Ana səhifə Yazarlar |
Bu yaxınlarda bir nəfər mənə “çağrı” (dilimizə hörmət edirəm, “vızıv” yazmıram) atdı, elə bildim, keçmiş sevgililərimdəndir, dərhal zəng elədim. Ancaq səs özgənin səsiydi, onun rəfiqəsiydi. Telefona yoğun səsli bir kişi cavab verdi.
– Danışan oxucundur.
– Buyurun...
– Sənin “Çöl” romanını oxumuşam. Bu nədir yazmısan? Koroğlu haqqında nahaq belə bir fikirdəsən, sənin sözündən belə çıxır ki, Koroğlu dələduzdur? (Əslində, “moşennik” dedi, mən dilimizə hörmət edirəm axı).
– Necə yəni? Anlamadım.
– Əsərdə Koroğlu xarici səfərlər edir, Qarabağ problemi ilə bağlı danışıqlar aparır, Corc Buşla görüşür, beynəlxalq təşkilatlarla müzakirələrə gedir, məqsədi isə torpaqlarımızı geri almaq, Kəlbəcərdə qızıl dağlarının üstündə şirkət tikmək və İsti suyu özəlləşdirməkdir. Bunlar dələduzluq deyil?
Diqqətli oxucunun məntiqi canıma üşütmə saldı.
– Niyə yazmısan ki, Koroğlunun arvadı Nigar Amerikada süni mayalanma yolu ilə uşaq doğur. Nə demək istəyirsən?
İki-üç dəfə udqundum.
– Koroğlu kürd dostlarına ad günü hədiyyəsi olaraq torpaq hədiyyə verir, nə üçün?
Düzü, cavab verməyə qorxdum, fikirləşdim ki, birdən Koroğlunun yaxın qohumlarından olar, ağzımdan söz alıb başıma oyun açar. Adamı tanımıram, heç üzünü də görməmişəm, amma təbii, səsindən və verdiyi suallardan nə qədər məzmunsuz və mənasız bir varlıq olduğu aydın idi. Yazıçıya çağrı atır, o da zəng edir, bu da başlayır onu danlamağa ki, əsərini nə üçün belə yazmısan? Mən isə bütün köməkçi vasitələrdən istifadə edib çalışırdım ki, adamı yola verim, bəlkə özü başa düşə ki, danışmaq istəmirəm, məni bezdirir.
– Ağsaqqal, Koroğlu, dastanda olduğu kimi, bu əsərdə də mifik qəhrəmandır. Kənd camaatı öz koroğlularını uydurub, onun obrazını bu şəkildə yaradıb. Allah haqqı, burada mənlik bir şey yoxdur.
Yenə xeyiri olmadı. İki ayağını bir başmağa dirəmişdi ki, sənin Koroğlu ilə nə problemin var? De görüm, o rəhmətlikdən nə istəyirsən? Sən bilmirsən Koroğlu bizim xalq qəhrəmanımızdır? Hələ o biri əsərimi – “Səkkizinci gün” romanımı də məndən istədi, özü də elə bir hökmlə istədi ki, matım-mutum qurudu.
– O kitabını da gətir, görüm nə yazmısan...
Siz Allah, dünyanın harasında var, yazıçıya zəng eləyib deyəsən ki, kitabını gətir, oxumaq istəyirəm. Təsəvvür edin, işim-gücüm başımdan aşdığı bir vaxtda romanı götürməliyəm, “Nərimanov” metrosunun yanına getməliyəm, soyuq havada Vergilər Departamentinin qabağında saat yarım gözləməliyəm, sonra ona zəng eləməliyəm, o da deməlidir ki, işim çıxdı, gələ bilmədim, sabah zəng edəcəm, gətirərsən. Sonra da təzədən məni axtarıb tapa, deyə bu nə romandır, sən kimsən ki, Allahın təfəkkür hüdudlarından kənar yeni günün gəldiyini iddia edirsən.
Düzü, nə qədər əsəbiləşsəm də, xeyli təmkinli bir şəkildə şəhərin kitab mağazalarını və Qanun Nəşrlər Evinin yerini göstərdim, dedim, kitabımı orda satırlar, gedib ala bilərsən. Hətta onu da qeyd elədim ki, öz kitabımı “Qanun”dan nisyə almışam, nəşriyyata da 50 manat borcum var. Ancaq təəssüf, nə qədər çalışdım, başa sala bilmədim ki, özümdə kitab yoxdur. Qayıdasan ki, sonra da gileylərinirsiniz, deyirsiniz ki, bizi oxuyan yoxdur. Kitab istəyirəm, gətirmirsən.
Dişim bağırsağımı kəsirdi, adamın zəngi bir tərəfdən qanımı qaraldır, o bir tərəfdən isə sevinə-sevinə fikirləşdim ki, ilahi, nə yaxşı Azərbaycanda kitab oxunmur. Oxunsa, saytlarımızın manşetləri ayağından asılmış yazıçı şəkilləri ilə bəzədilər. Əsərimi bircə nəfər oxuyub, o da mənimlə lotu kimi danışır.
Nə yaxşı konturum qurtardı, söhbətimiz yarımçıq qaldı...
O gündən bəri hər dəfə mənə zəng gələndə ürəyim əsir ki, birdən həmin adam olar.
Tarix
2018.01.30 / 16:39
|
Müəllif
Kəramət Böyükçöl
|