Yuxarı

İki tabor mühasirədə: polkovnik yardıma getdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Mühasirənin ikinci günü artıq tabor komandiri kapitan Hüseynov onları mühasirədən çıxarmaq üçün bölük göndərildiyini bildirdi, amma çox keçmədi ki, onlara dəstək üçün tələsən birinci bölüyün şəxsi heyəti də yaxınlıqdakı əkin sahəsində mühasirəyə düşdü.

Şuşanı alınmaz qala hesab edən və bütün imkanlarından istifadə edərək şəhərin azad olunmasının qarşısını almağa çalışan düşmən Şuşakənd tərəfdən irəliləyən əks-həmlə taborunun və ona yardıma tələsən birinci bölüyün hücumunun qarşısını almaq üçün həmin istiqamətdə çoxlu qüvvə cəlb etmişdi. Əslində hücum planının birinci hissəsi baş tutmuş, düşmən aldadılmış, xüsusi təyinatlıların Daşaltı, Muxtarkənd, Şuşa qalası və digər tərəflərdən Şuşaya qalxması üçün ilkin şərait yaradılmış, amma Xankəndi və Kəlbəcər tərəfdən gələ biləcək köməyin qarşısı hələ kifayət qədər alınmamışdı. Laçın yolu da artıq xüsusi təyinatlılarımız tərəfdən nəzarətə götürülmüş, düşmən getdikcə boğulmaqda, çəmbər anbaan daralmaqda idi. Nəfəsi kəsilmək üzrə olan düşmən Şuşaya Xankəndi tərəfdən kömək göstərməyə daha çox üstünlük verir, Azərbaycan Ordusunun bu istiqamətdən irəliləməsinin qarşısını almaq üçün bütün vasitələrə əl atırdı.

Düşmənin bütün gedişlərini ciddi nəzarətdə saxlayan hərbi hissə komandiri polkovnik Nizami Mövlanov qərargah rəisi polkovnik-leytenant Fariz Rüstəmovla radio vasitəsilə əlaqə yaratdı:

- Polkovnik, xüsusi təyinatlılarımız artıq Şuşanın bir-neçə kilometrliyindədir. Bizim hərbi hissəmiz addımbaaddım xüsusi təyinatlılara dəstək verərək Şuşa şəhərinin yaxınlığında yerləşən Şuşakənd kəndinə qədər gedib çıxa biliblər. Şuşa artıq ordumuz tərəfindən mühasirəyə alınmaqdadır. Amma kapitan Hüseynovun taboru Şuşa şəhərinin girəcəyində, 1214 saylı yüksəklikdə mühasirəyə düşüb. Onlara yardıma göndərdiyimiz bölük təyin olunmuş yerə iki kilometr qalmış özləri də düşmən hücumuna məruz qalıb, irəliləyə bilmir. Kifayət qədər şəxsi heyət, silah-sursat və ərzaq təminatı ilə tam hazırlıqlı şəkildə kapitan Hüseynovun yanına tələsin. Unutmayın, kapitan Hüseynovun rəhbərlik etdiyi taborun fəaliyyəti Şuşa əməliyyatının əsas planına daxildir. Cənab Ali Baş Komandan Şuşa şəhərinin tez bir zamanda düşmən işğalından azad edilməsini əsas vəzifə kimi qarşımıza qoyub. Müharıbənin taleyi Ali Baş Komandanın tapşırıqlarını tez və qüsursuz yerinə yetirməkdən asılıdır. Dərhal hərəkətə keçin! Dayanmadan yola çıxın, tez-tez mənimlə əlaqə saxlayın!

– Oldu, cənab polkovnik!

...Doxsan nəfərdən ibarət şəxsi heyətin döyüş tapşırığını yerinə yetirmək üçün hazır olduğu haqqında məlumat verilən kimi hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Fariz Rüstəmov sıranın qarşısına çıxdı. Bu tapşırığı yerinə yetirən zaman ideoloji iş və mənəvi-siyasi məsələlər üzrə briqada komandirinin müavini mayor Valeh Mustafayev də onu müşayiət edəcəkdi. Bölük komandiri kapitan Cavad Məmmədov şəxsi heyətin sıraya düzülməsi haqqında polkovnik-leytenanta məruzə etdi. Bu zaman təchizat üzrə müddətdən artıq xidmət edən (MAXE) Azər İbrahimov qərargah rəisinin ardınca hərbi hissədən çıxaraq sıraya doğru addımlayan mayor Valeh Mustafayevə yaxınlaşıb əlindəki bağlamanı ona uzatdı:

- Cənab mayor, bu bağlamanı yolda bir ana bizə verib əsgərlərimizə çatdırmağımızı xahiş etdi. İçərisində yemək olmalıdır. Götürün, yolda lazımınız olar.

– Sağ olsun, sən də sağ ol, - deyə mayor Mustafayev bağlamanı alıb əsgər daşıyan hərbi maşının kabinəsinə qoydu.

Polkovnik-leytenant tapşırıq haqqında əsgər və zabitlərə məlumat verib “Maşınlara!” deyə əmr etdi. Əsgərlər maşınlarda yerləşincə özü də “Ural”ın qapısının dəstəyindən tutaraq ayaqaltısının üzərinə atıldı. Əsgərlər maşınlara minənə qədər gözlədi. Şəxsi heyət ard-arda düzülən zirehli əsgər maşınlarda tam yerbəyer olandan sonra kabinəyə daxil olub “İrəli!” - deyə sürücüyə göstəriş verdi.

Maşın yerindən tərpənməmiş mayor Mustafayev yetirib “maxe”nin gətirdiyi bağlamanı polkovnik-leytenanta uzatdı:

- Cənab polkovnik-leytenant, xahiş edirəm, yol boyu bu məktubla tanış olasız.

Cəld də qayıdıb polkovnik-leytenantın əyləşdiyi maşının arxasınca hərəkət edəcək maşınının kabinəsinə sıçradı. Maşınlar əsgərləri təyin olunmuş yerə qədər aparıb geri dönəcək, yolun qalan hissəsini isə bölük meşə və dağ yolu ilə piyada gedəcəkdi. Təyin olunmuş yerə günün ikinci yarısı, saat dörd radələrində çatdılar. Həmin yerdə artilleriya batareyası mövqe tutduğundan onlara sursat aparan maşınlar da əks-həmlə taborunun kalonuna qoşulmuş, qərargah rəsinin rəhbərliyi ilə hərəkət edirdi...

Əsgərlər maşınlardan atılıb dərhal da sıraya düzüldülər. Qərargah rəisi artıq bir-iki saatdan sonra qaranlıq düşəcəyinə, qaranlıqda hərəkətin daha da çətinləşəcəyinə baxmayaraq, “Siyasi rəhbər, xahiş edirəm hərəkətə başlamazdan əvvəl Şəfəq bacımızın göndərdiyi sovqat və məktubun məzmunu ilə şəxsi heyəti tanış elə” - deyə əlindəki bağlamanı mayor Mustafayevə qaytardı:

- Qoy bilsinlər, arxadakı ana və bacılarımızın ürəkləri və duaları onlarladır.

Mayor Mustafayev bağlamanın içərisindəki zərfdən məktubu çıxarıb bir əlində bağlama, digər əlində də məktub havada yelləyərək üzünü əsgərlərə tutdu:

- Əsgərlər, səfərə çıxmazdan əvvəl maxe Azər İbrahimov yaxınlaşıb bu bağlamanı mənə verdi. Döyüşə girməzdən əvvəl bu bağlama haqqında sizi məlumatlandırmağı vacib hesab edirəm. Bu məktubu bağlamadakı sovqatla bir ana, bir əsgərin həyat yoldaşı bizə göndərib. Həmin ananın, Şəfəq bacımızın, ümidi bizə olan, iki körpə balası ilə ac qalıb öz ruzisini bizə göndərən bir əsgərin həyat yoldaşının məktubunu sizə oxuyacam. Diqqətlə qulaq asın:

“Salam, Əsgər qardaşım!

Bu məktubu uzaq bir dağ kəndindən dörd yaşlı bir oğlan və altı yaşlı bir qız uşağının anası yollayır sizə. Umidlə Fidanın da atası sizin kimi bir əsgərdir, qardaşım. Müharibə başlayan ilk gündən könüllü olaraq davaya yollandı. Bir aya yaxındır gedib, amma bu bir ayda yalnız iki dəfə bizimlə danışa bilib. Qalib gələcəyimizi deyib, amma qayıdıb qayıtmayacağını deməyib. Hər şeyə hazır olmağımı istəyib. Təki Vətən sağ olsun, deyib. Bu gün də körpələrimin əlindən tutub yola çıxacam. Torpaqlarımızı sizin kimi qoruyan əsgərlərimizi yola salmaq və bu bağlamadakı bir loxma ruzini onlarla sizə göndərmək üçün. Sağ olsunlar, bizi heç vaxt qırmırlar, maşını saxlayıb mənim və mənim kimi ürəkləri sizin yanınızda olan kəndçilərimin sizin üçün hazırladıqları bağlamaları alıb sizə çatdıracaqlarına söz verirlər. Bu bir tikə ruzi qarnınızı doyurmayacaq, əlbəttə. Amma bunu sizə göndərməkdə israr edən Ümidimin də, Fidanımın da ümidləri Sizədir, qardaş, yalnız Sizə. Kəndimizin ağbircəyi Xatun nənənin də, ağsaqqalı Şirxan babanın da, həyat yoldaşını cəbhəyə göndərən mənim kimi neçə-neçə gəlinlərin də, bacıların da ümidləri Sizədir, qardaş, yalnız Sizə. Allah Sizinlə olsun, inşallah! Bizi göz yaşına öyrəşdirməyin, qardaşım, Allah eşqinə! Qələbə ilə qayıdın, sağ-salamat qayıdın! Düşmənlərimizi torpaqlarımızdan qovub qayıdın. Dualarımız sizinlədir, qardaşım! Allah yardımçınız olsun.

Ümidlə Fidanın anası, bacınız Şəfəq”.

Siyasi rəhbər kövrəldiyini əsgərlər hiss etməsin deyə, məktubu tez-tez ara verməklə, təmkinlə oxuyub susdu. Və qəmgin baxışlarını dolmuş gözlərini ona zilləyən əsgərlərdən yayındırıb bir daha bağlamanın içərisindəki sovqata baxdı. Bağlamaya iki qaynadılmış yumurta, iki qaynadılmış kartof, arasına pendir qoyulmuş bir tikə çörək və səliqə ilə kağıza bükülmüş bir çimdik duz qoyulmuşdu. Uzun-uzadı sürən sükutu polkovnik-leytenant Fariz Rüstəmov pozdu:

- Siz nə kimi müqəddəs bir amal uğrunda döyüşdüyünüzü yəqin yaxşı bilirsiz. Bu ananın, bu bacımızın bizə göndərdiyi məktub, əslində hər birimizə bir çağırış, bir xəbərdarlıqdır. Baxın, biz bu qeyrətli bacılarımızın, qeyrətli analarımızın, gələcəyimiz olan Fidanla Ümidin uğrunda, belə övladları, belə anaları olan Vətən uğrunda, torpaq uğrunda döyüşə gedirik. Bacımız ümidlərinin bizə olduğunu yazır, anamız yalnız bizə güvəndiklərini yazır, bizim onların ümidlərini doğrultmaqdan başqa yolumuz yoxdur, əsgərlər. İndi baxın, bizim arxamızda kimlər, qarşımızda kimlərdir? Arxamızdakı bu böyük xalqın uğrunda “uf” belə demədən ölməyə və öldürməyə dəyər, yüz dəfə dəyər, min dəfə dəyər. Qarşımızdakı bu mənfur, şərəfsiz düşməni də öldürməyə yüz dəfə dəyər, min dəfə dəyər, onlar artıq bunu haqq etmişlər. Baxın, əzizlərim, baxın, aslanlarım, arxamızda olan bu böyük, bu müdrik, bu alicənab, bu şərəfli xalqın uğrunda öldürməyə, lazım gələrsə, ölməyə gedirik biz! Qarşımızdakı bu mənfur, bu şərəfsiz düşməni isə məhv etməyə gedirik!..

Qərargah rəisi susdu. Üzünü siyasi rəhbərə tutub hərəkətə başlamaq üçün komanda verməsini gözlədi. “Azad” komandasında farağat durmuş əsgərlərin gözlərində parlayan qığılcım mayor Mustafayevə də təsir etmişdi. Əsgər anasının yazdığı sözlərin təsirindən hələ də qurtula bilməyən mayor əlavəyə ehtiyac duymadı:

- Sağa dön! – deyə ucadan göstəriş verdi: - Qarşıdakı ağacların altında oturub buradakı işlərimizi bitirinə qədər gözləmək üçün iyirmi addım irəli, marş! - deyə komanda verdi.

Sığnax kəndinin sağ tərəfindəki cığırı adlayıb meşəyə girəcək, sıx meşə və qayalıqlardan keçməklə ən qısa yolla Şuşakəndə varacaqdılar. Amma yola düşməzdən əvvəl artilleriya batareyasının komandiri ilə görüşüb, gətirdikləri sursatı təhvil verməli və onu təlimatlandırmalı idilər. Bu zaman UAZ markalı maşının artilleriya batareyasının komanda məntəqəsinə yaxınlaşması qərargah rəisi polkovnik-leytenant Fariz Rüstəmovun diqqətini cəlb etdi. Sual dolu nəzərlərini Mayor Mustafayevə cevirdi. Siyasi rəhbər:

- Korpusun siyasi məsələlər üzrə müavinidir, Fariz, Elşad müəllimdir gələn, - deyə məlumat verdi. – Yaxşı, gedək onu qarşılayaq, sonra yolumuza davam edərik.

-Polkovnik-leytenant Rüstəmov mayor Mustafayevin cavabını gözləmədən korpusun siyasi rəhbəri polkovnik Elşad Əbilovun maşınının dayandığı yerə istiqamət aldı. Onun uzaqlaşdığını görən təchizatçı gizir qaçaraq arxadan qərargah rəisinə yaxınlaşıb:

- Cənab polkovnik-leytenant, 120 minaatanlara gətirdiyimiz mərmiləri hara boşaldaq? – deyə soruşdu.

Polkovnik-leytenant Rüstəmov dərhal batareya komandiri ilə əlaqə saxlayıb mərmilərin təhvil alıb yerləşdirilməsini tapşırdı. Özü isə tələsik addımlarla korpus komandirinin müavininə yaxınlaşdı. Komandir müavini qərargah rəisinin məruzəsini döyüşdən geri qayıdan yaralı əsgərlərlə söhbətini kəsmədən, yüngülcə polkovnik-leytenanta qulaq verməklə dinlədi. Və baxışları ilə işlərinin nə yerdə olduğunu soruşdu. Polkovnik-leytenant eyni qayda ilə qısa məlumat verdikdən sonra korpus komandirinin müavini yoluna davam etməsini bildirib yenidən bir-bir əsgərlərlə sorğu-suala keçdi...

Buludların arxasında gizlənən payız günəşinin xəsisliklə yaydığı şəfəqləri yay kimi səmaya doğru dartılır, ziyasını da özü ilə bərabər yuxarı çəkir, dağ-daşın, ağacların kölgələri işıqsızlıqda yox olub torpağa qarışırdı. Bir azdan tam yox olub gedəcək, görünməzlik başlayacaqdı. Polkovnik-leytenant Rüstəmovu isə Şuşakənd ətrafında mühasirəyə düşmüş kapitan Ülvi Hüseynovun düşmənə qarşı günlərlə ac-susuz mübarizə aparan taboru gözləyirdi. Tələsməli, qaranlıq çökmədən yola düşməli, səhər gün çıxmadan özünü 1214 yüksəkliyinə çatdırmalı idi...

Qəfil partlayışın səsindən arxaya çevrildi. Düşmən mərmi dolu yük maşınını nişan almış, amma mərmi yük maşınının bir-neçə metrliyində partlamış, maşından boşaldılıb yan-yana yerə düzülmüş mərmi yeşiklərindən biri alovlanmışdı. Gözləri ilə mayor Mustafayevi aradı. Mayorun qaçaraq ona yaxınlaşdığını görüncə dərhal taboru meşəyə, təhlükəsiz yerə çəkib döyüşə hazır olmalarını əmr etdi. Mayor Mustafayev cəld taborun artilleriya atəşindən sonra dərhal mövqeləndiyi əraziyə qaçdı. Polkovnik-leytenant Rüstəmov ərazini müşahidə etməklə düşmənə cavab atəşinə hazırlaşan minaatanlara tərəf yüyürdü. Onu bu dəqiqə korpus komandirinin müavini narahat edir, düşmənin yüksək rütbəli Azərbaycan zabitini nişan ala biləcəyi əndişələndirirdi. Polkovnik Elşad Əbilovun mühafizəçiləri ilə bərabər yaralıları nisbətən təhlükəsiz yerə çəkdiyini və daha güvəndə olduğunu, minaatanların isə əks həmləyə başladığını görüb arxayınlaşdı. Çevrilib artilleriya zərbəsindən sonra alışmağa başlayan mərmi yeşiklərinə tərəf getmək istədi. Bu zaman düşmən ardıcıl olaraq qarşı və sağ tərəfinə daha iki artilleriya zərbəsi endirdi. Minaatan batareyasının yaxınlığında partlayan mərmi minaatanları müvəqqəti olaraq susmağa məcbur etdi. Ardınca isə qarışıq səslər eşidildi. Minaatanlardan şəhid olan, yaxud yaralanan olduğunu düşünən polkovnik-leytenant cəld onların yanına yüyürdü. İkisi ağır olmaqla üç əsgər yaralanmışdı. Boğazını qəlpə parçalamış əsgər əlini yarasının üstünə sıxıb xırıldayır, sanki əli ilə boğazından fışqıran qanı dayandırmaq istəyir, yalvarış dolu baxışları ilə ətrafındakılardan kömək diləyirdi. Müxtəlif yerlərindən qəlpə yarası alan digər iki yaralı isə dartınaraq durmağa çalışır, düşmənin növbəti zərbələrindən qorunmaq üçün yerlərini dəyişməyə cəhd edirdilər...

Ardı BURADA

Tarix
2021.11.15 / 08:30
Müəllif
Etibar Muradxanlı
Digər xəbərlər

Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh

MDB ölkələri adi silahlara nəzarəti müzakirə etdilər

Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb

ABŞ Azərbaycanın bu öhdəliyini yüksək qiymətləndirir

Bu seçki dairələrinin hüdudlarına dəyişiklik edildi

Bakı və İrəvan arasında sülh sazişi... – Gülər

Gələn il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri...

AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video

“Politiko” dezinformasiya yaymaqda davam edir - Hacıyev

Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla