Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün
Abşeron rayonu və Bakı şəhərində torpaqların qanunazidd istifadəsi,
heç bir sənəd olmadan özbaşına zəbti və hasarlanması ilə bağlı
monitorinq və reydlər aparılıb.
Komitədən Axar.az-a verilən məlumata görə, bildirilir ki,
Abşeron rayonunun Qobu və Saray qəsəbələrində keçirilən reydlər
zamanı ümumilikdə 7 hektardan çox əkin və örüş torpaqlarında
müxtəlif təyinatlı tikinti işlərinin aparılması halları müəyyən
edilib. Məlum olub ki, Qobuda fiziki şəxslər tərəfindən belə
torpaqlarda yaşayış kompleksi, beton zavodu və anbar tikilib. Saray
qəsəbəsində isə örüş sahəsində fiziki şəxs tərəfindən avtoservis
binasının tikintisi aparılıb. Digər pozuntu faktlarına isə Bakının
Xəzər rayonunda rast gəlinib. Bunların sırasında Zirə, Türkan
qəsəbələrində kənd təsərrüfatı təyinatlı təyinatının kobudcasına
dəyişdirilməsi faktı aşkar edilib. Belə ki, ümumilikdə 100 hektara
yaxın örüş sahəsində müxtəlif fiziki və hüquqi şəxslərin tikdiyi
daş karxanaları müəyyən olunub. Üstəlik 100 hektar torpaq sahəsinin
hamısının sənədləşdirilmədiyi, heç bir sənəd olmadan 40 hektar
sahənin özbaşına zəbt olunması faktı da aşkarlanıb. Oxşar
monitorinqlərin Xəzər dənizinin mühafizə zolaqlarında aparılması
nəticəsində isə Hövsan və Türkan qəsəbələrinin dəniz sahili
zonalarında özbaşına hasarlamalar və sahilə gediş-gəlişin
məhdudlaşdırılması aşkar edilib.
Qeyd edilməlidir ki, görülən tədbirlər nəticəsində komitə
tərəfindən respublikanın 8 rayonu üzrə icarədə olan lakin
istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə
müqaviləsinə xitam verilməsi və dövlət mülkiyyətinə geri
qaytarılması təmin edilib. İcarədə olan torpaq sahələrinin
səmərəsiz istifadə olunması və ya tamamilə istifadəsiz saxlanması
ilə bağlı 18 rayon üzrə 23 min hektar torpaq sahəsinin icarə
müqavilələrinə xitam verilməsi istiqamətində isə hazırda işlər
aparılır.
Bütün bu hallarla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə akt və protokollar tərtib olunaraq
pozuntulara yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim olunub.
Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi
və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub. Tətbiq
olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin
məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə
qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib.
Xatırladaq ki, müxtəlif dövrlərdə ölkə başçısı tərəfindən verilmiş
müvafiq fərman və sərəncamlar ilə torpaqların istifadəsi və
mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib. Bununla
bağlı cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti
müəyyən edilib.