Çağdaş dünyamızın sürəkli inkişafı, dəyişən geosiyasi
şərait, beynəlxalq aləmdə və regionda baş verən proseslər
müstəqilliyinin 25-ci ilini yaşayan Azərbaycan Respublikasının
qarşısında istər beynəlxalq münasibətlər sistemi, istərsə də
daxildə dövlət idarəçiliyi sistemində yeni hədəflər
qoyur.
Dünya siyasət və iqtisadiyyat ailəsinə inteqrasiya strategiyası
ölkənin idarəetmə strukturlarının bu ailənin standartlarına cavab
verən çevik adaptasiyasını artıq qaçılmaz zərurət kimi qarşıya
qoyur. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə
sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərin
edilməsinə dair referendum Azərbaycanın son illər ərzindəki dinamik
inkişafının məntiqi sonluğu kimi dəyərləndirilməlidir. Ali qanuna
nəzərdə tutulan 29 dəyişiklik dövlət idarəçilik sistemini əhatə
etməklə yanaşı həm də insanların hüquq və azadlıqlarının daha
səmərəli şəkildə müdafiəsi məsələlərini ehtiva edir.
Sentyabrın 26-da seçki məntəqələrinə yollanacaq vətəndaşların
nədən ümumxalq səsverməsinə çıxarılacaq bəndlərə səs verməsini
aydınlaşdırmaq üçün respublikamızda 1995-ci il noyabrın 12-də
müstəqil konstitusiyanın qəbulundan sonra reallaşdırılan
referendumların tarixi və səsverməyə çıxarılan məsələlərin çeşidinə
baxmaq tələb olunur. Mütəxəssislər bildirirlər ki, ötən dövr
ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan
və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat
mexanizmlərinin formalaşdırılması, həmçinin siyasi-hüquqi sistemin
liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata
keçirilib. Lakin bu, davamlı bir prosesdir və dünyanın önəm verdiyi
dəyərlərə uyğunlaşmaqdan ötrü daxili dəyərlər sisteminə yenidən
nəzər yetirmək demokratiya və hüquqi dövlət quruculuğuna ciddi
töhvə deməkdir.
Beləliklə, Azərbaycan 2002-ci il avqustun 24-də növbəti ümumxalq
səsverməsi - referenduma getdi, Konstitusiyaya bir sıra əlavə və
dəyişikliklər edildi. Xalqın siyasi iradəsinin təcəssümü olaraq
həmin referendum nəticəsində
- proporsional seçki sistemi ləğv olundu,
- müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi
proseduru təsdiqləndi,
- prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu ilə
hesablanması qaydası müəyyənləşdi, habelə,
- hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış
etməsi,
- siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya
Məhkəməsindən alınaraq ümumi yurisdiksiya məhkəməsinə
verilməsi,
- vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək
imkanının yaradılması
və digər bu kimi prinsipial məsələlər hüquqi həllini tapdı.
Yeddi il sonra, yəni, Milli Məclis növbəti dəfə
ölkəKonstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün 2009-cu
il martın 18-də referendumun keçirilməsi ilə bağlı tarixi qərar
qəbul etdi. Ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının
layihəsində 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif
olundu. Azərbaycan ictimaiyyəti bu dəyişikliklərə də "hə" dedi və o
dövrdən bu günə qədər həmin dəyişikliklər tam gücü ilə həyata
vəsiqə qazanıb.
Dünya tarixi və inkişaf etmiş dövlətlərin demokratiya ənənələri
göstərir ki, ayrı-ayrı cəmiyyətlər hər zaman dinamizmə, sürəkli
dəyişikliklərə meylli olmur. Qərbin bir çox ölkələrində mühafizəkar
partiyaların gücü və hakimiyyətdə təmsil olunmaları məhz onların
çağdaş dövrün liberal dəyərlərinə heç də həmişə önəm verməmələri və
cəmiyyətə mövcud dəyərlərin saxlanılmasına inam aşılamaları ilə
birbaşa bağlıdır. Lakin bu gün dünya siyasətində və beynəlxalq
münasibətlər sistemində ciddi modifikasiya prosesi gedir, bir çox
hallarda dünya birliyi istəmədən həmin yenilikləri qəbul etmək və
ona adaptasiya etmək məcburiyyətində qalır. Şübhəsiz, Azərbaycan da
adıçəkilən dünyanın tərkib hissəsidir və demokratik dünyanın bütün
çağırışlarına çevik reaksiya verməyə borcludur.
Doğrudan da, cəmiyyətdə heç bir şey statik deyil, dəyişən zaman
kontekstində mövcud meyar və dəyərlərə də müvafiq fərqli yanaşma
labüddür.
2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından
sonra
-ölkənin ictimai-siyasi həyatında baş vermiş köklü
dəyişikliklər-hüquq sisteminin təkmilləşməsi,
-demokratikləşmə prosesinin dərinləşməsi,
-təhlükəsizlik məsələlərinin yeni məzmun kəsb etməsi, dövlət
strukturlarının yenilənməsi,
-ictimai təsisatların inkişafı,
-yerli özünüidarəetmə orqanlarının məsuliyyətinin
artırılması
və digər mühüm proseslər Konstitusiyaya bir daha nəzər salmaq,
Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv
tələbata çevirir.
Bu üzdən birmənalı şəkildə söyləmək olar ki, Prezident İlham
Əliyevin 18 iyul 2016-cı il tarixli sərəncamı ilə ümumxalq
səsverməsinə çıxarılacaq referendumAktına dəyişikliklər ictimai
həyatın bir çox spektrlərini əhatə edir və Azərbaycanın bugünkü
hərtərəfli inkişaf xüsusiyyətlərini özündə əks etdirir. Ölkə
başçısının siyasi və iqtisadi islahatların davam etdirilməsi ilə
bağlı iradəsi adekvat olaraq daha çevik və effektiv idarəetmə
üsullarının tətbiqinə zərurət yaradır. Konstitusiya Aktına nəzərdə
tutulan dəyişikliklər bu məqsədə xidmət etməklə yanaşı Azərbaycanda
siyasi, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə yeni
davranış tərzinin ortaya qoyulmasına da imkan yaradacaq.
Ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklərin bir neçəsinin
müqayisəli təhlili indiki dönəmdə həmin yenilənmənin tarixi anlam
daşıdığını göstərir. Məsələn,
Referendum Aktı layihəsində böyük ictimai maraq və rezonansa
səbəb olan dəyişikliklər sırasında 85-ci maddənin I hissəsi və
100-cü maddəsi ilə bağlı dəyişiklik üzərində xüsusi dayanmaq olar.
Söhbət indiki qanundakı yaşı 25-dən aşağı olmayan sözlərinin
seçkilərdə iştirak etmək hüququna malik olan sözləri ilə əvəz
edilməsi və yaşı 35-dən aşağı olmayan sözlərinin çıxarılmasından
gedir. Bu dəyişkiliklər müvafiq olaraq parlament və prezident
seçkilərində tətbiq olunan yaş məhdudiyyətinin optimal
tənzimlənməsini təmin etməlidir.
Mövcud qanunvericiliyin tələbinə əsasən, Azərbaycan vətəndaşı 35
yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin deputatı, 30
yaşına qədər baş nazir, yaxud hakim, 21 yaşına qədər isə bələdiyyə
üzvü seçilə bilməz. Təqdim olunan dəyişikliklərə əsasən, 18 yaşlı
gəncin Milli Məclisin üzvü seçilməsinə hüquqi əsas yaranmış olur.
Bundan başqa, prezident seçkilərində tətbiq olunan yaş senzi ilə
bağlı məhdudiyyətin aradan qaldırılması da nəzərdə tutulur.
Müqayisə üçün deyək ki, Fransada prezident seçilmək üçün yaş
senzi mövcud deyil. Bu dəyişikliklər ölkəmizdə gənclərin
özünütəsdiqi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Dəyişikliklər paketində yer alan bəndlərdən biri də Azərbaycanda
vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu, dövlət
idarəçiliyi sistemində yeni hadisədir. Dünya ölkələrinin təcrübəsi
göstərir ki, prezident idarəçiliyinin olduğu respublikalarda
vitse-prezident institutunun mövcudluğu dövlətin effektiv idarə
edilməsini, qərarların çevik qəbulu və həyata keçirilməsini təmin
edir. Razılaşaq ki, yaxın 10 il ərzində inkişaf etmiş ölkələr
sırasına daxil olmağı hədəfləyən bir respublika üçün idarəçilik
sistemindəbelə dəyişiklik strateji səciyyə daşıyır.
Konstitusiya Aktında Prezidentin səlahiyyət müddətinin 5 ildən 7
ilə qaldırılması maddəsi də cəmiyyətdə geniş diskussiyalara səbəb
olur. Dünya praktikası bu məsələdə Azərbaycan hakimiyyətinin doğru
addım atdığını təsdiq edir. Məsələ ondadır ki, bir çox hallarda
ölkənin uzun illərə hesablanmış inkişafını təmin edəcək iqtisadi
islahatlar böyük zaman tələb edir. Çünki, həmin islahatların
gerçəkləşməsi sadəcə texniki deyil, həm də psixoloji faktorlarla
bağlı olur. İnsanların bu islahatların mahiyyətini dərk etməsi,
habelə həmin dəyişikliklərə getmək üçün resursların hərəkətə
gətirilməsi bəzən müəyyən problemlərlə müşayiət olunur. Ona görə də
prezidentin səlahiyyət müddətinin 7 ilə qədər uzadılması strateji
xarakterə malik islahatların tam şəkildə həyata keçirilməsinə
qarant ola bilər. Hazırda bir çox ölkələrdə, məsələn, İsraildə,
İrlandiyada, Özbəkistanda 7, Rusiyada 6 illik prezidentlik müddəti
var və kifayət qədər effektiv şəkildə mövcudluğunu sürdürür.
Ümumilikdə, referenduma təqdim olunan maddələri nəzərdən
keçirərkən, onların ölkə həyatının ən müxtəlif sahələrini:
-təhlükəsizlik və müdafiə,
-insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə
hallarına yol verilməməsi,
-xüsusi mülkiyyətlə bağlı sosial öhdəliklər,
-vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı,
-vətəndaşların seçmək və seçilmək hüquqlarının
genişləndirilməsi,
-dövlət strukturlarının təkmilləşdirilməsi,
-bələdiyyələrin məsuliyyətinin artırılması
və digər vacib məsələlərin tənzimlənməsinə aid olduğu ortaya
çıxır. Bu isə müharibə şəraitində yaşayan bir respublika üçün
həyati əhəmiyyət kəsb edir. Ölkə vətəndaşların referendumun
məsuliyyətini tam şəkildə anladığı bu gün cəmiyyətdə ümumxalq
səsverməsinə çıxarılan maddələrin geniş müzakirəsi fonunda bəlli
olur.
Beləliklə, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı
layihəsində əksini tapan əlavə və dəyişikliyin hər birinin
- mütərəqqi xarakter daşıdığını,
- ölkəmizdə ictimai-siyasi sabitliyin,
- təhlükəsizliyin,
- davamlı inkişafın,
- vətəndaş həmrəyliyinin,
- xalq-iqtidar birliyinin möhkəmləndirilməsi,
- hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin
dərinləşdirilməsi,
- dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi
mənafeyinə xidmət göstərdiyini birmənalı şəkildə söyləmək olar.
Layihədə insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və
vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və
əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbiti,
bank-maliyyə sisteminin idarə olunması və digərlərinin əksini
tapması bütün nəzərdə tutulan dəyişikliklərin Azərbaycan
vətəndaşının hüquqlarının daha səmərəli qorunmasına xidmət
edəcəyindən xəbər verir.