Axar.az "Ədəbiyyat" qəzetinin "Mən necə yazıçı oldum"
layihəsində Kamal Abdulla ilə söhbəti təqdim edir:
– Necə yazıçı oldunuz?
– Bu suala cavab vermək çətindi. Mən heç indinin özündə də
bilmirəm ki, yazıçı olmuşam, yoxsa yox. Mənim mətnim kimə isə
barəmdə belə deməyə imkan verirsə, sevindim. Əslində isə, mənə belə
gəlir ki, yazıçı olmurlar, yazıçılığı yaşayırlar.
– Sizin üçün yazmaq nədir? Niyə yazırsız?
– Yəqin ki, bu suala "bilmirəm" deyə cavab vermək daha münasib
idi. Amma belə deyək. Yazmaq mənim üçün təmizlənməyin bir üsuludur.
Ona görə yazıram ki, bu zaman özümü tamam başqa bir yerdə, əhatədə
hiss edirəm.
– İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq
hissi varmı, yoxsa yazmaq içinizdəki ağrını
boşaltmaqdır?
– Yəqin ki hər ikisi içimdə var. Amma mən "ağrı" deməzdim. Bu,
sevinc də ola bilər, kədər də, sevgi ilə vidalaşma da, nostalji
də…
– Markes deyir külək olmasaydı dünyada çox şey
dəyişərdi, amma ədəbiyyat olmasaydı heç nə. Sizcə ədəbiyyat
olmasaydı dünyada nəsə dəyişərdi, yoxsa Markeslə
şəriksiz?
– Ədəbiyyat olmasaydı, insanlar hələ də mağaranın içində idilər.
Onu da deyim ki, külək dünyada çox şeyi dəyişmir. O dəyişənlər baş
verir ki, Borey də "Mən varam" deyə bilir.
– Yazmaq üçün nə lazımdır: müşahidə, mütaliə, yoxsa
ancaq yazmaq.
– Demək çətindir. Bəlkə də sadaladıqlarınızın hamısı və daha
nələr…
– Yazıçı vərdişiniz, ritualınız varmı ki, onun eləməmiş
yaza bilmirsiz?
– Deyəsən, var. Bədii bir mətnə başlamazdan əvvəl bir müddət
(bir neçə gün) heç nə ilə məşğul olmuram. Elə bil, daxilimdə olan
bir çox şeylə vidalaşıram, onlardan ayrılıram. Yeni mətnin içinə
arınmış halda girmək istəyirəm. Bu hal böyük mətnlər yaranan zaman
olur. Kiçikhəcmli hekayələrdə bu olmur. Məncə, siz dediyiniz
rituala və yaxud vərdişə oxşamadı…
– Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi.
Bəs sizcə yazıçılıq məğlub olmaq deməkdirmi? Hər yeni əsərdən sonra
hansı hissləri keçirirsiz?
– Folkner bunu bir qədər başqa cür demişdi. Ondan Yaponiyada bir
universitetdə soruşmuşdular ki, ən sevimli əsəriniz hansıdır? O da
cavab vermişdi ki, "Hay-küy və hiddət". Nə üçün sualına da belə
demişdi ki, bu əsər mənim ən böyük və ən gözəl məğlubiyyətimdir.
Folkner qarşısına qoyduğu məqsədlə ona çatmaq arasındakı məsafənin
böyük olmasından narahat olmuşdu və bunu bir yazıçı kimi öz
məğlubiyyəti saymışdı. Əlbəttə o da var ki, siz deyən kimi hər
əsərdə bu məğlubiyyətin hansısa faizi yox deyil.
– Mario Varqas Lyosa özünün Nobel nitqində deyir:
"Yazıçılıq asan məsələ deyil. Bir də görürsən təsəvvür etdiyin
əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini
isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən,
ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober
mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın
(üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu
öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad,
Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin
dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib. Sartr
sözün iş olduğunu, roman, pyes, ya hekayənin müəyyən məqamlarda və
müvafiq şəraitdə tarixin gedişatını dəyişmək iqtidarında olduğunu
öyrədib. Kamyu və Oruell əxlaqı olmayan ədəbiyyatın insani
olmadığını, Malro isə qəhrəmanlıq və eposun "Odissey" və
"İliada"nın arqonavtlarının dövründəki kimi mümkün olduğunu
öyrədib". Sizin üçün belə ustadlar varmı və kimlərdir?
– Şübhəsiz var. O sadaladığınız gurultulu adlardan bir qədər
aralansaq, öz ədəbiyyatımızda mən yazmağın müxtəlif sirlərini Mirzə
Cəlil və Əbdürrəhim bəydən öyrənməyə çalışmışam. "Kitabi-Dədə
Qorqud" dastanı da, təbii ki, öz yerində.
Onu da deməliyəm ki, yaradıcılığından, şəxsiyyətindən çox şeylər
öyrəndiyim başqa sənətkarlar da az deyil. Bu yaxında ədəbi esselər
kitabım çapdan çıxdı: "Düma ilə Coys arasında…" Öyrəndiyim, mənə
təsiri olmuş adamların, sənətkarların adlarını orada bir-bir
saymışam. Çox adamın adı var.
– Siz özünüzü hansı cəbhədə hesab edirsiz:
Dostoyevskiçi, yoxsa Tolstoyçu?
– Mən bu adları qarşı-qarşıya qoymazdım. Məncə, onlar bir-birini
bu dünyada olmasa da, haqq dünyasında tamamlayırlar. Onların
tapındıqları mənəvi dəyərlər bir-birini inkar etmir. Sadəcə, bəzən
bu dəyərlər bir-birindən uzaqda durur. Amma mən hansını dönə-dönə
oxuyuram soruşsaydınız, Tostoyu, əlbəttə, Tolstoyu deyərdim.
– Hansı bədii əsərdə yaşamaq istərdiniz?
– Çətin və qəribə sualdı. Hansı ulduzda bu dünyanı tərk edəndən
sonra yaşamaq istərdiniz sualından asan deyil. "Sehirbazlar
dərəsi"ndə Görükməz təpəyə qalxan dərviş Hüsnikərəm var. Kənardan
baxanlar ki, təpəni görmürlər, elə bilirlər ki, bu adam hava ilə
yuxarı yeriyir. Təpənin başında uzanıb əllərini boynunun arxasında
daraqlayandan sonra o, elə bil, göydən uzanıb asıla qalır. Bax, o
Görükməz təpəyə qalxmaq istərdim. Hər dəfə ayağını irəli atanda elə
bil boşluğa atırsan.
– Əsərlərinizi hansı "izm"ə aid edirsiz?
– Bu sualın cavabını məndən gözləmək doğru deyil. Bunu
"izmlər"in mütəxəssislərindən soruşmaq lazımdır.
– Hazırkı gənclərin çoxu yaradıcılığa demək olar ki,
romanla başlayır. Amma nisbətən yaşlı nəsil bunu onlara irad tutur;
əvvəl hekayə, sonra roman. Siz də bu fikirdəsizmi? Axı dünyada nə
qədər yazıçı adı çəkmək olar ki, yaradıcılığa romanla başlayıb uğur
da qazanıblar.
– Yenə də cavab verməyə çətinlik çəkirəm. Bu işi kim necə
bacarırsa, elə də görür. Kiminə çətin gələn kiminə də asan gəlir.
Əsas olan mətndir. Yerdə qalan təfərrüatdır.
– İndi hamı kiçik həcmli romanlar yazır. Nə düşünürsüz,
dövrün tələbidirmi, yoxsa hələ də "Hərb və sülh", "Sakit Don", lap
elə Murakaminin romanları qalınlığında romanlar
yazılmalıdır?
– "Dövrün tələbi" kimi ifadələrdən qaça bilsək, daha yaxşı olar.
Baxın, bizdə indi (!) "Yolçu", "Əbuhübb", "Gözmuncuğu", "Küləyi
dişləyən", "Dolu", "Gülüstan", "Fələk qırmancı", "Min yol mənə
söylər…" kimi həcmcə böyük, orta və kiçikhəcmli romanlar da
yaranır, "Alman kilsəsi", "10 Sentyabr", "Veyil dərəsi", "Sayrışan
hallar", "Məryəmin oğlu" kimi kiçik və orta həcmli hekayələr də.
Təki mətnin daxili tutumu güclü olsun. Təki hekayə romana ruhən
yaxın olsun, öz içi ilə onun mənəvi coğrafi hüdudlarına işarət
eləsin. Amma deyir, necə gəlir, elə də təzahür edir. Burada bir
meyara sığınmaq, "Prokrust çarpayısı" qurmaq düzgün deyil.
– Sizcə, yazıçının köşə yazarlığı, tərcüməçilik kimi
kənar işlərlə məşğul olması onun yaradıcılığına kömək
edir?
– Məncə, etməlidir. Cümləsinin nəfəsi genişlənir.