Divanəlik və istedad arasındakı bağlılıqdan çox danışılıb. Biz
onları təkrarlamaq istəmirik. Ancaq istedadlı divanələr tamamilə
ağıllı bəşərəiyyətə çox böyük, həm də olduqca pozitiv təsir
göstərirlər. Dünya fikri tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər,
həm də dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu
şəxsiyyətlərin bədii örnəklərini psixi baxımdan tamamilə sağlam,
lakin o qədər də istedadlı olmayan qələm sahibləri az və ya çox
uğurla təxmis etmiş, onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya
durduqca beləcə də davam edəcək.
Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş
etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim etməkdə
davam edir.
Conatan Svift (1667-1745), irland yazıçısı
Diaqnoz
Pik xəstəliyi və yaxud Altsgeymer xəstəliyi – mütəxəssislər
mübahisə edirlər.
Simptomları
Baş gicəllənməsi, oriyentasiyanı, istiqaməti itirmə, yaddaş
pozğunluğu, insanları və ətrafdakı əşyaları tanımamaq.
Xəstəlik tarixi
Xəstəliyin daima kəskinləşməsi və simptomların həyatının sonunda
ağlını itirmək dərəcəsinədək artması.
Bəxs etdiyi ideyalar
Siyasi satiranın yeni forması. "Qulliverin səyahəti", sözsüz ki,
maarifçi ziyalının ətraf aləmə ilk satirik baxışı deyildi, ancaq
buradakı novatorluq baxışlarda deyil, "optikadadır". Satiriklərin
həyata böyüdücü şüşə və ya teledskopla baxdıqları bir zamanda
Müqəddəs Patrik kilsəsinin dekanı Conatan Svift bunun üçün əcayib
şəkildə əyilmiş şüşə linza ixtira edir. Sonralar bu linzadan
Nikolay Qoqol və Saltıkov Şedrin də məharətlə istifadə edirlər.
Həyata satirik baxış
XVIII əsrin görkəmli ingilis yazıçısı və satira ustası Conatan
Svift 1767-ci ildə İrlandiyanın Dublin şəhərində pastor ailəsində
anadan olub. Çox ağır, çətin bir həyat yaşayıb. Hələ dünyaya
gəlməmiş atasını itirən Svifti yaxın qohumu Qodvin böyüdüb boya
başa çatdırır. O, atasının yolunu davam etdirərək dini təhsil alır
və bir neçə il ruhani işləyir, daha sonra Dublin kilsəsinə rahib
təyin edilir. Conatan siyasi fəaliyyətlə də məşğul olur. Ədəbi
fəaliyyətə də məhz İngiltərənin həyatında baş verən ictimai-siyasi
hadisələrə dair pamfletlərlə başlayır. İngilis əsilli olmasına
baxmayaraq, Svift sadə irlandiyalıların hüquqlarını ciddi-cəhdlə
qoruyur və onların dərin hörmətini qazanır. 1713-cü ildə o,
Müqəddəs Patrik Kilsəsinin dekanı seçilir və İrlandiyanın siyasi
həyatına daha aktiv surətdə baş vurur. Təxminən həmin vaxtlarda
özünün məşhur əsəri olan "Qulliverin səyahəti"
romanını yazmağa başlayır. Svift romanı düz on il sonra bitirə
bilir.
Yaşadığı ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının,
eybəcərliklərinin acısını dadan yazıçı bütün ömrü boyu
yaradıcılığında bunlara qarşı barışmaz mübarizə aparıb. Bu mübarizə
ideyası onun "Qulliverin səyahəti" romanında da aydın görünür.
Əsərin tam adı belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar
kapitan olmuş Lemoel Qulliverin səyahəti" (1772-1773). Roman dörd
hissədən ibarətdir və baş qəhrəman ingilis əsilli, kiçik torpaq
sahibinin oğlu Lemuel Qulliverin dörd səyahətini əks etdirir.
Qulliver, hər dəfə liman şəhərlərinin birindən səyahətə çıxaraq
xəyali, əsrarəngiz ölkələrə düşür. Bu ölkələrdə yaşayan insanların
həyat tərzi, adət ənənələri və mövcud qanunlarla yaxından tanış
olur və onlara İngiltərə haqqında məlumat verir. Svift liliputlar
ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və sərkədələr arasındakı
bənzəyişi verməklə onları ifşa edir. Onları cirtdan liliputlarla
tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərir. Gülüş - məzəli və
ağıllı Sviftin başlıca mübarizə silahı olur. Liliputlar ölkəsində
Qulliver kralı, əyanları, sərkərdələri öz cib yaylığına büküb
cibinə qoyur, onların bir yığın hərb gəmisini bir barmağına
doladığı nazik iplə sürüyüb aparır.
Senzuralara baxmayaraq, böyük uğur qazanan kitab bir çox dillərə
tərcümə olunur və dəfələrlə çap edilir. Hazırda klassika sayılan bu
əsər dəfələrlə ekranlaşdırılıb.
Maraqlıdır ki, məhz Conatan Svift "liliput" və "yahoo" (yahuu)
sözünü tapıb və "Qulliverin səyahəti" romanına daxil edib. Müəllif
bu romanda bir əsr sonra kəşf ediləcək Mars planetinin peykləri
haqqında məlumat verir.
Conatan Sviftin deyimlərindən
- Aclıq ilə qürur heç vaxt uyğunlaşa bilməz.
- Bir şeyi istədiyimiz vaxt həmişə onun bizi cəzb edən
tərəflərini görürük. Onu əldə etdikdən sonra da daim pis
tərəflərini tapırıq.
- Əsl dahini tanımaq heç də çətin deyildir. Dünyanın bütün
axmaqları ona qarşı birləşirlər.
- Görməyənlər qədər kor yoxdur.
- Kitablar beynin uşaqlarıdır.
- Qanunlar hörümçək toru kimidir; kiçik milçəklər hörümçək toruna
düşərlər, böyük arılar isə hörümçək torunu dəlib keçərlər.
- Təcrübə məktəbində təhsil haqqı yüksəkdir; amma ağılsızlara bir
şey öyrədə bilən başqa bir məktəb də yoxdur.