Bizə ya boş araq şüşəsi
verin, ya da dolu palçıq vedrəsi
Bir çox adamlar, xüsusilə 1990-cı il 20 yanvar qırğınından sonra
dünyaya gələnlər elə bilirlər ki, bu faciə yalnız paytaxtda baş
verib, çünki hər il faciənin ildönümü qeyd olunanda qəzetlərdə,
telekanallarda yalnız Bakıda tökülən qanlardan, Rus tanklarının
tırtılları altında əzilən insanlardan, tarakan kimi tapdanılıb yerə
yapışmış avtomobillərdən danışılır. Sözsüz ki, paytaxtda faciənin
miqyası böyük idi, amma bu qırğının caynaqları elə həmin gecənin
səhəri bəzi əyalətlərə də uzandı və eyni qətliam ssenarisi bu
əyalətlərdə də həyata keçirildi. Gəlin lap uzaqdan başlayaq.
Tarix 1989-cu
il.
Rus əsgərlər əlləri tətikdə lal-dinməz dayanıb bu
"gözlənilməz qonaqların" hərəkətlərinə baxırlar
Biz, on bir yaşlı orta məktəb şagirdləri dərsdən çıxıb
evlərimizə yollanırdıq. Oxuduğumuz orta məktəb üç-dörd kəndin
uşaqları üçün nəzərdə tutulduğundan – elə indi də belədir – hər gün
piyada 2-3 km yol gedib-gəlməliydik. Yolda birdən qarşımıza
"Kuzovu" əllərində kəlbətin, balta, çəkic, lom tutmuş adamlarla
dolu tozanaqlaya-tozanaqlaya şütüyən yük maşınları çıxdı. Hərdən
bizi qabağına çıxanda məktəbdən evə, evdən məktəbə aparan sürücü
əyləci basıb qışqırdı ki, dırmaşın yuxarı. Dərhal çəyirtkə kimi
yuxarıdakı əlialətli kişilərin yanına hoppandıq. Yəhudiləri ət-ətə
yapışdırıb yandırmağa aparan Hitlerin yük qatarlarını xatırladan bu
maşınlar da dalbadala düzülüb ayrı bir istiqamətə irəliləyirdilər.
Nəhayət, gəlib çatdıq Azərbaycanla İranın, yəni cənubi Azərbaycanın
sərhədinə. O vaxt sərhədi Rus əsgərləri qoruyurdu. Adamlar
bağıra-bağıra yerə tökülüb tikanlı məftilləri doğramağa, sərhəd
dirəklərini aşırmağa başladılar. Əsgərlər isə əlləri tətikdə
lal-dinməz dayanıb bu "gözlənilməz qonaqların" hərəkətlərinə
baxırdılar. Məftillər, dirəklər dağıdıldı və adamlar iki ölkənin
arasından axan çayın sahilinə axışdı. Səs-küyə o biri taydakı üstü
samanla örtülmüş evlərdən arıq-arıq adamlar da çıxıb bizə tərəf
yüyürdülər. Çay dayaz olduğundan elə suyun içindəcə qucaqlaşıb
"qardaş-qardaş" deyərək ağlaşırdılar, ancaq buna ağlaşma demək
olmazdı. Bu, sanki, gülüşmə ilə ağlaşmanın qarışığından yaranmış
naməlum bir duyğunun səsi idi. Hətta elə çayın ortasındaca onlar
bir-birilərini evlərinə qonaq dəvət edirdilər. Gecənin bir aləmi
yenidən cənublu qonaqlarla birgə maşınlara doluşub geri qayıtdıq.
Bizim evə düşən cənublu qonaqlarda ilk müşahidələrim bunlar oldu;
çox kasıb və pinti idilər, ayaqqabıları yırtıq idi, baxmayaraq ki,
hərəsinə bir kasa bozbaş verilmişdi, amma onlar bir kasadan əlləri
ilə yeyirdilər və hamısının hiyləgər baxışlı xırda gözləri vardı.
Çox sonralar biləcəkdim ki, onların yaşadıqları ölkədə siyasi
sistem elə qurulub ki, adamlar canlarını qorumaqdan ötrü, hətta
Tanrının özünə belə kələk gəlməyə razıdırlar və gəlirdilər də. Bir
otaqda araq içib ağızlarını yaxalayır, keçib o biri otaq da namaz
qılırdılar. Səhəri gün "Xəbərlər"də dedilər ki, yerli cəbhəçilər
Cəlilabad rayonu ərazisində İranla sərhədi söküblər.
Tarix 1990-cı il yanvar ayı
İran-İraq müharibəsindən sınıq-salxaq çıxmış cənublu
qardaşlarımız yerli cəbhəçiləri inandırmışdılar ki, rus tankları
bizlikdir
Söz-söhbət gəzir ki, Azərbaycandakı siyasi anarxiyanın qarşısını
almaq üçün Moskva Azərbaycana qoşun yeridəcək və əmrə tabe
olmayanlar yerindəcə güllələnəcək. O vaxt Cəlilabadın indi Göytəpə
adlanan qəsəbəsində rusların hərbi bazası var idi. Xalq Cəbhəsinin
ən güclü dayaqlarından biri də elə SSRİ-İran sərhədini dağıdan
yerli cəbhəçilər idilər. İran-İraq müharibəsindən sınıq-salxaq
çıxmış cənublu qardaşlarımız yerli cəbhəçiləri inandırmışdılar ki,
rus tankları bizlikdir. Siz, sadəcə, bizə ya araq şüşələri, pambıq
və nöyüt gətirin, ya da bir-iki ton palçıq. Arqumentləri də bu idi
ki, Səddamın tanklarını bu cür şüşələrlə və palçıq dolu vedrələrlə
zəlil ediblər İran-İraq müharibəsində. Araqları içib şüşələrə nöyüt
doldurdular, ağızlarını da aptek pambığı ilə bərk-bərk tıxadılar,
xeyli palçıq yoğurdular. Hamı inandı ki, Cəlilabad rus qoşunu ilə
döyüşə tam hazırdır. Nəhayət, yanvar ayının ortasında Göytəpə
bazasındakı rus tankları bazanın qarşısında durna qatarı kimi
düzüldü. Cənublu qardaşlarımız bu tankları görüb: "Baba, bu
tənkitlər – onlar tankı belə adlandırırlar – o tənkitlərdən deyil"
deyib dabanlarına tüpürdülər, necə deyərlər asta qaçan namərdir.
Ağılları Səddamın müharibə oyuncağı kimi əsgi-üsküdən istehsal
etdirdiyi karton tanklara gedibmiş, sən demə.
Tarix 1990-cı il 21 yanvar
Onlar indi
bizdən daha azaddırlar
Sübhçağı. Cəlilabad şəhərinin üstünü elə bir qatı duman bürüyüb
ki, hətta Tanrı da istəsə, aşağıda nələrin baş verdiyini görə
bilməz. Budur, ilk helekopterin səsi eşidildi, ancaq duman onun
hansı istiqamətə uçduğunu görməyə imkan vermir. Vahimə içində olan
əliyalın millət təqribən hiss edir ki, o, qəbiristanlıq tərəfə
uçur. Az sonra onun qorxuc səsi eşidilməz olur. Günortaya yaxın gün
qızır, duman əriyir və xəbər gəlir ki, helekopter rus əsgərlərini
qəbiristanlığa gətirib, onlar da qəbirlərin arasında təknəfərlik
səngərlər qazıb hücum əmri gözləyirlər. Bu da hücum; birbaş yerli
cəbhəçilərin yığışdığı binaya doğru. Çünki əsgərlərə qabaqcadan
xəbərdarlıq olunub ki, Cəlilabaddakı "seperatçı" qüvvələr
silahlanıblar. Bina beş-altı istiqamətdən gülləbaran olunur,
ölənlər öldürülür, yaralılar və sağ qalanlar həbs edilir. İndi
rayonun mərkəzindəki "Şəhidlər Xiyabanı"nda neçə-neçə "20 yanvar"
şəhidi uyuyur. Bizim azadlığımız uğurunda canlarından keçsələr də,
əminəm ki, onlar indi bizdən daha çox azaddırlar.
"1937.az"