Azərbaycan Mətbuat Şurası Türkiyədə baş verən
hadisələrlə əlaqədar ölkə jurnalistlərinə müraciət
edib.
Şuradan Axar.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik
münasibətlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan və
Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm
vəzifədir. Bu vəzifə əsas götürülərək ölkələrimizin mənafe və
prinsiplərinin müəyyənləşdirilməsində, vahid platforma olaraq bəyan
edilməsində media başlıca vasitə kimi çıxış edir, qloballaşan
dünyada ortaq türk dəyərlərinin təbliğini rəhbər tutmaqla son
dərəcə əhəmiyyətli missiya yerinə yetirir. Hər iki ölkə
jurnalistlərinin yaradıcılıq dəst-xəttində həmçinin Azərbaycan və
Türkiyənin dövlətçilik maraqlarına xələl gətirən halların
qarşısının alınmasına yönələn birgə fəaliyyət də başlıca yeri
tutur. Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə 15-16
iyul 2016-cı il tarixlərində gerçəkləşdirilməsinə cəhd edilən
dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə
almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq
əməllərini qətiyyətlə pislədi. Bu, həm də qardaş ölkə mediasının
hadisəyə münasibətdə tutduğu mövqe ilə həmrəylik nümayişi kimi
yadda qaldı. Azərbaycan Mətbuat Şurası mövcud dəst-xəttin hər zaman
davamlı olacağına əmindir. Mətbuat Şurası eyni zamanda Azərbaycanın
kütləvi informasiya vasitələrinə müraciət edərək onları qardaş
Türkiyə üçün taleyüklü vəziyyətə münasibətdə həssaslıq nümayişinə
çağırır. Bu həssaslıq ilk növbədə peşəkar yanaşmadan keçir.
Peşəkarlıq isə obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarına
riayət etməkdir. İndiki vəziyyətdə peşəkarlıq Türkiyədə ictimai
asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin
sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran
şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ
edilməməsidir. Türkiyə dövlətinin maraqları demokratizmə söykənir,
meydanlara axışaraq seçdiyi hakimiyyətini müdafiə əzminə köklənmiş
böyük türk xalqının baxışları ilə uzlaşır. Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyev də hərbi çevriliş
cəhdini qətiyyətlə pisləyərkən bildirib ki, Azərbaycan xalqı və
dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır.
Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif
beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı anti-milli siyasətinə
qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə
yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir.
Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət
edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə
münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə
almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi
ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini
törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək,
müdafiə təsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa
çağırır".