Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində
gənclər təşkilatları ilə iş sektoru yaradılıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov deyib ki, sektorun yaradılmasında məqsəd gənclər
siyasətinin vahid mərkəzdən həyata keçirilməsi, Prezident
Administrasiyasının gənclər təşkilatları ilə əlaqələrinin
yaradılması və koordinasiya edilməsi, bu istiqamətdə gənclərdən
gələn təşəbbüslərin ümumiləşdirilərək ölkə başçısına təqdim
olunması və gənclər siyasətinin təkmilləşdirilməsidir.
Əli Həsənov qeyd edib ki, gənclərə münasibət həmişə Azərbaycan
dövlətinin diqqət mərkəzində olub: "Vaxtilə prezident Heydər
Əliyevin Azərbaycanda təməlini qoyub, konsepsiyasını
formalaşdırdığı daxili siyasət istiqamətlərindən bir məhz gənclər
siyasəti olub. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb.
Elə o vaxtdan Azərbaycan gəncliyinin inkişafı ilə bağlı xeyli
dövlət proqramı qəbul olunub. Bu istiqamətdə dövlətin siyasəti
mütəmadi olaraq yenilənərək təkmilləşib. Bu gün də həmin siyasət
davam etdirilir. Azərbaycan gəncliyi dövlətimizin gələcəyidir.
Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan gəncliyinə
istiqamətlənmiş siyasət, gəncliyin inkişafına qoyulmuş kapital
Azərbaycanın gələcəyinə qoyulmuş kapitaldır, gələcəyin etibarlı
təminatıdır. Ona görə də bu istiqamətdə siyasət davam
etdirilir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
tərkibində gənclərlə iş sektorunun yaradılması zərurətdən doğur. Bu
iş əvvəllər də ictimai-siyasi şöbədə aparılırdı. Amma digər şöbələr
də gənclər siyasəti ilə ara-sıra məşğul olurdu. Bu səbəbdən yeni
sektor yaradıldı.
Azərbaycanda ayrıca Gənclər və İdman Nazirliyi mövcuddur.
Nazirlik gənclər siyasətinə bilavasitə rəhbərliyi həyata keçirir.
Prezident Administrasiyasında yaranan sektor isə nazirlik və
Gənclər Fondu ilə birlikdə gənclər siyasətinin bütün sahələr üzrə
vəziyyətini təhlil edəcək, gənclərin təşəbbüslərini ümumiləşdirəcək
və uyğun dövlət siyasəti yönündə təkliflər verəcək"
("Mediaforum.az").