Son zamanlar dünyanın böyük dövlətləri Cənubi Qafqazda
diplomatik fəallığı artırıblar.
Qərb dövlətləri, Rusiya, Türkiyə, İran kimi ölkələr müəyyən
addımlar atırlar. Artıq Almaniyanın və Rusiyanın xarici işlər
nazirləri regionda olublar. ABŞ-ın dövlət katibi Con Kerri də
regiona gəlib. Rusiya və İran prezidentlərinin gələn ay Bakıya
səfəri gözlənilir. Bundan başqa, Fransa Azərbaycan və Ermənistan
prezidentlərinin görüşünü təşkil etməyə çalışır. Avqustda Rusiya və
Türkiyə prezidentlərinin də görüşü nəzərdə tutulur. Bütün bunlar
Cənubi Qafqazda geosiyasi və hərbi vəziyyətə, o cümlədən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
məsələsinə ciddi təsir göstərə bilər. İndi bir sıra böyük dövlətlər
bu problemin real həllində maraqlıdırlar. Bunların fonunda region
ölkələrinin diplomatik addımları maraq doğurur. Bakı təmkinli,
müstəqil və ədalətli siyasətini davam etdirirsə, Ermənistan
rəhbərliyi özünün yaratdığı siyasi-diplomatik bataqlıqda çırpınır.
Onun məntiqsiz və qeyri-konstruktiv addımları artır. Bunun fonunda
regionda proseslərin proqnozlaşdırılmasına yeni ehtiyac yarandığını
düşünmək olar.
Siyasətçilərin İrəvana səfərləri: real vəziyyət və
erməni incikliyi
Ermənistan siyasi mühiti yenidən qarışıb. Almaniyanın xarici
işlər naziri Frank-Valter Ştaynmayerin, Rusiya xarici işlər naziri
Sergey Lavrovun regiona səfərləri, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) İrəvandakı tədbiri və NATO-nun
Varşava Sammiti rəsmi İrəvanın əhval-ruhiyyəsini korlayıb. Qərb
ölkələri və Rusiya diplomatiyasının Cənubi Qafqazda fəallaşması
özlüyündə əhəmiyyətli prosesdir. Çünki burada uzun illərdir ki,
həllini tapmayan və regional inkişafa mane olan, qlobal
təhlükəsizliyə təhdidlər yaradan münaqişələr var. Onların ədalətli
həlli zamanın tələbidir. Lakin Ermənistan rəhbərliyini də qorxudan
məhz bu həqiqətdir.
Faktlara müraciət edək. Almaniyanın xarici işlər nazirinin
regiona səfəri öncəsi erməni KİV-ləri Azərbaycan və Türkiyənin pis
vəziyyətə düşdüyündən və guya beynəlxalq ictimaiyyətin artıq
onlardan haqq-hesab tələb etdiyindən yazır, bunun fonunda
Ştaynmayerin İrəvanı rahatlada biləcək fikirlər söyləyəcəyini
proqnozlaşdırırdılar.
Ancaq bu ümidlər özünü doğrultmadı. Almaniya rəsmisi Ermənistana
hər hansı vəd vermədi, onu dəstəkləyəcəklərindən danışmadı. Əksinə,
Ermənistana artıq münaqişənin həlli üzərində düşünməli olduğunu
vurğulayan Ştaynmayer status-kvonun dəyişməli olduğunu da açıq
bildirdi. Təbii ki, bu mesaj erməni separatçıların xoşuna gəlməyib.
Lakin bu sözlərdən cəmi bir neçə gün sonra KTMT üzvləri də İrəvanı
pərt ediblər (bax: Ованнес Мандакуни. Армения в кандалах /
"1in.am", 5 iyul 2016).
Belə ki, bu təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin
İrəvan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul
edilən bəyanat erməniləri razı salmayıb. Orada bildirilir ki, Vyana
və Sankt-Peterburq danışıqlarında əldə olunan razılığa əməl
edilməli, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətlərinə dəstək
artırılmalı və Helsinki Yekun Aktının prinsipləri yerinə
yetirilməlidir (bax: əvvəlki mənbəyə).
Göründüyü kimi, normal şərtlərdir. KTMT faktiki olaraq
beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə ifadə edilən
müddəalardan kənara çıxmayıb. Burada əlavə olunan prezidentlərin
son aylar təşkil edilmiş Vyana və Sankt-Peterburq görüşləridir. Bəs
ermənilər nədən narazıdırlar?
Sən demə, onlar uzun illərdir apardıqları xarici siyasətin
dalana dirənməsindən bərk narahatdırlar. Konkret desək, İrəvan
KTMT-dən açıq hərbi dəstək gözləyir və eyni zamanda, Azərbaycanın
ittiham olunmasını tələb edir. Onlar misal da göstərməyə çalışırlar
ki, Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) birbaşa müdafiə edir (bax:
əvvəlki mənbəyə). Ermənistanın üzv olduğu KTMT isə neytral mövqe
tutur.
Rəsmi İrəvanın gizlətmək istədiyi əsas məqam bu fikirlərdə əks
olunub. Məsələ ondan ibarətdir ki, beynəlxalq təşkilatlar məhz
Azərbaycanı deyil, haqqı, ədaləti, Azərbaycanın haqlı mövqeyini
müdafiə edir. Onlar bir şeyi deyirlər: işğalçı zəbt etdiyi
Azərbaycan ərazilərindən çıxmalıdır. Həm də bunu İƏT və türkdilli
ölkələrin ortaq təşkilatından əvvəl BMT, ATƏT, Avropa İttifaqı,
NATO, AŞPA və başqa beynəlxalq təşkilatlar deyiblər. Bunlar isə
"türkpərəst" qurumlar deyil, əksinə, Qərbin (əsas olaraq ABŞ-ın)
diktəsi ilə fəaliyyət göstərən təşkilatlardır.
Vassallıq və cahillik: ermənilərin iki xüsusiyyəti
haqqında
Digər tərəfdən, maraqlıdır, KTMT Dağlıq Qarabağla bağlı nəyi
deməlidir ki? Yəni İrəvanı təcavüzkar əməllərinə görə tərif
etməlidir və ona bu işdə hər cür yardım göstərəcəyini
bəyanlamalıdır? Onsuz da Rusiya Ermənistana lazımi qədər hərbi
sursat verir. Əslində, rəsmi İrəvan yaranmış vəziyyətdə hiss edir
ki, məğlubiyyət qapının ağzındadır. Ondan öz gücünə yaxa qurtara
bilməyəcək. Bu səbəbdən əlacı yalnız KTMT-yə qalıb. Ona yalvarır,
gah da küsür, yaxud diplomatik gedişlər etməyə çalışır. Hələlik
Ermənistan rəhbərliyinin bütün cəhdləri boşa çıxır.
O biri tərəfdən də Qərbin İrəvana arxa duracağına erməni
ekspertlər inanmırlar. Bunun iki mühüm səbəbi göstərilir.
Birincisi, Ermənistan öz geosiyasi seçimini məlum "2013-cü il 3
sentyabr" tarixində edib. Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil
olmaqla, İrəvan həmin andan strateji məqsədini müəyyənləşdirib.
İkincisi, Ermənistan real olaraq suveren dövlət deyil. Onun
tamamilə Moskvadan asılı olduğunu heç kəs gizlətmir. Bu səbəbdən
Rusiya rəhbərliyinin Azərbaycanla əməkdaşlığı gücləndirməsi
birmənalı şəkildə Ermənistanda antierməni addım kimi
qiymətləndirilir. Təbii ki, reallıqda belə deyil.
Bütün bunları nəzərə alaraq, erməni analitik İqor Muradyan yazır
ki, "ermənilər NATO-nun düşmənidirlər" (bax: Игорь Мурадян. Армяне
– враги НАТО / "Lragir.am", 4 iyul 2016). O, fikrini konkret
faktlarla sübuta yetirir. Bu kontekstdə bir neçə tezis üzərində
dayanmağa ehtiyac görürük. Çünki onlar faktiki olaraq rəsmi
İrəvanın siyasi kimliyini və erməni cəmiyyətinin psixoloji durumunu
ifadə edir.
Erməni ekspert yazır ki, Ermənistanın aparıcı "tərəfdaşı" Rusiya
həm də Azərbaycanın dostu "çıxdı". Moskva başqa dövlətlərdən silah
almağa imkan vermir. Belə çıxır ki, erməni siyasi şüurunda "Rusiya
Ermənistanla elə yaxınlıq etməlidir ki, hər məsələdə tamamilə
anti-Azərbaycan mövqeyi tutsun" kimi bir ehkam kök salıb. Müasir
siyasətdə bu, yalnız istehza doğura bilən özünüaldatmadır.
Sonra, Ermənistanın keçmiş müdafiə nazirinin ölkənin suverenliyi
haqqında zəhlətökən danışıqları blefdən başqa bir şey deyil. O, "öz
xidməti tarixçəsinə nəzər salsa", bu fikir aydın olar (bax: əvvəlki
mənbəyə).
Daha maraqlısı bunlardan sonra gətirilən fikirdir. Analitik
vurğulayır: "Ermənistan rəhbərliyi əhalinin səssiz razılığı ilə
ölkəni tam aciz duruma gətirib və onu qanuni vassal vəziyyətinə
salıb". Hətta NATO Ermənistanı suveren dövlət hesab etmir (bax:
əvvəlki mənbəyə).
Nəhayət, bütün bunların əsas səbəbi erməni cəmiyyətinin bir
xüsusiyyəti ilə bağlıdır. Belə ki, "ermənilər aztəhsilli (yəni,
cahil – müəllif) xalqdır və bu vəziyyətdən necə xilas olmağı
təsəvvür edə bilmir. İndi razılaşmaq lazım gəlir ki, artıq seçim
olmayacaq. Bəlkə də gözlənilənlərdən də pis zaman gəlir" (bax:
əvvəlki mənbəyə).
Bu tezisləri ümumiləşdirsək, görərik ki, Ermənistan rəhbərliyi
və cəmiyyəti bir-birini tamamlayır – cahil cəmiyyət vassal liderlər
yetişdirər! Hazırkı vəziyyətdə erməni cəmiyyəti öz məhdud və
radikal dünyagörüşü əsasında Serj Sarkisyan kimilərin rəhbərliyinə
razı olub, əvəzində, başqa dövlətdən tam asılılıq "qazanıb"! Belə
bir ölkəyə Ştaynmayer, yaxud Lavrovun səfərləri nə verə bilər?
Onlar Ermənistanı vassallıqdan və ağlabatmayan, məntiqsiz xarici
siyasət kursundan necə xilas edə bilərlər? Misal var, "çayda batanı
yalnız özü qurtara bilər"!
Konkret desək, rəsmi İrəvanın KTMT-dən, yaxud Moskvadan inciməyə
haqqı yoxdur. O, ilk olaraq özünü dəyişməlidir. Yəni, müasir dövrün
tələblərinə uyğun siyasət kursu götürməlidir. Burada beynəlxalq
hüquqa sözsüz əməl edilməli, başqa ölkələrə qarşı təcavüzkar
addımlara yol verilməməlidir. Azərbaycan bu aspektdə Ermənistan
rəhbərliyi üçün nümunə ola bilər.
Beləliklə, Cənubi Qafqazda böyük dövlətlərin diplomatik
fəallığının artmasından Ermənistan rəhbərliyi bərk narahatdır.
Ancaq o, necə davranmağı müəyyənləşdirə bilmir. Xaotik surətdə gah
havadarlarına yalvarır, gah onlardan küsür, gah da Azərbaycanı
ittiham etməyə çalışır. Reallıq isə birdir. O, tələb edir ki,
İrəvan konstruktiv siyasət yeritsin. Əks halda, Ermənistan özünün
yaratdığı xaos bataqlığında batacaq.
Newtimes.az