Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Röyter"ə
müsahibə verib.
Axar.az xəbər verir ki, prezident 15 iyulda dövlət çevrilişinə
cəhd baş verərkən yaşadıqları ilə bağlı daha bir neçə məqama
aydınlıq gətirib. O deyib ki, qiyam baş verərkən tətildə olub:
"4-5 günlük tətil üçün Mərmərəyə getmişdik. Ailəm, kürəkənimlə
birlikdə. Saat 04:04-də qayınım zəng etdi. Telefonda dedi ki,
İstanbulda problemlər var, Bəylərbəyi sarayında əsgərlər yolu
kəsib, körpüyə keçməyə qoymurlar. Bu xəbəri eşidəndə, açığı,
inanmadım. Dərhal MİT rəhbərini axtardım, amma əlaqə saxlaya
bilmədim. Baş Qərargah rəisini axtardım, əlaqə saxlaya bilmədim.
Çünki telefonlara cavab verə bilmirdilər. Çox çətinliklə baş
nazirlə əlaqə saxlaya bildik. Saat 8-də olduğumuz yerdə hadisələrin
gedişatı barədə müzakirə apardıq. İlk işim televiziyaları olduğum
yerə dəvət etmək oldu. İlk açıqlamanı onlara verdim. Ancaq mənim
açıqlamam həmin anda televiziyalarda yayımlanmadı. Sonra mobil
telefonla canlı yayıma girməyə qərar verdik.
Çıxışımda xalqın gücünün əhəmiyyətli olduğunu vurğuladım. Belə
çevrilişin uğurlu olmayacağını deyərək, xalqı meydanlara dəvət
etdim. Bir tərəfdən də xalqın münasibətini öyrənməyə çalışırdım.
Gördüm ki, xalq meydanlara, aeroporta axışır. Mən də bundan sonra
oradan çıxmaq haqqında düşündüm. Əvvəlcə helikiopterlə Dalaman Hava
Limanına getdik. Oradan da təyyarə ilə havaya qalxdıq. Öncə hara
gedəcəyimizi bilmirdik. Bu, Ankara da ola bilərdi, İstanbul da.
İstanbulda qüllənin işğal olunduğunu, aerodromun işıqlarının
söndürüldüyünü öyrəndim. Pilotdan "nə qədər yanacaq var" soruşdum.
Dedi ki, 3-4 saatlıq bəs edər. Dedim, bu vəziyyətdə hava limanına
enə bilərsənmi? Dedi ki, enərəm, amma sizi təhlükəyə ata
bilmərəm.
İstanbul Polis İdarəsi ilə tez-tez əlaqə saxlayırdım. Mənə
dedilər ki, çox qısa müddətdə aeroportun qülləsini təmizləyəcəyik.
Belə də oldu. Aeroport işçiləri elektriki bərpa etdikdən sonra
endik. Bu vaxt F-16 qırıcıları çox alçaqdan uçurdular. Həmin gün
günortaya qədər hava limanında qaldıq. Vəziyyətin bir qədər
normallaşmağını gözlədik. Baş Qərargah rəisi girov götürüldüyündən
onun səlahiyyətinin müvəqqəti icrasını 1-ci Ordu Komandanına
verdik. Daha sonra Akınçı hərbi bazasının azad edilməsinə çalışdıq.
Çünki girov götürülən bütün rəsmi şəxslər ora aparılırdı. Orada
aerodrom bombalandıqdan sonra qırıcı təyyarələr havaya qalxa
bilmədi. Yalnız helikopterlər havaya qalxa bilirdi. 12 saatdan
sonra nəzarəti əlimizə tam aldıq və bir az rahat olduq".
Ərdoğan dövlət çevrilişinə cəhd hadisəsinin baş verməsində
MİT-in xeyli qüsurları, zəif nöqtələri olduğunu deyib:
"Kəşfiyyat təşkilatları dünyada hər şeyə sahib deyil. Çox
təəssüf ki, bu hadisədə də kəşfiyyatın zəifliyinin olduğu
ortadadır. Bunu gizlətməyin bir mənası yoxdur. MİT müşavirinə də
dedim. Mən bu xəbəri qayınımdan eşidənə qədər heç kimdən səs
çıxmamışdı".
Prezident jurnalistin "bəzi media orqanları çevrilişin məhz
sizin tərəfinizdən hazırlandığını iddia edir" sualına belə cavab
verib:
"Bu, çox böyük tərbiyəsizlikdir. Belə bir şeyin olması mümkünmü?
Yəni kimsə "11 Sentyabr hadisəsini ABŞ törətdi" deyirmi? Yaxud
Fransadakı son hadisəni "Olland hakimiyyəti etdi" deyirmi? Bunu heç
kim demir".