Köhnəlmiş və heç bir təhlükəsizlik standartına cavab
verməyən Metsamor stansiyası günümüzdə və gələcəkdə nəinki Qafqaz,
ö cümlədən Avropa və bütün dünya üçün saatlı bomba olaraq qalacaq.
Beynəlxalq qurumlar, ictimai təşkilatlar və xalq səfərbər olmalı və
Metsamor stansiyasının bağlanmasına nail olmalıdır. Biz minlərlə
günahsız insanın məhvinə və bərpası mümkün olmayan ətraf mühit
fəlakəti ilə nəticələnəcək növbəti zəlzələni gözləyə
bilmərik.
Trend-in
məlumatına görə, bu barədə italiyalı jurnalist Romolo Martelloninin
İtaliyanın "Notizie Geopolitiche", "L’Opinione" onlayn qəzetlərində
dərc olunan "Təhlükəli və seysmik zonada yerləşən Metsamor nüvə
stansiyasının bağlanmasına dair müraciət" məqaləsində qeyd
olunur.
Müəllif yazır ki, son illərdə dünyanın hər tərəfində baş verən
zəlzələ və təbii fəlakətlər qarşısında insanlıq acız qalıb:
"Nəticədə qeydə alınan qurban və dağıntılar bizə xatırladır ki, yer
kürəsi canlıdır, hərəkətdədir və bəzən üsyan edir. İtaliyanın
mərkəzini darmadağın edən zəlzələ bir daha insanın təbiət
qarşısında acizliyini nümayiş etdirdi. Elmin geoloji fenomenlərin
tədqiqi və öyrənilməsində böyük irəliləyiş əldə etməsinə
baxmayaraq, bu kimi fəlakətləri öncədən bilmək mümkün deyildir.
Lakin, bunun əksinə, müəyyyən faciələr vardır ki, bəziləri bunları
"elan edilmiş faciələr" adlandırır, qarşısı alına bilər. Çoxları nə
ola biləcəyinin fərqindədir, lakin həqiqət gizlədilir, çünki bu,
iqtisadi və siyasi maraqlar naminə edilmiş və bütün əhalini
kataklizm təhlükəsi qarşısında qoyan qeyri-sivil seçimlərin
ört-basdır edilməsi üçün yeganə yoldur. Həqiqətin ifşa edilməsi bu
təhlükəni bilən və ya ən azında təsəvvür edən hər bir şəxsin
borcudur".
Jurnalist qeyd edir ki, Avropa və Asiyanın qovşağında yerləşən
Qafqazın qəlbində on min nəfər əhalisi olan Metsamor adlanan bir
şəhər vardır: "Ermənistanda, Türkiyə sərhəddindən 16 km.,
Azərbaycan və Gürcüstan sərhəddindən 120 km. aralıda yerləşən bu
şəhər, "Stop Metsamor Coalition" (Metsamora Dayan Koalisiyası)
adlanan qeyri-hökumət təşkilatının bildirdiyinə görə "dünyanın ən
təhlükəli nüvə stansiyası" olan Oktemberyan, daha çox isə Metsamor
kimi adlanan nüvə stansiyasının fəaliyyət göstərdiyi yer kimi
Qafqazda məşhurdur. Metsamor stansiyası Sovet dönəmində 70-ci
illərin əvvəllərində seysmik aktivlik baxımından ən təhlükəli
ərazidə inşa edilmişdir. Təsadüfi deyildir ki, 1989-cu ildə
Ermənistanda 25 min nəfərin ölümünə səbəb olmuş zəlzələdən sonra
Sovet hökuməti stansiyanın bağlanmasına qərar verir. Zəlzələnin
episentri stansiyadan sadəcə 75 km. aralıda idi. Bağlanmasından 6
il sonra, Sovet İttifaqının dağılmasının ardınca, 1995-ci ildə
qonşu Türkiyə və Azərbaycanla münaqişə səbəbindən təcrid olunmuş
vəziyyətdə olan Ermənistan hökuməti əhalinin enerjiyə olan
tələbatını ödəmək üçün Metsamor stansiyasının fəaliyyətini bərpa
etmək qərarına gəlir".
Məqalədə həmçinin qeyd olunur:
"Stop Metsamor Coalition" QHT-sinin bildirdiyinə görə, bundan
sonra uzun və verilən vədlərin tutulmadığı bir hekayə başlayır.
Stansiya ölkənin enerji tələbatının 40 faizini təmin edir.
Beynəlxalq qurumlar, ətraf mühitin qorunması üzrə təşkilatlar və
akademik dairələrin alternativ enerji mənbələrinin tapılmasına dair
etdikləri ciddi tələblər, həmçinin iqtisadi dəstəyin göstərilməsinə
dair təkliflərinə baxmayaraq, Ermənistan hökuməti Metsamor
stansiyasının bağlanmasını həqiqi olaraq nəzərdən keçirməyi rədd
etmişdir. Əksinə, stansiyanın bağlanması əvvəl 2004-cü ildə nəzərdə
tutulsa da, daha sonra 1 sentyabr 2016-cı il, ən son isə 2026-cı
ilə qədər təxirə salınmışdır. "Stop Metsamor Coalition" QHT-sinin
ifadəsi ilə, bəziləri üçün anlaşılan, digərləri üçün isə absurd və
ölümcül seçimdir. Bəlkə də Çernobıl və Fukuşimadakı nüvə
qəzalarında həyatlarını itirmiş minlərlə qurban, radiasiya sızması
nəticəsində ətraf mühitə dəymiş çoxillik ziyan, bununla bağlı insan
və heyvanlarda baş vermiş genetik mutasiyalar, insanların üzləşdiyi
ağır iqtisadi sarsıntılar kifayət deyildir. Bir daha "Stop Metsamor
Coalition" QHT-sinin müraciətinə dair: qurumlar heç bir şeyin baş
verməyəcəyinə ümid edərək, müraciətə məhəl qoymurlar. Lakin hadisə
baş verir, heç kimə xəbər vermədən. QHT etiraz edərək bildirir ki,
köhnəlmiş və heç bir təhlükəsizlik standartına cavab verməyən
Metsamor stansiyası günümüzdə və gələcəkdə nəinki Qafqaz, ö
cümlədən Avropa və bütün dünya üçün saatlı bomba olaraq qalacaqdır.
QHT-nin müraciətində qeyd olunur ki, beynəlxalq qurumlar, ictimai
təşkilatlar və xalq səfərbər olmalı və Metsamor stansiyasının
bağlanmasına nail olmalıdır. Biz minlərlə günahsız insanın məhvinə
və bərpası mümkün olmayan ətraf mühit fəlakəti ilə nəticələnəcək
növbəti zəlzələni gözləyə bilmərik".