Yuxarı

Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası

Prezidentimizlə görüşdə demək istəyirdim ki, Allah torpaqlarımız uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət eləsin. O igidlərin heç birini Samirdən ayırmıram.

Axar.az xəbər verir ki, bu sözləri dünən Prezident İlham Əliyevlə Zəngilanda görüşən Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev Teleqraf-a açıqlamasında deyib.

Ə.Sarıyev qeyd edib ki, oğlu Samir Zəngilanı görməyi çox arzulayırdı:

"Bütün şəhidlərimizi öz balam bilirəm. Samir Qarabağımız uğrunda canından keçdi, təəssüf ki, çox sevdiyi Zəngilanı görə bilmədi. Buna görə Prezidentimizlə görüşdə çox həyəcanlandım, kövrəldim".

Şəhidin qardaşı Elvin Sarıyevin sözlərinə görə, Samir İkinci Qarabağ müharibəsi başlayanda heç kimin xəbəri olmadan könüllü cəbhəyə yazılıb.

"2020-ci ilin oktyabrın 10-da işə gedərkən mənə zəng gəldi və qardaşımın müharibəyə gedəcəyi bildirildi. Qardaşım müharibədə ilk könüllülərdən oldu. Samirin İkinci Qarabağ müharibəsinə könüllü yollanması general Polad Həşimovun şəhid olmasından qaynaqlanırdı. Samirin 1 il 6 aylıq hərbi xidmət dövründə Polad Həşimov onun manqa komandiri olmuşdu. O, əsgərlikdən gəldikdən sonra Polad Həşimov ona öz adından təşəkkürnamə göndərmişdi. Polad Həşimov şəhid olanda Samir çox pis olmuşdu, özünə yer tapa bilmirdi. Samir onun dəfninə də getmişdi. Deyirdi ki, şəhid qardaşlarımızın qisasını alacağıq", - o vurğulayıb.

E.Sarıyev qeyd edib ki, qardaşının əvvəldən hərbi sahəyə marağı olub:

"Bir daxili həvəsi var idi. Söhbət əsnasında deyirdi ki, hərbi forma geyinmək istəyirəm. Samirin arzusu Zəngilana, öz yurduna getmək, torpaqlarımızda yaşamaq idi.

Oktyabrın 10-dan 26-a qədər mənimlə telefonla danışırdı, mənə şəkillər göndərirdi. Deyirdi ki, şəkillərimi çıxartdırıb evə qoy. "Atamdan muğayat, onun yanında ol" deyirdi. Amma həmin vaxtdan sonra əlaqə saxlamadı. Bir neçə gün keçdi, artıq mən çox narahat olmağa başladım. Yanında olan şəxslərlə əlaqə saxlayırdım. Deyirdilər ki, Samir yuxarıdadır, biz aşağıdayıq. Samir oktyabrın 27-i şəhid olub, amma biz çox gec bildik. Əlində pələng döyməsi vardı, əmim o döymədən tanımışdı".

Şəhid qardaşının sözlərinə görə, indi Samir olmadan Zəngilana getmək onun üçün çətindir:

"Biz 2 qardaş idik. Anamızı itirmişdik, atamız bizə həm ata, həm ana olub. Mən Zəngilandan çıxanda uşaq idim. İndi isə oraya tək gedirəm, bu, mənim üçün ağırdır. Dünən atam ölkə başçısı ilə görüşdə də çox şey demək istəyirdi, amma kövrəldi, həyəcanlandı deyə danışa bilmədi".

Tarix
2026.05.11 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla