I Avropa Oyunları ərəfəsində
və yarışlar zamanı ictimai qaydanın qorunması, ictimai
təhlükəsizliyin təmin edilməsinə digər güc strukturları ilə yanaşı
cəlb edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları da
şəxsi heyətin hazırlığı və bütün təminatı üzrə qarşıya qoyulan
mühüm tapşırıqları tam yerinə yetirib.
Report DİN-ə istinadən xəbər verir ki, bu məqsədlə, daxili işlər
nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant
Şahin Məmmədov tərəfindən Daxili Qoşunların Bakı şəhərində yerləşən
2 hərbi hissəsində I Avropa Oyunları zamanı ictimai qaydanın və
ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş hərbi
qulluqçuların hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və
vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikaların
vəziyyəti yoxlanılıb.
General-leytenant Ş.Məmmədova məruzə olunub ki, hərbi hissələrin
şəxsi heyəti respublikada keçiriləcək I Avropa Oyunları zamanı
qarşıya qoyulmuş tapşırıqların təmin edilməsində xidmətə tam
hazırdır. Qeyd olunub ki, yarışların keçiriləcəyi ərazilərə xüsusi
icazəsi olmayan şəxslərin və avtomaşınların daxil olmasının, eyni
zamanda, baş verə biləcək digər xoşagəlməz halların qarşısının
alınması tam yerinə yetiriləcək. Belə ki, xidmətin təşkili ilə
əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları
yaradılıb. Hərbi hissə komandanlıqlarının xidmətaparma yerləri ilə
əyani tanışlığı təmin edilib. Daxili Qoşunların bütün şəxsi heyəti
ilə l Avropa Oyunlarının tarixi əhəmiyyəti və siyasi mahiyyəti
barəsində, xidmət zamanı davranış xüsusiyyətləri ilə əlaqədar
söhbətlər aparılıb. Həvalə olunmuş obyektlərin mühafizəsi,
nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması
üzrə xüsusi məşğələlər keçirilib.
Yarışlarda iştirak edəcək vətəndaşları xüsusi aparatlarla
yoxlamaq məqsədilə hərbi qulluqçulara polis orqanlarının
əməkdaşları ilə birlikdə müvafiq kurslar keçirilib. Buraxılış
rejimini təmin edəcək qadın hərbi qulluqçularla 45 günlük ingilis
dili kursları təşkil olunub. Bununla yanaşı, styuard xidmətinin
aparılmasına cəlb olunacaq şəxsi heyət və qadın hərbi qulluqçuların
xüsusi geyim forması, perimetr boyu xidmət aparacaq hərbi
qulluqçuların isə xüsusi önlüklərlə təminatına baxış keçirilib.
Hələ 2014-cü ilin sonundan etibarən Ərazilərin minalardan
təmizlənməsi üzrə Milli Agentlikdə təşkil olunmuş kurslarda təlim
keçmiş mühəndis-istehkam qruplarının da təminatına və təchizatına
diqqət yetirilib. Daha sonra xidmət aparılan zaman əməliyyat
qərargahları, köməkçi əməliyyat qərargahları, eləcə də Daxili
Qoşunların Baş İdarəsində Baş İdarəetmə Mərkəzi ilə dayanıqlı
rabitənin təşkil edilməsi üçün rabitə avadanlıqlarına baxış
keçirilib.
Xidmətin daha yüksək səviyyədə təşkil olunması üçün yeni müasir
avadanlıq, texnika və xüsusi avtomobillər alınıb. Yarışlar zamanı
şəxsi heyətin daşınması üçün əsasən iritutumlu və ortatutumlu
avtobuslardan istifadə olunacaq. Həmçinin şəxsi heyətin keyfiyyətli
ərzaqla təmin olunması üçün üzərində soyuducu quraşdırılmış
refrijeratorların da istifadəyə hazırlığı yoxlanılıb.
Komandan Daxili İşlər Nazirliyinin xidmətlərinin, ərazi polis
orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi
qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin
təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı
əlaqələrin təşkili istiqamətində cavabdehlik daşıyan məsul vəzifəli
şəxslərə konkret tapşırıqlarını verib.
Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların
Komandanı general-leytenant Ş.Məmmədov şəxsi heyət qarşısında çıxış
edib. Daxili Qoşunların I Avropa Oyunları zamanı ictimai qaydanın
qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmətə
tam hazır olduğunu diqqətə çatdıran general-leytenant Ş.Məmmədov
şəxsi heyətə çətin və məsuliyyətli işdə uğurlar arzulayaraq
göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib.