Bu gün böyük dramaturq, şair Hüseyn Cavidin doğum
günüdür.
Axar.az xatırladır ki, Cavid Əfəndi 1882-ci il oktyabrın 24-də
Naxçıvanda dünyaya gəlib. Ədəbiyyat tariximizdə ilk mənzum faciə
("Şeyx Sənan") və ilk mənzum dramın ("Ana") müəllifi olan Hüseyn
Cavidin yaradıcılığı lirik şeirlər, lirik-epik, epik poemalar, dram
əsərləri ilə zəngindir. Şairin "Keçmiş günlər" adlı ilk şeir kitabı
1913-cü ildə çap olunub.
XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsi hesab
olunan Cavid daha çox dramaturq kimi tanınmış, teatrda "Cavid
mərhələsi" başlatmışdı.
Cümhuriyyətin yıxıldığı ildə yazdığı "İblis" faciəsində Hüseyn
Cavid Sovet totalitar rejiminin iç üzünü açıq-aydın göstərib. Cavid
təkcə ədib kimi yox, insan kimi çox böyük idi.
20-30-cu illərdə daha çox tarixə müraciət edərək "Peyğəmbər",
"Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi tarixi dramlar yazır. Bu
dramlarda, xüsusilə, "Peyğəmbər" əsərində Cavidin tarixi
şəxsiyyətlərə tamamilə fərqli baxış bucağını görmək mümkündür.
Hüseyn Cavidin istedadlı gənclərə xüsusi məhəbbəti vardı. O,
Mikayıl Müşfiqi, Səməd Vurğunu xüsusi ilə çox sevirdi. Bir dəfə
Cavidin yanına çoxlu gənc şair gəlir. Ona pərəstiş edən şairlərdən
biri deyir:
− Cavid müəllim, sizin yanınıza çox adam gəlir. Onlar sizin
işləməyinizə mane olmurmu? Siyahı tərtib edin, kim lazımsa, ancaq
onları buraxın.
Cavid gülümsəyir:
− Onda siyahıya iki gəncin adını yazın: Mikayıl Müşfiq, Səməd
Vurğun…
− Bəs niyə Səməd Vurğun?
− Səmədin şeirləri rəvandır, bulaq kimi axır… Onun simasında mən
gələcəyin böyük sənətkarını görürəm…
− Cavid müəllim, axı, o, səliqəsizdir, geyinib-kecinməyinə fikir
vermir.
Hüseyn Cavid gülür:
− O da şairin bir məziyyətidir.
Hüseyn Cavid sevgi və gözəllik şairi idi, amma bu sevgidə
bayağılıq, yoruculuq olmadığına görə o, bu gün də müasirdir.
Tanrısı gözəllik, sevgi olan şair humanist, tolerant düşüncə
sahibi olub. Ömrünün sonuna qədər ideallarına sadiq qalan Cavid
əfəndini yaşamağa qoymadılar.
Totalitar quruluşun "uğur"larından yazmaq istəməyən Hüseyn Cavid
Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun
qaçırır və buna görə də Sibir buzlaqlarına, Maqadana sürgün edilir.
1941-ci il dekabrın 5-də gözlərini əbədi yumur.