Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın
Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı yanında Boris Şukin
adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən 11
azərbaycanlı gənc Moskvada təhsil alacaq.
İnstitutun Moskvanın mərkəzi Köhnə Arbat küçəsində yerləşən
binasında azərbaycanlı gənclərə tələbə biletlərinin təntənəli
təqdimat mərasimi keçirilib.
Nazirliyin incəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov Azərtac-a müsahibəsində
bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrası
çərçivəsində həyata keçirilən layihəyə uyğun olaraq institutun
tanınmış mütəxəssisləri tərəfindən Bakıda keçirilmiş müsabiqə
əsasında seçilən gənclər Moskvada "Teatr və kino dram aktyoru" və
"Teatr rejissoru" ixtisasları üzrə 5 il müddətində təhsil
alacaqlar.
İ.Hüseynovun sözlərinə görə, nazirlik gənclərin Rusiyada təhsil
haqqı və yaşayış, aviabilet xərclərinin, eləcə də aylıq təqaüdlərin
ödənilməsini öz üzərinə götürüb. Moskvada təhsili başa vurduqdan
sonra gənclər Vətənə dönəcək və nazirlik tərəfindən işlə təmin
olunacaqlar. İ.Hüseynov onu da vurğulayıb ki, Azərbaycan ilə Rusiya
arasında humanitar sahədə əlaqələrin sürətlə inkişaf etməsi
sayəsində əldə olunan bu razılıq respublikamız üçün yüksək
ixtisaslı teatr və kino kadrlarının yetişdirilməsində yeni mərhələ
açır.
"Azərbaycan xalqı çox istedadlı xalqdır. Biz bir çox
azərbaycanlı aktyor və rejissorları tanıyır və sevirik. Elə təkcə
Müslüm Maqomayev və Polad Bülbüloğlunu xatırlamaq kifayətdir.
Azərbaycan mədəniyyəti, teatr sənəti ən yüksək tərifə layiqdir". Bu
sözlər Rusiyanın Xalq Artisti, B.Şukin adına Teatr İnstitutunun
rektoru Yevgeni Knyazevə məxsusdur.
Azərbaycanlı gənclərin "Vaxtanqov məktəbi" kimi məşhur olan bir
təhsil ocağında sənətin sirlərinə yiyələnməsinin ilk təcrübə
olduğunu qeyd edən tanınmış aktyor deyib: "Bu gün institutumuzla
Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yeni səhifəsi açılır.
Azərbaycandan olan tələbələrimizin yüksək ixtisasa yiyələnməsi üçün
əlimizdən gələni edəcəyik. Başlıcası budur ki, onlar tədris metodu
"fantastik realizm" kimi səciyyələndirilən "Vaxtanqov məktəbi"nin
bayrağını yüksəldə və Azərbaycana apara bilsinlər".
Azərbaycanlı gənclərin kurs rəhbəri, Rusiyanın Əməkdar İncəsənət
Xadimi, professor Mixail Borisov bu layihəsini artıq uzun illərdir
müstəqil inkişaf edən Rusiya və Azərbaycan mədəniyyətlərinin
qarşılıqlı zənginləşməsi prosesinin təməli kimi qiymətləndirib.
İnstitutun rejissorluq kafedrasının müdiri Azərbaycanda teatr
mədəniyyətinin inkişafına qayğıdan danışaraq deyib: "Çox
sevindirici haldır ki, Azərbaycan Prezidenti, hökumətiniz ölkədə
mədəniyyətin, o cümlədən teatr sənətinin inkişafına xüsusi diqqət
yetirirlər. Biz çalışacağıq ki, institutumuzda təhsil alacaq
azərbaycanlı gənclər milli teatr sənətinizə yeni hisslər, yeni
ideyalar gətirsinlər, teatr prosesinin liderlərinə çevrilsinlər".
M.Borisov Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin çoxillik
tarixindən danışaraq səhnələşdirdiyi "Arşın mal alan" tamaşasının
Bakıda uğurlu nümayişini də xatırlayıb: "Azərbaycanda Moskva
mədəniyyəti günlərində iştirak etmək üçün Bakıya gəlmişdik. O zaman
mədəniyyət naziriniz hamımızın sevimlisi Polad Bülbüloğlu idi.
Bizim təqdim etdiyimiz "Arşın mal alan" tamaşası bakılı
teatrsevərlər tərəfindən hərarətlə qarşılanmışdı".
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal
Mehrəliyev Moskvada təhsil alacaq tələbələr adından Rusiyanın
əfsanəvi teatr institutlarından birində təhsil almaq imkanına görə
Azərbaycan dövlətinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü
bildirib.