Yuxarı

Mövludun ölümündən əvvəl dediyi son söz

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Evrən, neynirsən?

- Heç nə, dünya ədəbiyyatına çıxıram.

- Bir qalın siqaret tap, gəlirəm, balkona çıxaq, bir az dərdləşək.

Mövludla son vaxtlar Feysbukda aramızda keçən dialoq bu səpkidə olurdu. O, “qalın siqaret tap” deyəndə bilirdim ki, sıxıntısı böyükdür. Kefi yaxşı olanda “nazik siqaret tap”, - deyirdi. Yəni siqaretin diametrinə görə onun əhvalının necə olduğunu təyin edə bilirdim. Son vaxtlar tez-tez nazik siqaret çəkirdik.

Bu gün Mövludun doğum günüdür, 28 yaşı tamam olur. Onun tez-tez qəzəblə yox, təəssüflə “bu insanlar, bu dünya çox murdarlaşıb” sözlərini xatırlayıram. Mənə elə gəlir ki, o, özünü göyün 17-ci qatından atmaqla Yer kürəsinin üzünə şillə kimi çəkildi... və o şillədən sonra biz hər gün qalın siqaret çəkirik.

Eyni küçədə yaşayırdıq, iş yerlərimiz də eyni binada olduğu üçün tez-tez dərdimizi, sevincimizi götürüb bir-birimizin üstünə gəlirdik. Mövludun “nətər gedir işlər?” sualı ilə başlayan söhbətlərimiz mənim “görürsən, yavaş-yavaş yoluna düşür hər şey” sözlərimlə başa çatırdı.

Onun ani gedişi hələ də davam edir... Tez-tez Mövludun canını tapşırdığı yerdən keçəndə görürəm ki, orada bir gəlin maşını dayanıb, üstündə də gül çələngi, qırmızı lent... Həyat sanki öz axarı ilə davam edir, amma bizim üçün orda hər şey donub: o maşın heç vaxt yola düşməyəcək, əlində top tutan uşaq heç vaxt onu dostuna ata bilməyəcək, həmin eyvanda zivədən asılan gödəkçə bir daha qurumayacaq...

Çünki məhz orada bizim üçün zaman dayanıb. Bir dəfə Səməd Vurğunla Mikayıl Müşfiqin fotosuna baxanda dedi ki, buna baxe, Müşfiqin qocalıq fotosu olmadı. Daha Mövludun da qocalıq fotosu olmayacaq. Hamı yaşlanacaq, bircə Mövlud yaddaşımızda, fotolarda cavan qalacaq, cavan güləcək.

Mövlud nəinki dostlarına, tanımadığı adamlara da kömək əlini uzatmağa çalışırdı. Dəfələrlə yanımda tanımadığı gənc üçün kimlərəsə zəng edib ağız açıb, iş axtarıb. Elə onunla ilk tanışlığımız da belə olmuşdu.

Mövludun ana yurdu Qazax rayonunda hərbi xidmətə başlamışdım. Hərbi hissəyə yeni gələndə Mövlud yazdı ki, “qaqa, sizin briqada düz bizim evin yanındadır, nəsə lazım olsa, de, evdəkilərə deyim gətirsinlər”. Xidməti bitirib qayıdandan sonra ona dedim ki, “mən bir də heç vaxt Qazaxa getməyəcəm, qardaş, bu bir ildə orada düz 20 illik xidmət keçib gəlmişəm”. Amma təxminən 4 il sonra Mövlud məni yenidən Qazaxa apardı: onun qəbrini ziyarət etməyə getdim. Yol boyu Mövluda tez-tez xatırlatdığım Nazim Hikmətin “Yaşamaya dair” şeiri beynimdə hərlənirdi.

Deyirdi ki, “şair, bizim tənhalığımız elə-belə şeydir e. Bizim tənhalığımızın “5 bakal”lıq canı var. Tənhalığı Stefan Sveyq yaşayıb, axırda da arvadı ilə birlikdə intihar edib”.

Məncə, Mövlud haqqında danışdığı həmin “nəhəng tənhalığa” gəlib çatmışdı və əgər həyatına davam etsəydi, bu tənahlıqdan böyük bir yazıçı kimi çıxacaqdı.

Amma olmadı, mart gecəsi idi və soyuq bir uçuş şəkli yayımladı axşam qəzetləri...

Əminəm, Mövlud göyün 17-ci qatından düşəndə son dəfə bütün gücü ilə “yaşamaq” sözünü pıçıldayıb.

Həyat haqqında çox möhtəşəm bir reallıq var: hər şeyini itirsən də, sənin ümidin var, heç kim səndən ümidini ala bilməz! Ümidlərimizdən tutub daha gözəl bir gələcək üçün elə bu gün – Mövludun mövludunda həyata yenidən başlamalıyıq. Bizim cəmi bir ömrümüz var və onun nəinki hər gününü, hər saniyəsini belə zövq alaraq yaşamalıyıq.

Bütün bədii mətnlər də daxil olmaqla dünyada 3 möhtəşəm söz var: yaşamaq, yaşamaq, yaşamaq!

Mövlud, həmişə səninləyik. Oturduğumuz bütün məclislərdə sənin yerini saxlayırıq, darıxanda dur gəl, nazik siqaret də taparıq.

Tarix
2017.08.15 / 12:20
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla