Nyu-Yorkda BMT Baş Məclisinin "Qaçqın və miqrantların
böyük axınının aradan qaldırılması" mövzusunda yüksək səviyyəli
görüşü keçirilib.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi
Firudin Nəbiyev tədbirdə çıxış edərək ölkəmizdə bu sahədə görülən
işlər barədə məlumat verilib.
Axar.az xəbər verir ki, F.Nəbiyev çıxışında son illər dünyada
münaqişə və böhran zonalarının coğrafiyasının genişlənməsinin həlak
olan və öz evlərini tərk etmək məcburiyyətində qalan insanların
sayının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxardığını diqqətə
çatdırıb. Qeyd edib ki, münaqişələr və zorakılıqlar nəticəsində bu
gün dünyada 60 milyondan çox insan məcburi olaraq yerdəyişməyə
məruz qalıb. Beynəlxalq ictimaiyyət ilk növbədə yeni silahlı
münaqişələrin meydana çıxmasına imkan verməməli və mövcud
münaqişələrin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipi
başda olmaqla beynəlxalq hüququn norma və prinsipləri əsasında həll
edilməsi istiqamətində səylərini daha da artırmalıdır. Qaçqınların,
məcburi köçkünlərin və miqrantların problemlərinin həll edilməsində
dövlətlər və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq
Miqrasiya Təşkilatı kimi mötəbər qurumlar və BMT-nin müvafiq
mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi olduqca
vacibdir.
F.Nəbiyev bildirib ki, hazırda dünyada artıq ümumi sayı rekord
həddə - 41 milyona çatmış məcburi köçkünlərin ağır vəziyyəti və
ehtiyacları heç cür diqqətdən kənarda qalmamalıdır. Buna görə də
beynəlxalq ictimaiyyətin bu problemin həllinə münasibətdə ümumi və
vahid yanaşmadan çıxış etməsi zəruridir. Yaranmış acınacaqlı şərait
artıq Daxili Köçürülmə üzrə Rəhbər Prinsiplər əsasında universal
məcburi sənədin hazırlanması məsələsinin ciddi surətdə nəzərdən
keçirilməsini şərtləndirir. Bu kontekstdə Azərbaycan Afrika
İttifaqı tərəfindən məcburi köçürülmə ilə bağlı məcburi səciyyə
daşıyan ilk sənəd olan "Afrikada ölkə daxilində köçürülmüş
şəxslərin müdafiəsi və onlara yardım üzrə Konvensiya"nın qəbul
edilməsini alqışlayır. Biz, eyni zamanda, BMT Baş katibinin
Bəşəriyyət üçün Gündəliyində 2030-cu ilədək məcburi köçürülmənin ən
azı 50 faizə qədər azaldılması ilə bağlı müəyyənləşdirilmiş iddialı
məqsədə nail olunacağına ümid edirik.
Xidmət rəisi vurğulayıb ki, Azərbaycanın məcburi köçkün
məsələsinə verdiyi önəm və həssaslığının səbəbləri tam aydındır.
Ermənistan tərəfindən ərazisinin işğalına görə ölkəmiz
genişmiqyaslı məcburi köçürülmə problemi ilə üzləşib. Hazırda 9,7
milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkünlərin
sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən
biridir. İyirmi beş ildən çoxdur ki, Ermənistan beynəlxalq hüququn
norma və prinsiplərini kobud şəkildə pozaraq özünün işğalçılıq
siyasətini, status-kvonun möhkəmlənməsinə yönəlmiş səylərini davam
etdirir və yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma
yurdlarına qayıdışını əngəlləyir. Bundan başqa, təəssüflə qeyd
etməliyik ki, Ermənistan hazırkı qaçqın və miqrant böhranından
sui-istifadə edərək Suriyadan olan erməniləri Azərbaycanın işğal
olunmuş ərazilərində məskunlaşdırır. Bu, beynəlxalq humanitar
hüququn, ilk növbədə, 1949-cu il dördüncü Cenevrə Konvensiyasının
və Əlavə Protokollarının kobud surətdə pozulmasıdır.
F.Nəbiyev qeyd edib ki, Azərbaycan doğma yerlərindən qovulmuş
məcburi köçkünlərin bütün problemlərini öz üzərinə götürüb.
Azərbaycan hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil,
yaşayış və tibbi, sosial təminatı ilə əlaqədar tədbirlər davamlı
olaraq həyata keçirilir. Ötən dövrdə Azərbaycan hökuməti tərəfindən
məcburi köçkünlәr üçün yüzə yaxın müasir qəsəbə salınıb, minlərlə
qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti
yaxşılaşdırılıb. Son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin
sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları
həcmində vəsait xərclənib. Azərbaycan hökumətinin məcburi
köçkünlərin problemlərinin həll olunması sahəsində səyləri BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və
digər təşkilatlar tərəfindən yüksək dəyərləndirilib.
Sonda Xidmət rəisi məcburi köçkünlərin müdafiəsi, məcburi
köçürülmə vəziyyətlərinin meydana çıxmasının qarşısının alınması və
bu kimi halların azaldılmasına yönəlmiş strategiyaların nəzərdən
keçirilməsinin vacibliyi ideyasını özündə ehtiva etməklə qəbul
olunmuş siyasi bəyannamənin bu kövrək təbəqə üçün güclü müdafiə
çərçivəsinin hazırlanması səylərinə qlobal miqyasda böyük bir təkan
verəcəyinə inam ifadə edib. F.Nəbiyev Azərbaycanın bu işə öz
töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırıb.