Yuxarı

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Azərbaycanın tanınmış yazıçısı Seyran Səxavətlə müsahibəni təqdim edir.

– Seyran müəllim, sizinlə hazırda oturduğumuz yer Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubudur. Böyük bir ömür yaşamış yazıçı kimi deyə bilərsinizmi, bu iclas zalında çoxmu haqsızlıqlar görmüsünüz?

– Adətən, haqsızlığı gizlin edirlər, “Natəvan” klubu isə publik yerdir. Bu mənada mən burada heç bir haqsızlığa rast gəlməmişəm. Yenə deyirəm, haqsızlığı açıq şəkildə etmirlər, sonradan üzə çıxır. Bu klubun kitab müzakirələrində çox olmuşam. Bu zaman içi mən qarışıq hamı təriflənib, tərif edib və təriflənən də sevinə-sevinə çıxıb gedib. Burada ədalətsizlik olubsa da, düzü, mən görməmişəm.

Bilirsiniz, “Natəvan” klubunun təyinatı elədir ki, məsələn, birinin burada yubileyidir, eşitmisənmi o yubileydə kimisə tənqid etsinlər? Bu kitab təqdimatları da təyinatca yubileyə oxşar bir şeydir. Mən burada kitab təqdimatları və mini-yubileyləri çox görmüşəm, çünki tələbə vaxtımdan bura gəlib-getmişəm.

– Yəqin, bu iclas zalı ilə bağlı xatirələriniz çox olar...

– Aha, indi yadıma düşdü, heç yerdə deməmişəm, xatirimdən çıxmışdı. Bu söhbət də sənin qismətin imiş.

– Buyurun...

– Təxminən, 60-cı illərdə – sovet əxlaqı məsələsinin qabarıq təzahür olunduğu vaxtda “Natəvan” klubunda qurultayvari bir iclas keçirdilər. Yaşlı nəsil içkiyə meyilli olan gənc ədəbiyyat adamlarını tənqid edirdi və gənclərin hərəsini bir ağsaqqala tapşırmışdılar. Məsələn, bir gənci Mirzə İbrahimov, birini Əli Vəliyev, birini Osman Sarıvəlli və s. tənbeh edirdi. Mən də Ramiz Rövşənlə gəlib arxada oturmuşdum, tələbəlik vaxtlarımız idi. Gəncləri tənqid edirdilər ki, siz sovet şairi, sovet yazıçısısınız, bəs niyə içirsiniz, sərxoşluq edirsiniz? Anlamırdım ki, içməyin sovet adamı olub-olmamağa nə dəxili var?

Osman Sarıvəlliyə Əli Kərimi tapşırmışdılar. Osman müəllim Əli Kərimi o ki var tənqid etdi, söyləndi, danışdı, danladı... Bir sözlə, Əli Kərimi yun çırpan kimi çırpdı. Əli Kərim axırda dözmədi, iclasın aparıcısı Mirzə İbrahimovdan söz istədi. O da dedi, bala, dur sözünü de, yəqin, səhvini boynuna alacaqsan. Əli Kərim də qayıtdı ki, Mirzə müəllim, məndə olan məlumata görə, 1938-ci ildə Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə Osman Sarıvəlli nə qədər vurubsa, Kremlə qusub. Mən isə heç Baksovetə qusmamışam, bəs o məndən nə istəyir?..

– Deyirsiniz ki, “Natəvan” klubunda haqsızlıq görməmişəm. Hələ sovet illərindən danışmıram. Dünənin hadisəsini deyirəm. Məsələn, bir neçə il öncə məni Yazıçılar Birliyinin üzvülüyündən çıxardılar. Səbəb isə o idi ki, guya mən öz yazılarımda və müsahibələrimdə ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibət bildirmişəm, çağdaş yazıçılarımıza atmacalar atmışam, öz yaşıdım yazarlara qarşı aşağılayıcı fikirlər səsləndirmişəm... Düz etdilərmi?

– Sən klassiklərimizə nə demişdin ki?

– Bəxtiyar Vahabzadə haqqında yazı yazmışdım.

– Nə yazmışdın ki?

– Yazmışdım ki, şair kimi parlaq istedadı yoxdur, adi, primitiv şeirlər yazıb.

– Allahsızlıq eləmisən də... Mən heç bilmirdim səni Yazıçılar Birliyindən nə üstündə çıxarıblar. Amma katibliyin iclasında mən olsam, şübhəsiz ki, sənin çıxarılmağına səs verərdim. Niyə? Mən 20 il qabaq Bəxtiyar Vahabzadəyə, təxminən, min səhifəlik bir kitab bağışlayanda üstünə yazmışdım ki, “XX əsrin ikinci yarısı Azərbaycan poeziyasının mütləq və şəriksiz ali baş komandanına hədiyyə edirəm”. Bəxtiyar müəllimə görə səni yaxşı edib üzvlükdən çıxarıblar.

– Daha mənim sizə sözüm yoxdur...

– Oğul, deyə bilərsənmi, indi gənclərdən kim istedadlıdır? O gənclər ki var, artıq gənc deyillər. Mən tanıyanda gənc idilər və işləri gücləri hay-küy, ona-buna qara yaxmaq idi. Onlara çox dedim, az eşitdilər. Həmişə də onları müdafiə etmişəm. Bir dəfə həmin o qarayaxanlar yığışmışdı. Onlara dedim ki, şübhəsiz, içinizdə istedadlılar var, amma siz həmişə başınızın ölçüsündən böyük danışırsınız. O cür adamaların nəinki Bəxtiyar Vahabzadəyə, hətta Üzeyir Hacıbəyova, Mirzə Cəlilə, ümumiyyətlə, klassiklərimizin içərisində çamur atmadıqları adam qalmadı. Sən niyə gedib onlara qoşulursan?

– Lap tutaq ki, səhv yazmışam, hər halda öz düşüncələrimdir. Sizdən bir də soruşmaq istəyirəm, Bəxtiyar Vahabzadə haqqında yazdığım bu cür fikirlərə mənim AYB üzvlüyündən çıxarılmağımı doğru hesab edirsinizmi?

– Ola bilsin ki, Yazıçılar Birliyinin nizamnaməsinin tərkibində belə bir maddə var. Hətta olmasa belə, yenə deyirəm, şəxsən mən səni üzvlükdən çıxarardım, baxmayaraq ki, yaxın münasibətlərimiz var. Cəsarət özü də istedaddır. Sovet dövründə Bəxtiyar müəllim “Gülüstan” poeması ilə başını kötük üstünə qoyanda sən harda idin, bala?

– Leninə də poema yazıb...

– Onu qoy qırağa, Bəxtiyar müəllim “Gülüstan” poemasında millətin dərdinə ağlayırdı.

– Bəs maraqlıdır, sovetin ordenlərini, medallarını ona nə üçün veriblər?

– Ordenləri də, medalları da yaxşı edib alıb, nə etməli idi ki?

– Seyran müəllim, sizin “Qızıl teşt”inizdən sonra belə bir səviyyədə rezonans doğuran əsəriniz olubmu?

– “Daş evlər” romanım bu əsərdən əvvəl yüz min tirajla çap olunmuşdu. Amma düzü, “Qızıl teşt” qədər rezonans doğuran əsərim olmayıb.

– Xüsusən, son illər ard-arda əsərlər yazdınız. Amma nədənsə o qədər də reaksiya olmadı...

– Aqil Abbas bir dəfə demişdi ki, Seyran Səxavətin qələmindən çıxan bütün əsərləri hadisə hesab edirəm. Tənqidçilər isə bu əsərləri diqqət mərkəzində saxlamır. Amma Seyran Səxavətə babat bir vəzifə verilsə, məsələn, “Nekroloq” romanı üçün elə on "Nekroloq" boyda məqalələr yazmaq üçün yarışa girərdilər. Həm həqiqət olduğuna, həm də mənə sərf etdiyinə görə Aqil Abbasın bu fikirləri ilə çox razıyam.

– Sizin dəyərli bir qələm adamı olduğunuzu uşaqdan böyüyə hamı qəbul eləyir. Amma heç bir fəxri adınız, mükafatınız yoxdur, ömürlük prezident təqaüdçüsü də deyilsiniz. Ömrün belə bir vaxtında kim istəməz ki, zəhmətinin qarşılığını görməsin? Yəqin, sizin də ürəyinizdən keçir... Elə deyil?

– Mən 55 ildir ədəbiyyatdayam. Amma özümə sığışdırmaram, ar bilərəm durub deyəm ki, 55 ildir xalqıma xidmət edirəm. Bu, təpədən-dırnağa yalan və yanlış bir şey olar. Əgər mən Seyran Səxavət olaraq əsərlər yazmışam və tanınmışamsa, onun mükafatını da oxucular, insanlar tərəfindən almışam. O vaxtlar bir pambıqçı nə qədər pambıq yığırdı, yaxud SSRİ Ali Sovetinin deputatı olurdu, deyirdilər ki, adam xalq üçün işləyib. Axı özü üçün işləyib, balaları xoşbəxt olub. Bunun xalqa nə dəxli var?

Qaldı ki, bəli, bu şeylər – fəxri adlar, ömürlük prezident təqaüdü mənim də könlümdən keçir. Prezident təqaüdü mənim nəyimə mane olar ki? Deyim ki, bu pula ehtiyacım yoxdur? Bunu kim səmimi desə, deməli, onun ağıllanmağa ehtiyacı var. Məsələn, mənim evim yoxdur, prezident təqaüdü almıram, fəxri adım da yoxdur. Cəmi bircə mükafatım var, “Nekroloq” romanım neçə illər bundan qabaq “Yusif Səmədoğlu” mükafatına layiq görüldü. Vəssalam.

Bəs sizə qarşı biganə münasibətin kökündə nə dayanır?

– 1985-ci ildə “Qızıl teşt” adlı bir povest yazdım. O vaxtlar çap olunmaq problem idi, baxmayaraq ki, özüm “Ulduz” jurnalında şöbə müdiri idim. Bu əsər 1987-ci ildə – Sovetin zınqırovlu vaxtında çap olundu. Akademik Teatrın o vaxtkı direktoru Həsən Turabovun bu əsərdən xoşu gəlmişdi. Tofiq Bayram da o vaxtlar solğun tamaşalardan şikayətlənmişdi, onlar isə yaxşı pyes axtarışına çıxıb məni tapmışdılar. Açığı, imtina etdim, çünki ömrümdə pyes yazmamışdım. Həsən Turabov məni başa saldı ki, rejissorlar da kömək edər, əsəri pyesləşdir. Cəmi 10 günə yazıb bitirdim. Mikayıl Mirzə də bunu oxudu, hamı, hətta təzə çıxan adamlar da pyesimi təriflədi ki, bomba olacaq. Və belə də oldu, elə bil, bomba atıldı. Buna görə rejissorla məni hər gün Mərkəzi Komitəyə çağırırdılar. Deyirdilər, düzəlişlər edin, çıxarışlar edin, biz də çıxarmırdıq, imtina edirdim. Deyirdim ki, bacarırsınızsa, ümumilikdə tamaşanı ləğv edin. Onlar da bundan qorxurdular. Kamran Bağırovun vaxtında əsər yeddi dəfə tamaşaya qoyuldu. Sonra Vəzirov hakimiyyətə gəldi. Onu da Qorbaçov Heydər Əliyevə qarşı mübarizə aparmaq üçün göndərmişdi. Böyük ajiotaj yaranmışdı, tamaşaya baxmaq üçün bilet tapılmırdı. Vəzirov da tamaşaya baxdı. Axı ona tapşırılmışdı ki, Heydər Əliyevə qarşı mübarizə apar. Və buna görə də bu tamaşanı siyasiləşdirdilər. Mənim pyesimdən istifadə etdilər.

– Deyirlər ki, guya siz pyesdə Heydər Əliyevin obrazını yaratmısınız?

– Mən o pyesi kommunist rejiminin əleyhinə yazmışam, Heydər Əliyevə qarşı yox. O kommunist rejiminin ki, o vaxt AXC-nin süqutuna səbəb oldu, o kommunist rejiminin ki, xalqımızın başına 37-ci il fəlakətini gətirdi, 20 Yanvar faciəsini, Xocalı faciəsini törətdi. Ümumilli lider Heydər Əliyevin özü də Kommunist Partiyasından və o rejimdən imtina etdi.

– Bəs siz əsl həqiqəti cəmiyyətə, hökumət adamlarına başa sala bilmədiniz?

– Yox. Çünki bunu ilk dəfə sən məndən soruşursan. Mən bunu kimə başa salmalı idim, cəmiyyətə niyə belə açıqlama verməli idim ki?

– Heç Heydər Əliyevlə görüşmüsünüz?

– Yox. Yalnız 1977-ci ildə Heydər Əliyev Naxçıvana yazıçılarla birgə gedəndə mən də orada idim.

– Xatırlayırsınızsa, müstəqillik illərində Azərbaycan yazıçılarının qurultayında Heydər Əliyevlə yazıçıların görüşü olmuşdu. Mərhum prezident ondan sonra da dəfələrlə yazıçılarla görüşlər keçirib. Bəs o görüşlərdə siz niyə iştirak etməmisiniz?

– Ora seçdikləri adamları çağırırdılar. Mənə deyilməmişdi, deyilsəydi, əlbəttə, gedərdim.

– Deməli, hesab edirsiniz ki, sizin “Qızıl teşt” əsərinizi Vəzirovun tapşırığı ilə qəsdən siyasiləşdirib Heydər Əliyevə qarşı qoyublar və sizə biganə münasibətin səbəbi məhz bu məsələdir?

– Əlbəttə, belədir. Kommunist rejiminə qarşı Heydər Əliyevlə mənim mövqeyim tamamilə üst-üstə düşürdü. Və mən yenə deyirəm, “Qızıl teşt” əsərimi kommunist rejiminə qarşı yazmışam. İndi sən özün də yaxşı bilirsən ki, istənilən bir adamı tənqid etmək çox asan şeydir. Amma mən bu əsəri Kommunist Partiyasının zınqırovlu dönəmində yazmışam. “Qızıl teşt” tamaşası haqqında İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk böyük bir məqalə də yazmışdı, yüksək dəyərləndirmişdilər. Bu əsər haqqında Bəxtiyar Vahabzadə “Ədəbiyyat” qəzetində yazmışdı. Hər halda bu adamlar ədəbiyyatı bəzi yaltaq tulalardan daha yaxşı bilirdilər.

Mən həmişə raykomlara nifrət etmişəm. Yekəlib yazıçı oldum və bu fikirlərim yenə də dəyişmədi. Mən onları sevmirəm, çünki özlərini allah kimi aparırdılar, kəsdikləri başa sorğu-sual yox idi. O pyesdə mən dörd nəslin faciəsini vermişəm. Kimin şübhəsi varsa, avtoritetvari bir komissiya yaratsınlar, povesti oxusunlar, pyesə də baxsınlar. Əslində, bundan sonra mənə lazım da deyil. Mənim 5-10 kitabdan savayı nəyim var axı? Torpağım yox, qəbiristanlığım yox...

– Seyran müəllim, əsərlərinizi toplayıb çap etdirmək arzunuz yoxdur ki?

– Ölmürəm onları çap etdirməkdən ötrü? Əlbəttə, belə bir arzum var. Təxminən, 18 cildliyim var. Bir adamdan xahiş etdim, əmələ gəlmədi. Cəmi iki cild nəşr olunub. Amma mən istəməklə deyil ki... Deyir, sən saydığını say, gör mühit nə sayır.

– Vaqif Nəsibin əsərlərinin bir neçə cilddə çapına Elçin Əfəndiyev kömək eləyib... Axı siz də təsadüfi adam deyilsiniz.

– Nə bilim. Əlaqədar adamlar bilirlər ki, mənim bir neçə cildliyim var. Eləmək istəsələr, eləyərlər.

– Yazıçılar Birliyində işləyirsiniz. Anar müəllimlə də münasibətləriniz bildiyimə görə çox yaxşıdır. O, bu məsələdə sizə kömək eləyə bilməzmi?

– Anarın belə bir imkanı yoxdur, ona görə də müraciət etməmişəm.

– Əlinin altında dövlət telefonu var...

– Dövlət telefonuna heç cavab verən də yoxdur. Hətta deputatlar da şikayətlənir ki, məmurlar telefonlarımıza cavab vermir. Sifarişlə həcc qəbul olunmur, bu sifariş mühitin özündən gəlməlidir ki, filankəsin əsərləri çap olunsun. Mən əsərimi yazmışam və qadınlar dar köynəkdən qurtaran kimi mən də bu yükün altından xilas olmuşam. Qalan məsələlər mənlik deyil.

– Səhhətiniz necədir?

– Bir ara çox pis idi. Boğazımda ciddi və əməlli-başlı təhlükəli problem vardı. Səs tellərimdə onkoloji xəstəlik tapdılar. Məni təcili əməliyyat etdirmək istədilər. Dedilər ki, qırtlaq kəsilir, ora aparat qoyulur və s. Məni tanıyanlar bilir ki, o cür yaşamağı əxlaqıma sığışdırmaram. Soruşdum ki, əməliyyatdan başqa ayrı yolum yoxdurmu? Dedilər ki, şüa qəbul etməlisən, bu da yüz nəfərdən birinə əhəmiyyətli təsir göstərir. Mən isə o cür yaşamaqdansa şüanı seçdim.

– Nəticə müsbətdirmi?

– Səsim qayıdıb, özüm də qayıtmışam. Şüadan sonra müayinə etdilər ki, hər şey yaxşıdır, hər şey düzəldi. Amma üç aydan bir müayinəyə getməliyəm.

Kəramət bala, bu dönəmdə qəribə bir şey hiss etdim. Mənimlə 50-55 il bir yerdə olan və adını çəkmək istəmədiyim bir nəfər vardı. Hansı ki, mən onun üçün çox şeylər etmişəm, ona olan sevgimin halallığını vermirəm, etdiyim yaxşılıqlar isə halal xoşu olsun. Mənə yaxın duran olmadı. Fikirləşdilər ki, Seyran Səxavət daha gedir, ona kömək etmək nəyə lazımdır? Uzaqbaşı yasına gedərik. Mən bu adamları nə yaxşı ki, gördüm, amma vecimə almadım.

– Çox qorxmuşdunuz?

– Səmimi deyirəm, onkoloji problem ortaya çıxanda heç vecimə də olmadı, qəti sınmadım. Həkim dedi ki, sənin güclü xarakterin var, kömək elə, səni müalicə edəcəm. Yəni xarakterim də kömək etdi. Çox adamsa məndən əlini üzdü. Heç zəng belə etmədilər. 55 il bir yerdə olduğum adamlar halımı belə soruşmadılar, təsəvvür edirsənmi? Özümü qınadım ki, ay Seyran Səxavət, həmişə yekə-yekə danışırdın ki, mən adam tanıyanam, sənin adam tanımağın bu imişsə, başına dəysin! Bütün bunlar məni hardasa bir-iki gün ağrıtdı, sonra keçib getdi.

Ancaq heç gözləmədiyim adamlar irəli durdu, mənə kömək elədi. Yeri gəlmişkən, mən bir-iki nəfərin adını çəkmək istəyirəm. Biri bizim məşhur onkoloqumuz, millət vəkilimiz Əhliman Əmiraslanovdur. Hansı ki, salamımız da olmayıb. Mənə həm maddi, həm də mənəvi cəhətdən kömək elədi. Daha sonra Milli Onkologiya Mərkəzində radiologiya şöbəsinin müdiri professor İsa İsayev! İnsan necə gözəl olarmış, ilahi! Doğrudan da gözəllik ən güclü silahdır. Onların hər ikisinə dərin minnətdarlığımı bildirirəm.

– Allah gecindən versin, əgər bu dünyadan getsəydiniz, nədən nigaran qalardınız?

– Vallah, nigaran qaldığım çox şey var. Qarabağ ən böyük nigaranlığımdır. İllərdir kəndimiz yuxuma girmir, dəhşətdir. Bəzi adamlar var, deyir, mürgüləyəndə də Qarabağ yuxuma girir. Məndə elə deyil, artıq oralar yuxuma da gəlmir. Daha bir nigaranlığım isə təhsilimizin səviyyəsidir.

– Qəribə gəlir, doğrudan, adam öldüyü yerdə təhsil yada düşür?

– Bəlkə də qeyri-səmimi görünə bilər ki, adam öldüyü yerdə təhsili fikirləşir. Ən azından mənim də nəvələrim var və bu təhsil onlara da aid olduğuna görə narahatlığa haqqım var. Mən həyatım boyu zarıldamamışam. Heç nəyə və heç kimə əl açmamışam. Ölümə də əl açmamışam. Yekə-yekə danışmaqla deyil, insan iki dəfə xoşbəxt olur, bir doğulanda, bir də öləndə. Doğumla ölüm arasındakı müddətə də ömür deyilir. Atılıb-düşməklə deyil, ölüm gələndə cavana, qocaya baxmır. Mən isə çox xoşbəxtəm ki, Seyran Səxavət adlı ssenarini yaşayıram, şanslı da olmuşam, şanssız da...

Tarix
2018.02.17 / 09:08
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla