19:42
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının
dayandırılması ilə bağlı məlumat yayıb.
Şuradan Axar.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti
İlham Əliyev son günlər Türkiyədə baş vermiş hadisələri birmənalı
şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk
xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət
kimi qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının
yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi
hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı
ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.
Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə
xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini
pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin
əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər. Təəssüf ki, ANS
Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları
arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna
zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə
təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı
insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah
Gülənə və onun tərəfdarlarına dəstək verib.
Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında,
müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən
hadisələrin "hakimiyyət tərəfindən təşkil edilən şou" olduğunu
təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri
gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə
hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla
Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər
vasitəsilə anons edilib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı
terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib,
Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində
atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə
yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa
çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının
dərinləşməsinə yönələn addımlar atıb.
Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın
dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin
narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş
ediblər.
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası
Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və
radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi
və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir.
Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və
ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti
qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq
çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya
bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda
teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.
Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası
Prokurorluğunun müraciətini nəzərə alaraq, Türkiyə ilə Azərbaycan
arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş
təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına
yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti
dayandırılması barədə qərar qəbul edib.
ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq
müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək.