Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2018


Yeganə yol: yaşamaq, həm də şikayət etmədən

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya, xüsusilə də Qərb ədəbiyyatına Frans Kafkanın "kobud" ezoterik təsiri danılmazdır, desəm, yəqin ki, kitab qurdlarının çoxu mənimlə əlüstü razılaşar. Son dövrlər oxuduğum Qərb mənşəli yazıçılar Con Maksvell Kutzeenin "Barbarları gözləyərkən" Dino Bussatinin "Tatar çölü", Puşkinin məşhur şerinin misrasında deyildiyi kimi, "Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar" misali nə qədər uzaqlaşmağa çalışsa da, yenə də Kafka soyuqluğunun ətrafında dövrə vuran Milan Kunderanın "Ölümsüzlük" romanlarında bu təsiri görməmək ancaq təsadüfi oxucunun diqqətindən yayına bilər.

Bu romanların qəhrəmanları da eynən Kafkanın qəhrəmanları kimi düşdükləri naməlumluğun içində vurnuxan, iradəsi öz əlində olmayan, düşünmək və qərar qəbul etmək bacarıqlarını itirmiş, axırda özlərini zamanın və proseslərin ixtiyarına buraxmaqdan başqa bir çıxış yolu qalmayan, yaşadıqları, daha doğrusu, məhkum edildikləri xaotik sistemdə yararsız olduqlarını anladıqları üçün çarəsizlik və köməksizlik mühitində çırpınan tənha adamlardır. Adlarını çəkdiyim bu yazıçılar bilərəkdən, bəlkə də, bilməyərəkdən Kafkanın tutqun və biganə çöhrəsinin ətrafında ellipisvarı fırlanan, gah ona yaxınlaşıb, gah ondan uzaqlaşan planetlər kimidir. Yeganə paradoks ondan ibarətdir ki, Kafka ümidsizliyinin cazibə qüvvəsi onları özünün qaranlıq kosmosunda nəinki itkin düşməyə qoymur, eyni zamanda sonsuz tənhalığı ilə bu yazıçılarda zamandan zamana adlaya bilmək inamı yaradır. Dünyaya "qoca doğulan" və dünyanı gənc yaşda tərk edən Kafkanın "heç nə yaxşı deyil və heç vaxt da yaxşı olmayacaq" ümidsizliyi bu yazıçılara yaradıcılıq üçün ümid verir. Ümidin başqa adı mövhumatdır.

Bu yazıda Kafka mövhumatının əsiri olan daha bir Qərb yazıçısından danışacağıq.Söz kosmosdan, mövhumatdan, qaranlıqdan düşmüşkən, bu yaxınlarda Ankaraya qayıdarkən Bakıdan gətirdiyim və Azərbaycan dilinə ilk dəfə tərcümə olunan kitabların arasında Amerika yazıçısı Pol Osterin "Qaranlıqdakı adam" romanını oxuyub istər-istəməz yenə o tənha yəhudini, həyatın necə bir vahiməli xaosdan yarandığını və elə bu xaosun anlaşılmazlığı ilə də yarımçıq başa çatacağını özünün soyuq, yasa batmış hissiyyatı ilə "Qəsr" romanında insanlara xəbər verən, peyğəmbər əcdadlarından fərqli olaraq, onlara heç bir allahın kömək edə bilməyəcəyini dərin bir çarəsizliklə çatdıran Frans Kafkanı.

Qeyd edim ki, Pol Osterin "Qaranlıqdakı adam" kitabı TEAS PRESS Nəşriyyat Evində çap olunub. Tərcümə İlahə Əkbərindir.

Pol Osterin qəhrəmanları ilə - romanın iki əsas qəhrəmanı var; kitab tənqidçisi Avqust Brill və kapral Ouen Brik - yuxarıda adını çəkdiyim roman qəhrəmanlarının bir neçə ortaq nöqtəsi var ki, bu nöqtəni dünya ədəbiyyatına Birinci Dünya müharibəsindən sonra Frans Kafka qoyub. Emosional siyasi-millətçi nəzəriyyələrin alovlandırdığı Avropanı ancaq psixi-mənəvi buzlaşma dövrünün gəlişi xilas edə bilərdi. Kafka ilk dəfə dünya ədəabiyyatında yaradıcılığın mərkəzini sol beyindən sağ beyinə köçürdü və əsərlərinin yayıldığı hər yeri absurd məntiqin buz qatı ilə örtdü. O, ədəbiyyta məntiq iudaizmini gətirən ilk peyğəmbər idi. Onun və yuxarıda adını çəkdiyim xələflərinin ədəbi qəhrəmanlarının ümidsizliyi hissin deyil, düşüncənin əzabıdır. Bu qəhrəmanlar emosional inamdan rasional inamsızlığa yuvarlanmış fərdlərdir. Onların kədəri sağ beyinin kədəridir. Onların tənhalığı, adamayovuşmazlığı emosional asosiallığın nəticəsi deyil, məntiqin tənhalığıdır, ağlın yalqızlığıdır. Kafkadan sonra Qərb ədəbiyyatında hamı öz lüzumsuzluğu ilə tək qalsa da, heç kim ağlamır, ağlaya bilmir. Çünki ağlın, məntiqin göz yaşları olmur. Osterin "Qaranlıqdakı adam"larının yuxusuz gözləri də ancaq qaranlıq boşluqda yummaq və xatırlanması zehni üzüntüdən başqa heç bir duyğu oyatmayan xatirələrə dalmaq üçündür. Onların yuxusunu ərşə çəkən can ağrısı deyil, ağlın ağrısıdır. Pol Osterin Brillində də, Brikində də ağrı mərkəzi məntiqdədir. Onlar bu ağrını hiss etmirlər, dərk edirlər. Onların məntiqinə işgəncə verən həyatlarının izaholunmaz mövcudluğudur. Kafkanın Zamzası düşünür: "Mən nə üçün səhər yuxudan qalxanda böcəyə çevrilirəm?" Polun Briki də səhər yuxudan oyanıb özünü bir quyunun dibində görür və özündən soruşur: "Nə baş verir, məni bura kim salıb?" Sonra bu suallar daha da dərinləşir və bəşəri bir suala çevrilir: "Bizim bu dünyada nə işimiz var, bizi bura kim göndərib?" Cavab yoxdur. Yeganə bir yol var; yaşamaq, həm də şikayət etmədən.

Məntiqin tənhalığı, bizim öyrəşdiyimiz, hansısa şəhərdən, ölkədən getməklə, hansısa qadına (kişiyə) qovuşmaqla, hansısa dostla, doğmayla dərdləşməklə ovunan müvəqqəti depressiv vəziyyət deyil. Sağ beyinin kədərini heç bir içki tündlüyü, heç bir fahişə qəhqəhəsi, heç bir ziyanlı vərdiş unutdura bilməz. Bu tənhalıq varoluşun əzəli qüsurundan doğan bir çarəsizlikdir, mövcudluğun "anadangəlmə" şikəstliyi qarşısında yaşanan əliqoynunda bir əlacsızlıqdır.

Frans Kafka kimi Pol Oster də bu əsərində paralel dünyaları üz-üzə qoyur. Kafkanın "Qəsr"i bizim dünyamızın başqa bir modelidir. Kafka yaşadığmız dünyanın absurd, başgicəlləndici gerçəklərini özünün paralel dünyasına daşıyır. Osterin kitab tənqidçisi Avqust Brill də yatağına uzanıb paralel dünyalar haqqında xəyallar qurur. Tənqidçi Brill öz paralel dünyasında digər Avqust Brill adlı bir müharibə allahıdır. Tənqidçi Brillin dünyasında ABŞ İraqda müharibə aparsa da, paralel Brillin dünyasında Amerika özü ilə döyüşür. Ölən də, öldürən də amerikalılardır.

Müharibə aparan gözəgörünməz və ayıq-sayıq Brilldən fərqli olaraq, tənqidçi Brill əsər boyunca yatağından qalxmır. O, sanki, Alyaska qubağası kimi donmuş vəziyyətdə yaşayır. Özünü məntiqin dondurucu soyuğuna təslim edərək, bir növ, ölülüyə vurub. Yaşamaq üçün ölüyə çevrilmək - Polun 77 yaşlı tənqidçi Brillinə bu nəsuhəti Frans Kafka verib, öz gündəliklərində.

Pol Osrein "Qaranlıqdakı adam" əsərinin qəhrəmanları ilə yanaşı, süjeti də Kafkanı yaddan çıxmağa qoymur. Romanın əsas qəhrəmanlarından biri, Ouen Brik bir səhər oyanıb özünü dərin bir quyunun dibində görür və nə üçün burada olduğunu, onu bu quyuya kimin itələdiyini heç cür yadına sala bilmir. Eynən Frans Kafkanın "Çevrilmə"sindəki Qreqor Zamzanın bir səhər yuxudan duranda özünün bir həşərata çevrildiyini və bunun nə üçün baş verdiyini anlaya bilmədiyi kimi. Bu adamlar başqalarının iradəsi altındadırlar, amma o başqalarının kimlər olduğunu heç cür aydınlaşdıra bilmirlər. Onların başqalarının istəklərini yerinə yetirməkdən başqa çıxış yolları yoxdur. Briki də quyudan bu şərtlə çıxarırlar ki, o, tanımadığı adamların əmri ilə tanımadığı başqa birini öldürməlidir. Müharibənin bitməsi üçün bu vacibdir. Hansı müharibə? Pol Osret oğul Corc Buşun başladığı İraq müharibəsini tənqidçi Brillin paralel dünyasındakı ABŞ-a köşürür. Buyur, bu da sənə müharibə, Amerikanın özünün özünə qarşı müharibəsi. Brik quyudan çıxarıldıqdan sonra Kafkanın başqa bir qəhərmanının, "Qəsr"dəki ucsuz-bucaqsız bir müəmmanın ortasında vurnuxan Yerölçənnin həyatını yaşamağa başlayır. Yerölçən xilas ola bilmədiyi Qəsrə təsadüfən çağırıldığı kimi, Brik də quyudan təsadüfən çıxarılır və bundan sonra Oster onu öz "qəsr"inə, öz müəmmalarının şəhərinə, Vellinqtona göndərir. Yerölçən qara bürünmüş Qəsri uzaqdan seyr etdiyi kimi, Brik də uzaqdan dumanlar içindəki Vellinqtonu seyr edir. Yerölçən Qəsrdə ilk olaraq köhnə bir karvansaraya girdiyi kimi, Birk də əvvəlcə Vellinqtonda müştəriləri gözə dəyməyən köhnə bir kafeyə girir. Daha sonra "Qəsr"də yerölçənin başına gələn absurd hadisələr eyniylə Vellinqtonda Brikin başına gəlir. Fərq yalnız ondadır ki, bu absurdizm Avropasayağı yox, Amerikasayağıdır. Burada Pol Oster bizə Frans Kafkadan məlum olan hakimiyyət anlayışının metafizikasına baş vurur. "Qəsr"də Qəsrin sahibi hakimiyyət əlçatmazlığını təmsil etdiyi kimi, "Qaranlıqdakı adam"da da "müharibə allahı" Brill - Brikə onu öldürmək əmri verilib - Buş hakimiyyətini təmsil edir. O, ölsə müharibə bitəcək. Lakin o, əlçatmazdır. Brikin Vellinqtondakı lüzusuz sərgərdanlığı və onun öldürməli olduğu Brillin gözəgörünməzliyi ilə Oster, Kafkanı bir daha təkrarlayır. Eynən yəhudi sələfi kimi Pol da hakimiyyət əlşatmazlığının, öz ömrünü yaşamaqdan savayı bir iddiası olmayan adi insanlar üçün bellərindəki müəmmalı yükdən başqa bir şey olmadığını göstərmək istəyir. Onlar geri çevrilib bu yükün nədən ibarət olduğunu görmək istədikdə, yük də çevrilir və bu zaman onlar öz quyruğunu qovalaya-qovalaya yerində fırlanan pişiyin düşdüyü gülməli, eyni zamanda acınacaqlı vəziyyətə mübtəla olurlar. Və Briki bombardman nəticəsində gözlənilmədən öldürməklə, Oster sadə insanların bu yükdən xilas ola bilməyəcəklərinə, bir gün qəfildən bu yükün altında can verəcəklərinə yenə də sağ beyinin ümidsizliyi, məntiqin soyuq kədər ilə nöqtə qoyur. Yerölçənin "Qəsr"də yarımçıq kəsilən taleyi kimi.

Brik ölür, Brill isə həmişə yaşayacaq. Və o yaşadıqca, müharibə də həmişə davam edəcək.

Müharibə demişkən, tənqidçi Brill Avqust yalnız əsərin sonunda İraq müharibəsində terrorçuların edam etdiyi, nəvəsinin sevgilisi Titusdan söz salanda Pol Osterin yadına düşür ki, o, Frans Kafka deyil, bir amerika yazıçısıdır. Yalnız müharibə reallıqları onu bu yəhudi yazçısının ədəbi mövhumatından xilas edə bilər. Buna görə də Oster sonda qəhrəmanı tənqidçi Brillin başını müharibə ilə qatır. Müharibə! O, bir amerikalı üçün, sadəcə, puldur. Sadə amerikalı anlayır ki, pulu yoxdursa, onu bir rikşa dartan banqladeşlidən, yaxud bir puştun çobanından fərqləndirən heç bir dəyəri yoxdur. Brillin nəvəsinin sevgilisi Titus da bu cəmiyyətin övladıdır və könüllü olaraq İraq müharibəsinə, 100 000 dolların arxasınca gedir. Mücahidlərə əsir düşür və kəlləsini itirməli olur. Mücahidlər onun başını kəsib video ilə dünyaya göstərirlər.

Pol Oster kitab tənqidçisi Avqust Brillin paralel Amerikasında sehrbazlıqla dolanan Ouen Briki, öz Amerikasında isə gənc və kasıb Titusu müharibəyə qurban verməklə bizə bunu demək istəyir: müharibə və tənhalıq - bunların hər ikisi həyatımızda olan başqalarının arzularıdır!

Tarix
2018.07.31 / 22:42
Müəllif
Aqşin Yenisey
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yunan allahı və rus alkaşı

Küləkləri ulayan şəhər

Əyalətə qəbiristanlıqdan soxulan

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla