Ana səhifə Kult |
...Daşanın nəfəsi kəsilir, get-gedə vəziyyəti daha da pisləşirdi; qızın üzündə tədricən yaranan və çoxalan göyümtül ləkələr isə məni vahimələndirməyə bilmirdi. İblissevər dostumla bağlı Allaha çağırışımın sözün əsl mənasında yersiz olduğunu bütün şüurumla dərk edir, lakin sevmədiyim məxluqlara yardım üçün “müraciətə” nədənsə tələsmirdim. Daşa yerlə göy arasında çırpınırdı; əlacsız qalararaq latın dilində Daşadan eşitdiyim İblisin adlarını sadalayaraq, bu qorxulu məxluqatdan ona səcdə edən Daşa üçün yardıma tələsməsini söylədim...
***
Məktəb pilləkənlərini enə-enə Nur taksi sifariş etdi; gülə-gülə arxaya çevrilərək, “həm qonşumdur, həm də sürücüm”, - dedi.
Maşında ikən yorğunluqdan az qala mürgüləyirdüm. Hərdən Daşa qoluma dürtmə ilə oyanmağıma işarə etsə də, yuxusuzluq və yol yorğunluğu mənə güc gəlirdi. Hava qaranlıq olduğundan kəndin kələ-kötür, dar, hər iki tərəfi sıx meşəlikdən ibarət yollarından başqa hafizəmə heç nə köçmədi. Cavan və sakit taksi sürücüsü hərdən güzgüdə bizə nəzər yetirsə də, tez də yola yönlənməli olurdu. Sürücünün yanında əyləşən Nur isə arxaya çevirilərək, dayanmadan şux söhbətlər edirdi. Məktəbə ilk gəldiyi gündən bəhs etdiyi əhvalatı tam dinləyə bilməsəm də, öncə ondan hamının çəkinməsi, sonra isə yardım üçün iş yoldaşlarının müraciət etməsindən danışdığını duyurdum. Nədənsə beynimlə sırf “qürrələndiyini” dərk edirdim.
Hardasa iyirmi dəqiqəlik yol getdikdən sonra maşın göy rəngli iri dəmir darvazanın qarşısında dayandı. Nur cəld maşından endi, darvazaya yaxınlaşaraq, əli ilə işarə etdi. Yalnız bu zaman qapının arxasında qəzəbli qıcanmanın zingiltiylə əvəz olunduğunu anladım. Nur sanki üzr diləyirmiş kimi bizə sarı boylandı:
- Saymaz qonaqları sevmir, - deyə, astaca qapını araladı.
Hardasa beş-altı aylıq dana boyda olan kürən çoban iti sevinclə sahibəsinin üzərinə atılıb, qabaq pəncələri ilə onu qucaqladı.
Qeyri-ixtiyari olaraq beynimdən, “mal yiyəsinə oxşayar” deyimi keçdi və dərhal özümü qınadım: “Bu nədir axı? Qız bizi evinə qonaq çağırıb, mən isə ona şəbədə qoşuram, üstəgəl, Nur ki, beyinləri oxumaq qabiliyyətinə malikdir! Ayıbdır, vallah!”
Dərhal fikrimi həyətə yönəltdim; iri təndirxana boyunca rəngbərəng dibçəklərdəki çiçəklər göz oxşayırdı, həyətdə ideal səliqə vardı. Böyük fındıqlıq və qoz ağaclarının olmasına baxmayaraq, yerdə bir çöp, bir yarpaq belə yox idi; hər yer silinib-süpürülmüş, təsviredilməz dərəcədə təmiz idi.
İtə əl işarəsi ilə əmr edən Nur onun bizdən uzaq olmasını istədi; it həyətin darvazaya bitişik küncündəki daxmasının kandarına sığındı.
Beynimdə heyvanlarla dilsiz-ağızsız ünsiyyət qura bilən Nurun qabilliyətindən bizim Daşada da olduğu fikri keçdi. Daşa yırtıcı quşlarla, zəhərli ilanlarla, hətta vahiməli iri hörümçəklərlə belə dil tapır, bu qorxulu məxluqları ram etməyi asanlıqla bacarırdı. Elmdə bəzi hallarda bu cür hallara hipnoz, təlqin deyilsə də, bu, əslində elə deyil. Nə hipnozun, nə də təlqinin bu cür gedişata aidiyyəti var; heyvanlar sadəcə olaraq sakit olur, nə yuxulu, nə də yarımyuxulu vəziyyət alırlar. Hipnoz altında olduqları zaman canlılar mütləq şəkildə “donmuş” və ya qeyri-adekvat təsir bağışlayırlar.
Nurun şux səsi məni düçüncələrimdən ayırdı:
- Ana, ay ana! Hardasan?
Mən bizə sarı az qala qaçaraq gələn Məsmə xalanı görən kimi sevincək halda uzaqdan zarafatyana ona səsləndim:
- Mərdimazarı axtarmaqla deyil, Məsmə xala, bax, gəlib kəndinizdə belə sənə rahatlıq vermirəm!
Məsmə xala öncə məni, sonra isə Daşanı bərk-bərk bağrına basdı:
- Xoş gəldiniz, balalarım, – qaranəfəs, az qala nəfəsi ağzından çıxacaq halda dedi: - İki gündür şəhərdən, bacımgildən qayıtmışam. Elə yaxşı vaxtda gəlmisiniz, gedək evə.
Daşayla mənim əlimdən tutaraq bizi evə tərəf az qala darta-darta apardı.
Köhnə dar pillələrə ehtiyatla ayaq basaraq, ensiz dəhlizə daxil olduq, evdən rütubətdən doğan nəm iyini dərhal hiss etdik. Yarımqaranlıq dəhliz boyu xırda, yarımaçıq qapılı otaqlarda ideal səliqə vardı. Məsmə xala bizi dəhlizin sonuna qədər apararaq, cibindən iri, “Buratinonun açarı”na bənzəyən qədimi açar çıxarıb qapını açdı:
- Buyurun, balalarım, bu da sizin otağınız. Çəkinməyin, öz evinizdəki kimi olun!
Qadın xoşxallıqla bizi içəri ötürüb, şam yeməyinə gözləyəcəyini dedi. Daşa yorğun halda iri çarpayının üzərinə atıldı, o tərəf-bu tərəfə dığırlandı:
- Yaman yorulmuşam, elə yatardım!
Mən dincəlməyə hazırlaşmırdım. Əlimdəki çantanı döşəmənin üzərinə qoyaraq, otaqdakı işığı yandırdım. Əvvəl diqqətimi qədimi nəhəng güzgülü termolar çəkdi; köhnə olmalarına baxmayaraq, mebel üzərində cüzi də olsa toz müşahidə olunmurdu. Əlimi sığallı mebel boyunca çəkərək, Daşaya tərəf çevirildim:
- Daşa, bura necə də səliqəlidir! Sanki indicə silinib-süpürülüb! Bu boyda ev-eşiyi şəhərdən yeni gələn Məsmə xala qısa zamanda necə təmizləyə bilib?
Daşa narazı halda əlini yellədi:
- Bəsdir görək! Sənin üçün beşulduzlu otel də tapılsa, yenə hökmən narazılığını bildirəcəksən!
Mən dostumla mübahisəyə başladım:
- Yox Daşa, narazılıq məsələsi deyil! Bu evdə qəribə bir ab-hava var. Məgər sən bunu hiss etmirsən?
Yarıyuxulu Daşanın özünəməxsus cavabı ilə kifayətlənmək məcburiyyətində qaldım - qız üzünü divara tərəf çevirərək, bir kəlmə ilə bütün müzakirəmi kəsdi:
- Əl çək!
Pərt halda çantamda eşələnərək, xırda-xuruş əşyalarımı çıxarıb, masa üzərinə düzməyə başladım:
- Eh, Daşa, Daşa, ən həlledici məqamda ya yatırsan, ya da vacib hesab etdiyim məsələni əhəmiyyətsiz hesab edirsən...
Qapının asta döyülməsi ilə beynimdəki deyingənliyimi bitirməli oldum:
- Buyurun, - dedim.
İçəri zərif yerişlərlə adı qədər nur saçan Nur daxil oldu:
- Necə yerləşmisiniz? Rahatsınızmı? Aaa, Daşa yatır ki!
Qız heyrətlə Daşanı nəzərdən keçirdi.
- Hə, o, çox yorulub, - dedim.
Sonra Nurdan mənə qibləni göstərməyini xahiş etdim. Əslində uşaqlıqdan ibadətdə olduğumdan asanlıqla səcdəyə yönələcəyim istiqaməti müəyyənləşdirə bilirdim. İstənilən yerdə, məkanda möminələrin çoxu qiblənin axtarışı üçün kompasdan istifadə edir, amma mən dərhal tapa bilirdim. Buna baxmayaraq, yenə də dəqiqləşdirmək üçün Nura müraciət etdim.
Amma qəribədir; Nur əlini uzadaraq, mənə qibləyə tam əks istiqaməti göstərdi.
- Yox, Nur, belə olanda namaz batil olacaq. Axı arxamı qibləyə çevirmiş oluram!
Nur mənə təəccüblə baxdı:
- Anam illərdir namazdadır, mən də səcdədəyəm və bizim evimizdə qiblə bu istiqamətdədir, - deyə, mənə yenə də səhv olan istiqaməti - qapının küncünü göstərdi.
Bir fəzilət, bir hikmət var ki, əzazil, Yaradanın gözündən düşmüş məxluqlar qibləyə tərs oturaraq, ibadətləri ilə bir daha iblisə olan “sevgilərini” isbat edirlər.
Nurla qiblə ilə bağlı mübahisənin əbəs olduğunu anladım; ondan mənə ibadət üçün geyim və təsbeh gətirməyini xahiş etdim. Nur qəribə təbəssümlə söylədiklərimin arxasınca getdi. Otaqdan çıxaraq dəhlizdəki əl- üz yuyana tərəf yönəldim; burada dəstəmaz almağa başladım. Otağa geri qayıdaraq dəsmal ilə qurulanırdım ki, Nur əlində təsbeh, ibadət üçün olan geyim dəsti və kiçik xalça ilə içəri daxil oldu:
- Buyur, bacı, - dedi.
Ona təşəkkür edib, namazı bitirən kimi Daşanı oyadaraq şam etməyə gələcəyimiz barədə söylədim.
Qız otağı tərk etdikdən sonra geyimə nəzər saldım; dəstin üzərində və kiçik xalçada qəribə ieroqliflərə bənzər işarələr cızma-qara edilmişdi. Nuru ilk dəfə gördükdə, qız lövhə üzərində məhz həmin ieroqliflərə bənzər işarələrlə cızma-qaralar edirdi. Sahilə bibinin az-çox öyrətdiyi Qurandan anlayışım oduğundan və ən azı ərəb əlifbasındakı hərfləri tanıdığımdan yüz faiz deyə bilərdim ki, hərflərin Qurana, dinə, imana heç bir aidiyyəti yox idi. Beynimdə özüm üçün qoruyub sirr saxladığım bir məqamı xatırlamağa başladım; “olar-olmazlar”... Həmin “olar-olmazlar” - onlarsız yaşamaq insan üçün çətin və mürəkkəb olur! Həmin “olar-olmazlar”ın içərisində özüm üçün qurduğum, heç bir yerdə yazılmayan qanunlardan ibarət həyat prinsiplərim mövcud idi; “onlardan biri də ya şərdir, ya müsbət; ya qaranlıqdır, ya işıq, ya duadır, ta bəddua, ya Alahdır, ya İblis”. Yalnız mənfi və müsbətdən ibarət şərti dünyavi anlamlar var, dünyada ya pis, ya da yaxşı hökm sürür; üçüncü mövcud deyil!
Əlimdəki geyim dəstinə, cızma-qaralı xalçaya baxaraq yalnız bir şey düşünürdüm: “Allahın adı olmayan yerdə yalnız İblisin yazısı ola bilər”...
Cəld Daşanı oyatmağa başladım:
- Daşa oyan, tez ol! Gödəkcəni çıxart, mənə ver, namaz qılmalıyam!
Qız narazı, yuxulu halda deyinməyə başladı:
- Yer üzündə paltar yoxdur ki, yuxudan oyadırsan məni?
- Yoxdur Daşa, uzunqol gödəkcənə ehtiyacım var!
Bu dəfə dostum səssiz-səmirsiz əynindəki uzunqol idman gödəkcəsini çıxardaraq mənə tərəf uzatdı. Səcdə etdiyimdə sağ çiynim boyunca sanki gözəgörünməz göyərçinin təşviş içində uçduğunu hiss edirdim, fikrimi namaza yönəltmək cəhdimdə isə pıçıltı ilə qulağıma “ehtiyatlı ol”, “özünü qoru” kəlmələri səslənirdi.
İbadətimi bitirdikdən sonra Daşanı yenidən oyatmağa başladım:
- Dur gedək, Məsmə xala Nur ilə bizi gözləyir; cammat acdır, bizimlə şam edəcəklər.
Daşa könülsüz halda gözlərini ovuşdura-ovuşdura arxamca gəlməyə başladı. İşıqlı zala daxil olar-olmaz Nur üzərimə qaçdı:
- İbadətini bitirdinmi?
- Bəli, - dedim, beynimdə isə xanım Fatimənin zikri canlanmağa, tez-tez ürəyimdə “Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd” deməyə başladım. Bununla Nurun fikirlərimi oxuya bilməyəcəyindən əmin idim, eyni zamanda, özümü güvəndə və qorumada hiss edirdim.
Məsmə xala Hacıqabulun qədim yeməyi olan sulu həftəbecəri pəh-pəhlə tərifləyə-tərifləyə çömçə ilə iri qazandan nimçələrə çəkməyə başladı:
- Soyuqdan gəlmisiniz, yeyərsiniz sulu qaynar yeməyi, canınız isinər, - deyərək hətta gülümsəməyə də çalışdı.
Nur yeməkdən imtina edərək, “axşamlar yemirəm, çay içəcəm”, - dedi. Məsmə xala da bizim gəlişimizdən qabaq yediyini söylədi.
Belə başa düşülürdü ki, evdə iki ac-yalavac var: mən və Daşa.
Daşa sorğu-sualsız iştahla yeməyi başına çəkdi; hiss olunurdu ki, dostum bərk acıb. Mən isə öz növbəmdə yeməyin analizini, tərkibini, rəngini, duzunu-istiotunu xəbər almağa başladım. Məsmə xala həyəcanla mənə yeməyə əlavə etdiyi göyərtilərin adını sadalamağa başladı; ispanaq, dağ keşnişi, zəfəran, reyhan...
Uşaq vaxtlarımdan xüsusi həssaslığımla seçildiyimdən, qoxulara qarşı laqeyd deyildim və kəskin ətirləri və ya iyləri heç sevməzdim. Yeməkdə qarışıq göyərtilərin kəskin qoxusu mənim iştahımın qaçmasına səbəb oldu. Ümumiyyətlə isə Moskvadakı göbələk turşusu ilə bağlı “ölüm-qalım” məsələsindən sonra qidalanmağıma hədsiz həssaslıqla və diqqətlə yanaşırdım. Axı mən hər dəfə ölüb-dirilə bilmərəm! Necə deyərlər, olacaq bir dəfə olur! Odur ki, sevmədiyim, qoxuladıqda mənə xoş gəlməyən istənilən qidadan dərhal imtina edirdim.
Xörək dolu qaynar nimçəni nəzakətlə özümdən uzaqlaşdırdıqda, Məsmə xalanın məyus halı ilə qarşılaşdım:
- Bəlkə sənə qayqanaq bişirim? Ac qalma!
- Yox, narahat olmayın, - dedim, - ac deyiləm!
Bu məqamda Daşa yeyə-yeyə məni məsxərəyə qoyurdu:
- İnan ki, yeməməklə çox şey itirdin! Belə ləzzətli yeməyi hələ ömrümdə dadmamışdım!
Mən Nur kimi çayla kifayətlənəcəyimi vurğuladım. Məsmə xala çay süzüb qarşımda oturdu:
- Səninlə avtobusda tanış olarkən sanki hansısa hiss bir daha qarşılaşacağımızı deyirdi, - dedi.
- Ola bilər, - deyə gülümsündüm: - Əslində, bizi ağlımızdan, dərrakəmizdən çox hisslərimiz idarə edir, elə deyil, Nur xanım?”
Nur könülsüz halda başını yellədi; sanki anasının yeməyindən imtina etməyim onun da ürəyincə olmamışdı.
Məsmə xala isə heç nə olmamış kimi söhbətinə davam edirdi:
- Səhərlə bağlı hadisəni demək olar ki, heç kəsə nəql etmirəm. - Dərindən “ah” çəkdi: Bu bizim yaralı yerimizdir.
Mən anlayışla dedim:
- Başa düşürəm sizi.
Nur isə anasına qısa olaraq Daşayla mənim Səhərin qəbri üzərində ritual edərək, dünyasını nakam dəyişmiş zavallı qızın Həsəd adlı məxluqldan qurtulmağına səbəb olmağımızı söylədi.
Məsmənin üzündə suni təbəssüm peyda oldu:
- Nə yaxşı! Siz həqiqətən də böyük bir iş görmüsünüz; olduqca təhlükəli, amma savab bir iş!
Nur başımıza gələn bütün hadisələri qısa şəkildə anasına nəql etdi. Mənimlə bağlı da qısa açıqlama verən Nur, əslində, köməyinin lazım olacağını deyərək, məndən yardımını əsirgəməyəcəyini söylədi. Söhbətin yarısında Daşanın başını masa üzərinə qoyaraq, artıq xoruldadığının şahidi olduq.
Məsmə xala əlini üzünə apararaq:
- Yazıq uşaq, nə təhər də yorulub ee, - dedi.
Mən üzr istəyərək, ayağa qalxdım:
- Daşaya yardım edim, yatsın, özüm də dincəlim, - dedim, - sabah inşallah söhbətimizi davam etdirərik, - söylədim.
“İnşallah” kəlməmdə mənə sarı gələn qızla ana sanki bir addım geri çəkildilər. Bu, mənim nəzərimdən qaçmadı. Yarıyuxulu Daşanı qucalayaraq, otağa aparmağa başladım; dostum ayaqlarını sürüyə-sürüyə narazı halda gəlirdi:
- Daşa, içkili adamların təəsüratını bağışlayırsan, bir az toparla özünü,- dedim.
Çarpayıya uzanan kimi Daşa az qala nərilti ilə xoruldamağa başladı; illərlə tanıdığım rəfiqəmdə bu cür hal qətiyyən müşahidə olunmamışdı.
Bir qədər sonra qaranlıqda Daşanın çarpayısı ilə üzbəüz olan ensiz divanda uzanaraq gün ərzində baş verənləri düşünürdüm ki, yuxuya necə getdiyimi belə hiss etmədim.
Deyilənə görə yatağını, yerini dəyişən kəs narahat olar, gecələr yuxusunda ilan-qurbağa qarışıq kabuslar görür. Mən yerimi dəyişdiyimdən deyil, ruhumun narahatlığından astral dünyaya sanki səyahətə çıxmışdım. Budur, yanımda məktəb rəfiqələrim olan Lalə, Elnurə və Simanı görürəm. Çox qəribədir, amma onlar sanki mənə nəsə demək, kimisə göstərmək istəyirdilər! Deyilənə görə ruhlar danışıqdan çox əl, üz işarələrinə üstünlük verirlər. Amerikan yazıçısı və araştırmaçısı Alfred Besterin şəxsi fikrinə əsasən, ruhlar o dərəcədə zərif və yüngül çəkilidirlər ki, danışmağa və ya hər hansı bir işi icad etməyə sadəcə olaraq onların fiziki gücləri yetmir. Dünyasını erkən dəyişən və bir vaxtlar mənə sirdaş olan kəslər məni əhatə edərək dövrə vurmağa, başımın üstündə firlanmağa, sonra havaya qalxaraq uçmağa başladılar. Bir qədər sonra qarşımda mənə laqeyd olmayan və xəstəlikdən dünyasını dəyişən Teymur göründü. Oğlan əlləri ilə məni sanki itələməyə, harasa yönəltməyə çalışırdı; ondan uzaqlaşmaq üçün geriyə çəkilməyə başladım və... tappıltı ilə döşəməyə yıxıldıqda oyandım.
Otağın dar pəncərəsindən bədirlənmiş Ay işığı qaranlığa işıq qatırdı; dərhal Daşa yatan çarpayıya baxdım - qız eyni xorultu ilə yatırdı. Boğazım qurumuşdu, özümü yerlə-göy arasında hiss edirdim, gördüyüm yuxunun təsirindən tam çıxmamışdım. Ayağa qalxaraq, mətbəxə keçmək, bir fincan sərin su içib özümə gəlməyi düşündüm. Asta addımlarla evdəkiləri oyatmamaq niyyəti ilə ehtiyatla otağın qapısını açaraq, dəhlizə çıxdım. Məsmə xalanın yarıörtülü qapısında işıq yanırdı; qadın kiminləsə mübahisə edirdi. Əvvəlcə qızı ilə danışdığını düşünsəm də, qulağıma açıq- aydın qadının söylədiyi kişi adı məni dayanmağa və söhbəti dinləməyə vadar etdi.
- Yox, İlyas müəllim, nə danışırsınız?! Siz Nur üçün, onun təhsil alması üçün o qədər xeyirli işlər görmüsünüz ki! İnanın ki, ölənəcən sizin qulunuzam! Qaldı ki qızlara, onlardan İqbala heç bir zərər gəlməz! Nur artıq bu barədə tədbir görüb...
Ürəyim az qala ağzımda döyünürdü. Bu qədər təsadüf ola bilməz! Bu dərəcədə tanışlıq, yaxınlıq mümkün deyildir! Deməli, Məsmə xala İqbalın atasi İlyasla danışırmış! Ağlım az qala itəcəkdi! Bir qədər özümü toparlamağa çalışdım; söhbət kəsilmirdi... vicdan pəncərəmdən boylanan etika-estetika qanunlarım beynimə gülümsəməyə başladı: “Qapı pusmaq yaxşı iş deyildir!”
Təhlükəsizliyimiz və xilasımız naminə vicdanıma haqq qazandıraraq, söhbəti dinləməyə başladım. Danışıq telefonla aparıldığından, qarşı tərəfin dediklərini istədiyim dərəcədə duymaqda aciz idim! Gördüyüm yuxu, həyəcanim məni üstələyir, öz-özlüyümdə Daşanı o ki var danlayırdım! Axı sən indi burada olmalı, mənim üçün telefonda danışan insanın sinxron tərçüməçisinə çevrilməli idin, Daşa!
Məsmə təlaş içində bizim gəlişimizlə bağlı bütün detalları sadalayır, həmsöhbətinə nədənsə daha çox Daşanı “tərkisilah etdiyini” dəfələrcə vurğulayırdı:
- İlyas müəllim, onlar üçün sizin “yuxu gətirən” otlarınızdan hazırladım; amma bir tək moskvalı qız yeməyi yeyərək, dərin yuxuya daldı; o biri qızla çətin olacaq, gərək mütləq başqa bir yol düşünüm...
Qarşı tərəfdən çox güman ki, sərt tapşırıqlar verilirdi. Belə ki, Məsmə artıq bülbül kimi ötmürdü, ancaq sakit səslə, “bəli”, “baş üstə”, “oldu, müəllim” deyərək əmrə hazır qul kimi danışığı yekunlaşdıraraq, həmsöhbəti ilə vidalaşdı.
Eşitdiklərimdən dəhşətə gəlmişdim, ayaqlarım əsirdi, əllərim keyimişdi. Qəfil Məsmənin qapıya doğru gəlişini hiss edərək, dəhlizin dibinə, otağımıza doğru addımlayıb, qaranlıqda, divar arxasında gizləndim. Qapını açsam və otağımıza daxil olsam, eşidə bilərdi. Belə çətin və həyati anlarda beyin saat mexanizmi kimi dəqiq və səhvsiz çalışır, hətta deyərdim ki, genetik mühafizəkar reflektorlar insanın yardımına tələsir. Mən bu saat beynimlə deyil, sırf hissiyyatımla hərəkət edirdim.
Məsmə yaxınlaşaraq, qapını örtdü, bir neçə dəqiqə otaqda gəzişdikdən sonra işığı söndürdüyünü eşitdim. “Deyəsən yatmağa hazırlaşır. – düşündüm: - O zaman vaxtdır, ya indi, ya heç vaxt!”
İldırım sürəti ilə otağa qayıdaraq, Daşanı silkələməyə başladım. Qız sanki qəflət yuxusunda idi!
- Oyan, Daşa, biz təhlükədəyik! Dərhal bu evi tərk etməliyik! Dərhal!
Daşa gah qalxır, nə isə anlaqsız halda mızıldanır, sonra yenidən çarpayının üzərinə ağır leş kimi sərilirdi.
- Xoşbəxlikdən paltarla yatmısan, heç olmasa burda bəxtin gətirib, yoxsa səni indi balaca uşaq kimi geyindirməli olcaqdım ki, buna nə vaxt var, nə də mən o halda deyiləm!
Öz-özümə təsəlli verərək, Daşanın əşylarını toplamağa çalışdım:
- Bu əcinnələrə qulluq edən ikiüzlü münafiqlərin evində bir əşyamız belə qalmamalıdır!
Parapsixologiyadan az-çox anladıqlarıma əsasən, istənilən əşyayla insanı məhv etmək mümkün olduğunu dəqiq bilirdim. Daşanın əşyalarını toparladıqdan sonra öz çantamı yığmağa başladım. Hər ehtimala qarşı Nurun beynimi oxumaq gücündə olmaması üçün zikrlər etməyə başladım.
Ən əsas məqam otaqdan çıxaraq, yarıyuxulu Daşayla səssiz-küysüz bu evi tərk etmək məsələsi idi!
Çantaları çiyinlərimdən çarpaz asaraq, yarıyuxulu dostumu az qala sürüyə-sürüyə dəhlizə çıxartdım. Pilləkənlərə çatdıqda qəfil zəncir səsi duydum; əlbəttə ki, kim yatsa da, Nurun Baskervillərin itinə bənzər dəhşətli iti yatmayacaq! Bir an düşündükdən sonra halsız Daşanı pilləkənlərdə otuzduraraq, mühəccərin dayanıqlı tərəfinə dayayıb qulağına pıçıldadım:
- Bayaqdan oyanmırdın, çaşıb indi oyanma, dostum, iki dəqiqəyə qayıdıram!
Yenidən evə qayıtdım. Səslə çalışan və özünü istənilən qaranlıqda büruzə verən soyuducuya yaxınlaşaraq, qapısını ehtiyatla araladım; burada Məsmə xalanın “pəh-pəhlə” Daşanı az qala ölümcül edən həftəbecəri vardı. Soyuducunun üst gözünü açdım, donmuş çiy toyuq əti dərhal gözümə sataşdı. Bütün gücümü toplayaraq toyuğun qanadını qoparmağa çalışdım; təslim olmurdu. Sobaya tərəf əyilib kor-koranə qablar yığılmış rəfləri eşələməyə başladım; əlimə çəngəl keçdi.
Sahilə bibimin “yoxa lənət” misalını xatırlayıb, hərəkətə keçdim. Həqiqətən də yumor hissi ən dəhşətli anlarda belə insanı şokadüşmə təhlükəsindən xilas edirmiş!
Mən var gücümlə cəngəli toyuğun buz vurmuş sinəsinə sancdım. Sonra bir zərbə daha, ikincisi! Və budur, toyuğun döş hissəsi artıq əlimdədir! Əti Məsmə xalanın həftəbecər qazanına salaraq, yaxşıca islatdım: “Üzr istəyirəm, Məsmə xala, amma yeməyinizi korlamağa məcburam!”
Artıq növbəti dəqiqələrdə mən pilləkənlərin son pillələrində dayanaraq ehtiyatla Saymazı çağırırdım:
- Saymaz! Hardasan?
Zəncirlənmiş itin zingiltiyə bənzər hənirini duydum, rahat nəfəs alaraq, darvazaya doğru addımladım:
- Hə, zəncirdəsən? Yazıq heyvan, yəqin heç nə yeməmisən! Ev yiyələrinin başı bizim “qonaqlığımıza” o dərəcədə qarışıb ki, səni yedizdirməyi belə unudublar!
Nəvazişlə, az qala it hürməsin deyə, onu yalvarışla dilə tutaraq, qarşısına əlimdəki həftəbecərli toyuq ətini atdım. İt bir göz qırpımında əti havada tutdu.
Mən rahatlıqla nəfəs aldım. Buzlar kraliçasının Qay adlı qəhrəmanı yuxuya apardığı qəflət yuxusuna gedən Daşanın “özündəngetmə” prosesini nəzərə alsaq, Saymaz üç dəqiqəyə artıq dərin yuxuya getməli idi! Lakin bu hal daha az vaxt apardı. İki dəqiqə keçmədi ki, it Daşadan bətər tirtap yerə sərildi.
Mən yenidən evə doğru qayıdaraq, Daşanı ardımca sürüməyə başladım. Dəmir darvazaları ehtiyatla açaraq, onları yenidən arxamca bağlamağa çalışmadım; bu olduqca çox vaxt aparacaqdı; fikrim tez bir zamanda meşəlik zolağından keçərək, əsas yola çıxmaq, buradan adi yol maşını ilə birbaşa Bakıya gəlmək idi.
Çantalarla bərabər Daşanı daşımaq olduqca çətin idi; hərdən ikimiz də qaranlıqda yıxılır, sonra yenidən mən qızı sürüməyə başlayırdım:
- Bax, Daşa, dostluğumuza baxmayaraq, sən mənim əziyyətlərimi görmürsən! Ya özünü yuxululuğa vurursan, ya da əsas məsələdə başlayırsan ki, bütün çətinliklər mənə görədir! İndi cavab ver, dostum, kim kimi qaranlıq meşədə belində daşıyır?
Təbii ki, Daşadan səs çıxmırdı. Belə də iş olar? Fövqəltəbii Daşa, astral dünyanın şahzadəsi, İblisin özünü belə ram edən varlıq indi halsız bir vücuddur!
- İlahi, bu qıza mütləq həkim çağırmaq lazımdır! Amma necə?! Mən hətta harada olduğumuzu, hansı ünvanda yerləşdiyimizi belə bilmirəm! Axı mən hansı təcili yardımı iri meşə zolağına çağıra bilərəm?!
Nurgilin evinə maşınla gəldiyimiz yolu geri dönürdük. Bəlkə də yarı yolu qət etmişdik ki, mən Daşanın ürək döyüntülərini çiynimlə bədənimdə, sonra ruhumda hiss etdim. Qızı bir qədər kənara sürükləyərək, yerdə yarımoturulu vəziyyətdə kəsilmiş ağacın gövdəsinə dayadım; Daşa çətinliklə nəfəs alırdı. Gecə ikən onda müşahidə olunan xorultu indi xırıltıya bənzəyirdi. Əlimi cib telefonuma ataraq, Daşanın üzünə işıq salmağa çalışdım; Daşanın nəfəsi kəsilir, get-gedə vəziyyəti daha da pisləşirdi; qızın üzündə tədricən yaranan və çoxalan göyümtül ləkələr isə məni vahimələndirməyə bilmirdi. İblissevər dostumla bağlı Allaha çağırışımın sözün əsl mənasında yersiz olduğunu bütün şüurumla dərk edir, lakin sevmədiyim məxluqlara yardım üçün “müraciətə” nədənsə tələsmirdim.
Daşa yerlə göy arasında çırpınırdı; əlacsız qalararaq latın dilində Daşadan eşitdiyim İblisin adlarını sadalayaraq, bu qorxulu məxluqdan ona səcdə edən Daşa üçün yardıma tələsməsini istədim:
- Abezitibod, Ameleot, Avaddon, Apollion, Abbasılar, Abdustsiius, Abiqor, Abnauayu, Abrakaks, Abriell...
Daşanın dediklərinə əsasən İblisin altı min altı yüz almış altı adı var ki, yalnız altı adını söylədikdə gəlməsi üçün kifayət edir... Ard-arda Daşadan eşitdiyim adları sadalayır, qorxulu məxluqa əsgərinə yardıma tələsməsini deyirdim.
Onuncu adı səsləndirdikdə kürəyimdə qəfil yaranan ağır sancı məni fəryad etməyə məcbur etdi... Ağrı içində qovrularaq, qəfil yaranan küləyin başımın üstündə fırlandığını, dövrə vurduqca isə halsızlaşmağıma səbəb olduğunu gördüm...
Ardı var
Tarix
2021.01.12 / 00:46
|
Müəllif
Aynur Nurlu
|