Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2018


İŞİD çoxdan qələbə qazanıb

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il ATƏT-in hüquqi mövcudluğunun əsasını təşkil edən "Helsinki yekun aktı"nın qəbulundan 40 il keçir.

Yəqin, çoxları yubiley tarixinə hazırlıq işlərinin ən yüksək səviyyədə görüldüyünü düşünür və üzv dövlətlərin bütün qüsurlara baxmayaraq, Avropada təhlükəsizliyə məsuliyyət daşıyan bir qurum qarşısında hesabata biganə qalmayacaqlarını ehtimal edirlər. Lakin məlum oyun qaydalarını diqtə edən mərkəzlərin ayrı hesabı var. Onlar ATƏT-in beynəlxalq sülhə töhfə vermədiyini bəyan edərək, yeni nizamnamənin qəbuluna nail olacaqlarını bildirirlər.

Yox, hələ sevinməyə tələsməyin. Məqsəd heç də bir-birinə zidd olan hüquqi normaların yaratdığı xaosu aradan qaldırmaq üçün avropalı məmurlara, eləcə də hamıya ədalətli şərtlərlə zəngin yeni dünya qanunu təqdim etmək deyil. Niyyət tamamilə başqadır.

"Soyuq müharibə"dən sonra formalaşmış düzənin artıq qəbul olunmadığı çoxlarına bəllidir. Qaliblər Amerika seçki sistemində olduğu kimi, hər şeyi götürmək istəyir. Razılaşmayanların adlarını isə sadalamağa elə bir ehtiyac yoxdur. Dünya KİV-ləri hər gün onlar haqda xüsusi reportajlar təqdim edərək onsuz da mürəkkəb olan münasibətləri hərbi toqquşma səviyyəsinə çatdırmağa çalşırlar. Amma günahın kimdə olması nəticəni dəyişmir. Ona görə də elə indidən 2015-ci ilin gərgin keçəcəyini proqnozlaşdıra bilərik. Çünki il sonucunun bütün nikbin arzularına baxmayaraq, meydanda hələ onlarla başa çatmamış münaqişə var.

"Siz qan istəyirsiniz və Karfagen dağıdılmalıdır" çağırışı hər zaman qüvvədədir. Üstəlik, burada İkinci Cahan savaşından sonra yazılmış təslimçilik aktı və dünyanın bölüşdürülməsindən sonrakı hərbi bloklaşma siyasətini də xatırlamağımız yerinə düşərdi. İndi qələm kimin əlindədir və yeni dünya nizamı bizə hansı gələcəyi vəd edir?

Başa vurduğmuz ilin siyasi yekunlarını təhlil edənlərin hamısı bir fikirdə yekdildir - 2014 dünya üçün ağır il oldu. Yəqin, nəinki siyasətçilərin, eləcə də sadə vətəndaşların dilindən daha tez-tez səslənən sözlərin infoqrafikası təxminən belədir - müharibə, terror, insan qırğınları və sair.

İŞİD-in adını çəkməsək, dünyanın üzünü örtən bir vəhşətin mənzərəsi bizlər üçün tamamlanmamış qalar. Onsuz da qan çanağına çevrilmiş Yaxın Şərq torpaqlarında peyda olan "başkəsənlər ordusu" elan etdiyi məramdan asılı olmayaraq, bütün bəşəriyyətə zərbə vurmaqda davam edir. Mənim heç şübhəm yoxdur - İŞİD dünyadakı sosial, sinfi, dini və ideoloji ədalətsizliyin İraqda təcəlla etmiş simvollarından sadəcə biridir və hamının onu öldürməyə qalxması heç nəyi dəyişməyəcək. Çünki çoxmillətli muzdlu legionerlərin yığnağından ibarət olan bir terror təşkilatını zərərsizləşdirəndən sonra görəcəklər ki, amöb kimi, yeni silahlı hərəkatların növbəti dalğası gəlir. Pisliyi doğuran zəmini ortadan qaldırmadan nəticə ilə vuruşmaq səmərə verə bilməz.

Ona görə, yaxın doğmaları döyüşə getmiş ailələrlə bərabər, bizim hamımız itirənlərin sırasındayıq. Çünki vəhşətin pəncəsində olan qurbanlar təkcə başsız atlılar deyil. Bu il səngərdən kənarda nə qədər insanı canlı olaraq itirdiyimizi sayanda görürük ki, İŞİD hamımız üzərində mənəvi qələbəsini çoxdan qazanıb.

Hər gün söz savaşında nə qədər dostumuzla, qardaşımızla, həmkarımızla vidalaşdığımızın fərqindəyikmi? Onları canlı olaraq hesabımızdan silir, virtual dünyamızdakı kimi "qara siyahı"lara əlavə edirik. Ona görə "bloklaşma" siyasətinə dövlətlərarası rəqabətin məhsulutək deyil, həm də fərdlərin həyatının ayrılmaz hissəsi kimi yanaşmağımız daha doğru olar.

Guya sərhədsiz informasiya məkanı adlandırdığımız kainatda insanları ayıran milyonlarla tikanlı məftilləri göstərə bilərik. Bir ictimai xadimin dediyi kimi, qloballaşmadan danışıb da ən uzaq qitədə baş verən hadisələrə canıyananlıq göstərsək də, qonşumuzun "yardım" çığırtısını evimizin bir addımlığında eşitmirik.

Bizi müharibəyə nifrət hissi xilas edə bilərmi? Cavaba keçmədən qarşımızda duran mənzərəyə diqqət edək. Gördüyümüz budur ki, militaristləşmə siyasəti xalqlar tərəfindən ən yüksək səviyyədə müdafiə olunur. Nümayiş etdirilən yeni hərbi texnika və texnologiyaların informasiya vasitələrindəki təqdimatı anşlaqla keçirilir. İnsanların tanka, topa, qırıcı təyyarələrə dərin bir ruhanı sevgisi hökm sürür.

Baxın, 2014-cü ilin silah ixracı haqdakı yekun xülasələrə. Təkcə iki dövlət - ABŞ və Rusiyanın dünya ölkələrinə satdığı hərbi məhsulların qiyməti 110 milyard dollardan artıqdır. Çin və Almaniya siyahının növbəti yerlərini bölüşdürsələr də, rəqabətdə ənənəvi silah hökmdarlarına heç zaman çata bilməyəcəklərini də yaxşı bilirlər. Axı, Amerika və Rusiyanın ixrac potensialı ümumi silah bazarının 56 faizini təşkil edir və bu səviyyə qabaqcıl hərbi sənaye dövlətləri üçün də əlçatmazdır.

Deməli, ölkələr arasında imzalanan sülh bəyannamələrinə baxmayaraq, inamsızlıq və qəfil hücum qorxusu il-ildən güclənməkdə davam edir. Avropada sosial rifaha və böyük mənəvi ideallara malik olan cəmiyyətlərin qurulduğunu deyənlərin hərbi monstrlara çevriliydinin şahidi oluruq. Əvəzində hər il həyatını yoxsulluq və xəstəlikdən itirənlərin artan statistikası fonunda hərbi xərclərin rekord həddi acı bir gerçəklikdir.

Azərbaycanda da müharibə tərəfdarlarının sayı getdikcə artır. Təəccüblü deyil ki, beynəlxalq missiyalara etimadın sıfra enməsi fonunda silah partiyaları ölkəmizdə də ictimai səhnənin önünə çıxır.

2015-ci ilə ənənəvi olaraq xoş diləklərimizi yönəldərkən, ilk növbədə, insanların beyinlərində və qəlblərində hökm sürən nifaqın, təlatümlərin və aqressiyanın yerini barış hislərinin tutmasını arzulmağı özümüzə borc bilirik. 21-ci əsrin ağırlıq yükünü hər birimiz çiyinlərimizdə hiss etdikcə başa düşürük ki, millətlərin taleyini təkcə siyasi və hərbi rəhbərlər həll edəndə dünya müharibələri qaçılmaz olur. Məgər, ayrı bir yaşantıya adamların ixtiyarı yoxdur? Ötən yüzildən miras qalan kütləvi insan qırğınlarını təkrarlamaq bəşəriyyətin alın yazısıdır?

Gəlin, hamılıqca hərbi toqquşmalara "yox" deyək, qətlləri və tökülən qanları bir ağızdan pisləyək. Axı heç kəsə qaranlıq deyil ki, bu gün Yəməndə öldürülən binəvanın aqibəti sabah bizim soydaşlarımızı da başqa bir həyat səngərində yaxalayır. Ona görə beyinləri linç etmiş media orqanlarının hamını sinirsiz qoymasından azad olmağa, passiv müşahidəçi statusundan çıxmağa çalışaraq, harada baş verməsindən asılı olmayaraq, savaşları durdurmağı tələb etməliyik.

Gerçəkdən 2015-ci ilin adamları olmaq istəyirsinizsə, başqa yol yoxdur. Titullu dərgilərin seçdiyi dünya siyasətçilərinin yerini tutmağın resepti yalnız budur. Xalqlar öz talelərinə sahib durmayanda, hökmdarlar onları qladiator kimi döyüşlərə sürükləyir. Məgər müasir dövr qədim Roma tarixindən, "çörək və tamaşa" reallığından çoxmu irəliyə gedib?

Rəqəmləri dəyişərkən hər şeyin xeyirə doğru olacağına ənənəvi inam hissi ilə 2015-ci ili salamlamaq istərdik. Qoy hər yanda sülh xərcləri bütün "itkiləri" üstələsin!

Tarix
2014.12.29 / 23:42
Müəllif
Zahid Oruc
Şərhlər
loading...
Digər xəbərlər

İranın Mailyan sevgisinin səbəbi nədir?

Babayanı Bayıl türməsindən kim buraxdı?

1500 erməninin başını istəyən Mikoyan

Portret arxasında böyük pulların növbəti rekordu…

“Qoca tülkü” ləqəbli çekist Şeva...

Qarsa gedən “sülh və müharibə qatarı”

“Foros əməliyyatı”: Qorbaçov generalları necə məhv etdi

Putinin çeçen ordusu, yaxud Uollesdən Kadırova

Medvedyevin İrəvana qəfil səfəri...

Xalqı soymaq üçün “müqəddəslik” donu

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla