Ana səhifə Kult Ədəbiyyat |
İblisin qayıdışı
“Bir çox kişilər həyatlarındakı insanlara şiddət göstərmədikləri üçün öz-özlüklərində yaxşı insan olduqlarını düşünürlər, amma qarşı tərəfə əzab vermək üçün sırf şiddətə ehtiyac yoxdur; aldatmaq - acı çəkdirməkdir, yalan danışmaq - acı çəkdirməkdir, laqeydlik - acı çəkdirməkdir. Yer üzündə yaxşı insan kimi davranan zalım kişidən daha təhlükəli məxluq yoxdur...”
Əmir Xan
“Ən qaranlıq gecə belə sona yetər və günəş təkrar doğar...”
Viktor Hüqo
Telefonu narazı halda Daşaya uzatdım; qız İqbalın adını görcək başını buladı:
- Onunla əlaqəni kəs, xeyir tapmazsan beləsindən!
Mən cavab yazmağa başlayırdım ki, öncəgörən fikrimdən daşınmağa səslədi:
- Lazım deyil, yazma, laqeyd ol! Onun qara niyyəti var: planı səni qaçırtmaqdır!
Amma mənim özüməməxsus sevimli bir cəhətim var; çətin məqamlarda yalnız daxili hissiyyatıma arxalanıram. Odur ki, cavabı ləngitmədim:
- Həmişəki kafedə, axşam saat yeddidə.
Daşa ufuldamağa başladı:
- Kimə deyirsən ee? Bu qız ömür boyu bildiyini edir!
Dostumu sakitləşdirməyə başladım:
- Qulaq as, bilirsənmi, atacağımız bu addım əslində İqbaldan qurtuluşdur. Biz ondan xilas ola bilərik! Bir müşahidə et, qaçdıqça qovuluruq. Amma psixologiyada nə deyilir, dostum?
Daşa könülsüz cavab vedri:
- Qorxunun üzərinə get! Qorxduğundan çəkinmə və qorxuya təslim olma!
Psixologiyada sonsuz qorxu, həyəcanla bağlı əsas qızıl qaydaları mən də mənimsəmişdim və məhz bu səbəbdən Daşanın düşüncələrimə təslim olacağına əmin idim:
- Ay sağ ol! Qorxuya qalib gəlmək üçün gərək güclü olduğumuzu sübut edək!
Daşa cavab verdi:
- O İqbal, o da sən - get və sübut et! Məndən bu qədər, artıq yoruldum!
Məyus halda qızın əllərindən yapışdım:
- Yox, əzizim, nə danışırsan?! Sənsiz bu işlər alınmaz! Yüz faiz İqbal ora tək gəlməyəcək! Sən mütləq aralıdan bizi nəzarətdə saxlamalısan və kiçik bir narahatlığımda ya polislə əlaqə saxlamalı, ya da dərhal mənə yardıma yetişməlisən!
Dostum yorğun halda razılıq əlaməti olaraq başını yellədi; sanki bu minvalla onu yoran söhbətdən tez canını qurtarmağa çalışırdı.
Mən artıq beynimdə İqbal ilə nə danışacağımı və hansı mövzuda söhbət aparacağımı öncədən ölçüb-biçməyə başladım; hiss edirdim ki, bu, İqbal ilə son görüşdür - təbii ki, təsadüfləri nəzərə almasaq...
Beynimdə eşələnən Daşanın səsi fikilərimi yarımçıq qoydu:
- Sən onunla bir də qarşılaşacaqsan! Uzun illər sonra... Bəli, təsadüfən, amma elə bir məqamda, elə bir yerdə o məxluqu görəcəksən ki, bəlkə də yazığın gəldiyindən ürəyin ağrıyacaq...
Gülümsündüm:
- Bilirsən, sevimli aktyorum Əmir Xan nə deyir? Deyir: “Bir çox kişilər həyatlarındakı insanlara şiddət göstərmədikləri üçün öz-özlüklərində yaxşı insan olduqlarını düşünürlər, amma qarşı tərəfə əzab vermək üçün sırf şiddətə ehtiyac yoxdur; aldatmaq - acı çəkdirməkdir, yalan danışmaq - acı çəkdirməkdir, laqeydlik - acı çəkdirməkdir. Yer üzündə yaxşı insan kimi davranan zalım kişidən daha təhlükəli məxluq yoxdur...” Deməli, təhlükəli məxluqa görə üzülməyə dəyməz və mənim İqbal kimisinə görə ürəyimin ağramasına nədənsə inanmağım gəlmir.
Bu sözlərimə Daşa sadəcə çiyinlərini çəkdi. Lakin öncəgörən dostum bu dəfə də haqlı imiş; illər sonra həqiqətən də İqbal ilə təsadüfi qarşılaşmamız yaddaşımda ağrılı iz qoycaqdı. Lakin bu, illər sonra baş verəcəkdi...
Daşa dincəlməyə, mən isə evdə bir qədər yır-yığış etməyə başlamışdım ki, bizim kirayə mənzilimizdən bir mərtəbə yuxarıdan dəhşətli vahiməli səs eşidildi:
- Qoymayın, öldürürlər!
Daşa yuxudan dik atıldı; evdən bərabər qaçaraq sürətlə ikinci mərtəbəyə qalxdıq, qapını yumruqlamağa başladıq. Səs yaşlı qadına aid idi; məndən bir mərtəbə üstdə yaşlı qadın tək yaşayırdı. Yeganə oğlu Ukraynada olan qadının başqa doğması, yaxını yox idi.
Daşa qapını təpikləyəndə səsə üzbəüz mənzildəki qonşu çıxdı:
- Nə olub axı? Bu nə səs-küydür?
Mən dolu, yaşı altmışa çatmış qadını acıqlı nəzərlə süzdüm:
- Bu mənzildən haray gəldi ki, qoymayın, öldürürlər! Köməyə gəldik, qapını isə açan yoxdur!
Qadın əlini yellədi:
- Ehh, siz o çağırışlara fikir verməyin. Arvadın oğlu Ukraynadan gəlib, içib anasını döyür!
Mən pərt halda Daşaya baxdım; rus xalqının içkiyə alüdəçiliyini dəfələrcə qızın üzünə vururdum, ailə-məişət məsələlərində “bizdə elə olmaz, belə olmaz” deməyim sən demə elə söz imiş! Göründüyü kimi, hər yerdə, hər ölkədə istənilən hadisə ilə cəmi bir addım aralıda qarşılaşmaq olur; çünki hər yerdə yaxşı ilə yanaşı pis də var, mərdlə yanaşı namərd də...
Daşa fikirlərimi oxudu, üzünü qadına tutdu:
- Məgər bu qadına yardım etmək niyyətiniz yoxdur? Heçmi yazığınız gəlmir ona?
Qadın üz- gözünü turşutdu:
- Kimə? Bu insafsız qadına? Zamanında yaşlı anasını döyə-döyə öldürdü; hamama salırdı guya çimizdirməyə, qəsdən başına qaynar su tökürdü ki, qadın tez ölsün, evi adına keçirtsin. Sonra da arvad ölər-ölməz bir evli kişi gəlib-gedirdi bura. O evli kişi də hər gələndə bunun yetim oğlunu qanına qəltan edirdi; o ki var döyürdü yeniyetmə uşağı. Bilirsiniz, biz qonşular nələr çəkmişik bu ifritənin əlindən? İndi də oğlu qisasını alır; döyür öldürür anasını. Əcəb də edir! Buna bu da azdır! Nə tökərsən aşına, o çıxar qaşığına, etmə - edərlər dünyasıdır!
Daşa əsəbdən titrəməyə başladı:
- Siz nə danışırsınız? Bir qapı sizdən aralıda insan köməyə səsləyir. İstənilən halda hazırda o, köməksiz durumdadır ki, yardım diləyir! Məgər sizin ürəyiniz yoxdur?!
Qadın nə isə cavab vermək istəyirdi ki, bu dəm qapısının üzərində iri çərçivəli işıq fənəri parçalanaraq düz qadının başına səpələndi; xeyli aralıda olduğumuzdan yalnız bəzi şüşə qırıqları bizi haqlaya bildi. Qadın əlləri ilə başını tutaraq cəld evə girib qapını zərblə çırpdı.
Mən dostumu sakitləşdirməyə çalışırdım; lakin deməyə söz tapmırdım. Daşanın qəzəbindən elektrik lampalarının, kompüterlərin belə dəhşətli dərəcədə partladığının dəfələrcə şahidi olmuşdum. Qadına qəzəblənən Daşa onun işığının partlamasına səbəb oldu; iblissevərin insan adlanan qadına müraciəti beynimdə dayanmadan təkrarlanırdı: “Məgər sizin ürəyiniz yoxdur?” İnsanların əzazilliyinin dərəcəsinə heyrətlənməyə bilmirdim: qadının yalvarış dolu naləsinə əhəmiyyət verməyən qonşu, bizim qapını yumuruqlarla döyəcləməyimizdən narahatlıq keçiribmiş! İşə bax! Ən dəhşətlisi isə iblissevərin insanın haqqını qorumaq istədiyində, insanın onu bu işdən uzaqlaşdırmağa çalışması idi.
Beynim iki ayrı cəbhələrlə bir-biri ilə mübahisə və mübarizə edən düşüncələr ordusuna ayrılmışdı; biri qılınc-qalxanla Daşanın haqlarını, digəri isə qonşunu haradasa müdafiə edirdi ki, ikinci cəbhə birinciyə təslim oldu. Daşa haqlıdır! Nə qədər zülümkar qadın, ana, övlad olsa belə, hazırkı durumda onu tək qoymaq olmaz! Odur ki, son dəfə fəryad gələn qapıya tərəf yaxınlaşaraq, sol gözümü qıyıb, sağ gözümü geniş açdım və açar dəliyindən mənzilə boylandım. Görünür ki, bizim gəlişimizdən sonra işgəncələr kəsilmişdi; evdən hənirti belə gəlmirdi. Mən isə bununla kifəyətlənmədim:
- İstəyirəm biləsiniz! Bir də səs və ya narahatlıq eşitsəm, sizdən lazımi qurumlara şikayət olunacaq!
Daşayla pillələri enə-enə isə bir daha səsləndim:
- Boynunuzu məsuluyyətdən qaçıra bilməyəcəksiniz!
Daşa özünə gələ bilmirdi; ilk dəfə idi ki, onu insan taleyinə qarşı bu qədər rəhmli görürdüm. Sanki qız illərlə öz doğmasından aldığı dəhşətləri bir daha yaşayırdı; oğulun anasına etdiyi qəddarlığı heç cür həzm edə bilmirdi!
Mən qıza fincanla su uzadaraq, onu sakitləşdirməyə başladım:
- Daşa, sakit ol! Bu məsələ ilə mütləq məşğul olacağıq, sənə söz verirəm, yetər ki, özünü ələ al! Axşama mühüm işimiz var! Amma sabah mütləq bu oğlanı taparıq, onunla lazım olsa, ciddi danışarıq! Bircə sən sakit ol!
Qız bir fincan suyu birnəfəsə içdi:
- Axı bunlar necə özlərini insan adlandırırlar?!
Həqiqətən də deməyə söz tapmırdım; bu binada əksəriyyəti qurban bayramlarında qurbanlıq kəsib paylayardı, pislikdən uzaq görünürdülər. Axı indi bunların qəlblərinin möhürlənməsinə nə səbəb olub? Göz yaşları üzündən süzülən Daşaya baxdım: həqiqətən də insan bəzən elə bir əzazillik edərmiş ki, İblis belə kənardan ona baxıb göz yaşı axıdarmış!
Bu səhnə məni olduqca bərk sıxdığından, mənzildən çıxmağa, Daşayla bir az dolaşmağa qərar verdik.
Həyətə endikdə orada səliqə ilə cərgələrlə düzülmüş skamyalar üzərində əyləşərək zarafatlaşan yeniyetmə bir dəstə küçə dilənçisi uşaqlarla qarşılaşdıq. Onlardan bəzilərinin bizim arxamızca gəlməsi gərgin Daşanın nəzərindən qaçsa da, mənim diqqətimi çəkdi. Gəzə-gəzə İqbal ilə sövdələşdiyimiz kafenin yaxınlığına gəldik:
- Daşa, gedək bir kofe içək, onsuz da İqbalın gələcəyi vaxta hələ var.
Biz kafeyə daxil olanda içəridə müştəri yox idi. Bir qədər zarafatlaşmaq, dostumun eynini açmaq istədim:
- Bax, indi burada heç kəs yoxdur, gördüyün kimi. Amma bir neçə dəqiqəyə müştərilərin əlindən tərpənmək belə mümkün olmayacaq, sifarişimizi belə az qala saatla gözləməli olacağıq. Nə etməli! Ayağım düşərlidir də! Gərək getdiyim məkanlarla öncədən kontrakt imzalayım, sübuta yetirim ki, gəlirlərinin çoxalmasına yardım edirəm, faizlə gəlir əldə etməyə başlayım.
Daşa könülsüz gülümsədi; qız zarafat etdiyimi anlayırdı. Kafenin şüşəli ayırmaclarından kənara boylandım; kənarda narahatlıq üçün heç bir şey gözümə dəymədi; rahatlıqla kofemizi sifariş etdim.
- Əslində Moskvadakı qurbanetmə rituallarını xatırladıqda, heyvanları qətlə yetirməkdə vasitəçi olduğunu bildikdə, sənin qəddar olduğunu düşündüm. Müəllimənin ölümündə sənin düşüncələrinin rolunun olduğunu da bilirdim. Amma bu dərəcədə həssas və kövrək olduğunu bilmirdim. Deməli, mən səni illərlə tanımamışam, dostum!
Daşa heyvanlarla bağlı artıq dəfələrcə izah etdiyini bir daha xatırlatdı:
- Heyvanlar olmasa, insanlar qurban gedəcəklər! Müəlliməyə gəldikdə, mən onu məhv etməsəydim, o məni intihara qədər sürükləyəcəkdi. Sənin fəryad edən qonşundan fərlqi olaraq, məni ələ salan, auditoriya qarşısında alçaldan, aşağılayan müəllimə köməkdən imtina etdi, yardıma da səsləmirdi. Üstəgəl, illərlə doğma babamdan gördüyüm təcavüz və ağrılı psixoloji zərbə mənə doğma insanların vurduğu zərbələrin daha dərin və daha ağrılı olduğunu sübut edib. Məhz bu səbəbdən qadının halına acıyıram.
Heyvanlar haqqında bildiklərimi bölüşdüm:
- Bilirsənmi, islam peyğəmbəri buyurub ki, pişikləri öldürmək olmaz! Çünki məhz bu varlıqlar mələkləri görür, hətta bəzi rəvayətlərdə onlarla ünsiyyətdə olduqları belə deyilir. Yalnız beş heyvanın məhvinə izn verilir: qara quduz it, qara qarğa, zəhərli ilan, zəhərli əqrəb və siçan. Yerdə qalan heyvanlara əzab verən kəslər isə axirətdə Allahın dərgahında cavab verəcəklər və canlılara əzab-əziyyət verən kəslər cəzalanacaq.
Daşa Allahla, Yaradanla bağlı sorğu-sual, axirət söhbətlərini eşitcək, dərhal dəyişildi:
- Sən gözəl bilirsən ki, mən axirəti bu həyata dəyişmiş kəsəm!
Mən cavab verməsəm də, beynimdə düşündüm: “Əbədi olan həyatı yalan, xülya dolu müvəqqəti sığınacağa dəyişməyə dəyməz, dostum!” Beynimdəkiləri “oxuyan” Daşanın dəniz gözləri gözlərimə sancılaraq, hesabat aparmamağı rica etdi. Kofeni içdikdən sonra Daşa cəld ayağa qalxdı:
- Sənin İqbalın artıq yoldadır, mən üzbəüzdəki parkda olacam, - dedi.
Qız cəld addımlarla kafeni tərk etdikdə ofisantı səsləyərək, Daşanın fincanının masanı üzərindən götürməsini xahiş etdim - İqbalı şübhələndirəcək heç bir iz olmamalı idi.
On dəqiqə keçməmişdi ki, kafenin qarşısında bənövşəyi “Leksus” dayandı; içərisindən ağır addımlarla yüngül yaşıl idman dəsti geyimində İqbal düşdü. Nədənsə əsəblərim tam sakit idi, özümü də narahat hiss etmirdim; ola bilər gün ərzində oğulun anasına etdiyi daha ağır dəhşətlə üz-üzə qalmışdım ki, İqbal ilə bağlı məsələlər hardasa ikinci dərəcəyə keçmişdi. İqbal kafeyə daxil olar-olmaz ətrafa boylanmağa başladı, tək olduğumu təsdiqlədikdə, daha vurnuxmadı.
Onu başdan-ayağa diqqətlə süzdüm; xeyli kökəlmiş, rəngi xəstə insanlar kimi saralmışdı, əvvəlki səliqə nə geyimində, nə yeriməyində hiss olunurdu. Saçları dağınıqdı, üz-gözü yuxusuzluqdan şişmişdi. Masaya yaxınlaşaraq, süni gülüşlə; “xoş gördük” dedi.
Cavabımda:
- Heç bilmirəm, nə dərəcədə xoşdur, - dedim.
İqbal pərt halda masa arxasında əyləşdi:
- Buradan getməyə hazırlaşıram, - dedi, - xarici ölkələrdən birinə gedirəm.
Təəccüblə:
- Belə tez? Sənin törətdiyin əməllərin izlərinə hələ indi düşmüşəm! Belə bir məqamda bütün əziyyətimi məhv etmək niyyətindəsən? - kinayə ilə gülümsündüm.
İqbal tikanlı sözlərimə məhəl qoymurdu:
- Səni izlətdirdiyim insanlar əslində təhlükəsizliyin üçün təyin edilmiş kəslərdir. Səni atamdan qoruyuram!
Yenə gülümsündüm:
- Sən məni özündən qoru! Başqalarından özüm qorunaram!
İqbal üzümdə sanki nəsə axtarırmış kimi diqqətlə mənə baxırdı. Mən susqunluğundan istifadə edərək, gün ərzində ona demək üçün dəfələrlə öz-özümə təkrarladığım sözləri söyləməyə başladım:
- Çox sevdiyin Mövlanə deyir ki, sən susarsan, Allah danışar! Mən susuram, İqbal bəy, sizinlə artıq Allah danışacaq!
İblisin gözləri doldu:
- Mənə qarğış edirsən?
- Yox, qətiyyən! Sadəcə olaraq səni Yaradana təhvil verirəm! Haqqında bildiklərimi, öyrəndiklərimi bildirsəm, mütləq başınız qalmaqalda olacaq, az da olsa narahat olacaqsınız, vicdanınız sızlamasa da, bəlkə də unutmaq istədiyiniz kabus xəyallar beyninizdə bir daha canlanaraq sizinlə hesab aparacaqlar!
İqbal həyəcanla əllərini havada yellədi:
- Arzuyla bağlı qəzanı nəzərdə tutursansa, bilməlisən ki, mənim burada təqsirim yoxdur. Mən...
Onun sözünü kəsdim:
- Sən sadəcə olaraq İblis donunda birisən ki, mənə maraqlı olanı daha neçə Arzunun arzusunu yarımçıq qoymağındır! Təqsirsizsən? Elə isə kimdir təqsirkar? Bəlkə Arzunun xəstə, köməksiz anası? Bəlkə Arzunun zavallı, yetim qoyduğun balası?
“Arzunun balası” dedikdə, İqbal başını qaldırıb gözlərimə diqqətlə baxdı:
- Amin mənim də oğlumdur!
- Ahh, - əlimi əlimə vurdum, - işə bir bax, “oğlu”! Deməli, mən sizə oğlunuzu xatırlatmasaydım, elə subay adı ilə həyatımı puç edəcəkdiniz, eləmi?
O, yenidən başını aşağı saldı, sakit səslə, eşidilməyəcək tərzdə:
- Mən sənə bir zamanlar evli olduğumu desəydim, mənimlə tanışlığı davam etdirməyəcəkdin. Səni itirməmək üçün həqiqəti gizlətdim, - dedi.
İqbalın son sözləri məni daha da qəzəbləndirdi:
- Yalan ayaq tutar, yeriməz deyiblər. Yalanın qırx gün ömrü olduğunu bilə- bilə yenə də aldadırsan? Bu gün də səmimi deyilsən! Bu gün də yalan danışırsan! Sən mənə həqiqəti sırf ona görə söyləmədin ki, Arzunun qətlinin məhz sənin sayəndə törədildiyini aşkarlaya bilərdim!
İqbal səsimin yüksəldiyini görcək qorxu ilə ətrafa boylandı:
- Sakit ol, bizi eşidə bilərlər!
- Eşitsinlər! Səni ki atan xilas edəcək! Mənə gəlincə isə qaçdı-tutdu oynamaqdan bezmişəm! Biz bir-birimizi bir daha narahat etməsək, əla olar!
İqbal ayağa qalxaraq, məni bayıra dəvət etdi:
- Burada rahat danışa bilmirəm, bir az açıq havada söhbət edək.
Dərhal bayıra göz atdım; kafeyə burulacaq dongədə, əyləşdiyimiz məkandan qırx-əlli metr aralıda vaxtı ilə gecə ilə Daşayla aşkarladığımız qara avtomobil dayanmışdı. Dərhal şüuraltı Daşaya ismarış yolladım; üç dəqiqə keçməmiş qız artlq kafedə idi; tənginəfəs olduğundan yolu qaşa- qaça gəldiyi bəlli idi.
- Daşa, sən parka tərəf yönələndə qara avtomobil orada idi?
Daşa onu çaşqınlıqla izləyən İqbala baxaraq cavab verdi:
- Yox, yox idi.
- Sən bayaqdan bura baxırsan, avtomobilin nə zaman gəldiyini gördün?
- O, bənövşəyi “Leksus”la bir yerdə gəldi, - qız soyuqqanlı cavab verdi.
Mən qalibiyyət dadmış idmançı kimi İqbala baxırdım; onun isə rəngi ağappaq ağarmışdı.
- İqbal bəy, busəfərki planınız da baş tutmadı; əlaltılarınız uyğun yerdə dayanmadıqlarından, məni qaçıra bilmədiniz... Sizə son sadə məsləhətim: həyatınızı, - kofedən bir qurtum daddım, - həyatınız adlandırmaq olarsa əgər, mənsiz davam edin... əgər edə bilsəniz...
Dərsini unutmuş uşaqlar kimi başını aşağı dikmiş İqbalı kafedə tək qoyaraq, ofisanta hesab ödəyib, Daşayla bayıra çıxdıq; hava küləkli olduğundan rəfiqəmin qolundan bərk-bərk yapışdım:
- Ay adamsevər iblissevərim mənim, nə yaxşı varımsan!
Qız bərkdən güldü:
- İkisindən birini de də, bu nədir, ikipartiyalı etdin məni!
Sakitlik qəlbimi fəth edir, hüzurdan başım kefli insanların beyni kimi dumanlanırdı:
- Bilirsənmi, Daşa, Viktor Hüqo deyib ki, ən qaranlıq gecə belə sona yetər və günəş təkrar doğar... Deyəsən, bizim günəşimiz yenidən doğur!
Daşa da sevincli idi, qız sanki yerimir, elə bil, havada uçurdu.
Xoş əhval-ruhiyyədə kafedən çıxaraq, iki addım yol getmişdik ki, əli-ayağı toz-torpaq basmış uşaq yolumuzu kəsdi:
- Daşa, hara gedirsən?
Təəccüblə Daşaya baxdım:
Qız sanki üzürxahlıq edirmiş kimi:
- Bu mənim parkda tanış olduğum yeni dostumdur, - dedi, - adı Denisdir, qaraçıdır.
Qaraçı sözünü eşitcək, ətim ürpəşdi. Bu xalqa marağım güclü olsa da, qəribə qanunları və qaydasız həyat tərzləri ilə heç cür barışmırdım. Üstəgəl, qaraçı qadınla bağlı xoşagəlməz əhvalatı xatırladım. Daşaya baxaraq beynimdə ondan uşaqdan uzaqlaşmağı rica etdim. Bayaq həyətdəki bir dəstə dilənçi uşağı xatırlayıb, arxamızca gələnləri hafizəmdə canlandırmağa çalışdım.
Qız isə aşkar şəkildə:
- Denis yaxşı uşaqdır, amma gecə qalmağa yeri yoxdur, - dedi, - ailəsi uzaq qəsəbədə yaşayır, ona yardım lazımdır...
Diqqətlə Denisə baxdım. Hardasa on üç, on dörd yaşlarında olan bu küçə uşağının gözlərində qocalmış kişinin baxışları yatırdı:
- Xanım, mən Daşayla dostlaşmışam, məndən qorxmayın, sizə məndən zərər gəlməz, - dedi.
Qızın qolunu var gücümlə dartmağa çalışdım:
- Mən onu bayırda qoya bilmərəm, - adamsevər iblisim dilə gəldi.
Toz-torpaqlı uşağa diqqətlə baxdım; cırıq yun köynəyinin kirli qoluna burnunu həvəslə sildikdə, qarabuğdayı tozlu qolundakı dəyəri minliklərlə ölçülən bahalı saat diqqətimi çəkdi.
Bəli, tanımadığımız zəngin səfil həyatımızın növbəti səhifəsində naməlum müsafirimiz olacaqdı...
Ardı var
Tarix
2021.02.01 / 02:09
|
Müəllif
Aynur Nurlu
|