Bu günlərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov qardaş ölkənin “Cümhuriyyət” qəzetinə müsahibə verib.
Səfir Rəşad Məmmədov müsahibəsində "Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşıdırmı?" sualını cavablandırarkən rəsmi Bakının Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində iştirak etdiyini bildirib. O əlavə edib ki, iki ölkə arasındakı sərhəd 7 iyunda keçiriləcək Ermənistan seçkilərindən və Konstitusiya dəyişikliyi başa çatdıqdan sonra açılacaq.
Diplomatın bu real və obyektiv proqnozu Türkiyədə, eləcə də digər ölkələrdə fəaliyyət göstərən, iki qardaş ölkənin ortaq maraqlarını həzm edə bilməyən bəzi marjinal dairələrin, antiazərbaycan qrupların əsassız narazılığına səbəb olub, manipulyasiya hədəfinə çevrilib. Bakı və Ankaranın Cənubi Qafqazdakı vahid güc mərkəzi kimi çıxış etməsindən narahat olan bu qüvvələr diplomatın tamamilə obyektiv və müttəfiqlik ruhuna uyğun şərhini qərəzli şəkildə təhrif etməyə çalışıb, tamamilə əsassız iddialarla səfirin açıqlamasına qarşı süni narazılıq dalğası yaratmağa cəhd ediblər.
Axar.az xəbər verir ki, "Faktyoxla" səfirin açıqlaması ilə bağlı başlanan qaralama kampaniyasında iştirak edənlərin kimliyini araşdırıb.
Rusiyanın adamı
Məsələyə sərt reaksiya verənlərdən biri özünü jurnalist və Rusiya üzrə ekspert kimi təqdim edən Aydın Sezər olub.
Aydın Sezər X hesabında bu mövzuya belə reaksiya bildirib: “Xəbərlərə baxın! Azərbaycan səfiri dedi ki, Türkiyə-Ermənistan sərhədi 7 iyun Ermənistan seçkilərindən sonra, Konstitusiya dəyişikliyi edildikdən sonra açılacaq. Düşünürəm ki, Xarici İşlər Nazirliyimiz tezliklə açıqlama verəcək. Artıq bir millət, bir dövlət olmuşuq...”
Bir vaxtlar Moskvadakı Türkiyə səfirliyində ticarət attaşesi vəzifəsində çalışmış Aydın Sezər açıqlamalarında daima Azərbaycan əleyhinə qərəzli mövqe nümayiş etdirir və ölkəmizlə bağlı dezinformasiya yayır. O, tez-tez erməni əsilli jurnalist Alin Ozinianın təsisçisi olduğu “Viatv” Yutub kanalında guya Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edir, əslində isə ölkəmizi qaralamaqla məşğul olur.
O, rusiyayönümlü harici.com.tr saytında Moskvada yerləşən “medyagunlugu.com” saytının yazarı kimi təqdim olunur.
Aydın Sezər Azərbaycan rəsmiləri və ümumiyyətlə ölkəmiz haqqında saxta məlumatlar paylaşması ilə tanınır, bəzən hətta saxta videolar yaymaqdan belə çəkinmir.
Bu “xarici siyasət mütəxəssisi” 44 günlük Vətən müharibəsi zamanı Almaniyanın “DW” media qurumuna verdiyi müsahibədə müharibənin əsl səbəbini “Vladimir Putinin canının sıxılması” kimi məntiqsiz, mənasız və heç bir əxlaq normasına sığmayan tərzdə izah etmişdi.
Müharibə davam edərkən Aydın Sezər Türkiyə xalqının Azərbaycana dəstəyinə qarşı narazılığını ikibaşlı cümlələrlə belə "şərh etmişdi": "Azərbaycana gedən türk millətçilərinə (burada onun nəyə işarə etdiyinə və açıq-aşkar dezinformasiya yaydığına diqqət yetirmək lazımdır – red.) salamlar! İşğal olunmuş vətənlərini tərk edən "qaçqınların" yaşayış şəraitini araşdırmayın, bu insanların illərdir niyə belə çətin şəraitdə yaşamağa məcbur olduqlarını soruşmayın; əksinə, Azərbaycanın sərvətlərinə diqqət yetirin!"
O, daha əvvəl də “Medyagünlüğü” saytında dərc olunan "Yeni şahmat lövhəsində Türkiyənin qaçaq krallığı" başlıqlı məqaləsində son illərdə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin dalana dirənməsində məhz Azərbaycanı günahlandırmışdı. Həmin məqalədə Sezər iddia edir: "Türkiyə Əliyevin strateji kölgəsindən qaça bilmədi və Ermənistanla münasibətlərini "Azərbaycanın təsdiqi" üzərində qurmağa üstünlük verdi. Halbuki, Azərbaycan-Ermənistan müharibəsindən sonra Türkiyənin Ermənistanla münasibətlərini dayandırması üçün bütün səbəblər aradan qalxmışdı".
"Yolun ABŞ-nin nəzarəti altında olması, şübhəsiz ki, Rusiyanı, hətta İranı da narahat edəcək", – deyə mövqeyini və mənsubiyyətini bəlli edən Sezər, "Trampın böhran yolu"nda "Ankara təsir sahəsini ABŞ-yə təhvil verdi" iddiası ilə çıxış edib. Lakin qəribədir ki, elə həmin Aydın Sezər "Buna baxmayaraq, Ermənistan və Azərbaycan liderlərinin ilk dəfə eyni mətni imzalaması çox vacib bir hadisədir" ifadəsini də işlədib. Bu ziddiyyətli yanaşma onun sonuncu iddiasının kökündə hansı qüvvələrin tezislərinin dayandığını müəyyən etməyi asanlaşdırır.
Müəyyən fraqmentləri xatırladaq. Misal üçün, o, “Medyagünlüğü” saytındakı "Ermənistanla sülh vaxtıdır" adlı məqaləsində "Paşinyan 10 noyabr 2020-ci ildə Tvitterdə atəşkəs sazişinin imzalandığını elan etdi" cümləsini işlədib. Bundan əlavə, o, 7 yanvar 2021-ci ildə Moskvada görüşən üç ölkə liderinin də izləniləcək “yol xəritəsi” barədə razılığa gəldiyini bildirib.
Bu yaxınlarda (7 may 2026) yazdığı tvitdə isə bu qeydlər yer alıb: “Ümid edirəm ki, Azərbaycanın reaksiyaları xüsusi elçinin işini yarımçıq qoymayacaq! İndi bu sərhəd-keçid məntəqəsini "təsdiq" olmadan aça bilməyəcəyimiz əvvəlkindən daha aydındır... Bunun üçün isə cəsarət lazımdır”. Təbii ki, Aydın Sezər “təsdiq” sözü ilə yenə də Azərbaycana işarə vurur.
Aydın Sezər Türkiyədə Azərbaycanla bağlı yaranmış ifrat həssaslığın artıq "qardaşlıq münasibətləri"nin sərhədlərini aşdığını iddia edir. O, bəzi qüvvələrin apardığı qarayaxma kampaniyasına görə Azərbaycanın keçirdiyi haqlı narahatlığı “şişirtmə” adlandırır.
İran haqqında fikir bildirəndə isə bu şəxs, Azərbaycana qarşı hansı mövqedə olduğunu bir daha açıq şəkildə ortaya qoyur: “İrandakı mövcud rejimin yerində qalıb-qalmamasından, dəyişib-dəyişməməsindən və ya transformasiya etməsindən asılı olmayaraq, təəssüf ki, ilk itirəcək ölkə Azərbaycan olacaq”.
Erməni iddialarına qarşı çıxan indi onların müdafiəçisidir
Təqaüddə olan keçmiş səfir Fateh Ceylan da iki ölkə arasındakı münasibətləri gərginləşdirməkdə maraqlı olan şəxslər sırasındadır.
Fateh Ceylan Ankara Universitetinin Siyasi elmlər fakültəsində beynəlxalq münasibətlər üzrə təhsil alıb. Ali təhsilini bitirdikdən sonra ABŞ-nin Rutgers və Prinston (Princeton) universitetlərində magistr dərəcəsi qazanıb. 1979-cu ilin noyabr ayında Xarici İşlər Nazirliyində fəaliyyətə başlayan Ceylan diplomatiyadakı təxminən 40 illik karyerasından sonra, 2019-cu ilin fevralında öz istəyi ilə təqaüdə çıxıb. O, hazırda “Ankara Siyasət Mərkəzi” adlı analitik beyin mərkəzinin rəhbəridir.
Maraqlıdır ki, zaman-zaman Ermənistandakı ultra-millətçi dairələrin, erməni diasporu və lobbisinin barışmaz mövqeyi haqqında uzun-uzadı məqalələr yazan bu təqaüdçü səfir vaxtilə belə bir bəyanatla çıxış etmişdi: "Xaricdə vəzifə başında olarkən erməni terror təşkilatları tərəfindən şəhid edilən onlarla türk diplomatın və qətlə yetirilən günahsız mülki şəxslərin əsl cinayətkarları kimi o dövrün Ermənistan rəhbərlərini məsuliyyətə cəlb etmək lazımdır". Lakin fəaliyyəti boyu bu cür kəskin mövqe sərgiləyən bir diplomat birdən-birə Ermənistanla sərhədlərin açılmasının yalnız bu ölkənin konstitusiyasında baş verəcək dəyişikliklərdən sonra mümkün olacağını vurğulayan Azərbaycan Səfirinə qarşı aqressiya nümayiş etdirir.
Burada mühüm bir nüansa diqqət yetirmək lazımdır: keçmiş səfirin rəhbərlik etdiyi qurumun analitik heyətinə nəzər saldıqda, orada Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviközün də (Ahmet Ünal Çeviköz) adını görmək mümkündür.
Bu, həmin Əhməd Ünal Çeviközdür ki, vaxtilə Türkiyənin Azərbaycana guya "cihadçılar" göndərməsi ilə bağlı erməni təbliğatına xidmət edən uydurma iddialar səsləndirmişdi.
FETO-çular
İYİ Partiya sədrinin keçmiş müavini, Bursa millət vəkili və təqaüddə olan səfir Əhməd Kamil Ərozanın (Ahmet Kamil Erozan) mövqeyi isə daha sərt olub: “Bir millət, iki dövlət olsaq da, Azərbaycan səfirinin verdiyi açıqlamalarla bağlı Xarici İşlər Nazirliyindən təsdiq və ya təkzib gözləyirəm... Bu sorğu yalnız bir statusla məhdudlaşmayacaq...”
5 mart 2026-cı il tarixində bu şəxs X hesabında növbəti qərəzli fikirlərini paylaşıb: “NATO-nun 5-ci maddəsini zehni olaraq araşdıranlardan Şuşa Bəyannaməsindən (15 iyun 2021) aşağıdakı abzası da oxumalarını xahiş edirəm... Onlar ABŞ-İsrail ikilisinin Azərbaycanla İran arasında münaqişənin başlamasını niyə istədiklərini düşünməlidirlər...”
Ərozan həmçinin 2025-ci ilin noyabrında belə bir iddia irəli sürüb: “ABŞ-nin Suriya üzrə səfiri və xüsusi nümayəndəsi bildirib ki, “Türkiyə və İsrail müharibə etməyəcək. Xəzər dənizindən Aralıq dənizinə qədər əməkdaşlığı görəcəksiniz...” Tərcüməsi: “Türkiyə və Azərbaycan da İbrahim Sazişlərinin tərəfləri olacaqlar”... Görünür, təlimat yüksək bir yerdən gəlib... Elə bil kiminsə “Oldu, cənab komandir!” dediyini eşitdim”. O, bu sözlərlə açıq-aşkar Azərbaycan və Türkiyə rəsmilərini hədəf alaraq kinayə edib.
2025-ci ilin avqust ayında isə Ə.K.EƏrozan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin qarşısındakı yeganə maneənin Azərbaycan olduğunu iddia edib: “Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi təxirə salınıb və Əliyevin təsdiqini gözləyirik…”
Həmin tvitdən az sonra keçmiş səfir öz izləyicilərinə belə bir sualla müraciət edib: “Şayiələrə görə, əgər Azərbaycan və Ermənistan bu həftə Sülh Müqaviləsi imzalasa, görəsən Ərdoğan neçə dəqiqə sonra Ermənistanla quru və dəmir yolu sərhədlərini açacaq?!...”
Qeyd edək ki, Ə.K.Ərozan tez-tez Azərbaycandan olan radikal müxalifət nümayəndələri ilə bir araya gəlir və bu görüşləri nümayişkaranə şəkildə öz sosial media hesablarında paylaşır.
Araşdırmalar zamanı Əhməd Kamil Ərozanın dəfələrlə ABŞ-yə səfər etdiyi, bu səfərlər çərçivəsində isə Türkiyədə “15 iyul dövlət çevrilişinə cəhd” hadisələrində adı hallanan CFR (Council on Foreign Relations – Beynəlxalq Əlaqələr Şurası) analitik mərkəzinin rəhbəri Henri Berkey (Henri Barkey) ilə görüşdüyü müəyyənləşdirdik.
Əhməd Kamil Ərozanın siyasi keçmişini və əlaqələrini araşdırarkən daha bir maraqlı məqam ortaya çıxır. Belə ki, Türkiyənin "Yeni Akit" qəzetində dərc olunan araşdırma yazısına görə, 2021-ci ildə İYİ Partiyanın sədr müavini olan Əhməd Kamil Ərozan “Zoom” proqramı vasitəsilə partiyanın Almaniya təşkilatı ilə qapalı görüş keçirib. Görüş iştirakçılarının əksəriyyətinin FETÖ terror təşkilatının gizli paralel strukturu sayılan UTG (Türkiyə Toplum Platforması Birliyi) üzvlərindən, digərlərinin isə fəaliyyətindəki şübhəli məqamlara görə İYİ Partiyanın Almaniya şöbəsi tərəfindən uzaqlaşdırılan şəxslərdən ibarət olduğu aşkarlanıb. Yazının sonunda sual olunur: “Əhməd Kamil Ərozan niyə FETO-ya yaxınlığı ilə tanınan bu şəxsləri inadla dəstəkləyir və onlarla əməkdaşlıq edir?”
***
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədova qarşı başlayan hücumlarda aktivlik göstərən növbəti fiqur isə ABŞ-də yaşayan türkiyəli analitik, Vaşinqtondakı Yaxın Şərq İnstitutunun (MEI) Türkiyə Proqramının təsisçi-direktoru Gönül Tol olub.
O, X hesabında iddialı şəkildə bu fikirləri paylaşıb: “Azərbaycanın Ankaradakı səfiri Türkiyə-Ermənistan sərhədinin Ermənistandakı iyun seçkilərindən sonra, konstitusiya dəyişiklikləri edildikdən sonra açılacağını bildirib. İllər keçdikcə türk diplomatlarının Azərbaycanın nə qədər "çətin" tərəfdaş olmasından və Ankaraya şərtləri diktə etməyə çalışmasından şikayətləndiklərini getdikcə daha çox eşidirəm. Lakin Azərbaycan səfirinin Türkiyə-Ermənistan sərhədinin nə vaxt və hansı şərtlər altında açılacağını bu cür açıq şəkildə bəyan etməsi, işləri artıq yeni bir mərhələyə daşıyır”.
Türkiyə və Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan Gönül Tol 1982-ci ildə Ankarada anadan olub. Bakalavr təhsilini Yaxın Şərq Texniki Universitetində (ODTÜ) başa vurub. Magistr və doktorluq dərəcələrini isə ABŞ-nin Florida Beynəlxalq Universitetində alıb. Türkiyənin xarici siyasəti, ABŞ-Türkiyə münasibətləri, “siyasi İslam”, miqrasiya, eləcə də etnik və dini kimliklər üzrə ixtisaslaşmış Tol, bu mövzularda akademik və media şərhləri ilə tez-tez gündəmə gəlir. O, həmçinin MEI-nin Qara Dəniz Proqramının baş tədqiqatçısıdır. istinad
Gönül Tolun adı ABŞ xarici siyasəti üzrə nüfuzlu beyin mərkəzi olan Amerika Xarici Əlaqələr Şurasının nəşri – "Foreign Affairs" jurnalından da ictimaiyyətə yaxşı tanışdır. Belə ki, onun hələ 3 may 2016-cı il tarixində həmin jurnalda ciddi şübhələrə və suallara yol açan "Türkiyənin gələcək çevrilişi" (Turkey's Next Coup) başlıqlı məqaləsi dərc olunmuşdu. Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhddən cəmi iki ay əvvəl yazılmış bu məqalə analitikin hansı dairələrə xidmət etdiyinin bariz göstəricisidir.
Gönül Tol və onun yaxın həmkarı Ömər Taşpınar (Ömer Taşpınar) birbaşa FETO şəbəkəsinə bağlı şəxslər kimi tanınırlar. Bu iki isim İstanbul Baş Prokurorluğu tərəfindən haqqında həbs qərarı verilmiş Maykl Rubin (Michael Rubin), Qrem Fuller (Graham Fuller) və Henri Berkey (Henri Barkey) kimi fiqurlarla sıx əməkdaşlıq və "Vaşinqton İnstitutu"nda (The Washington Institute) birgə layihələr icra edirlər.
Gönül Tol və Ömər Taşpınarın FETO-nun idarəçiliyində olan "Rumi Forumu"nda (Rumi Forum) birgə hazırladıqları proqramları və Türkiyədə axtarışda olan keçmiş MKİ (CIA) agenti Qraham Fuller ilə yaxın münasibətlərini nəzərə aldıqda, onların rəsmi Bakıya və bütövlükdə Azərbaycana qarşı sərgilədikləri bu aqressiyanın real səbəbləri tam şəkildə bəlli olur.
Bu hücumda kimliklərini gizlədən və gizlətməyən ermənilər
Bu “hücumda” kimliklərii gizlətməyən ermənilər deyərkən sözsüz ki, erməni jurnalist Alin Ozinianı nəzərdə tuturuq.
Alin Ozinian 1982-ci ildə İstanbulda anadan olub və “Getronagan” erməni liseyini bitirib. İrəvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsindən məzun olduqdan sonra şərqşünaslıq (türkologiya) üzrə magistr dərəcəsi alıb. Universitet illərində Türkiyə-Aİ münasibətləri və Türkiyədəki azlıqların hüquqları istiqamətində fəaliyyət göstərib. Ozinian Türkiyə-Ermənistan Biznes İnkişaf Şurasının mətbuat katibi, “International Alert” təşkilatının Qafqaz regionu üzrə koordinatoru və “Civilitas” Fondunda Türkiyə bölməsinin baş meneceri vəzifələrində çalışıb. 2015-ci ildən mərkəzi ofisi Vaşinqtonda yerləşən Amerika Erməni Assambleyasının Şərq və Qafqaz üzrə eksperti kimi fəaliyyət göstərir. Siyasi elmlər üzrə doktorluq dərəcəsi alan Ozinian uzun illərdir müxtəlif layihələr üzərində işləyib, əsasən Türkiyə-Ermənistan münasibətlərinə diqqət yetirib və çoxsaylı hesabatların müəllifidir. Onun "Türkiyədə qanunsuz işləyən erməni qadınları" adlı araşdırması Aİ-nin "Miqrant tədqiqatları" mükafatına layiq görülüb. Məqalələri Türkiyə, Ermənistan və xarici mətbuatda dərc olunur. istinad
Bu, əlbəttə ki, Alin Ozinianın tərcümeyi-halının görünən tərəfləridir. Bu səhifənin digər üzündə isə tamamilə başqa mənzərə açılır: onu tez–tez FETO-çuların media qurumlarında, yaxud Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərən təşkilatların tədbirlərində görmək mümkündür. Məsələn, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra onun FETO-çu "Ahval" qəzetinin baş redaktoru Yavuz Baydar və Moskvada FETO-nun bu ölkə üzrə təmsilçisi olan, özünü ekspert kimi təqdim edən Ermənistan vətəndaşı Kərim Has ilə birlikdə atəşkəs razılaşmasını “Ahvalnyus” "YouTube" kanalında tamamilə fərqli və qərəzli bir yanaşma ilə müzakirə etdiyini xatırlatmaq olar.
10 oktyabr 2020-ci ildə imzalanan ilk humanitar atəşkəs zamanı da yenə eyni kanalda bənzər müzakirə baş tutub. Qonaqlar yenə həmin personajlar - Yavuz Baydar və Alin Ozinian, dəyişən yeganə qonaq isə “azərbaycanlı jurnalist” Arzu Qeybulla olub.
Alin Ozinian 44 günlük Vətən müharibəsi başlayan kimi Avropadan maliyyələşən “bianet” portalında Türkiyəni əsassız şəkildə günahlandırmağa başladı. O, həmçinin başqa bir FETO-çu media qurumu olan “kronos34” səhifələrində də tez-tez aktivlik nümayiş etdirib. Qondarma “erməni soyqırımı”nın “anım günü”ndə o, bu qondarma iddianın müdafiəçilərindən olan Rəcəb Maraşlıdan Tələt Paşa ilə bağlı müsahibə götürmüşdü. Bunu isə özünün sosial media hesabında aşağıdakı kimi paylaşmışdı: “Türkiyədə demək olar ki, hər kəs yenidən inkarı seçəndə və #TalatPaşa yenidən təriflənəndə özümü saxlaya bilmədim: "Bu Talat Paşa kim idi? Niyə hər yerdə müharibə cinayətkarının adı var? Rəcəb Maraşlı ilə Talat Paşa haqqında söhbətimiz...”
Daha sonra o, yenə həmin media orqanında “Hərbi Qənimətlər Parkı” haqqında yazı qələmə alaraq Azərbaycanı “müharibə cinayətləri” törətməkdə ittiham etmişdi.
Alin Ozinianın imzasına xaricdə FETO tərəfindən formalaşdırılmış başqa bir media orqanında – "artigercek.com"-da da rast gəlinir. O, həmin saytın köşə yazarlarından biridir.
Həmin portalın “YouTube” kanalında Alin Ozinianın digər FETO-çu jurnalist Amberin Zamanı qonaq etdiyi də yaddaşlardadır.
Bir məqamı da xüsusilə vurğulamalıyıq ki, Alin Ozinianın Səfirimizə qarşı yönələn bu total hücumda aktiv iştirak edən və özünü Rusiya üzrə ekspert kimi təqdim edən Aydın Sezerlə də yaxın əlaqələri var. Belə ki, Aydın Sezer həftədə bir neçə dəfə Alin Ozinianın yaratdığı “YouTube” kanalına qonaq qismində qatılır. Məsələn, ən son dünən (19.05.2026) yayımlanan verilişdə məhz həmin kanalda səfirin açıqlamaları müzakirə edilib.
Alin Ozinianın Azərbaycandakı müxalifətlə qəribə bağlılığı və bu barədə davamlı müzakirələr apardığı da müşahidə olunur. Misal üçün, o, özünün “YouTube” kanalında hətta FETO-çu qonaqları ilə Əli Kərimlinin həbsi mövzusuna toxunur. Həmin videoda erməni jurnalist, qonağı Mehmet Altana müraciət edərək: “Türkiyə müxalifəti, xüsusilə CHP, niyə AXCP sədri Əli Kərimlini və ümumilikdə Azərbaycan müxalifətini açıq şəkildə müdafiə etmir?” deyə sual ünvanlayır. Xatırladaq ki, bənzər fikirləri Aydın Sezer də İYİ Partiya sədrinin müavini Ahmet Erozanın Azərbaycan müxalifəti ilə görüşdüyünü bildirdiyi tvitinin altında “Kaş CHP ilə də görüşdürsəydiniz” yazaraq ifadə etmişdi.
Səfirə virtual hücumda iştirak edən, kimliyini gizlədən ermənilərdən digəri - İYİ Partiyadan TBMM-nin XXVII çağırış Ərzurum millət vəkili olmuş Naci Cinislidir. O, X hesabı vasitəsilə məsələyə münasibət bildirərək hücum kampaniyasına qoşulub: “Xeyli müddətdir ki, Nikol Paşinyanın strateji yanaşmasına baxmayaraq, Türkiyə-Ermənistan sərhədinin niyə bağlı qaldığını soruşur və regiondakı təşəbbüsün Türkiyəmiz tərəfindən idarə olunmalı olduğu ilə bağlı fikirlərimi dilə gətirirdim. Ümid edirəm ki, səfirin sözləri sadəcə bir səhv ibarədir”.
Arayış: Naci Cinisli 1969-cu ildə İstanbulda anadan olub. Orta və lisey təhsilini Avstriya Liseyində alıb. Ali təhsilinə Vyana İqtisadiyyat Universitetinin Biznesin idarə edilməsi fakültəsində başlayıb, sonradan İstanbul Universitetinin Biznesin idarə edilməsi fakültəsini bitirib. Biznes fəaliyyətinə ev tekstili, şüşə qablar, hədiyyəlik əşyalar və topdansatış sahəsində fəaliyyət göstərən ailəvi “Cinisli” brendi ilə başlayıb. Həm Türkiyədə, həm də beynəlxalq səviyyədə ticarətlə məşğul olub.
24 iyun 2018-ci ildə İYİ Partiyadan Ərzurum millət vəkili seçilən Cinisli, parlamentdə Gender bərabərliyi komitəsinin üzvü olub.
Naci Cinisli və ailəsinin köklərini araşdırarkən maraqlı və şübhəli məqamlar ortaya çıxır. Bu şəxs əslən Ərzurumun Aşkale rayonunun Cinis kəndindəndir. Əmisi Rasim Cinisli də vaxtilə Doğru Yol Partiyasından (DYP) millət vəkili olub.
Tarixi qaynaqlara görə, Cinis kəndinin ətrafındakı yaylaqlarda yerləşən yeddi kəndin əksəriyyətində vaxtilə erməni əsilli sakinlər yaşayıb. Məsələn, hazırda adı Küçükgeçit olan kənd keçmişdə Kağdoyaric, Yukarıyenice kəndi Zerdige Komu, indiki Gökçebük kəndi isə əvvəllər Şéggav adlandırılıb. Zamanla bu yaşayış məntəqələri birləşdirildiyi və bəziləri ləğv edildiyi üçün Cinislilərin konkret olaraq hansı kökdən gəldiyini tam müəyyənləşdirmək çətinlik törətsə də, sözügedən ərazilərdə ermənilərin üstünlük təşkil etdiklərinə şübhə yoxdur.
Naci Cinisli sosial şəbəkələrdə paylaşdığı statuslarla özünün real mövqeyini və kimliyini onsuz da bəlli edir. Onun son dövrlərdə “X” hesabında yazdığı bu qeydlər Azərbaycana qarşı sərgilədiyi qərəzin kökündə nəyin dayandığını açıq göstərir: “Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlaması dünyaya və erməni diasporu rəhbərliyinə nümunə olmalıdır. Digər tərəfdən, bu vacib yanaşmaya baxmayaraq, Ərzurumda törədilən vəhşiliklərin şahidi olan və onlara qarşı mübarizə aparan bir ailənin üzvü kimi, Türkiyə-Ermənistan sərhədinin niyə hələ də açılmadığını başa düşə bilmirəm. Ümid edirəm ki, bölgədə təşəbbüsü tam şəkildə ələ alacağıq”.
Burada ən böyük ziddiyyət isə Naci Cinislinin siyasi manipulyasiyasıdır. Belə ki, o, 2019-cu ildə mediaya verdiyi rəsmi açıqlamasında qondarma iddiaları rədd edərək demişdi: “Artıq bu məsələni tarixçilərə buraxmağa yer yoxdur. Çünki iddiaların həqiqəti əks etdirmədiyi və "soyqırımı" olmadığı tarixən sübut olunub. Eynilə, məsələ hüquqi çərçivədən kənardır. Çünki "soyqırımı"nın olmaması beynəlxalq konvensiyalar və qərarlarla sənədləşdirilib. Bu mənada Türkiyənin boyun əyməsi üçün heç bir səbəb yoxdur”. Yəni dünənə qədər erməni iddialarının saxta olduğunu və "soyqırımı" baş vermədiyini bəyan edən keçmiş millət vəkili, bu gün ermənilər Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından hələ də tam imtina etmədiyi halda, sərhədlərin dərhal açılmasını tələb edir. Bu isə onun Azərbaycana qarşı başladılan qarayaxma kampaniyasında hansı dairələrlə sinxron fəaliyyət göstərdiyini növbəti dəfə sübut edir.
Təqaüddə olan bu diplomatlar bilməlidilər ki
Göründüyü kimi, adları çəkilən şəxslərin demək olar ki, hamısı keçmiş diplomatlardır və öz sahələrində kifayət qədər təcrübəyə malikdirlər. Hər halda, bu şəxslər bilməmiş deyillər ki, Azərbaycan və Türkiyə xarici siyasət meydanında çiyin-çiyinə addımlayır, yürüdüləcək strateji xətti də dövlət başçıları səviyyəsində, məhz birgə müəyyənləşdirirlər.
Təqaüddə olan bu diplomatlar həm də onu anlamalıdırlar ki, gələn ay baş tutacaq parlament seçkilərindən sonra Ermənistanda yeni konstitusiyanın qəbulu məqsədilə referendumun keçirilməsi planlaşdırılır. Bu isə cari ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və Türkiyə ilə münasibətlərin normallaşmasına zəmin yaradacaq vacib addımdır. Buradakı ən önəmli və kritik məqam Ermənistanın mövcud Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə yanaşı, Türkiyəyə qarşı da rəsmi iddiaların yer almasıdır. 1995-ci ildə qəbul edilən bədnam konstitusiyada dövlətin əsas vəzifəsinin 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin tələblərini yerinə yetirməkdən ibarət olduğu vurğulanır. 12 bənddən ibarət olan həmin bəyannamədə isə açıq-aşkar qeyd olunur ki, “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.
Belə olan halda, Ermənistan hələ də Türkiyə və Azərbaycana qarşı öz rəsmi ərazi iddialarından vaz keçməyibsə, hansı sərhədlərin açılmasından söhbət gedə bilər?! Və ümumiyyətlə, sərhədlərin açılması ilə bağlı səsləndirilən tamamilə qanuni şərtlər niyə bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasına çevrilir?!
"Strateji xəritə"ni kimlər pozmaq istəyir?
Səfir Rəşad Məmmədovun beynəlxalq hüquqa, diplomatik etikaya və ən əsası – Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın birlikdə cızdıqları "strateji xəritəyə" əsaslanan bəyanatının Türkiyədəki müəyyən dairələri bu dərəcədə təşvişə salması təsadüfi deyil. Ortaya atılan tezislərin sinxronluğu, sosial mediada eyni foto və skrinlərlə manipulyasiya edilməsi göstərir ki, qarşımızda təbii bir ictimai reaksiya yox, bir mərkəzdən idarə olunan, təlimatlandırılmış "troll ordusu" və onun icraçıları dayanıb.
Azərbaycan səfirinin açıqlamasında panika doğuracaq, yaxud Türkiyənin suverenliyinə kölgə salacaq nə var? Ankara illərdir rəsmi səviyyədə Ermənistanla sərhədlərin açılması birbaşa Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasından asılı olduğunu bəyan edib. Türkiyə xarici işlər naziri Hakan Fidan ötən ilin noyabr ayında “Azərbaycan-Ermənistan sülh sazişi imzalandığı an sərhəd qapılarını açacağıq” sözləri ilə rəsmi Ankaranın mövqeyini qətiləşdirdi.
Deməli, məsələ səfirin nə deməsi yox, bu qüvvələrin kimdən təlimat almasıdır.
Sabiq diplomatların gerçək “missiyası”
Kampaniyanın “ön cəbhəsində” dayanan adların profilinə diqqət yetirdikdə mənzərə tam aydın olur. Vaxtilə dövlətin çörəyini yeyib, bu gün onun milli maraqlarına qarşı fəaliyyətlə məşğul olan sabiq diplomatların – Aydın Sezerlərin, Fatih Ceylanların, Əhməd Kamil Erozanların və okeanın o tayındakı FETO şəbəkəsinə bağlı Gönül Tolları ilə Naci Cinislilərin dərdi əsla Türkiyənin nüfuzu deyil. Onların yeganə məqsədi, Avropa və Qərbdəki ermənipərəst mərkəzlərin direktivlərinə uyğun olaraq, Cənubi Qafqazda küncə sıxışmış İrəvanı Azərbaycanın maraqlarını qurban verməklə "xilas etmək"dir.
Bu şəxslər bilərəkdən görməzdən gəlirlər ki, Ermənistanın mövcud Konstitusiyası və onun istinad etdiyi 1990-cı il Müstəqillik Bəyannaməsi təkcə Azərbaycana yox, birbaşa Türkiyəyə qarşı da rəsmi ərazi və qondarma "soyqırımı" iddialarını ehtiva edir. Azərbaycanın tələb etdiyi Konstitusiya islahatı həm də Türkiyənin tarixi və hüquqi haqlarının müdafiəsidir. Belə olan halda, səfirin bu qanuni və müştərək şərtləri dilə gətirməsini "Türkiyəyə hörmətsizlik" kimi sırımaq, sadəcə olaraq siyasi riyakarlıq və özünüifşadır.
"Bir Millət, İki Dövlət" prinsipi məsxərə predmeti deyil!
Bu qarayaxma kampaniyasında iştirak edənlərin və Ermənistanda Türkiyə bayrağı yandırılarkən İrəvanda özünü "evindəki kimi hiss edən" Sərdar Kılıç kimi diplomatların səssiz qaldığı bu satqınlıq şəbəkəsi bizim üçün mühüm bir reallığı ortaya qoyur: regional siyasətdə "romantizmə" yer yoxdur. Azərbaycan hər zaman qardaş ölkənin maraqlarına görə, misal üçün, yunan Kipri məsələsində Avropa İttifaqı ilə strateji dividendlərini qurban verdiyi halda, Türkiyənin içindəki bu marginallaşmış qrupların Ermənistan sevdası naminə Bakıya şərt diktə etməyə çalışması qəbuledilməzdir.
Ancaq bu xəyanət şəbəkəsi və onların Qərbdəki havadarları bir şeyi unudurlar: Azərbaycan-Türkiyə münasibətləri qocalmış, qərəzli və təlimatlı sabiq diplomatların sosial media manipulyasiyaları ilə sarsılacaq qədər zəif deyil. Şuşa Bəyannaməsi ilə rəsmiləşən, 44 günlük müharibədə qanla möhürlənən Əliyev-Ərdoğan xətti bu gün regionda yeni reallıqları diktə edən ən güclü geosiyasi oxdur. Və bu oxun qarşısında heç bir "troll hücumu", heç bir xarici sifariş dayana bilməz! Türkiyə xalqı və dövləti öz milli maraqlarını erməni lobbisinin nəzarətində olan bu qüvvələrin ambisiyalarına heç vaxt qurban verməyəcək.