Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun
29-da 2016/2017-ci tədris ili üçün Azərbaycana baza ali tibb
təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə
rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini
keçirib.
TQDK-dan Axar.az-a verilən məlumata görə, nəticələr bu gün saat
20:41-dən etibarən Komissiyanın internet saytında
yerləşdirilib.
Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan
nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə
bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 442
namizəddən 8 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 434
namizəddən 373 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə
topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmayan) ödəyərək
ixtisaslaşma seçiminə buraxılıb. Ən yüksək nəticə 86 bal olub.
Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi avqustun 1 dən 7
dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş
müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili
bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib
təsdiq etməlidirlər.