Ana səhifə Kult |
“Vicdan xatırladığı müddətdə heç bir günah unudulmur”...
Stefan Sveyq
Gözlərimi açanda artıq səhər idi; nəm, rütubətli yerdə nə qədər huşsuz vəziyyətdə yıxılıb qaldığımı xatırlamasam da, ilk növbədə Daşaya tərəf baxdım, ondan narahat idim. Qız ağacın gövdəsinə dayadığım vəziyyətdə idi. Kürəyimdən gecədən tutan ağrının bədənimi bürüyən sızıltısına baxmayaraq, az qala sürünə-sürünə dostuma sarı yönələrək, cəld biləyindən yapışıb nəbzini yoxladım: Daşa mışıl-mışıl yatırdı, üzündəki ləkələr də yoxa çıxmışdı.
Sevincimdən kövrəldim; axşamdan halı dəyişən qızı sözün əsl mənasında itirə bilərdim. Həyatımda ağlıma gətirə bilməyəcəyim bir addım atmışdım bu zavallı qızın xilası üçün. Əgər nə vaxtsa mənə yaxın sirdaşımın həyatda qalması üçün İblisi çağıracağım barədə söyləsəydilər, bu sözü zarafat sayıb, qəşş edərdim. Amma həyat daimi sürprizlərlə doludur, gözləmədiyin məqamda “ilan-yarpız” məsələsinə uyğun olaraq, elə bir sevmədiyin kəslə və ya şəraitlə üz-üzə qalırsan ki, nəticədə “ölüm-qalım” məsələsini ölçüb-biçərək, seçimə məcbur olursan. Bax həmin vaxt ya vicdanınla, ya da amalınla vidalaşırsan! Mənim “olar-olmaz” qanunlarımda sevmədiyim məxluqa müraciətim yolverilməz idi ki, vicdan aynama boylanan ruhum əslində mənə doğma olan insanın həyatının xilası naminə günah işlətmədiyimi əsaslı şəkildə sübut etmək niyyəti ilə çırpınırdı...
Amma dediyim kimi, məhz çırpınırdı... Hansısa qəribə bir hiss qəlbimi sıxır, daimi həyəcan altında qalmağa məcbur edirdi...
Gücümü toparlayaraq, Daşanı silkələməyə başladım:
- Oyan, dostum! Tez oyan!
Daşa gözlərini açaraq, təəccüb içində toz-torpaqlı üst-başıma, sonra isə ətrafa boylanmağa başladı:
- Biz haradayıq?
- Meşədəyik, Daşa, - dərindən ah çəkərək cavab verdim.
Daşa cəld ayağa qalxaraq, əllərimdən yapışdı; qalxmağıma yardım etdi:
- Niyə? Nə olub? Nə baş verib? - qız suallarını güllə kimi ard-arda yağdırırdı.
Beynimə gələn ilk neytral ifadəylə fikrimi qısa olaraq söyləmək niyyətimi uzaqdan gələn maşın səsi yarımçıq qoydu; dərhal özümü yola ataraq az qala üzərimə gələn qoşqulu avtomobili əl işarələrimlə dayandırmağa çalışdım...
Maşının qəfil tormozlanması nəticəsində uğultuya bənzər səs Daşanın qulaqlarını tutmasına səbəb oldu. Məndən nə az, nə çox - düz beş-on santim aralıda qəfil dayanan maşından təəccüb içində saqqallı kişi və onun yanında əyləşən və çox güman ki, həyat yoldaşı olan orta yaşlarında bir qadın baxırdı. Təbii ki, sübh tezdən mənim də maşınımın qarşısına meşədən ildırım sürəti ilə naməlum bir insan atılsa, təəccüblənər, üstəgəl, həyəcandan bəlkə də əyləci vaxtında sıxa bilməzdim.
Amma saqqallı maşın sürücüsü olduqca cəld tərpənmişdi; əks təqdirdə kim bilir, bəlkə də artıq yol qəzasında dünyasını vaxtsız dəyişənlər sırasında idim!
Titrək addımlarla qapınının şüşəsini endirərək pəncərədən mənə səslənən qadına sarı addımladım, şəhərə gedəcək yola qədər bizi aparmaqlarını xahiş etdim.
Həyatınızın ən çətin məqamlarında, çıxılmaz hesab edilən vəziyyətlərinizdə Allah tərəfindən sizə mütləq şəkildə bir “əlin” yetirildiyinin neçə dəfə şahidi olmusunuz? Ən çətin məqamımda tanımadığım tanışların və “yad doğmalar”ın əltutma səbəblərini məhz Yaradanın mənə göstərdiyi lütf və səxavət hesab edirəm.
Xoşbəxtlikdən, ər-arvad elə Bakıya gedirlərmiş; maşınlarındakı qoşquya topladıqları tərəvəz məhsullarını bazara çıxaracaqlarmış! Sevincimin hədd-hüdudu yox idi! Yorğun halda Daşayla ikimiz maşının arxa oturucaqlarına əyləşdikdə.
Qadın soruşdu:
- Qonaqsınız, yoxsa təsadüfən buralara gəlib çıxmısınız?
- Turistik, - dedim, - gəzməyə gəlmişdik, axşama qayıdacaqdıq, qaranlıqda meşədə azdıq.
Qadın mənalı-mənalı ərinə baxdı:
- Valideynlər gənc qızları necə çölə buraxa bilər, axı? Meşədə, yad yerdə başınıza min iş gələ bilərdi!
Mən mübahisə etməmək niyyəti ilə qadınla razılaşmağa üstünlük verdim:
- Düz deyirsiniz! Razıyam və qətiyyətlə yalnız onu dəqiq deyə bilərəm ki, bir daha heç bir zaman Hacıqabula gəlməyəcəyik!
Qadınla əri məni anlamasalar da, maraqla bir-birlərinə baxdılar. Sonra qadın yenə məni məzəmmət niyyəti ilə eyhamlı söhbətini davam etdirdi:
- Sən yaşda qızımız var; məktəbi bitirdikdən sonra oxumaq niyyəti ilə şəhərə üz tutmaq istədi...
- Alındımı? – maraq mənə güc gəldi; söhbətin davamını səbirsizliklə gözləyirdim.
Qadın əllərini yellədi:
- Yox e, nə danışırsınız? Qız nədir, oxumaq, şəhərdə tək qalmaq, yollarda gəzmək nədir? Mən bir tərəfə, atası onun başını kəsər!
Kişi arvadının sözlərinə razılıq əlaməti olaraq başını yellədi.
Mən qeyri-ixtiyari zavallı Arzunu xatırladım, anası Gülarə xalanın söylədikləri hafizəmdə bir daha canlandı. Arzunu oxutmağa imkanı olmadığından qadın özünü sanki günahkar hesab edirdi. Həqiqətən də kim bilir, bəlkə də Arzu haqqını-hüququnu bilən savadlı şəxs kimi yetişsəydi, o zaman həyatı da gözəl olardı...
Mən gözümün ucu ilə saqqallı kişini nəzərdən keçirdim: vahiməli görünüşündən elə doğrudan da başkəsənə oxşayırdı. Halsız, min-bir əsəb- gərginlik keçirdiyimiz durumda saqqallı kişiylə və onun arvadıyla qızının təhsili və gələcək taleyi ilə bağlı mübahisə olduqca mənasız olduğundan, astaca cavab verdim:
- Əlbəttə, valideyn sözü əsasdır!
Qadın sevincək halda:
- Ay sağ ol! Əsasdır! - deyə ikinci ifadəsini bərkdən vurğuladı. - Qızınkı ərdir, uşaqdır... Nə oxumaq? Nə təhsil-məhsil? Nə iş? Onun təhsili - ərini dinləmək, işi - uşaqlarının qulluğunda dayanmaqdır!
Qadının bu sözlərindən xoşallanan əri nəvazişlə həyat yoldaşına təbbəssümlü nəzər atdı.
Mənim üçün özümü və ətrafımı cahil görkəmində görməkdən ağır durum ola bilməz; təsəvvür edin ki, ana savadsız olduğu üçün məktəbdə oxuyan övladına dərslərində yardım edə bilmir. Haqqını bilməyən qadınlar aldadılır, əzilir, qorxu və təsir altında qalmaq məcburiyyəti ilə həyatlarını min-bir acı içində qovrularaq davam edirlər.
Təfəkkürləri ilə razılaşmadığım bu sadə, lakin cahil insanlarla olan söhbətin yönünü dəyişmək üçün bayaq xatırladığım Arzu ilə bağlı nəsə soruşmaq istədim. Arzunun anasının söylədiyinə görə, İqbalın atasının Hacıqabulda təbii bitkilərlə bağlı dərman zavodu vardı ki, Arzunu da İqbal elə məhz sözügedən ünvana gedərkən, anasının topladığı çiçəkləri oraya apararkən görüb bəyənmişdi. Mən söhbəti ehtiyatla məhz İqbalın üzərinə gətirməyə başladım:
- Sizdə burada, eşitdiyimə görə, böyük dərman zavodu fəaliyyət göstərir; özü də təbii bitkilərdən...
Qadın elə ağzını açmaq istəyirdi ki, yol boyunca ancaq baş və göz işarələri ilə arvadı ilə həmsöhbət olan saqqallı kişi qəfil dil açdı:
- Nə dərman ee?! Dərman! Yox bir, həyatın bir anı! Bilirik biz onların dərmanlarını, tanıyırıq! Uşaq deyilik!
Qadın bizə tərəf çevirilərək, izah etməyə başladı:
- Əslində “dərman” deyilən yerdə başqa istehsal var! Təbii dibçək deyilən ərazilərdə dəfələrcə xəşiş aşkarlanıb! Kənddə bu məsələni bilməyən yoxdur! Xəşiş yandırılsa da, müdiriyyətin tutulması məsələsi alınmayib!
Kişi əsəbi halda gileylənirdi:
- Alçaq, vicdansız, dinsiz-imansız! Cavan-cavan adamları tora salır, zəhərləyir, həyatlarını məhv edir! Beləsi indidən cəhənnəmdədir! Onun İblisdən daha nə fərqi var?
İblis sözünü eşitdikdə qəfil titrəməyə başladım; gecə Daşa üçün səslədiyim məxluqla bağlı bütün təfərrüat göz önümdən keçdi. Qadın bunu hiss etdi, Daşa da qolumdan yapışaraq, “Yaxşısan?” deyə xəbər aldı.
Sakit səslə, “hə, narahat olma” dedim.
İqbalın və atasının İblislə müqayisə olunmağını ilk dəfə eşitmirdim. Maraqlıdır ki, onları tanımayan insanlar əsl həqiqəti söylədikləri zaman, mən İqbalı tanıya-tanıya, kor-koranə uçuruma doğru addımlayırmışam! İlk dəfə soyuq şaxtalı Moskva parkında Daşanın “İblisdən uzaqlaş” ifadəsi ilə razılaşmasam da, qızın fövqəltəbii gücü vasitəsi ilə beynimdə yaranan görüntülərin hesabına təhlükədən uzaqlaşmağa başladım. Maraqlıdır ki, Yaradan yenə də özü sürprizlərini bizə yollayır, tanıdığımız insanlar haqqında onları qətiyyən tanımadıqları kəslər həqiqətləri bizə deyir, “gözümüzü açır”, qarşıda bizə vurula biləcək zərbələrdən xəbərdar edirlər. Beynimin daha yaradıcı yarımkürəsi isə İqbal, İlyas və İblis adlarının həmahəng olmasını, hətta adlarındakı hərif sayının eyni olması və eyni hərflə başlamasına diqqət etməyimi deyirdi. Axı bütün bu amillər, bütün danılmazlar və olanlar Allahın işarəti, birbaşa mənə əyan etməsi idi!
Yolçu yoldaşlarımzdan İlyasla bağlı artıq heç bir məsələni müzakirə etmək istəmədim; bu lazımsız idi və şübhəli görünə bilərdi. Bakıya çatdıq, bizə yardım edən ər-arvada təşəkkürümüzü bildirərək, avtovağzaldan Saray qəsəbəsinə gedəcək avtobusumuza minər-minməz dərhal Sahilə bibiyə zəng etdim:
- İtkin səyyahlar evlərinə geri dönür! Sahilə bibidən xahiş olunur ki, onları təntənəli şəkildə, gözəl dadlı çay və ləziz yeməkləri ilə qarşılasın!
Sahilə bibinin telefonun o tayından tənə dolu acıqlı səsi eşidildi:
- Nədir, yoxsa qonaq getdiyiniz yerdə üzünüzə baxmayıblar sizin? Bəs bilmirdiniz ki, həftə-yeddi, mən-səkkiz qonaq gedənin nə urvatı olur, nə hörməti?
Mən hazırcavablığımdan geri qalmırdım:
- Yox bibican, niyə, hörmətimizi də saxladılar, urvatımızı da, üstəgəl, bizə bir həftəbecər bişirdilər ki, dadı hələ də damağımızdadır, - deyərək, Daşaya baxdım. Qız həftəbecərin adını eşidən kimi söhbətin nədən getdiyini anladı; günahkar insanlar kimi gözlərini yerə dikdi.
Hardasa axşama doğru artıq bibimin ləziz xörəklərini yeyir, rahatlıqla təzə dəmlədiyi çaydan içirdik. Həqiqətən də insan üçün doğma və əziz saydığı insanların yanından başqa rahat və təhlükəsiz hesab edilən məkan yox imiş!
Bir qədər dincəldikdən sonra uzun müddət Sahilə bibinin provokasiya xarakterli tənəli sualları qarşısında müttəhim rolunda cavabdehlik hüququmuzdan istifadə etmək məcburiyyətində qaldıq; “harda idik?”, “nə işlə məşğul idik?”, “yanımızda kimlər vardı?..” Cavablarımız qısa, şablon, zərərsiz və alibi xüsusiyyətli idi; “Hacıqabulda idik”, “rəfiqəmizi yoluxmağa getmişdik”, “rəfiqəmizin ailəsinin yanında idik”. Üzücü görünüşümüzdən bəsirətli bibim narahatlığımızı hiss etsə də, büruzə vermədi, cavablarla kifayətlənərək:
- Gedim, dəstəmaz alım, - deyib, otağı tərk etdi.
Sahilə bibiyə dünyagörüşünün təcrübəsi ən dəhşətli məqamda belə ona baş verənləri danışmayacağımıza işarə edirdi; odur ki, iki nəfərə qarşı tək qaldığını hiss edərək, salamat olmağımıza şükür etməklə kifayətləndi.
Bibim otaqdan çıxan kimi Daşanın yaxasından yapışdım:
- Sən ağlını təmiz itirmişdin! Bilirsən sənə görə hansı əzablardan keçdim?
Daşa məsum və təəccüb dolu baxışlarla səssiz məni dinləyirdi. Mən isə tənəmi hey yağdırır, tanımadığımız insanların evində qızın özünü rahat hiss edərək, təhlükəsizliyini təmin etmədiyi üçün onu danlayırdım. Bütün olanları söylədim, Daşa başını əlləri arasına alıb dərin fikrə getdi.
- Daşa, bir təsəvvür et, əgər mən də sənin məsləhətini dinləyib Məsmənin həftəbecərindən dadsaydım, başımıza nə gələ bilərdi?!
Dostum cavab vermirdi, hiss olunurdu ki, baş verənlər onun ruhunda dərin iz qoyub. Mən isə hadisənin kulminasiya nöqtəsinə çatmışdım:
- Sən çox güman ki, bu ilanların hazırladıqları xörəkdən zəhərlənmişdin və yuxugətirici otlar əslində həyatına son qoyurdu.
Daşaya əsl həqiqəti də açıqladım:
- Mən İblisi sənin köməyinə çağırmaq məcburiyyətində qaldım!
Yalnız bu vaxt Daşa başını qaldıraraq diqqətlə gözlərimə zilləndi; onun baxışlarında “mənə görə etməyəcəyini etdin” ifadəsini oxuya bildim, dərindən “ahh” çəkərək sözümə davam etdim:
- Nə edə bilərdim axı? Başqa əlacımız yox idi, ya səni itirməli idim, ya da ki...
Sözümü bitirə bilmədim. Hər ikimiz sakitləşib, düşünürdük. Qəfil Daşa ayağa qalxdı, iri çantasında eşələnərək, qara şamları, ipləri və alışqanı masanın üzərinə düzməyə başladı.
- Daşa nə edirsən?
Daşa təmkinini pozmadan cavab verdi:
- Biz dərhal o qadınla qızının bizə yönəltdikləri neqativ enerjidən təmizlənməliyik! Bu, olduqca vacib və təxirəsalınmazdır! Üstəgəl, İblisi səsləməklə öz aurana zərbə yetirmisən! Təmizlənmə ritualımız sənə də xeyirli olcaq!
Mən qorxa-qorxa arxaya, qapıya tərəf baxdım. Sahilə bibi istənilən məqamda evə daxil ola bilərdi.
Daşa artıq şamları yandıraraq otaqda gəzişməyə başlamışdı. Şamı başımın üzərindən keçirən qız dedi:
- Xatırlayırsanmı, Məsməgilin evində ideal səliqə ilə bağlı suallar verirdin?
Çaşqınlıq içində:
- Xatırlayıram, bəli, - cavab verdim.
- Bax, o səliqəni Məsmə və Nurun səcdə etdikləri əcinnələr həyata keçirirlər! Səhərin ölümünü xatırla! Səhər əslində Nur uşaq ikən əlində gətrdiyi nimçədə öz əksini görmüşdü ki, bu hal onun üçün yolverilməz idi!
Mən heyrətdən donub qalmışdım; həqiqətən də Səhərin ölümünə Nurun əhəməyyətli təsiri vardı! Üstəlik, əks istiqamətə namaz qılmaları və Nurun qəribə ieroqliflərlə cızma-qaralar etməsi məhz cindarlara xas üsullar idi ki, qız və anası onlardan istifadə edirdi.
Ritual edən dostumdan soruşdum:
- Deməli, Səhəri ram etməyi bacara bilməyən əcinnələr Nuru ələ keçiriblərmiş və qız asanlıqla onların əsirinə çevirilib?!
Daşa səssiz razılıq əlaməti olaraq başını yellədi; qız artıq latın dilində tilsim oxumağa başlamışdı...
Otaqda xəffif külək yarandı, hər yerdə yüngül çəkili əşyalar tərpənməyə başladı, kürəyimdəki küt ağrı özünü büruzə verərək, tədricən azalır, yox olurdu. İri pəncərədən asılı enli tül pərdə yavaş-yavaş qalxaraq, tavana yapışdı. Daşanın rituallarına adət etdiyimdən, bu vəziyyət məni qətiyyən təəccübləndirmirdi. Rəfiqəm son sözləri təkrarlayıb seansını yekunlaşdıran an arxamızda qəfil qırılan qab-qacaq səsinə döndük: Sahilə bibinin heyrətdən əlləri üzündə qalmışdı, təəccübdən çox qorxunu xatırladan gözlərində gördüklərindən şoka düşdüyü oxunurdu, zavallı qadın özünü idarə edə bilmədiyindən əlində gətirdiyi çay dolu fincanları yerə salmışdı...
İlk anda ona yaxınlaşaraq sakitləşdiməyə çalışsam da, bibim söylədiklərimə tam laqeyd yanaşırdı; sanki hər zaman danışan, gülən, mənimlə zarafat edən şux qadın deyildi! Bir müddət sonra özünə güclə gələn bibimə Daşayla bağlı yalnız bunları söyləyə bildim:
- Bibi, Daşada xüsusi qabiliyyət var və qız mənfi qüvvələrdən qorunmaq üçün şamlar yandırıb.
Tavana yapışmış və sonra tərdicən yerinə gələn pərdə ilə bağlı heç bir açıqlama verməsəm də, bibimi düşündürən də məhz elə bu məqam idi:
- Allahın izini ilə olmayan bir iş bil ki İblisdəndir! - qadın pıçıldadı.
Mən onun sözlərinə haqq qazandırsam da, əslində özü-sözü düz olan və İblisə səcdə gedən Daşaya doğruları gizlətmədiyi üçün qəlbimdə haqq qazandırır, minsifətli mömin sayılan, qaniçən qatil olan İqbal, əcinnələrin təsiri altında əks istiqamətdə ibadət edərək Allaha qarşı çıxan Nur və Məsməyə isə lənətlər yağdırırdım.
Həyat qəribədir, çox zaman mələk saydıqlarını sonda İblisin yanında görürsən və kim bilir, bəlkə də İblis kimi tanıdıqlarımız əslində Yaradana şükür və əməlisalehlikləri ilə əvvəlki mələk statuslarına geri dönmək şansını qazana bilərlər? Hər halda bu qəliz dilemanın nəticəsini “zaman” adlı çarx aşkarlayır.
Növbəti günlər Sahilə bibinin Daşadan qorxduğunun şahidi olurdum. Qadın hər dəfə qızı görəndə ya salavat çəkir, ya da zikrlər edirdi. Mən buz bağlamış “əlaqələri” əritmək gücündə deyildim; ən azından məhz bu həssas dönəmdə...
Hacıqabulla bağlı xoşagəlməz xatirələrin əsirliyindən iki gün dincəldikdən və tamam qurtulduqdan sonra ağlıma qəribə ideya gəldi; fikrimi Daşa ilə bölüşdüm. Beynimə İqbalın fikirlərini oxuyaraq gələcəkdə ondan qurtulmaq üçün bir çıxış yolu tapmaq ideyası gəldi. Qız bir neçə dəqiqə düşündükdən sonra razılaşdı:
- Olar, amma gərək mən onu şəxsən görüm, çünki məsafəli şəkildə zərərli vərdişli insanların beynini oxumağa çətinlik çəkirəm. Və bir də ki, olduqca ehtiyatı olmalıyıq, balaca bir səhv bizi məhvə doğru apara bilər!
Ertəsi gün səhər tezdən şəhərdəki mağazalara yola düşdük; məqsədimiz Daşanın tanınmaması üçün ona parik almaq idi.
Bir qədər mağazalarda dolaşdıqdan sonra istədiyimizi əldə edə bildik; dostum uzun saçlı tanınmaz cəlbedici bir qıza çevirildi. Beynimdə öncədən planlaşdırdığım ssenariyə uyğun hərəkət edirdik. Mən Daşa ilə birgə İqbalın yaşadığı “Milyonerlər məhəlləsi” adlanan məkana yollandım. Amma bir “əmma” var idi; mən İqbalın yaşadığı ünvanı dəqiq bilmirdim. Planıma əsasən, Daşa İqbalın evinə sığorta aqenti kimi daxil olaraq onunla şəxsi söhbət aparmalı idi. Bu şərti söhbət əslində İqbalın daxili aurası və beyninin təhlili idi! Mən əmin idim ki, İblis simalı İqbal onsuz da ona söyləcəyim son nifrət dolu fikirlərimdən sonra gecələri ümumiyyətlə yatmır. Əlbəttə, “təbii dərman” adı altında əslində xəşiş istehsalına üstünlük verən İlyasın elə İqbal kimi də zərərli vərdişli oğlu olmalı idi! Axı burada təəccüblü nə var ki! Atalar demişkən, “od kökü üstə bitər”!
Amma istənilən şüurlu məxluqun, canlının vicdan deyilən qəlb aynası var ki, vaxtaşırı istər-istəməz sözügedən ünvana baş vurmaq məcburiyyətində olur. Əmin idim ki, İqbalın tam pas atmamış vicdanı daimi ağrı içində qovrulmaqdadır! Məşhur Stefan Sveyqin sözlərinə əsasən, “vicdan xatırladığı müddətdə heç bir günah unudulmur”...
İri yaşayış binalarının arası ilə gəzişərkən ağlımıza heç bir tutarlı fikir gəlmirdi, İqbalın ünvanını heç cürə tapa bilmirdik! Nəzərimiz qəfil olaraq bizdən öndə gedən və elektrik sərfiyyatına görə ödənişlər üçün qapılara qəbzlər asan işçiyə sataşdı. Mən Daşaya işarə edərək cəld addımlarla yaşı 40-45 arası olan kişiyə yaxınlaşdım:
- Bağışlayın, sizdən bir söz soruşa bilərikmi?
Kişi ayaq saxlayaraq ehtiramla:
- Buyurun, xanım, - dedi.
- Biz qonaq gəlmişik, bu yerləri yaxşı tanımadığımızdan indi geri qayıtmağa çətinlik çəkirik, - dedim.
Kişi canfəşanlıqla:
- Mən burada hər kəsi tanıyıram, kimlərin qonağısınız? - deyə xəbər aldı.
- İqbal müəllimgilin qohumlarıyıq, - ağlıma ilk gələni uydurdum və dərhal beynimdə “Allah uzaq eyləsin!” kəlməsini söyləməyi də unutmadım!
İqbalın adını eşidən kimi kişinin üzü işıldadı:
- Hə, əlbəttə, siz bir küçə aşağı enməlisiniz, - dedi.
Təşəkkür edərək, onun dediyi istiqamətlə gedəndə isə arxamızca səsləndi:
- İqbal müəllim çox səxavətli insandı, məndən ona salam deyin, - sonra əlavə etdi: - İşıq pulunu bir il öncədən ödəyir!
Daşayla kişinin yönəltdiyi istiqamətə üz tutduq:
- Əlbəttə, səxavətli insandı, əksəriyyətinizi satın almağı bacarır! - sakit səslə deyinirdim.
Daşa qəfil ayaq saxladı:
- Məgər bu onun avtomobili deyil?
Böyük evin hündür darvazalarının qarşısında İqbalın gözqamaşdıran bənövşəyi “Leksus”u dayanmışdı.
- Deməli evdədir yaramaz! - düşüncələrimi bərkdən söylədim. Sonra üzümü Daşaya tutaraq:
- Bax, onunla çox çənə döymə, dəqiq fikirlərini, planlarını öyrən, vəssəlam, qayıt gəl!
Daşa gülümsəyərək qıyğacı mənə baxdı:
- Di yaxşı da, qısqanma, kimə lazımdır sənin anormal fanatın?
Daşanın zarafatına cavab vermədən, ehtiyatlı olmasını tapşıraraq uzağı on beş dəqiqəyə qayıtmağını xahiş etdim.
Qız nazlı yerişlə yeriyərək evə yaxınlaşdı, qapını döydü. Mən evin qarşısındakı kameralara düşməmək üçün olanları uzaqdan, tam təhlükəsiz səmtdən izləyirdim. Bir neçə dəqiqə domofonla danışan və özünü çox güman ki, sığorta aqenti kimi təqdim edən Daşaya iri darvazalar açıldı, dostum gözəl, iri “bataqlığa” daxil oldu.
Daşa evə girər-girməz ürəyimin döyüntüsünü hulqumumda hiss edirdim. Birdən o qayıtmasa, birdən İqbal ona zərər yetirsə, birdən kimsə evdəkilərdən duyuq düşərək qızın heç bir sığorta aqentliyinə aidiyyəti olmadığını öyrənsə, onda necə? Mən necə də təhlükəli addım atdım! Beynimdə zikirlər edir, dualarımla Yaradanı köməyə sələyirdim.
Artıq yarım saat keçmişdi, Daşadan xəbər yox idi...
Ardı var...
Tarix
2021.01.17 / 02:44
|
Müəllif
Aynur Nurlu
|