Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 11-də elan
edib.
Komissiyadan Axar.az-a bildiriblər ki, abituriyentlər
müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı
avqustun 12-də "Abituriyent" jurnalının 7-ci sayında dərc
olunacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə adı qazanmış bütün
gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər
arzulayır.
Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək
sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə
qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan
keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina
etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali
məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent
iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul
olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə
ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin
siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet
vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil
müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı,
orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının
da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin
qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında
dərc olunub. Jurnalı aşağıdakı ünvanlarda yerləşən "Abituriyent"
satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş
etmək olar.