Bu gün Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatına
(İSESCO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin
"İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV
konfransı işə başlayıb.
Konfransda 10 beynəlxalq təşkilat və 51 ölkədən nazir və
ekspertlər iştirak edir.
Baş nazirin müavini Əli Əhmədov tədbirdə açılış nitqi ilə çıxış
edib və konfrans iştirakçılarına Prezident İlham Əliyevin təbrik
məktubunu oxuyub (APA).
Məktubda deyilir: "Ümidvaram ki, Azərbaycanın paytaxtında
keçirilən bu konfrans İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına
üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin
dərinləşməsinə, səmərəli əməkdaşlığın güclənməsinə öz müsbət
təsirini göstərəcək və islam dünyasında uşaqlar və urbanizasiya
problemlərinin həllinə layiqli töhfəsini verəcək. Qloballaşma
dövründə böyük sosial vüsət alan urbanizasiya hər bir ölkədə
yaranmış çox saylı problemlərin həllini tələb edir. Azərbaycanda
regionların inkişafı ilə əlaqədar reallaşan dövlət proqramlarında
şəhərlərin infrastrukturu, ekoloji mühiti və müvafiq sosial
təchizatları əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların
ehtiyaclarını nəzərə almaqla qurulur. Bu sahədə görülən işlər
şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Uşaqların sağlamlığı,
təhsili ilə bağlı hüquqlarının təmin olunması müasir dövrdə
demokratik cəmiyyətin inkişafının əsas prioritetlərindəndir.
Azərbaycan Respublikasında aparılan dövlət siyasəti nəticəsində
uşaq hüquqlarının bütün sahələrinin, o cümlədən urbanizasiyadan
irəli gələn problemlərin həlli üçün əlverişli mühit
formalaşdırılmış və bu istiqamətdə konkret proqramlar, layihələr
həyata keçirilir".
Azərbaycan prezidentinin təbrik məktubunda daha sonra qeyd
olunub ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında
islam ölkələrinin tutduğu mövqe və Azərbaycanın ərazi bütövlüyünün
qorunmasına dair qəbul edilən müvafiq qərarlar ölkəmizdə yüksək
qiymətləndirilir: "Bu münaqişə nəticəsində doğma yurdlarından
məhrum olub, qaçqın və məcburi köşkün həyatı yaşamaq
məcburiyyətində qalmış bir milyon soydaşımızın əsas hüquqlarının
bərpası həm də onların uşaqlarının hüquqlarının təmin olunması
deməkdir. Sözsüz ki, bu sahədə birgə səylərimiz son nəticədə öz
bəhrəsini verəcək. Dayanıqlı inkişafın strategiyası uşaq hüquqları
və urbanizasiya məsələlərinin həlli üçün müxtəlif beynəlxalq
qurumların, o cümlədən İSESCO-nun fəaliyyətinin daha da
gücləndirilməsini tələb edir. Əminəm ki, konfrans bütün bu
məsələlərə diqqət yetirəcək, geniş müzakirələr aparacaq və onların
həllinə yönəlmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda
mühüm addımlar atacaq".