"Məqsəd Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında
iştirakdır".
Bu gün Azərbaycanın Qolf Federasiyasının inzibati binasında bu
il ölkəmizdə baş tutacaq qolf üzrə iki möhtəşəm tədbirin təqdimat
mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti
Anar Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs
edib.
A.Məmmədovun sözlərinə görə, Azərbaycan Qolf Federasiyası
2012-ci ildə təsis edilib, 2013-cü ilin sentyabr ayında inzibati
binasının rəsmi açılışından sonra isə tam gücü ilə fəaliyyətə
başlayıb.
"Bu il yaradılmasının iki illiyini qeyd etdiyimiz Federasiya çox
qısa bir vaxt ərzində böyük uğurlara imza atdı. Qısa bir müddətdə
Qubada ilk Milli Qolf Klubu yaradıldı. Bundan əlavə, Federasiyanın
nəzdində Bakı Qolf Akademiyası təsis edildi.
Ölkəmizdə qolf idmanının sıfırdan yarandığını nəzərə alan
Federasiya gənclərin təlimi sahəsində də mühüm addımlar atıb.
Bakının müxtəlif məktəblərində keçirilən təlimlərdə 1000-dən çox
şagirdə qolf idmanının əsasları öyrədilib. Qolf Akademiyasının
yaradılması isə görülən mühüm tədbirlər sırasındadır.
Tikintisinə 2012-ci ildən başlanılan və sahəsi 2400 kvadratmetr
olan Akademiya ötən ilin oktyabrında istifadəyə verilib. Binanın
tikintisi zamanı Avropanın aparıcı qolf akademiyalarının
təcrübələrindən istifadə olunub. Bu gün çoxlu sayda gənclərin Qolf
Akademiyasına gələrək, burada qolfun əsaslarını öyrənmələri
sevindirici haldır", - deyə, A.Məmmədov vurğulayıb.
Bundan başqa, Anar Məmmədov həmçinin bildirib ki, hazırda
Federasiyanın dəstəyi ilə 5 nəfər azərbaycanlı gənc xaricdə qolf
üzrə təlim keçir:
"Bundan başqa, Binə qəsəbəsində və Qəbələ rayonunda qolf
meydançaları inşa olunur".
Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə baş tutacaq
yarışlardan danışan A.Məmmədov vurğulayıb ki, bu il ilk dəfə
olaraq, Azərbaycan Qolf Federasiyası tərəfindən Azərbaycanın
Ümummilli Lideri Heydər Əliyevin adını daşıyacaq qolf üzrə
Azərbaycan Turniri keçiriləcək.
"Heydər Əliyev adına Azərbaycan Turniri 6-7-8 iyun 2014
tarixlərində Quba Milli Qolf Klubunda keçirilməsi nəzərdə
tutulur.
Tədbirə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçular
qatılacaqlar. Ölkə miqyasında belə bir yarışların keçirilməsi
əlbəttə ki, qolfun idmanın bir növü kimi daha da
populyarlaşdırılması ilə nəticələnəcək".
Federasiya prezidenti AQF-in xarici əməkdaşlığa da böyük
üstünlük verdiyini xatırladıb:
"Federasiyanın dəvəti ilə bu il fevralın 15-də Beynəlxalq
"European Tour"un rəhbəri Nick Tarratt ilk dəfə Azərbaycana səfəri
çərçivəsində Bakı Qolf Akademiyası, Qubadakı Milli Qolf Klubu ilə
yaxından tanış olub.
Və bu səfərin nəticəsi kimi, Avropanın ən mötəbər qolf
yarışlarının rəsmi təşkilatçısı olan "European tour" ilə bu ilin
yay mövsümündə Azərbaycanda "Challange Tour"-un keçiriləcəyi
haqqında razılıq əldə olunub.
"European Tour" Avropada professional zəmində qolf yarışlarının
keçirilməsinə 1986-cı ildən etibarən başlayıb və bu yarışlar müasir
dövrümüzün ən mötəbər qolf yarışlarından hesab olunur.
"Challange tour" dünya çərçivəsində çox mötəbər bir qolf yarışı
statusunu qazanıb. Yarışlarda qalib gələn yüksək pillələri qazanmış
15 oyunçu "European tour"-un növbəti mərhələsində oynamaq hüququ
qazanır və bu silsilədən olan oyunların keçiriləcəyi ölkələrdən
biri olmaq, bu yarışlardan birinə ev sahibliyi etmək Azərbaycanda
qolfun inkişafının bariz nümunəsidir.
Qeyd edim ki, "Challange tour" yarışının dünyaya tanıtdığı adlar
sırasında Henrik Stenson, Martin Kaymer, İan Poulter kimi qolf
ulduzları var.
Azərbaycan Qolf Federasiyası bu mötəbər qolf yarışının 2014-cü
ilin 30 iyul – 3 avqust 2014 tarixlərində keçiriləcəyini sizlərə
elan etməkdən qürur duyur. Bu mötəbər beynəlxalq tədbir Quba
şəhərində, 18 dəlikli, dünya standartlarına cavab verən Milli Qolf
Klubunda baş tutacaq".
A.Məmmədovun bildirdiyinə görə, tədbirə dünyanın müxtəlif
ölkələrindən gəlmiş 72 qolfçu qatılacaq.
"Bundan əlavə, bu tədbir çərçivəsində Azərbaycan Qolf
Federasiyasının dəvəti ilə Avropa ölkələrindən mötəbər qonaqlar
doğma Azərbaycanımızı ziyarət edəcəklər".
Federasiya prezidenti həmçinin Azərbaycan qolfunun qarşısında
duran vəzifələrdən də danışıb:
"Mən əvvəllər də çıxışlarımda dəfələrlə vurğulamışam ki,
məqsədimiz 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində
keçiriləcək Yay Olimpiya Oyunlarında azərbaycanlı qolfçulardan
ibarət komandanın iştirakıdır.
Bildiyiniz kimi, qolf 2012-ci ildən Olimpiya oyunları siyahısına
düşüb. Və buna görə də, Azərbaycanın Qolf Federasiyası həmçinin
yeniyetmələrdən ibarət milli yığmanın və Olimpiya yığmasının
yaradılması istiqamətində ciddi şəkildə iş aparır. İnanırıq ki, bu
sahədə apardığımız işlər səmərəli olacaq və qısa bir müddətdə
Azərbaycanda qolf idmanı üzrə tanınmış simalar yetişəcəklər".
/Oxu.az/