Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu və digər amillər Azərbaycanı nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə də çevirib. Bu gün Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir.
Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb:
"Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu amil dövlətimizin beynəlxalq təşkilatlarda təmsilçiliyində də mühüm rol oynayır. Azərbaycan hazırda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır".
Millət vəkilinin sözlərinə görə, Bakıda keçirilən Media Forumunda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərləri, digər yüksəkvəzifəli nümayəndələr və sahə üzrə tanınmış ekspertlər iştirak edirlər:
"Tədbirin “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusuna həsr olunması çox aktualdır. Bundan əlavə, forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya”, “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında iki panel sessiyanın, həmçinin “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzuları diqqət mərkəzindədir. Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-yə yaxın qonağın iştirak etməsi tədbrin önəmindən xəbər verir. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində qeyd edildiyi kimi, 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Ölkəmiz ötən il bu təşkilata üzv qəbul olunub. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilib. Düşünürəm ki, Bakıda keçirilən forum D-8 ölkələrin media qurumları arasında əməkdaşlığı da əhəmiyyətli dərəcədə gücləndirəcək”.