Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
8 Dekabr 2019


Bir dərdli macəra imiş eşq... - Kamal Abdulla

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

III esse BURADA

...Bu misra elə təkcə öz-özlüyündə qəlblərdə yaşayan xatirəyə işarədir. "Macəra", əgər o varsa, bu, bir konstatasiyadır. Amma macəra həm də dərdlidirsə, bu artıq tarixdir, keçmişin var olması deməkdir, formalaşma prosesinin nəticəsidir. Və əgər bir nəsnə "olmuş"dursa, deməli, xatırlanası nəsnə də var. Və onu xatırlayırlar: "Bir dərdli macəra imiş eşq...". Burada keçmiş yoxmudur?! Burada xatırlanası məqam yoxmudur?! Var!! Və Füzuli dərdli eşqi bu cür xatırlayır. Macəra kimi.

Bu qəmli misranın sıyrılıb çıxdığı "Leyli və Məcnun" poemasında qəribə bir roman ab-havası, nəsr ahəngi var. Hissələrin klassik nəzm ruhuna xas olmayan qəfil birləşməsindən tutmuş, mətn içərisində mətn təcəllasına qədər (qəzəllərin mətnə daxil edilməsilə) mövcud olan bütün qəribəliklər bunu israrla deyir. Füzuli, hətta özünü də bir personaj kimi bu "romanın" iç quruluşuna daxil edir. Eynən Dədə Qorqud kimi. Dədə Qorqud da öz Dastanında özünü elçi kimi, məsləhətçi kimi mətnə daxil etmişdi.

"Kitabi-Dədə Qorqud"da müəllif Dədə Qorqud həm də bir personajdır. Eynilə "Leyli və Məcnun" poemasının qəhrəmanları arasında da bir şair obrazı var. Bu, başqa Füzulidir. Poemanın müəllifi yox, başqa bir şair Füzuli. Amma yenə də bu başqası onun özüdür. Həm özüdür, həm də başqasıdır. Yenə də işığın hərəkəti yada düşür: həm fasiləli, həm də fasiləsiz. Eyni zamanda! Həm başqa Füzuli, həm də həmən Füzuli - eyni zamanda! Və onlardan biri hökmən o birini xatırlayır. Xatırlamasaydı başqalaşmanın mənası olmazdı. Bu olsun daxili, semantik xatırlama.

Müəllif Füzuli öz poemasında şair Füzulini təqdim edir, onun qəzəlini gah Məcnunun, gah Leylinin, gah da elə həmən başqa Füzulinin adından təqdim edir. Servantes özünü "Don Kixot"da təqdim etdiyi kimi. Pasternak "Doktor Jivaqo"da özünü təqdim etdiyi kimi. Borxesin "Mən və Borxes" hekayəsində olan kimi. Bu "priyom"un özü də xatırlamanın bir üsuludur. Yenə də Füzuli xatırlayır.

O, nəzm içrə nəsr ruhunu xatırlayır...

Eşqin dərdli macəra olduğunu xatırlayır...

Tiflin taxta at minib cövlan etməsini xatırlayır.

Azad könül sahibini xatırlayır...

Və daha nələri, daha nələri... Bu da olsun intertekstual, struktur xatırlama. Füzulinin semantik-struktur xatırlamalar sistemi - şairin bizlərə qoyub getdiyi möhtəşəm mənəvi miras deyilmi?!

Şekspir iki gəncin - Romeo və Cülyettanın dərdli eşq macərasını pyes şəklində yazdı. Füzuli isə Leyli və Məcnunun dərdli macərasını roman ruhlu poemada təqdim edir. Çox sonralar eyni üsuldan Puşkin istifadə etdi. Tatyana və Oneginin timsalında poetik çərçivələri qırıb nəsr-roman ruhunu içində yaşadan poeması ilə. Şekspir də, Füzuli də bunu ETDİLƏR. Amma nə etdiklərinin fərqinə varmadılar. Puşkin isə ETDİ və fərqinə vardı. Poemasını onun özü "roman" adlandırdı. Amma Puşkin bu "yarışmada" qalib deyildi. Qalib - bilməyib edənlər idi.

Eşq haqqında poeziya Füzulinin düşüncəsində təkcə bildiklərinin vərəqə köçürülməsi deyildi. Bilmədiklərinin də qələmə alınması idi. Bilmirdin, eyb eləməz, indi ki, bilirsən: "bir dərdli macəra imiş eşq...". Və bu xatırlamanın addım-addım içinə vardıqca hiss edirsən ki, burada da bildiyindən bilmədiyinə və bilmədiyindən bildiyinə bir körpü atılır. Bu, bir xatırlama körpüsüdür. Füzuli yenə də xatırlayır. Hətta bunun, sanki izi-tozu olmayan yerdə belə.

"İmiş" feli şəkli bizi çox mətləblərdən agah edir. Xatirələrə boylanmağa cəhd edən bir şair xəyalından ta ki, bu xatirələri "dərdli" rənglərə boyayan bir küskünün həyatına qədər. Bizim Səyyah yenə də yoldadır. Bu həyat küskünlüyündən daha əvvəlki - "könlün şad göründüyü" zamana tərəf, Azad könüllülər diyarına doğru Səyyah sürətlə gedib qayıdır. Və usanmır. Və Səyyah gedib gəldikcə Füzuli xatırlayır. O da usanmır.

Füzuli bəzən özü-özünə adətən olduğu kimi qəzəl sonunda deyil, başqa bir personajın dilindən müraciət edir. Ümumiyyətlə, Füzuli özü-özü ilə söhbət eləməyi sevənlərdəndir. Məcnunun atası "dəli macəra" əlindən çöllərə düşmüş oğluna öyüd verərkən Füzulinin özünə müraciət etmirmi?! "Gər qafil idin, ol indi aqil..." deyərək onun bu dözülməz dərdi ilə ola biləcək normal durumunun müqayisəsini heç kimə deyil, məhz Füzulinin özünə açıb-ağartmırmı?! Qafillikdən aqilliyə dəvət yaxın keçmişdən indiyə dəvət deyilmi?! Və bu, xatırlama hesabına həyata keçmirmi?! Əlbəttə ki, bunlar belədir!!

"Macəradan əvvəlki həyat - macəra həyatı - macəradan xilas olandan sonrakı həyat!". Füzuli nədən yazırsa-yazsın, bu üç məqamın birindədir. O, bütün qəzəlləri, qitələri, poemaları ilə dərdli macəranın ya həndəvərində, ya da içində məkan tutub. Onun mətninin mayasında bu üç məqamın ortaya çıxardığı "Bermud üçgəni"nə bənzər bir sxem durur. Və bu "Bermud üçgəni" xatırlama prosesi olmadan mümkün deyil. Onun tərəfləri bir-birini xatırlamasalar olmur. Üçgənin hər tərəfində xatırlamanın izləri görünür. Və Füzuli istəsə də, istəməsə də xatırlayır. O xatırlamağa məhkumdur.

Klassik nəzm başdan-başa müqayisələr üzərində qurulur. Hər bir müqayisənin kökündə isə tarix durur. Bu tarix müqayisə edilənlərin tarixidir - onlardan biri əvvəlki, o biri sonrakıdır. Deməli, biz təkcə müqayisə ilə deyil, həm də tarixilik ilə üzbəüzük. Amma burada bir məsələ də var. Biz inanmalıyıq ki, əgər haradasa tarix varsa, orada xatırlama da var. Füzuli başdan-başa müqayisələrdə gizlənmiş tarixdir. Və tarixdə gizlənmiş xatırlamadır. Və Füzuli xatırlayır:

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Məcnunla, başqa sözlə, keçmişlə, olmuşla müqayisə şairin xeyrinədir. Kimin gözündə? Şairin gözündə.

Bəs Məcnunun "aşiqlik istedad"ı əfkari-ümuminin gözündə hansı dərəcədə idi? Ən yüksək dərəcədə. Füzuli əfkari-ümumi ilə, yəni öz ətrafı ilə mübarizəyə həm də bu şəkildə qalxırdı. Əfkari-ümumi onun üçün nə idi? Heç nə. Bu iki məqamın (Məcnun aşiqliyi ilə Şair aşiqliyinin) müqayisəsi nəyin hesabına baş tutur və iddialı şair əfkari- ümumini dəyişə bilirmi?! Əlbəttə, bu müqayisə xatırlamanın hesabına baş tutur. Füzuli xatırlayaraq keçmişə getməsə idi, Məcnunla (Keçmişlə) özünü (İndini) müqayisə etməsə idi, bu möhtəşəm nəticə də özünü göstərə bilməyəcəkdi.

Müqayisə bütün hallardamı xatırlamağa gətirir? Belə olsaydı, müqayisəni özlərinə qul etmiş bütün qədim şairlər xatırlamaqla və təbii ki, Keçmişi yaşamaqla məşğul olan adamlar kimi görünərdilər. Bu isə belə deyil. Əksər söz sahibləri Keçmişə getməyi, Keçmişdə dolanmağı sevmir, İndini əldən buraxmaq istəmirlər. Onlardakı müqayisə "diyet" müqayisədir - ikinci, üçüncü, dördüncü suyun bişmişidir.

Füzulinin müqayisəsi isə həmişə üzü Keçmiş istiqamətinədir. Və bu hamıya, hər zaman daha maraqlıdır. Digər şairlərin müqayisəsi öz ağırlığını İndi üzərinə salır, onlarda müqayisə üzü İndiyədir. İndini isə yaşayanlar oxuduqları zamanın müasirləridir və bu, tanıdıqları həyat olduğundan onlar üçün elə də maraqlı deyil. Füzulinin qeyd edilən müqayisəsində Məcnun "məğlub" olsa da, onun ruhu məğlubedilməzdir. Şair, sanki Məcnunu bir daha yenidən ucaldır. O, məhz özünü Məcnunun yanına - Keçmişə aparır, Məcnunu öz yanına - İndiyə gətirmir. Bununla da "aşiqlik istedadının" bütövlükdə (!) böyüklüyünü, əzəmətini bütün İntibahçılarla bir yerdə bir daha sübut edir. Formal qələbə "əfkari-ümumi" üçündür, daxili məğlubiyyət Məcnun üçündür. Ancaq görünən qələbə özü şair üçündür, yenə də Füzuli üçün deyil. Çünki yaddaşlarda bir də o qalıb ki, Məcnunu həm də Füzuli yaratmışdır. O, elə Məcnunun özüdür. Və o bunu Keçmişə boylana-boylana, Keçmişdən güc və ilham ala-ala etmişdi. Başqa sözlə, xatırlaya-xatırlaya etmişdi.

Əslində, mənə elə gəlir ki, Füzuli öz ölməz poemasında Məcnunun məcnunluğunu - "minacat"larını, "keyfiyyəti-hallarını" xüsusi bir şövqlə (başqa söz tapmaq çətindir) təsvir etməklə, onun dərdini uca dağlar başına qoymaqla öz möhtəşəm beytinə mənəvi bünyə hazırlayır. "Məndə Məcnundan füzun aşiqlik istedadı var" misrasının arxasından lüt-üryan və cılız Məcnun bütün qüdrəti ilə göylərə ucalır. Əfkari-ümumi Füzulinin "yalanına" növbəti dəfə bir daha inanır. Və xatırlaya-xatırlaya inanır. Və Məcnunu xatırlayır. Diqqət! Vacib bir nəticə! Füzuli təkcə xatırlamır. Füzuli həm də xatırladır...

"Bir xabü xəyal imiş bu aləm..." deyən şair bu yuxuya aldanmamağa çağırır. Belə "ucuz" xoşbəxtliyə uymamağa ("Bu xabü xəyala olma xürrəm") səsləyir. Amma Məcnun və Məcnun timsali tifllər ona inanırlarmı?! Onlar yenə cövlan etməklərində, öz oyunlarındadı. Yuxu və oyun. Yuxudan oyuna və oyundan yuxuya. Birindən o birinə. Səyyah hardadır?! O yenə xatırlaya-xatırlaya yol ölçür. Sən getdiyin istiqaməti bilməsən, tanımasan, beynində tutmasan, başqa sözlə, xatırlamasan, hərəkət baş verərmi?! Eynşteyn axı deyirdi: hərəkət olmasa, zaman olmaz. Zaman varsa, deməli, artıq Tarix var. Və bu zaman "Allahın yer üzündən keçdiyi zəfər marşı"nı (Hegel) hansısa orkestr bütün gücü ilə çalmağa başlayır. Və əgər Tarix varsa, bu möhtəşəm musiqinin sədaları altında məhz unutmaq üçün kimsə qalmayacaq, xatırlamağa isə həmişə kimsə, nəsə olacaq.

Füzuli xatırlayır...

Tarix
2019.10.08 / 15:50
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı yazıçı ABŞ-ın nüfuzlu mükafatını aldı - Foto

Buna görə məni daşqalaq edəcəklər - Foto

Romanın müəllifi Cəlil deyil – Direktordan ittiham

Demə, sevənlərim günahkar idi...

Mərhum şairimizin “Son vəsiyyət”i üzə çıxdı - Foto

Tanınmış alimin yeni kitabı çap olundu

Xalq yazıçımıza Rusiyada böyük diqqət – Foto

ADU əməkdaşının şeirlər kitabı çap olundu

Müsabiqənin qalibləri açıqlandı - Foto

Özbək tarixçisi faktları açdı: erməni əməlləri... - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla