ABŞ və İran faktiki olaraq mübahisəli məsələlər ətrafında ortaq məxrəcə gələ bilmədikləri üçün tərəflər arasında daimi sülh hazırda mümkün deyil. Söhbət İranın nüvə məsələsi, ballistik raket proqramı, dondurulmuş hesabları, regional siyasəti, neft-qaz siyasətinə qoyulan sanksiyalar, Hörmüz boğazındakı vəziyyətdən gedir.
Bunu Axar.az-a açıqlamasında politoloq Turab Rzayev ABŞ-İran arasında vəziyyətin gərginləşməsinin səbəblərinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, nüvə məsələsi ilə bağlı ortaya qoyulan tələb nüvə silahının əldə olunması və İranın nüvə proqramının mövcudluğu olmaqla 2 hissəyə ayrılır:
“İran hökuməti bunları ayıraraq bildirir ki, nüvə silahı əldə etməyə bilər, amma nüvə proqramını davam etdirəcək. ABŞ isə əvvəllər nüvə silahının olmamasına çalışırdısa, indi ümumiyyətlə nüvə proqramının ləğv edilməsini, İranın nüvə silahı əldə etmək qabiliyyətini tam itirməsini istəyir. ABŞ-ın İranın istəklərini yerinə yetirməsi rəsmi Tehranın digər ölkələr qarşısında regional hegemon dövlətə çevrilməsi demək olardı. Yaxud İran ABŞ-a daha çox güzəştə gedə bilməz. İndiki şərtlərlə belə İran XİN başçısını, prezidentini “satqın”, “xain” adlandırırlar. Təsəvvür edin, daha çox güzəştə getsə, İran daxilində bunun əks-sədası necə olar? Ona görə də gərginlik olduğu kimi qalır, tərəflər isə sadəcə “taym aut” götürüblər”.
Politoloq vurğulayıb ki, ABŞ-İran arasında hər nə qədər müsbət danışıqların olduğu deyilsə də, bu, müvəqqəti atəşkəs idi:
“ABŞ müttəfiq ölkələrinə xəbərdarlıq göndərmişdi ki, İranın dini liderinin dəfni ilə bağlı tədbirdə iştirak dostluq aktı kimi qəbul olunmayacaq. Fikir verdinizsə, Xameneinin vida mərasiminə Qərb yarımkürəsindən demək olar ki, heç kəs getməmişdi. ABŞ bu gün müttəfiqlərinə İranda ali dini liderin dəfninə nümayəndə göndərməyə imkan vermirsə, aydın məsələdir ki, İranla normallaşma istiqamətində də ciddi addımlar atmağa tələsməyəcək”.
Onun sözlərinə görə, ABŞ daxilində Mark Rubio və Ceyms Devid Vens arasındakı fikir ayrılığı da məsələnin həllinə mane olan amillərdəndir:
“Prosesin nəticəsi Trampdan sonrakı dövrdə respublikaçılardan prezidentliyə namizəd olacaq şəxsi və komandanı müəyyən edəcək. Yəni Vens uğurlu olsa, onun ulduzu parlayacaq. Amma Rubio da öz ulduzunun parlaması üçün Vensin proqramının uğursuz olmasına çalışacaq”.