Dəyərli araşdırmaçı alimimiz Qafar Çaxmaqlı ilə ilk tanışlığım
təxminən on il əvvələ təsadüf edir. Elə müsahibə almaq üçün iş
otağında görüşmüşdük onunla. Maraqlı həmsöhbət olduğunu qeyd etməyə
ehtiyac duymuram. Söhbətimizin məntiqi nəticəsi olaraq Qafar
müəllimin rəhbərliyi ilə ölkəmizdə bir ermənişünaslıq mərkəzinin
yaradılmasına ehtiyac olduğu qənaətinə gəldik. Qafar müəllim bu
ideyanın bir hissəsini Bakı Dövlət Universitetində həyata keçirməyə
nail oldu. İlkin olaraq laboratoriya formasında elmi araşdırmalara,
erməni dilinin öyrənilməsinə start verildi. Lakin sonradan onun bu
işləri yarımçıq qoyaraq öz ideyalarını, araşdırmalarını qonşu
Türkiyədə davam etdirməyə getdiyi xəbəri yayıldı. Bu günlərdə
Bakıya gəlməsi xəbərini aldıqda onunla görüş fürsətini əldən
vermədən müsahibəyə razılıq aldım. Söhbətə də elə köhnə yeni
ideyanın reallaşması üçün gördüyü işlərlə başladıq:
- Mən peşəkar jurnalistəm. Bir gün də olsun jurnalistikadan
ayrılmamışam. Yəni jurnalistika fakültəsini bitirəndən indiyə qədər
hər gün jurnalistika ilə məşğul olmuşam, məqalələr, kitablar
yazmışam. Bir neçə qəzetin rəhbəri olmuşam. Sonra Bakı Dövlət
Universitetin mətbuat xidmətinin rəhbəri olmuşam. Məzunu olduğum
jurnalistika fakültəsində dərs demişəm. Amma elmi araşdırmalar
sahəsində müəyyən işləri görməyi bunların hamısından daha faydalı
hesab etmişəm. Vətənimə az da olsa faydam dəyə bilər deyə, bu
sahəyə meylim daha çox olub. Ona görə də erməni məsələsinə həsr
olunan disertasiya müdafiə etmişəm, fəlsəfə doktoruyam. Erməni
dilini bildiyimə görə, Ermənistanı yaxşı tanıdığıma görə. Çünki mən
orada doğulub böyümüşəm, yaşamışam, o insanları tanımışam, onların
milli-psixoloji durumlarını bilmişəm. Onların düşüncə sistemləri,
ideolojiləri və insana münasibətlərini görmüşəm. Ona görə hiss
etmişəm ki, bu sahədə mən bizim xalqı bir az maarifləndirə, bilgi
verə bilərəm. Ermənilərin ideolojilərini, təlimlərini,
nəzəriyyələrini ifşa etməklə bu dövlətə, millətə, ümumiyyətlə türk
millətinə faydam toxuna bilən. Ona görə bu işin dalınca
getmişəm.
Yarımçıq qalan ideyalar
- Bəs niyə bu işləri Azərbaycanda yox, Türkiyədə həyata
keçirməyə üstünlük verdiniz?
- Türkiyədə tez-tez konfranslarda, simpoziumlarda, panellərdə
iştirak etmişəm. Görmüşəm ki, Türkiyədə də erməninin nə olduğunu
bilmirlər. Erməni məsələsində onlar da siyasətlərini erməni
ideolojisinə uygun qura bilməyiblər. Və buna yardımım toxunsun
deyə, orada da fəaliyyətimi genişləndirmişəm. Mənim Türkiyədəki
fəaliyyətim təqdir olunub və işləməyə dəvət etdilər. Birinci dəfə
1999-cu ildə Türkiyəyə dəvət olundum. Və Baş bakanlıqda Ermənistan
məsələləri üzrə müşavir kimi fəaliyyət göstərdim. Sonra Qarsda bir
müddət qaldım. Həmin dövrdə yenə də Türkiyədə araşdırma yazılarım
çap olundu. "Qars adlı Vətən" adlı kitabımı da oralara həsr
etmişəm. Kökən olaraq mən özüm Qarslıyam. Yəni mənim babamlarım
orada olub. Babamın qəbri də Qarsın Kırac kəndindədir. Gedib onu da
ziyarət etmişəm. Sonra müəyyən zaman kəsiyində Azərbaycana dəvət
olundum. Gəlib burada müəyyən faydalı işlər görə bilərəm deyə. Amma
burada o ilgini, yanaşmanı görməmişəm. Sizin yadınızdadırsa, o
zaman "Ermənişünaslıq mərkəzi yaradılmalıdır" təşəbbüsünü irəli
sürmüşdük. Əsas məqsəd o idi ki, Azərbaycanda bu məsələyə önəm
verilsin. O vaxtdan indiyə qədər mən həmişə hesab eləmişəm ki, biz
ermənilərin bizə qarşı apardığı ideoloji müharibədə uduzuruq. Mən
bu fikirdəyəm. Çünki onlar bu sahədə institutlaşma işini görüb başa
çatdırıblar. Və 20-dən artıq araşdırma mərkəzi var ki, həm
Azərbaycanı, həm Türkiyəni öyrənir. Stratejilərini müəyyən edirlər.
Amma Azərbaycanda belə mərkəzlər yoxdur. Mən həmin illərdə
Universitetdə bir mərkəz yaradılmasına təşəbbüs göstərdim. Ondan da
bir şey çıxmadı. Hazırda orada belə bir laboratoriya var, lakin mən
istədiyim səviyyədə olmadı. Tarix fakültəsinin regionşünaslıq
bölməsində erməni dili tədris olunur. Amma Türkiyədə açılan
ermənişünaslıq kafedrası tamamilə bundan fərqlidir. Orada sırf
Ermənistan və erməni dili üzrə mütəxəssislər hazırlanır. Burada isə
sadəcə dil öyrədilir, dərs keçilir. Mən hesab etmirəm ki, həmin
məzunlar erməni dilini mükəmməl bilirlər. Amma Türkiyədə Kayseri
Ərciyəz Universitetində təməlli olaraq bir kafedra yaradılıb.
İxtisaslı araşdırmaçılara ehtiyac var
- Bəs orada yaradılan Strateji Araşdırmalar Mərkəzi nə
işlər görür?
- Burada təhsil alan tələbələr erməni dilini, onların tarixini,
erməni məsələsini, ermənilərin iddialarını öyrənməklə məşgul
olurlar. Hər kursda 15-20 nəfər tələbə təhsil alır. Bu Türkiyədə də
bir ilkdir. Bununla yanaşı Ərçiyəz Universitetində bir strateji
araşdırma mərkəzi də quruldu. Mərkəzin əsas məqsədlərindən biri
ondan ibarətdir ki, təkcə erməni məsələsi deyil, Qafqaz, Yaxın Şərq
üzrə mütəxəssislər hazırlamaqdır. Şübhəsiz ki, dili bilmək
vacibdir. Orada təhsil alanların əksəriyyəti 30 yaşadək olan
gənclərdir. Onlardan ingilis dili ilə yanaşı, erməni, gürcü, rus,
ibrani və ya başqa dilləri bilmələri tələb olunur. Bu onların həmin
sahələri yaxşı araşdıra bilməsini təmin edir. Sadəcə olaraq kimsə,
iş yeri əldə edim deyə oraya gəlsə, onu götürməzlər. Türkiyədə
həmin Strateji Araşdırma Mərkəzinə müsabiqə yoluyla ən layiqli
adamlar seçilib götürülür. Gələcəkdə onun da bəhrəsini
görəcəyik.
Ərciyəz Universitetindəki araşdırma mərkəzi araşdırmaçıları işə
götürür. Həm də onlar burada karyeralarını qurmaq üçün doktorluq
işlərini yazırlar. Eyni zamanda hərə öz sahəsində araşdırmasını
aparır. Biz eyni vaxtda hər şeydən başlamağa öyrəşmişik. Amma
kapitalist olkələrində bir sahənin kamil mütəxəssisi olmaq tələb
olunur. O biri məsələlərə də qarışmır. Əgər bir nəfər Yaxın Şərq,
Suriya üzrə araşdırmaçıdırsa, daha Misir məsələsinə qarışmır. Eləcə
də erməni məsələsi ilə məşğul olan şəxs Rusiya məsələlərinə
qarışmır. Ümumi anlayışı ola bilər, ancaq onun öz araşdırma sahəsi
olduğundan başqa sahələrdə iş görmür. Biz Azərbaycanda da belə bir
mərkəz yaratmaq istəyirik. Türkiyədə bu sahədə olan qurumlarla
Azərbaycanda olan qurumların əlaqələrini qurmağa çalışıram. Bu
sahənin uzmanlarını bir araya gətirmək üçün təbdirlərin
keçirilməsinə çalışırıq. Çalışırıq ki, ömrümüzün bizə verilən
dövründə millətimiz üçün faydalı olaq.
Erməni ideoloqlarına zərbə
- Araşdırmalarınız əsasən, hansı
istiqamətdədir?
- İndiyədək Türkiyədə erməni məsələsinə o qədər də diqqət
yetirilməyib. Türkiyə erməni məsələsinə əlinin ardı ilə vuraraq,
ermənilərin türklərə zərər yetirə biləcəklərini düşünməyib. Sonra
gördülər ki, 1965-ci ildə Uruqvayda bir erməni milyarderi erməni
soyqırımını qəbul elətdirdi. Onun ardınca erməni soyqırımını
tanıyan düşmən ölkələrin sayı artıq 20-ə çatıb. Bizim böyük
liderlərdən biri həmişə ən zəif rəqiblə bütün gücü ilə mübarizə
aparmağı tövsiyə edirdi. Çünki düşməni zəif hesab etmək lazım
deyil. Zəif düşmən sənə elə bir yerdən zərbə vura bilər ki,
yerindən qalxa bilməzsən. Ermənilər də məhz belə etdilər. Onlar
kiçik bir millətdir, amma dünyanın hər yerinə səpələnib,
lobbiləşib, təşkilatlanıblar və ideoloji silahları var.
Yeri gəlmişkən, deyim ki, Türkiyədə mənim 2013-cü ilin
noyabrında "Armenizmdən terrorizmə: erməni düşüncə sistemləri və
ideolojiləri" adlı bir kitabım nəşr olundu. Hazırda isə "Erməni
terrorizmi və düşüncə sistemləri" kitabı üzərində işləyirəm. Bundan
başqa, Ərciyəz Universitetində "Ermənicə dərslər" adlı kitabım
dərslik kimi istifadə olunur.
- Apardığınız araşdırmalarla, keçirilən görüşlərlə nəyə
nail ola bilmisiz?
- Nəticə barədə danışmaq bir az tezdir. Onu deyə bilərəm ki,
artıq ermənilərin ideologiyalarının qarşısına çıxa bilirik.
Ermənilərin həm Türkiyəyə, həm də Azərbaycana qarşı yalan, əsassız
iddiaları var. Bunu sübut etmək üçün onlara qarşı çıxa bilirik.
İndi Türkiyədə də bu sahədə çox gözəl mütəxəssislər var. Əvvəllər
ermənilərin qarşısına tək-tək çıxırdıq, indi qrup halında çıxırıq.
İşlərimizi həmin mütəxəssislərlə əlaqələndiririk. Məsələn, erməni
ideoloqu, milli qəhrəman hesab elədikləri Qaregin Nijde Türkiyədə
tanınmır. Onun irqçi bir düşüncə sistemi var. Həmin düşüncə
sisteminin Türkiyədə bilinməsi üçün çalışırıq. Müəyyən yazılar
yazıram. Azərbaycan, türk, rus və ingiliscə məqalələrim çap olunur.
Türkiyədə Andranikin hansı qətllər, soyqırımlar törətdiyi çox
bilinmir. Bu yaxınlarda orada bununla bağlı müzakirələrimiz oldu.
Bu haqda kitab yazmağı qərara aldıq. İndi Ermənistanda ən
sevilməyən insanlardan biri mənəm. Çünki onlar bilirlər ki, zərbə
haradan dəyəcək. Onlar bilirlər ki, millətin dilini, mədəniyyətini
yaxşı bilirsənsə, onda onlara cavab vermək asan olur. Gələcəkdə bu
işlərin nəticəsini, bəhrəsini görəcəyik.
"Erməni soyqırımı"na qarşı Xocalı soyqırımı
- Türkiyənin bu məsələyə münasibəti
necədir?
- Bu ölkədə fərqli yanaşma var. Bir dövlətin öz siyasəti var,
bir də akademik çevrənin yazdıqları. Dövlət qonşularla sorun
yaşamaq istəmir, Ermənistanla qonşuluq əlaqələrini qurmaq istəyir.
Bu da təbii prosesdir. Bütün dünya dövlətləri qonşularla sıfır
sorun siyasətini yürüdür, əlaqələri normallaşdırırlar. Dövlət görür
ki, haqlıdır, ona görə bəyan edir ki, arxivləri açmağa hazırdır.
"Erməni soyqırımını" təsdiq edən heç bir fakt yoxdur. Ermənilər də
xarici ölkələrin parlamentlərinə bədii ədəbiyyatlarda yazılanlarla
çıxırlar. Türkiyə dövlətinin siyasəti budur ki, tarixdə nə olubsa,
tarixdə qalıb, bunu araşdırmaq tarixçilərin işidir. Amma ermənilər
artıq bunu bir ideolojiyə çeviriblər. Çünki erməni soyqırımı
olmasa, erməni xalqı yoxdur. Hər bir xalq özünü tanıtmaq üçün bir
məhsul buraxır, məsələn Koreya bazara maşın çıxarıb. Ermənilər nə
çıxaracaq? Ona görə də bu soyqırımla özünü tanıtmaq istəyirlər.
Məsələni alver vasitəsinə çeviriblər artıq.
Akademik çevrədə isə bu məsələ çox ciddi araşdırılır. Çox böyük
alimlər bu işi sürdürürlər. Biz də belə mütəxəssislər yetişdirməklə
məşğuluq. Eyni zamanda "erməni soyqırımının" qarşısına Xocalı
soyqırımını qoymalıyıq.
Dağlıq Qarabağda antiterror əməliyyatları
- Bu siyasətin formalaşmasına yardım etmək məqsədilə nə
iş görməyi planlaşdırırsınız?
- Ermənilər Dağlıq Qarabağın, həm də işğal etdikləri diğər
rayonların ərazisində planlı şəkildə əhali yerləşdirmə siyasəti
yürüdürlər. "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" fərman
verib ki, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda hər il müəyyən
sayda adam köçürülüb yerləşdirilməlidir. Buna diaspordan və başqa
qaynaqlardan pullar ayırırlar, evlər tikirlər, təmir edirlər. Çünki
ermənilər planlaşdırırlar ki, gələcəkdə hansısa beynəlxalq güclərin
hesabına bəlkə digər rayonları qaytardılar. Amma Kəlbəcərlə Laçını
qəti geri vermək niyyətləri yoxdur. Ona görə də məskunlaşmanı,
əsasən, o ərazilərdə aparırlar. Suruyadan gələnləri orda
yerləşdirirlər. Saytlarda belə videolar yayılır. Biz də bunu
beynəlxalq aləmin diqqətinə çatdırmalıyıq. Və bunun qarşısını almaq
üçün nə etmək olar deyə düşünməliyik. Bu məqsədlə hazırda bir
layihə hazırlayıram. Düşünürəm ki, bunun qarşısını almaq üçün ciddi
araşdırmalar aparmaq və beynəlxalq aləmə çatdırmaq lazımdır. Mən bu
layihəni Azərbaycanda həyata keçirmək istəyirəm. İnşallah maliyyə
qaynaqları tapılan kimi işlər başlanılacaq.
- Layihədə nələr nəzərdə tutulur?
- Araşdırma aparılacaq. Dağlıq Qarabağ və ətrafındakı ərazilər
BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Bu ərazilərdə əhali
yerləşdirilməsi, verilən qərarlar qanunsuzdur. Ona görə də bu
informasiyalar BMT-yə, digər orqanlara çatdırılmalıdır. Mən hesab
edirəm ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisində antiterror
əməliyyatları həyata keçirməyə haqqı var. Biz bunları deməsək, heç
bir nəticə əldə etmək olmaz. Deyə bilərlər ki, bu işə Rusiya qarışa
bilər. Amma əslində, bizim Rusiyada, Ermənistanda nə işimiz var ki.
Biz öz ərazimizdə, öz qanuni, suveren hüquqlarımızı bərpa etmək
yolu tutmalıyıq. Amma demək ki, İrəvanı alacam və s. Onda
Azərbaycanı işğalçı kimi, təhdid dili ilə danışan dövlət kimi
təqdim edəcəklər. Ancaq biz bütün qüvvələrimizi Dağlıq Qarabağdakı
suveren hüquqlarımızın bərpasına yönəltməliyik. Bu sülh yolu və ya
antiterror yolu ilə ola bilər. Olmasa da, gələcəkdə biz bu
istiqamətdə tədbirlərimizi görməliyik. Mən başqa siyasət
tanımıram.
Erməni ilə hay eyni millət deyil...
- Yəqin ki, erməni ideoloqları ilə beynəlxalq
tədbirlərdə rastlaşırsız. Onların ideyalarına qarşı tutarlı cavab
verə bilirikmi?
- Ermənilər haqsız olduğuna görə özlərini günahkar sayırlar və
məsələni başqa yerlərə yönəldərək cığallıq edirlər. Bir alim olaraq
mən həmişə demişəm ki, biz yalan deməməliyik, yazmamalıyıq. Misal
üçün elə şeylər var ki, erməniləri qəddar kimi təqdim edirlər. Amma
deyəndə o kitabı çıxar, biz çıxara bilmirik. Ona görə yalanın
tərəfdarı deyiləm. Ermənilər tarix boyunca türklərin sadiq təbəəsi
olublar. Sonra da Qərb ölkələrinin və Rusiyanın təsiri ilə özlərinə
müstəqil dövlət qurmaq istəyiblər. Bunun üçün terrora başlayıblar.
Bu terror da qarşıdurmalarla nəticələnib. Azərbaycan ərazilərində
dövlət qurmaları artıq danılmaz faktdır. Artıq bunu xatırlatmağa
ehtiyac yoxdur. Ermənilər Qafqaza gəlmə millətdir. Qarabağ
Azərbaycan əraziləridir. Onlar tarixlərini axtarsalar, yenə
uduzarlar. Çünki biz hazırladığımız o mütəxəssislər artıq
deyəcəklər ki, o erməni bu erməni deyil. Yəni tarixi Armeniyada
yaşayan erməni indi özlərini "hay" adlandıran erməninin eynisi
deyil. Bunları ayırmaq lazımdı. Mən Türkiyədə həm qravar, - həm də
asqaravardan dərs deyirəm. Qravar qədim erməni dilidir. Bu dildən
8-ci əsrə qədər istifadə edilib. Və indi həmin əsərlər müasir
erməni dilinə tərcümə edilir. Müasir dilləri- asqaravardır. Biz
10-11-ci əsrlərdə yazılan əsərləri asanlıqla oxuya bilirik, çünki
dilimiz eynidir. Amma ermənilər 10 əsr qabaq yazdıqlarının anlaya
bilmirlər. Yəni, o xalq bu xalq deyil, biz bunu ifşa etməliyik.
Erməni ilə hay eyni millət deyil. Bizim alimlərin bu istiqamətdə
yaxşı tədqiqatları var. Qravar əski türk tayfalarından biridir.
Haylar isə ermənilərdir. Biz haylarla mübarizə aparırıq,
ermənilərlə yox. Biz bəzən bu şeylərin fərqinə varmırıq. Amma bunu
etmək lazımdır.