Ana səhifə Kult |
Pislik etmə - bir gün mütləq qayıdacaq...
Səndən aşağı olanları alçaltma - bir gün onlara mütləq möhtac olacaqsan...
Ömər Xəyyam
Bəlli bir zamanın keçməsinə baxmayaraq, Daşa qayıtmaq bilmirdi. Ona zəng etmək və ya ismarış yollamaq fikrindən özümü zorla saxlayırdım; özümüzü asanlıqla ələ verə bilərdim.
Daşayla şüuraltı rabitəylə əlaqə yaratmaq niyyətim də işə yaramadı; hiss olunurdu ki, qız bütün varlığı və enerjisi ilə İqbalı “mənimsəməyə” istiqamətlənib.
Nəhayət, hava qaralmağa başlayırdı ki, İqbalın “yaraşıqlı bataqlığının” qapıları aram-aram açılmağa başladı; oradan könülsüz halda üzü mənə sarı addımlayan Daşanı gördükdə uşaq kimi sevindim:
- Şükür Allaha, qurtula bildin əcinnələrdən!
Daşa mənə çatanda başındakı sarı pariki çıxararaq, cəld çantasında gizlətdi:
- Sarışınları heç vaxt sevməmişəm!
- Mən də sevməmişəm, - deyərək, Daşanın boynuna atıldım.
Qız narazı halda ehtiyatla məni özündən aralayaraq, addımlarını sürətləndirdi:
- Burdan tez uzaqlaşmalıyıq!
Yolu burularaq, özümüzü avtobus dayanacağına çatdırdıq. Yol boyu Daşa susub oturmuşdu, hərdən kədərli halda dərindən ah çəkirdi; onun yorğun və halsız olduğunu hiss edirdim, əsəbiləşəcəyindən ehtiyatlanaraq, “susma” aksiyasına qoşuldum.
Sahilə bibi üzümüzə qapını könülsüz açdı, ona görə artıq kirayədəki evimizlə bağlı düşünməyə başlamışdım ki, Daşa əlimdən tutaraq, məni otağımıza tərəf dartdı:
- Birincisi, sənə şad xəbər deyim ki, İqbal zərərli asılılığından müalicəyə başlayıb!
- Bundan mənə nə? - əsəb dolu heyrətimi açıq-aşkar büruzə verdim.
- Bu o deməkdir ki, ağlı başında olan insanı ən azından başa salmaq asandır, nəinki ağlı başında olmayanı! - Daşa fikrini izah etməyə çalışdı.
- Mən belə düşünmürəm!
Mübahisəyə halım olmadığından, Daşadan növbəti xəbərləri paylaşmasını istədim.
- İqbal atasıyla bizə görə güclü mübahisə edib, onlar hətta küsülü görünürdülər.
Mən Daşanı məzəmmətə başladım:
- Daşa, axı nə üçün sən bütün olanları başdan söyləmirsən? Bu cür insanın ürəyi çəkilir axı!
Daşa yanımda əyləşdi:
- Deməli belə! Qapıdakı domafondan kimliyimi öyrənmək istəyən qulluqçuya agentlikdən gəldiyimi və mütləq ev yiyələrindən biri ilə görüşməli olduğumu dedikdən bir neçə dəqiqə sonra evə daxil olmaq “xoşbəxtliyinə” nail oldum, - dostum kinayə ilə gülümsəyərək söhbətinə davam etdi: - Geniş, iri, üçmərtəbəli binanın qarşısında balıq şəklində böyük hovuz və ətrafında min bir rəngli çiçəkli, güllü bağça insanın az qala ağlını başından alır. Evə dəvət olundum, düz girəcəkdə məni İqbalın özü qarşıladı. Həqiqətən də son dərəcə mədəni, ecazkar və ovsunlayıcı mahir ovçu bəlkə də səninlə tanışlıqdan sonra xeyli dəyişilib; insanlara edə biləcəyi pisliyinin miqdarını azaldıb!
“Miqdar” sözünü eşitcək, özümü saxlaya bilmədim, bərkdən gülməyə başladım; sanki bu deyilən “miqdar” dərman dozası olaraq iblis İqbalın boynunda idi, həyata keçirməsəydi, qəbul etməsəydi, fəsadlar baş verəcəkdi!
Daşa fikirlərimi asanlıqla oxuyurdu:
- Bilirsənmi, İblisə aid olan insanların əksəriyyəti qurbanlar gətirməlidir: şüurlu və ya qeyri-ixtiyari olaraq onlar kimlərinsə ölümlərinə bais olur, bununla da İblisə olan itaətlərinə sədaqətli olduqlarını təsdiq etmiş olurlar!
Mən Moskvada Daşanın qara pişik tapmadığını, əvəzinə qara dovşan alaraq qurban kəsdirmək istəyini xatırladım. Bizim “buynuzlular”la da intriqamız məhz mənim heyvanların haqlarının qorunmasıyla bağlı “çıxışımdan” sonra başlamışdı.
Bəli, istənilən satanistin, iblissevərin qurban verə biləcəyi canlı mütləq olmalıdır!
Daşa söhbətini davam etdirirdi:
- İqbal mənimlə sığortadan çox həyatıyla bağlı danışdı, onun beynini belə oxumağa ehtiyac yox idi!
Maraq mənə güc gəldi:
- Eləmi? Nə deyirdi ki? Şəxsi əxlaqsızlığı və insafsızlığı ilə yarımçıq qoyduğu “nakam” taleyindən bəhs edirdi? Yoxsa psixologiyasını darmadağın etmiş, gözünün önündə anasını öldürdüyü zavallı oğluna görə vicdanı sızlayırdı?
Daşa başını yellədi:
- O, sözün əsl mənasında peşmandır!
Daşanın heç nə olmamış kimi qatil İqbalı müdafiə etməsi məni özümdən çıxartdı:
- Bircə demə ki, mədəni və ecazkar rəftarı ilə bu iblis səni də ələ alıb, Daşa!
Qız inkar etdi:
- Yox, qətiyyən! Sadəcə olaraq mən onun yeni həyata başlamaq, tövbə etmək istəyi ilə qarşılaşdım!
- Gecdir, Daşa! Çox gec! - Əsəblərimə hakim ola bilmirdim: - Sən zavallı Arzunun anasını, sarsıntıdan dili tutulan Amini görsəydin, bu cür danışmazdın!
Səsimizə Sahilə xala otağa gəldi:
- Bu nə səs-küydü? Qonum-qonşu var! Ayıb deyilmi?
Mən sakitləşməyə çalışdım:
- Daşa, yığış, kirayəmizə dönürük, burada bibim də narahat olur!
Əli üzündə qalan, peşman bibimlə ağızucu xudafizləşərək, ac-susuz, gecə ilə şəhərə, kirayələdiyim evə dönürdük.
Mən yol boyu Daşaya heç bir söz demədən İqballa bağlı bütün xatirələri beynimdən keçirirdim. Bir zaman sözün əsl mənasında ideal mömin, həqiqi aşiq təəssüratı bağışlayan bu minsifətlinin insanlara qarşı etdiyi zülümlərlə heç cürə barışa bilmirdim, Arzu ilə bağlı olaya görə isə ümumiyyətlə ona nifrət edirdim!
Avtobusdakıların duymaması üçün Daşaya şüuraltı ismarış yolladım:
- Getsin törətdiyi cinayətə görə təslim olsun, ən azı on beş il dustaqçılıqdan sonra bəlkə onun yeni həyata başlamaq istəyinə kimsə inana bilər! Mənə gəldikdə isə istənilən durumda onu bağışlaya bilmərəm!
Daşa mənə diqqətlə baxaraq üzünü pəncərəyə çevirdi.
Evə çatanda ürəyimə bir nisgil doldu; sanki bu ev, bu otaq məni sıxır, hansısa narahatçılığın öncədən baş verəcəyi ilə bağlı eyham edirdi...
Daşa evə çatar-çatmaz, İqbal ilə görüşünün davamını nəql etməyə başladı:
- İqbal ilə uzun-uzadı danışmağımın səbəbi əslində onların nə qədər və nə dərəcədə imkanlı olmaqlarını öyrənmək istəyim idi. Çünki məhz imkanları hesabına bizi məhv edə bilərlər! İqbal çay süfrəsi hazırlatdırdı, tam səmimi olaraq bütün obyektləri ilə bağlı mənə hesabat verdi. Amma sığortaya razılaşmadı. Dedi ki, məşhur Bill Qeyts öz milyonlarını uşaq evlərinə bağışladığı kimi, bəlkə o da bir gün öz var-dövlətini yetim-yesirə paylayacaq.
Mən gülməyə başladım:
- Yetim-yesirlə işi olmasın, onlara onun heç nəyi lazım deyil!
Özlüyümdə isə ərəblərin bir atalar sözünü xatırladım: “Yolda gördüyün kimsəsiz uşağın başına sığal çək, unutma ki, sənə möhtac o dilənçi uşaq öz övladın ola bilər!”
Yəqin uzun müddət övladını görməyən İqbal əvvəl-axır ondan üz döndərən Aminin uşaq evlərindən birinə təhvil veriləcəyini əminliklə bilir, ona görə varidatını məhz uşaq evlərinə bağışlamağı düşünürdü. Amma bu, sadəcə olaraq bir təxəyyül idi! Əmin idim ki, şirin dilini işə salan İqbal bir zamanlar məni öz səmimiliyinə və mərdliyinə inandırdığı kimi, Daşanın da başını aldatmağa fürsət tapıb!
- Fövqəltəbii, mistik qüvvəli Daşa, bir zamanlar əminliklə uzaqlaşmağımı tələb etdiyin məxluq səni də öz cənginə keçirə bilibmiş!
Daşa qətiyyətlə inkar etdi:
- Ondan uzaqlaşmağını bu gün də istəyirəm! Amma onu da deməliyəm ki, İqbal həiqiqətən də atası ilə sənə görə ciddi mübahisə edib! Atası sənin konkret məhv olunmağın üçün göstəriş verdiyi halda, bu tapşırığın qarşısını məhz İqbal alıb!
Ayağa qalxaraq bərkdən əl çalmağa başladım:
- Bravo, İqbal bəy! Səmimi hisslərinizə, sonsuz sevginizə yavaş-yavaş inanmağa başlayıram! Amma dəyişilməz bir məqam var ki, yalanlarla daxil olduğunuz həyatımdan barənizdə həqiqətləri öyrənməklə uzaqlaşdığınız dönəmdə artıq bilməli idiniz ki, heç bir münasibət əvvəlki kimi olmayacaq!
Daşa davam edirdi:
- Həyatını dəyişmək istəyən "iblis" bütün taleyini, ömrünün mənasını məhz səninlə bağlayır! Ona görə də o səndən heç bir vaxt əl çəkməyəcək!
Maraqla otağa baxmağa başladım:
- Elə isə evimizi dəyişməli olacağıq! Artıq gecədir, bu günlük istirahət edək! Sabah dəllalla əlaqə saxlaram, bizə münasib qiymətə ev tapar...
Ertəsi gün dəllala zəng etdim; bəzi izahatlarımdan sonra yaxında yerləşən münasib ev olduğunu bildirdi; evə baxmalı, sonra isə ev sahibəsi ilə qiymətlə bağlı razılığa gəlməli idik. Evin sahibəsi tək yaşadığından, xoşuna gələcək adama otaqlarından birini çox ucuz qiymətə verəcəyini vəd edibmiş!
Daşa ilə tələm-tələsik səhər yeməyindən sonra dəllalın dediyi ünvana yollandıq. Dəllalın təsvir etdiyi evi tapmaq elə də çətin olmadı: məhəlləni yaxşı tanıdığımdan, qısa müddət sonra artıq səxavətli ev sahibəsinin qapısını döyürdük.
Qapını əcaib-qəraib, yaşlı bir qadın açdı; qarını görcək ilk anda diksindiyimdən bir addım geri çəkildim! Rus xalq nağıllarında küpəgirən qarını xatırladan yaşlı qadının gözləri qırış basmış üzündə qırğı baxışını xatırladırdı, dişləri tökülmüşdü, ağzında yalnız bir-iki seyrək, uzun çürük dişi görünürdü, əyri donqa burnunun üstünü ətli xallar basmışdı, ən dəhşətlisi isə az qala tavana qədər dimdik dayanan saçları idi; sanki qadını elektrik cərəyanı vurmuşdu!
Təəccüblə Daşaya baxdım, qızın təəssüratı fərqli deyildi! Qadın isə gülümsəyərək bizi içəri dəvət etdi:
- Gəlin, qızlar! Xoş gəlmisiniz! Dəllal yığdı, dedi, tələbə qızları yollayıram, elə sevindim ki! Mən də tək qalıram; yalnızlıq əzabdır! - Qadın nəvazişlə bizi evin əsas qonaq otağına apardı: - İndi gəlirəm, - deyərək, ləngər vura- vura dəhlizə qayıtdı, oradan xırıltılı səsi gəldi: - Çay gətirib gəlirəm...
Otağa nəzər salmağa başladıq: klassik stildə olan qədim evdən kəskin validol dərmanının iyi gəlirdi; çox güman ki, qadın ürək xəstəsi idi, bunu onun gözlərinin altındakı qara haşiyələr və tənginəfəs olması da təsdiqləyirdi. Səliqəsiz, tozlu otaqda bir çox qədim suvenirlər, sovet dövründə dəbdə olan servis-qablar və sair vardı. Ən çox diqqətimizi çəkən isə divardan asılmış qızıl haşiyəli iri portret idi. Əl işi olan və yağlı boya ilə çəkilmiş rəsm əsərində olduqca gözəl təbəssümlü qadın kresloda əyləşərək, sinəsindəki mirvari ilə qəmzəli şəkildə, sanki əsəblərini sakitləşdirirmiş kimi oynayırdı. Qadının az qala yerə dəyəcək uzun dalğalı saçları, zərif ağ dişləri, qara badamı gözləri onun ağ dərisi, çatma, zərif qaşları və al yanağı ilə xüsusi həmahənglik təşkil edirdi. Şəkil o dərəcədə canlı çəkilmişdi ki, sanki bu dəqiqə qadın kreslodan qalxaraq bizi salamlayacaq və söhbətə başlayacaqdı.
Portretə necə aludə olmuşduqsa, fincanlarla otağa daxil olan qadını hiss etmədik:
- Bu da mən! Dedim, sizə bir çay gətirim, - yalnız bu zaman qadınla mətbəxdən otağa təşrif buyurmuş pişiyi gördüm.
Uşaq vaxtından pişiklərə qarşı allergiyam olduğundan, bu ev heyvanlarından uzaq gəzməyə çalışırdım. Qəribədir ki, pişik olan evlərdə çörək yediyim zaman məndə elə təsir yaranırdı, sanki pişiyin bir ovuc tükü çeynədiyim tikə ilə qarışıq boğazımda qalacaq! Hər halda bu hiss məni uzun müddət tərk etmədiyindən, ən yaxşı üsulu bu məxmər tüklü ev heyvanlarından uzaqda olmaqda görürdüm.
Ev sahibəsini ilk görəndə az qala qorxmuşdum! Pişiyini də görəndə allergiyamı xatırladım; çox güman ki, bu evdə yaşamağımız alınmayacaq! Amma nəzakət əlaməti olaraq, masa arxasında əyləşib, vahiməli qadınla bir az söhbət etməyi düşündüm:
- Bayaqdan bu gözəl portretə baxıram, doğrusu, qadın füsunkarlığı ilə məni o dərəcədə ovsunlayıb ki, yaraşığına vurulduğumdan gözümü çəkə bilmirəm!
Qarı xoşhallandı, təbəssümlə qıyğacı mənə baxaraq:
- Təşəkkür edirəm xoş sözlərinizə görə, - dedi, - bu mənəm, cavanlıqda... - əlavə etdi.
Nə söz deyəcəyimi, necə cavab verəcəyimi bilmirdim; çaşıb qalmışdım. Mənə elə gəlirdi ki, Daşa da mənim günümdə idi! Həqiqətən də, bəzən elə anlar, elə məqamlar olur ki, təəccübdən sadəcə donma rejimində qalırsan, beyinin işədüşmə funksiyasını gözləyirsən. Kompüterlər insan beyninin təzahürüdür, gələcəkdə yüz faiz insanabənzər robotlar Yer kürəsindən bizi sıxışdırmağa başlayacaqlar! Bir sözlə, insanlar öz əlləri ilə özlərinə çətinliklər yaradırlar! Kompüter də İblis əməli sayıldığından, bəzi müsəlman ölkələrindəki dindarlar bir çox hallarda onu göz işarəsi ilə işarələyir, hər yerdə “izlənilən” və ya “izləyən” adı ilə ondan uzaq durmağa səsləyirlər.
Fikirlərimdən məni qadının kinayəli sualı ayıltdı:
- Nədir, çox dəyişilmişəm?
Mən qadının pərt olmaması üçün cəld cavab verdim:
- Yaxşı insanlar qəlblərinə görə istənilən zaman gözəldirlər!
Qadın başını yellədi:
- Çox vaxt hamı üçün yaxşı olmaq olmur!
Mən sual etdim:
- Gəncliyinizdə çox cazibədar olmusunuz. Yəqin sizi sevənlər həddindən artıq çox olub ki, seçim edə bilməmisiniz ki, kiminlə ailə qurasınız?
Qadın titrək əlləri ilə çayından bir qurtum alıb, sözə başladı:
- Mən erkən yaşda nişanlandım. Bu şəkildə nişanlıyam, diqqət yetirsəniz, barmağımda nişan üzüyünü də görəcəksiniz. Pedaqoji Universitetin hardasa ikinci kursunda idik, bizimlə bir qrupda təhsil alan rayonlu rəfiqəmin toy mərasiminə getməli olduq. Çox yaxın olduğumuzdan, qız evinə yardım üçün orada bir həftə qalmalı idim. Nişanlımdan, ailəmdən icazə aldım. Nişanlım çox alicənab, olduqca nəzakətli və məni başa düşən oğlan idi! O, mənim ibtidai sinif müəlliməmin oğlu, həm də qonşum idi! Mənim ona olan bağlılığım və onun mənə olan hədsiz sevgisi bizim bir-birimizdən şübhələnməyimizə imkan vermirdi.
Mən səbirsizləndim:
- Nişanlınız icazə verdimi?
Qadın gülümsündü:
- Əlbəttə, dediyim kimi, bir-birimizə güvənirdik. Onu dərin məhəbbət hissi ilə sevməsəm də, ziyalı və mədəni nişanlım doğma, əziz insan təəssüratı bağışlayırdı.
Qadının nəzakətli gənclə bağlı keçmiş zamanda danışmağı ürəyimə bir od parçası salır, məni daha da həyəcanlandırırdı.
- Beləliklə, rayona getdik. İndiki kimi xatırlayıram, Balakən idi. Gəlinin yaxın rəfiqələri olaraq əlimizdən gələn köməyi etdik; qız toyu oldu, üç-dörd gündən sonra isə oğlan toyu olacaqdı və biz qonaqlar şəhərə geri dönməli idik. Mən oğlan toyunda o ki var oynayırdım, rəqs edirdim; sanki bir hiss mənim öz toyumun heç vaxt olmayacağı kimi qəribə təəssürat yaradırdı; həyat amansızdır, həqiqətən də mənim toyum olmadı və bu mənim iştirak etdiyim son toy oldu!
Mən çaqşınlıq içərisində idim:
- Axı nə oldu, hansı dəhşətli hadisə baş verdi ki, sizin toyunuz alınmadı?
Qadın köks ötürdü:
- Rəfiqəmizin oğlan toyunda məni bəyin yaxın dostu bəyəndi; o məni ilk gördüyü andan “qaralayıbmış”; fürsət taparaq, yaxınlaşdı, vurulduğunu dedi. Nə baş verdisə, heç özüm də anlamadım, sanki şeytan məni yoldan çıxartdı; şəhərdə əhd-peyman bağladığım, üzüyünü barmağımda gəzdirdiyim nişanlımı bir anda unudaraq, elə toydan birbaşa ilk gördüyüm oğlanla qaçdım...
Daşayla mən heyrət içində idik, söz tapa bilmirdik, qadın bu çaşqınlığımızı anlayırdı. Kədərli baxışla bizə baxaraq hekayəsinə davam etdi:
- Uzun müddət rayonda yaşadıq, mən universiteti atmalı oldum. Valideynlərim məndən üz çevirdi, yeganə qardaşım isə məni harada görsə, orada da öldürəcəyinə and içmişdi. Varlı və ziyalı ailədən olan keçmiş nişanlımdan fərqli olaraq, ərim sakit təbiətli, təhsilsiz və kasıb ailədən idi. Bir müddətdən sonra işsizik bizi şəhərə gətirdi. Mən zavodlardan birinə işə düzəldim, ev növbəsinə dayandıq, ərim isə fəhləlik edirdi; həyatımız haradasa yaxşılaşmağa doğru gedirdi. Artıq analıq məzuniyətinə hazırlaşırdım ki, bir gün zavoddan evə qayıdanda qəfil keçmiş nişanlımla qarşılaşdım!
Başımı qaldırıb qadının gözlərinı zilləndim; o qırğı baxışlarını hardasa uzaq xatirələrin arxasında gizlətməyə çalışdı:
- İnsan nə qədər dəyişilərmiş! Siqaret çəkməyən adam dərdindən paravoz kimi ele hey tüstüləyirdi. Qədd-qamətli beli bükülmüşdü, zil qara, ipək kimi düz, sığallı saçları tökülmüşdü, hündür, canlı, enlikürək, yaraşıqlı oğlan yaşlı, qoca, həyatdan bezmiş donqa, arıq, əsəbi, deyingən yaşlı kişiyə çevirilmişdi.
O, məni görcək nifrətlə üzərimə yeridi; əvvəlcə vuracağını düşünərək, əlimdəki çantanı üzümə dayaq etdim. Sonra sanki yumurlanmış qarnımı gördü, ikicanlı olduğumu dərk edərək, geri çəkildi; qorxudan ayaqlarım əsirdi, hardasa nəfəsimin kəsiləcəyini düşünürdüm. O isə mənə uzun-uzadı baxdı, sonra dedi:
- Bax gör, nə hallara qoymusan məni! Bax ki, sən ailənlə, doğulacaq övladınla xoşbəxt olduğun halda mən nələr çəkirəm! Heç bilirsən, dost-tanış haqqımda nələr düşünür?!
Məni qəhər boğurdu. Gözlərim dolmuşdu, arzuları yarımçıq qalmış zavallı kişini çox gözəl anlayırdım! Nə əl qaldırıb onu məhv edən hamilə qadını vura bilir, nə də bağışlaya bilirdi...
- O sizi təhqir etdi?
Qarı kinayə ilə gülümsədi:
- Qızım, ondansa təhqir edərdi, vurardı, döyərdi, amma... o mənə daha dəhşətlisini etdi. Lənətlədi...
Təəccübümüz aşıb daşırdı; əslində haqlı lənətin yeddi nəsil və daha çox, bəzən ömürlük olduğunu Daşa da, mən də gözəl bilirdik!
- O mənə dedi ki... - qadın təkrar etdi, - o mənə dedi ki, necə ki mənim qəddim əyilib, həyatım solubsa, mənə etdiyinin əvəzi olaraq həyatın solsun, daim tək qalasan, çünki yalnız tək anında mənə etdiyin pisliyi ölçüb-biçə bilər və dərk edərsən ki, nə dərəcədə mənə böyük bir zərbə vurmusan! Və gedə-gedə əlavə etdi: “Səni lənətləyirəm və bir ömür boyu bağışlamayacam!”
Həmin gün evə necə gəldiyimi xatırlamıram.
Az sonra ərim fəhləlik etdiyi binadan yıxılaraq yerindəcə keçindi. Stress və gərginlik hamiləliyimə təsirsiz ötüşmədi; nəticədə övladımı da dünyaya gətirməmiş itirdim... Uzun müddət təkliyə qapandım, üzümdə qəribə ləkələr yaranmağa, əllərim və ayaqlarım vaxtından tez tutulmağa, dərim qırışmağa başladı. Ən dəhşətlisi isə o idi ki, saçlarımı daradıqda onlar dərhal pırtlaşırdı, sanki həyatı boyu daraq üzü görməyib.
Qadın yaxındakı türmoya tərəf uzanıb, darağı əlinə aldı. Az qala buynuza oxşar uzun ağ saç tağını daramağa, səliqəyə salmağa çalışırdı, saç teli təslim olmurdu. Bir müddət saçlarını güc-bəla ilə ram edən qadının saçları yenidən pırpızlaşıb dikəldi; yenidən səliqəsiz görkəm aldı.
Dəhşətdən şoka düşmüşdük; bu acınacaqlı həyat hekayəsi olan qadına təsəlli olaraq heç bir söz deyə bilmirdik.
Lənətlənmiş qarı isə etirafına davam edirdi:
- Heç bilmirəm bütün bu bəlalar hansı səbəbdən məni haqladı? Niyə şeytan ağlımı aldı? Niyə İblisə aldanaraq, zamanında gül kimi nişanlımı uğursuz bir sadə insana dəyişərək, lənət sahibi oldum? Ömürlük tənhalığa, çirkinliyə məhkum oldum...
Bütün söhbət zamanı susan Daşa qəfil qarıya sual verdi:
- Siz nə zamansa boşqablar və ya şamlar vasitəsi ilə ruhçağırma prosesində iştirak etmisinizmi?
Qadının gözləri bərəldi:
- Bəli... – dedi: - Tələbə vaxtı qızlarla, elə barəsində söylədiyim toya vaxtı... Rayonda qızlarla fala baxdıq... - sonra təəccüblə Daşaya baxdı: - Sən bunları hardan bildin?
Daşanın yerinə mən cavab verdim:
- Rəfiqəmin xüsusi hissiyatı var, insanları hiss edir, görür, - dedim.
Qadın bir qədər sakitləşdi:
- Bəli, o zaman xatırlayıram, rəfiqələrimizdən biri axşamüstü ruh çağırdı. Məqsəd isə gələcəkdə olacaqları, kimin qismətinə kimin düşməyini bilmək idi. Balaca boşqab vasitəsi ilə hərflər üzərində biz yazıları oxuyurduq; daha doğrusu, nə qədər ağlasığmaz və qəribə görünsə də, boşqaba toxunduqda, o özü hərəkətə başlayırdı, bizə sadəcə boşqabın göstərdiyi, əvvəlcədən masa üzərinə düzülmüş hərfləri oxuyaraq, onları söz və ya cümlə halına gətirmək qalırdı...
Mən bir zamanlar naşı uşaq idrakımıza arxalanaraq, məktəb zirzəmisindəki spiritual seansımızı xatırladım; o zaman bizə başıçıxan, anlayışlı insan bu cür zərərli, insan taleyi üçün təhlükəli proseslərin qətiyyən keçirilməməsi ilə bağlı məsləhət versəydi, təbii ki, həyatımızda sonrakı ağır faciələrlə qarşılaşmış olmazdıq. Mən ruhçağırma prosesindən sonra baş vermiş bütün dəhşətləri, cavan rəfiqələrəmin və onların yaxınlarının faciəvi ölümlərini bir göz qırpımında beynimin yaddaş “pəncərəsindən” keçirdim:
- İş orasındadır ki, bu cür ruhçağırma halları maraqlı görünsə də, adi fal kimi sayılsa da, əslində insan həyatı üçün olduqca təhlükəlidir...
Lənətli qarı susdu; anidən çoxalan üz qırışları onun dərin düşüncələrə daldığından xəbər verirdi:
- İnanırsınız ki, mən özüm də dəfələrlə bu haqda düşünmüşəm; çünki məhz bu hadisədən sonra daxilimdə sanki ikiləşmə baş vermişdi, nə etdiyimi, necə etdiyimi dərk etmirdim, vicdanım qarşısında hesabatlarım bitmişdi...
Biz qadınla xüdafizləşəndə, gözünün arxada qalmaması üçün konkret fikrimi söylədim:
- Çox alicənab, mədəni xanımsınız, sizin evinizdə qalmamağa səbəb pişiyinizdir ki, bu heyvana qarşı kəskin allergiyam var.
Hiss olunurdu ki, qadın məyus olmuşdu. Amma yenə də xeyir-duasını bizdən əsirgəmədi:
- Hara gedirsiniz gedin, harda olursunuz olun, yolunuz açıq, daima işıqlı olsun!
Qaldığımız evə döndükdə Daşayla fikrimi bölüşdüm:
- Bilirsən, Daşa, o lənətlənmiş, qarğışlı qarıyla bir evdə yaşamaqdansa, İqbalın əlaltıları ilə köhnə yerimizdə gizlənpaç oynamağı seçirəm!
Daşa gülümsündü:
- Hə, qadın pis insan olmasa da, illərin neqativi onun daxilini parçalayıb; bu cür insanlar yaxşılıq etmək istədikləri zaman belə əvəzində pislik etmiş olurlar. Özlərindən asılı deyil! Zamanında kömək göstərilsəydi, bəlkə də həyatında müsbət istiqamətə doğru nələrsə dəyişə bilərdi; amma artıq çox gecdir... Onsuz da həyatına az qalıb. Ona yardım etmək və ya hər hansı bir işdə köməklik göstərmək boş yerə enerji sərf etmək deməkdir.
Mən Daşayla razılaşdım:
- Dahi Ömər Xəyyam deyib ki: “Pislik etmə - bir gün mütləq qayıdacaq... Səndən aşağı olanları alçaltma - bir gün onlara mütləq möhtac olacaqsan...” Mənim şəxsi fikrimsə belədir ki, insan daima düz yolda olmalıdır, çünki dolanbac, əyri-üyrü yollarla gedən kəs bir gün geri qayıtmaq istəyəndə elə kələ-kötür dalanlardan birində büdrəyib qalacaq... Düzgün əqidəyə qulluq, yaxşılıq etmək lazımdır, pisniyyətli olmaq olmaz! Çünki qəlblərdən xəbərdar olan Yaradan bir gün sırf ürəklərdəki arzulara görə mükafatlandırdıqda, insanların arzuları və niyyətləri bumeranq şəklində onlara geri dönəcək!
Ümumiyyətlə, Daşa, insanlar bilsələr ki, istənilən adi bədduaya görə onları hansı əzablar gözləyir, bəlkə də ən qatı düşmənlərinə belə gecə-gündüz xeyir-dua verərlər!
Daşa bərkdən gülməyə başladı:
- Doğrudur, üstəlik, onlar anlamırlar ki, müdafiəsiz olaraq, kiminsə köməyi, məsləhəti, dayağı olmadan və ya kimlərinsə səhv istiqamət göstərmələrinin nəticəsində ruhları narahat etdikləri zaman öz şəxsi ruhlarını əbədi əzaba düçar etmiş olurlar! Şamlar, boşqablar, kartlar və sairə vasitələrlə sırf maraq xatirinə və kiməsə pislik niyyəti ilə çağırılan ruhlara görə qurbanlar tələb olunduğunu bilən insanlar həyatları boyu bu üsullara əl atmazlar! Bir çoxlarının başlarına gələn silsilə bəlalar uzun illər davam edir; spiritual rituallara baş qoşan kəslər cavan ailə üzvlərini, yaxınlarını, sirdaşlarını faciəvi şəkildə itirirlər və yalnız bir zaman həqiqəti anlayırlar ki, bu zaman onların əksəriyyətinə kömək etmək ya mümkünsüz olur, ya da lənətlənmiş, qarğışlı qadının həyat hekayəsindəki kimi, çox gec olur...
Telefonumdan gələn mesaj səsinə söhbətimiz yarımçıq kəsildi. Yaxınlaşaraq telefonu masa üzərindən götürdüm, ismarışı oxuduqda isə heyrətimdən donub qaldım; yazılanlar gözlənilməz və arzuolunmaz idi:
“Bəlkə bu adı və sonu bəlli olmayan teatr oyunlarına son qoyasan? Səninlə görüşməli və ciddi danışmalıyıq. Cavab yaz; bu çox vacibdir. Dərin hörmət və sevgi hissi ilə: İqbal...”
Ardı var
Tarix
2021.01.24 / 01:41
|
Müəllif
Aynur Nurlu
|