Məzmun bəlli olanda forma ya
qızıla çevirilir, ya da milçək qonmuş təzəyə bənzəyir.
Hələ qədim "Avesta"dan üzü bu yana bütün səmavi deyilən kitablar
yazırdılar ki, görüntü aldadıcıdır, illüziyadır, əsas olan
görünməyəndir; bədənlə ruh kimi.
Gözəl görünən, amma ağzını açanda qarşı tərəfi əleyhqaz taxmağa
məcbur edən qarnıqurdlu qadınlar, boylu-buxunlu olmasına
baxmayaraq, "şir ürəyində" siçanlar oynaşan, Niyazi Mehdinin
fəlsəfi termini ilə desək, görməmiş yaltaq kişilər, zərifliyi, ətri
ilə adama gəl-gəl deyən zəhərli bitkilər, başı dumanlandırıb insanı
sorğusuz-sualsız cənnətə aparıb cəhənnəmlik edən içkilər və hətta
süjeti, ideyası oğurluq olan kitablar, belə saxta kitabları yazan
müəlliflər də birinci sətirdə yazdığımız qədim həqiqətin
sübutlarıdır.
Mən bu qədim həqiqətin sirrinə çox erkən yaşlarımda, yəni
Gertsenin öz memuarında təsvir etdiyi Moskvada vəba xəstəliyinin
yayılması ilə Kamünün "Taun" romanındakı daban-dabana oxşarlıqları
görərkən yiyələndim.
Gertsen öz memuarında 1831-ci ildə Moskvanı bürüyən vəba
xəstəliyi haqqında yazır ki, heç kim bu xəstəliyə nə vaxt, necə
yoluxacağını, neçə saatdan, neçə gündən sonra öləcəyini bilmirdi.
Küçələr xəstə və meyit daşıyan at arabaları ilə doluydu. Moskvada
xəstəliyin vahiməsinə düşməyən bir adam vardısa, o da qubernator
Qolıtsın idi. O, təkbaşına bu xəstəliklə şəxsi düşməni kimi
mübarizə aparırdı.
Gertsen daha sonra 1849-cu il Parisin vəbalı günlərini
xatırlayır. İnsanlar hər iki şəhərdə (bütün dünyada) eyni ağrılarla
ölür, yeganə fərq budur ki, Parisin Qolıtsınları yalnız özlərinin
və arvad-uşaqlarının hayındadır. (bunu Gertsen yazır)
İndi baxaq Kamünün "Taun"una; ilk cümlə: "Kitabda söylənilən
qəribə əhvalatlar 194...-cı ildə Oran şəhərində baş verib və
əhvalatlar adilikdən uzaqlaşdırılıb, yerlər dəyişdirilib". Əslində,
Kamünün Oranı Gertsenin memuarındakı vəbalı Parisin yüz il sonrakı
təsviridir. Kamü, sadəcə, 1849-u 194... eləyib. Oğurluq fərqlərdən
ən gözəgirəni isə bundan ibarətdir. Gertsenin real qəhrəmanı
qubernator Qolıtsını Kamü simvolik həkim obrazı olan Ryö ilə əvəz
edib.
Ümumiyyətlə, Avropa ədəbiyyatından fərqli olaraq rus
ədəbiyyatının mistisizmi, simvolizmi də reallığa söykənir. Mistik
nəsrin siftəsi hesab olunan Bulqakovun "Master və Marqarita"sını
xatırlayaq; əsərdə Marqaritanın ağlını itirdiyi yerəcən
gözəgörünməz qüvvələrin idarə etdiyi metafizik hadisələr o qədər
real təsvir olunur ki, oxucu, doğrudan da, müftə dəbdəbəyə,
bər-bəzəyə pərəstiş edən qadınların hipnoz altında soyunub küçələrə
lüt dağılışmasına inanır. Rus ədəbiyyatında, demək olar ki, ezopizm
yoxdur. Avropa ədəbiyyatı isə tam əksinə, real olanı da
ezoplaşdırmağa, laldili çatdırmağa çalışır. Oxucu gərək Avropa
yazıçısını vurma cədvəli kimi dönə-dönə oxusun ki, axırda bu
yazıçının payızı ağacların sarılıq xəstəliyi adlandırdığını başa
düşsün. Rus ədəbiyyatının canında Avropa ədəbiyyatından fərqli
olaraq qədim Yunan, Misir, Roma mifologiyası virusuna qarşı
immunitet var. Avropa ədəbiyyatındakı Yunan allahının qarşısına rus
ədəbiyyatı adi rus alkaşı ilə çıxır və rus alkaşı öz mühakimələri
ilə Yunan allahının pişiyini ağaca dırmaşdırır.
Kafka da, Bulqakov da özlərinin ən fundamental əsərlərində
fövqəlliklə adiliyin gizlin münasibətlərini yazır. Kafka "Qəsr"də,
Bulqakov "Master və Marqarita"da. Qəsri və Moskvanı idarə edən
qüvvələr adi insanlar üçün izaholunmaz və əlçatmazdırlar. Adilik
Fövqəlliyə can atdıqca daha da adiləşir, gülünc bir çıxılmazlığa
düşür. Çapalayıb özünü daha da tora ilişdirən həşərata çevrilir.
Şəxsən mən bu iki əsəri oxuyanda yalnız bu saula cavab axtarırdım:
hansı hansını yaradır, fövqəllik gözəgörünməzliyimi, yoxsa
gözəgörünməzlik fövqəlliyimi? Hələ də fikirləşirəm.
Qayıdaq forma və məzmun məsələsinə. Bu yay oxuduğum kitabların
arasında Bussatinin bestsellerə çevirilmiş "Tatar çölü" romanı da
vardı. Pamukun "Qar" romanı kimi "Tatar çölü"nü də on-on beş səhifə
oxuyanda sonra oğurluq kitablar rəfinə tolazladım. Çünki hər iki
əsər dəbdəbə naminə Volandın hipnozu altında soyunan qadınlar kimi,
Kafkanın metafizik cazibəsi nəticəsində tumançaq qalmış iki müəllif
tərəfindən yazılmışdır. Hər iki romanın ideyası Kafkadan açıq-aydın
əkişdirilib, yumşaldılıb. Bu romanlar "Qəsr"i oxumayanlar üçün,
bəlkə də, şedevrdir, ancaq peşəkar oxucular üçün "Qar" da, "Tatar
çölü" də "Qəsr"in cizgi filmi variantıdır. Necə ki, avropalılar
İncili, Don Kixotu uşaqlarına tanıtmaq üçün hər iki bəşəri kitabın
şəkilli variantlarını, cizgi filmlərini çəkiblər.
Sözümüzün canı: Oğurluq "allahdan" doğma "alkaş" yaxşıdır.