Son həftələrdə
dünyanın qüdrətli dövlətlərinin – ABŞ, İngiltərə, Almaniya və
Fransanın rəhbərlərinin Rusiya prezidenti Vladimir Putindən Ukrayna
məsələsindən dolayı ard-arda xahişlər etdiyi bir vaxtda Putinin
özünün xahişdə bulunduğu bir nəfər oldu: Krım türklərinin
(tatarlar) lideri Mustafa Abdulcəmil Krımoğlu.
Gerçək bir fenomen.... Möhtəşəm türk oğlu... Sarsılmaz iradə
yiyəsi... Dönməz əqidə sahibi... Prinsipial və dürüst siyasətçi...
Xarizmatik lider... Dünya şöhrətli dissident... Onu təqdim etmək
üçün çox söz tapmaq olar. Hamısı da gerçək. Yalansız.
Təsəvvür edin, Krımoğlu Mustafa bəyin deputatlıqdan yüksək
vəzifəsi yoxdur, Ukrayna Ali Radasının 450 üzvündən biridir, dövlət
vəzifəsi daşımır, amma dünyanın ən böyük dövlətlərinin birinin
lideri onunla görüşə ehtiyac duyur, xahiş edir, NATO kimi dünyanın
ən böyük hərbi bloku onunla təmasa keçir, Ukraynanın keçmiş və
indiki rəhbərləri Krımoğlu ilə məsləhətləşir, onun mövqeyi ilə
hesablaşır, şəxsiyyətinə hörmət göstərirlər.
Bütün bunların səbəbi Mustafa Cəmiloğlunun fenomenal iradə
yiyəsi olması, əzmkarlığı, dönməzliyi, parlaq şəxsiyyətidir.
Onun arxasında elə böyük bir qüvvə də yoxdur. Təmsil etdiyi
etnik qrup Ukraynada, eləcə də Krımda azlıqdadır. Onlar ruslardan
da azdırlar, ukraynalılardan da. Amma onlar həm bu bölgənin
aborigenləridir, həm də Krımoğlu Mustafa bəy kimi liderləri var və
onun ətrafında sıx birləşiblər.
6 aylıq körpə ikən ailəsi ilə birlikdə "sovet dövlətinə xəyanət
etmiş xalq"ın oğlu olaraq sürgünə göndərilən Mustafa bəyin sürgün
illərində Özbəkistanda çəkdiyi məşəqqətlərdən ətraflı danışsaq,
dastan, yazsaq, roman olar. Bir məqamı isə mütləq qeyd etmək
lazımdır: onu Daşkənd universitetində ali təhsil almağa qoymayıblar
– "xain xalqın oğlusan" deyə.
Görünür, məhz bu haqsızlıq Mustafa bəyin həyat yolunu birdəfəlik
müəyyənləşdirib, onu sovet dövlətinə asi edib. Sonralar uzun-uzadı
məhkəmələr, sürgünlər, həbslər, sıxışdırılmalar, keşməkeşlər... Bu,
1989-cu ilə qədər davam edib. 1944-1989. Tam 45 il. Bu, Krımoğlu
Mustafa bəyin həyatının ən yaxşı illəriydi.
Onun azadlığa çıxması, təqiblərdən azad olması da dünyanın iki ən
böyük siyasi liderinin – Reyqanla Qorbaçovun razılaşması əsasında
baş tutub. Reyqan azadlığa buraxılmasını xahiş etdiyi bir neçə
sovet dissidentinin sırasında akademik Saxarovla yanaşı Mustafa
Cəmilov da olub.
1998-ci ildə isə o, öz xalqının haqları uğrunda dönməz mübarizə
apardığına görə BMT-nin Ali Komissarlığı tərəfindən ali mükafata
layiq görülüb.
Hazırda 71 yaşlı bu bəstəboy lider yenə də xalqının taleyi üçün
ayaqdadır və mübarizəsini davam etdirir.
Onu tanıyanların hamısı əmindirlər ki, Mustafa bəyi heç nə ilə
qorxutmaq və heç bir dünya malı ilə şirnikləndirib yolundan
döndərmək mümkün deyil.
Əslində Rusiya prezidenti Putinin, eləcə də Krımın separatçı
rəhbəri Aksyonovun Krım türklərinə, şəxsən Mustafa bəyə verdiyi
vədlər çox cəlbediciydi: Krım türklərinin ana dilinin ikinci dövlət
dili olması, onlara tam təhlükəsizlik təminatı verilməsi, baş
nazirin iki müavini postu, bir neçə nazir vəzifəsi, güc
strukturları da daxil olmaqla bütün nazirliklərdə müavin vəzifələri
və sair və ilaxır.
Ancaq bir vaxtlar "sovet xalqına xəyanət"ə görə Stalin
tərəfindən sürgünə göndərilmiş Krım türkləri bu qədər cəlbedici,
şirnikdirici vədlərdən imtina etdilər, təbəəsi olduqları dövlətə
(Ukrayna) xəyanət yolu tutmadılar. Beləliklə, Stalinin tarixi
damğası və bu xüsusda olan şübhələr ("bəlkə də Stalin onları sürgün
etdirərkən haqlı imiş") darmadağın oldu.
Əlbəttə, Mustafa bəy və onun silahdaşları onsuz da
qırılıb-çatılmış, sayı sürgünlər və repressiyalar nəticəsində
azalmış Krım türklərini növbəti siyasi təlatümlərdən necə
sağ-salamat çıxarmağı yaxşı bilirlər. Krımoğlunun iradəsi,
təcrübəsi, beynəlxalq nüfuzu buna yetəcək qədərdir.
Əsl millət rəhbəri odur ki, dövlət vəzifəsi olsa da, olmasa da,
sözü eşidilsin, saya salınsın. Vəzifəsini itirdikdən sonra qara
qəpiklik hörməti qalmayan başçılar sadəcə özləri, ailələri üçün
çalışanlardır. Onların millətə aidiyyatı yoxdur.
Mustafa bəy öz şəxsiyyəti ilə təkcə Krımın deyil, bütün türk
dünyasının oğludur, bəşər oğludur.(musavat.com)