Daxili İşlər naziri,
general-polkovnik Ramil Usubov avqustun 31-də Türkiyə
Respublikasında işguzar səfərdə olub.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə,
əvvəlcə nazir Ankarada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal
Atatürkün Anıtqəbirdəki mavzoleyinə gedərək, onun xatirəsini
ehtiramla yad edib və məzarı önünə əklil qoyub. Daha sonra
Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə cənab Ramil Usubovun
görüşü keçirilib. İki ölkə arasında qardaşlıq münasibətlərinin
yüksək səviyyədə olduğunu bildirən nazir Əfqan Ala 15 iyul dövlət
çevrilişinə cəhd zamanı Azərbaycan xalqı və dövlət başçısı cənab
İlham Əliyev tərəfindən Türkiyənin qanuni hakimiyyətinə hərtərəfli
dəstək verildiyini qeyd edib.
Azərbaycanın daxili işlər naziri ölkələrimiz arasında əlaqələrin
bütün istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdıraraq
vurğulayıb ki, yaşadığımız regionda böhran və münaqişələrin, risk
və təhdidlərin mövcudluğuna baxmayaraq, biz hər zaman sabitliyi
qorumaq və möhkəmləndirmək, beynəlxalq terrorçuluğa qarşı
səylərimizi daha sıx birləşdirmək əzmindəyik. İyul ayının 15-də baş
vermiş dövlət çevrilişinə cəhd zamanı da, Türkiyə, bu çağırışların
qarşısını almağa qadir və qərarlı olduğunu bir daha təsdiqlədi.
Xaricdən və daxildən olan birləşmiş qüvvələrə xalq və dövlət öz
qüdrətini, əzmini və qətiyyətini göstərdi. Türkiyə demokratiyasına
yönəlmiş təhlükənin qarşısı cənab Prezident Rəcəb Tayyib Ərdoğanın
liderliyi, xalqın ona olan sonsuz inamı ilə qətiyyətlə alındı.
Daxili İşlər naziri Ramil Usubov dövlət çevrilişinə cəhd zamanı
şəhidlik zirvəsinə ucalanlara bir daha Allahdan rəhmət diləyib,
yaxınlarına başsağlığı verib, bütün yaralılara şəfa arzulayıb. O
qeyd edib ki, bu hadisələr Türkiyəyə qəlbən bağlı olan Azərbaycanda
həyəcanla izlənildi, yaşanan proseslərdən Azərbaycan xalqı və
dövlət başçısı dərin narahatlıq keçirdi:
"Hadisələri qətiyyətlə pisləyən və qəbuledilməzliyini söyləyən
Prezidentimiz cənab İlham Əliyev baş verənləri Türkiyə xalqının
milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn
aliliyinə qəsd kimi dəyərləndirdi. Azərbaycanın Türkiyə dövlətinin
və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik
yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan etdi və
bütün bunlarla bağlı ölkəmizin müvafiq dövlət qurumlarına lazımi
tapşırıqlar verdi.
15 iyul hadisələrindən dərhal sonra "Hizmət hərəkatı"na
bilavasitə bağlı olan Qafqaz Universitetinin fəaliyyətinə və orada
çalışan 50-yə yaxın müəllimlə bağlanmış əmək müqaviləsinə xitam
verildiyi, eyni səbəbdən "Zaman-Azərbaycan" qəzetinin və onun
veb-saytının fəaliyyətinin, Fətullah Güləndən müsahibə almış ANS
televiziyasının, radiosunun və veb-saytının da yayımının
dayandırıldığı diqqətə çatdırılıb".
Nazir qeyd edib ki, müxtəlif sahələrdə və strukturlarda
fəaliyyət göstərən "Hizmət hərəkatı"na mənsub şəxslərin
aşkarlanması istiqamətində müvafiq dövlət qurumları lazımi
tədbirlər görür:
"Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən, mobil rabitə
xidməti göstərən şirkətlərdə yüksək vəzifə tutan bəzi şəxslər -
mobil operatorların abunəçilərinə dair fərdi, o cümlədən qapalı
məlumatlardan qanunsuz olaraq "Hizmət hərəkatı"nın xeyrinə istifadə
etməkdə şübhəli bilinərək həbs olunublar.
Bu hərəkatın "fətullahçılığı" təbliğ edən, eləcə də, sosial,
dini nifrət və düşmənçiliyin salınmasına yönələn qanunazidd
hərəkətlərinin araşdırılması, qarşısının alınması, bu hərəkatın
maliyyə mənbələrinin müəyyən edilməsi məqsədilə, Azərbaycanın Baş
Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də cinayət işi
başlanılıb və istintaq aparılır.
Həmin cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər
Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından
ibarət istintaq-əməliyyat qrupu yaradılıb və müvafiq tədbirlər
davam etdirilir".
Ramil Usubov onu da qeyd edib ki, ikitərəfli əməkdaşlığın
formatı böyük potensiala malikdir:
"Bu gün iki ölkənin dövlət başçıları arasında olan səmimi
dostluq və qardaşlıq münasibətləri bütün icra qurumlarının, o
cümlədən daxili işlər nazirliklərinin qarşılıqlı fəaliyyətinə çox
yaxşı zəmin yaradıb".
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də
müzakirə olunub.