"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil
cihazların qeydiyyatını pullu etməsi qeyri-qanunidir. Qaydalarda
belə xərclər nəzərdə tutulmayıb".
Bu sözləri Axar.az-a "Multimedia" İnformasiya Sistemləri
Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz nazirliyin mobil cihazların qeydiyyatını
ödənişli etməsi məsələsinə münasibət bildirərkən dedi.
O. Gündüzün sözlərinə görə, rəsmi məlumatda qeyd olunan xərclər
qanuni olaraq əsaslandırılmayıb:
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi elan etdi ki
şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıq fəaliyyəti
məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli
olacaq. Şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil
cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı üçün 5 manat,
sahibkarlıq fəaliyyəti məqsədi ilə olanlar üçün 0.20 manat müəyyən
edilib. Tamamilə anlaşılmaz və qeyri-qanunidir. Qaydalarda belə
xərclər nəzərdə tutulmayıb. Rəsmi məlumatda qeyd olunan xərclər
qanuni olaraq əsaslandırılmayıb. Artıq sistem qurulub və qaydalarda
nəzərdə tutulan xərclər də mobil operatorlar tərəfindən ödənilib.
Əgər mobil operatorlar quraşdıracaqları avadanlıqlar, proqram
təminatları, sistemlərinin təhlükəsizlik məsələləri ilə bağlı
xərcləri özləri ödəyirlərsə, onda hər bir nömrədən alınacaq kifayət
qədər böyük məbləğ - 5 manat hansı xərcləri ödəyəcək? Deməli,
vətəndaş 25 manat verib telefon alacaq, onun da 20% ni əsassız yerə
RYTN-ə verməlidir. Bu necə ola bilər axı?".
O. Gündüz qeyd edir ki, nazirliyin bu siyasəti heç bir şəkildə
anlaşılan deyil:
"Bu sistem Dövlət Gömrük Komitəsinin də sisteminə qoşulub və
ölkəyə daxil olan telefonlarla bağlı məlumatlar elə oradan da
avtomatik formada alınıb emal olunursa, hansı əlavə xərclərdən
söhbət gedir, anlaşılmazdır. Xüsusilə də, əgər bu elektron formada
da həyata keçiriləcəksə, bununla bağlı Elektron hökumət portalında
artıq imkan nəzərdə tutulubsa, bütün məlumatları da vətəndaş özü
sistemə daxil edəcəksə, onda daha hansı xərclərin ödənilməsi
anlaşılan deyil. Axı bütün bunlar əlavə işçiyə, digər resurslarda
ehtiyac yaratmır, əksinə, xərcləri daha da azaldır. Bir yandan
elektron formaya keçirilir, məsrəflər azaldılır, bir yandan da
ödənişli edilir. Ümumiyyətlə, bu siyasət anlaşılan deyil.
Düşünürdüm ki, nazirlik bəlkə də könüllü qeydiyyata görə
vətəndaşlara əlavə güzəştlər verəcək".
O.Gündüzün fikrincə, mobil telefonların qeydiyyat məsələsindən
istifadə etmək istəyənlər var:
"Məncə, burada anlaşılmazlıq var. Kimlərsə bu sistemdən istifadə
edərək ya digər xərcləri ödəmək fikrinə düşüb, ya da elə sadəcə
gəlir götürmək istəyirlər".
Qeyd edək ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil
cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı - 5 (beş) manat,
satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında
ölkəyə gətirilən mobil cihazların İMEİ nömrəsinin qeydiyyatı - 0.20
AZN olacaq.