdirməsi şübhə
doğurur: "Bakıda araşdırma aparandan sonra Parisə geri dönən Şarl
de Qoll sonuncu dəfə 1958-ci il iyunun 10-da Fransa neftçilərinin
nümayəndə heyəti ilə Azərbaycana səfər edib".
1958-ci ildə de Qoll Fransada yeni Konstitusiyanın qəbulu və
prezident seçkiləri ilə əlaqədar fəal siyasi fəaliyyətlə məşğul
olduğu üçün "Fransa neftçilərinin nümayəndə heyəti ilə Azərbaycana
səfər" etməsi də inandırıcı deyil.
Bu yazını oxuyandan sonra bu mövzuda internetdə axtarış verdim
və qəribə faktlarla rastlaşdım. Məlum oldu ki, əslində bu
cəfəngiyyat özü cüzi dəyişikliklərlə başqa bir saytdan köçürülüb.
Buna ədəbi dildə plagiat deyilir. Sən demə, bu uydurma hələ 2015-ci
ilin oktyabrında bir neçə saytda dərc edilib. Özü də siyasi elmlər
üzrə fəlsəfə doktorunun imzası ilə... Söhbət hələ də internetdə
qalan "Şarl de Qollun 6 aylıq gizli Bakı həyatı: General Üzeyir
bəydən nə xahiş etdi?" adlı yazıdan gedir...
Digər saytlar bu yalanı yeni variantda tirajlamaqda davam edir.
Bax beləcə kələfin ucu itir...
İndi sual olunur: Bir il əvvəl başqasının imzası ilə dərc edilən
yazını çox xırda dəyişikliklə yenidən öz imzası ilə dərc etdirmək
nə deməkdir? Belə olan halda bunu ilk dəfə yazan müəllif niyə
etiraz etmir?
Ümumiyyətlə, Üzeyir bəylə bağlı bir yazıda bu qədər cəfəngiyyat
uydurmağa və onu tirajlamağa nə ehtiyac var? Axı Üzeyir bəyin
uydurma şan-şöhrətə, yalançı qəhrəmanlığa ehtiyacı yoxdur. Heç belə
yalanlara, təbii ki, general de Qollun da ehtiyacı yoxdur...