Baş nazirin sabiq birinci
müavini, "AzerRoss"un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov
Azərbaycanda partiya qurubmuş.
Bu sensasiyalı məlumatı verən mənbənin sözlərinə görə,
Azərbaycan hakimiyyəti ilə bütün münasibətlərini nöqtələyən
A.Abbasov bu partiyanı parlamentin sabiq spikeri Rəsul Quliyevlə
birgə yaradıb. Söhbət ötən ilin dekabrın sonlarında yaradıldığı
elan edilən, bu ilin fevral ayının 23-də isə ilk qurultayını
keçirən Gələcək Azərbaycan Partiyasından (GAP) gedir.
Maraqlıdır ki, bu partiyanın əvvəldən Rəsul Quliyevin
xeyir-duası və maddi dəstəyi ilə yaradıldığı məlum olsa da,
rəhbərlikdə Abbas Abbasovun da olması uzun müddət gizli
saxlanılıb.
A.Abbasovun partiyanın gizli rəhbəri olduğu mayın 14-də GAP-ın
İdarə Heyətinin toplantısında məlum olub.
Redaksiyamıza verilən xəbərə görə, toplantıya əvvəl eks-spiker
Rəsul Quliyev skayp vasitəsilə qatılıb. Bundan sonra isə əsl
sensasiya baş verib. Partiyanın rəhbəri Ağasif Şakiroğlu toplantıya
skaypla Abbas Abbasovun da qatılacağını elan edib. Nə baş
verdiyindən xəbərsiz olan İdarə Heyətinin üzvləri Abbas Abbasovu da
dinləməli olublar. O da partiya rəhbəri kimi çıxış edərək İdarə
Heyətinə öz tövsiyələrini verib. Məlumatda deyilir ki, sabiq
vitse-premyerin çıxışından da belə anlaşılıb ki, o da partiya
rəhbərliyindədir və GAP-ın tezliklə Azərbaycanda müxalifətin yeni
güc mərkəzinə çevrilməsini istəyir. Həm Rəsul Quliyev, həm Abbas
Abbasov çıxışlarında Respublika günü - 28 may törənlərində GAP-ın
mütəşəkkil partiya kimi hakimiyyətin diqqətini çəkməsini
istəyiblər.
A.Abbasovun qəfil GAP rəhbərliyində peyda olması İdarə Heyəti
üzvləri arasında narazılıqla qarşılanıb. Onlar partiya sədrindən
izahat tələb ediblər. Məlumata görə, İdarə Heyətinin bir neçə üzvü
Abbas Abbasovun GAP-da gizli rəhbərliyinə etiraz ediblər. Onlara
tutarlı izahat verə bilməyən A.Şakiroğlu toplantını yarımçıq
bitirib.
1996-cı ilin sentyabrından ölkədən kənarda yaşamağa məcbur
edilmiş Rəsul Quliyev Azərbaycanda bir neçə siyasi partiya yaratsa
da, ciddi uğur qazana bilməyib. Ya onu yarı yolda qoyublar, ya özü
həmin partiyalarla yollarını ayırıb. Sülhəddin Əkbərlə yaratdığı
ACP-dən də ayrılan Rəsul Quliyevin bu dəfə Kremldə ciddi dayaqları
olan Abbas Abbasovla birləşməsi əsl hadisə hesab oluna bilər.
Belə məlumat da var ki, R.Quliyev uzun müddətdir ABŞ-dan çıxmaq
və mümkün olsa, Rusiyada yerləşmək üçün cəhdlər edir. Bu işdə isə
ona ən yaxşı yardımçı elə Abbas Abbasov ola bilər. Mənbəmiz deyib
ki, hər iki partiya lideri 2015-ci ilin parlament seçkilərinə
hazırlığı əsas məqsəd hesab edir və böyük ümidlərlə yaşayırlar.
"Ola bilsin ki, parlament seçkisi ərəfəsi Rəsul Quliyev Moskvada
yaşamaq niyyətini gerçəkləşdirsin. O yaxşı başa düşür ki,
Azərbaycan sərhədlərinə yaxınlaşmadan onun nəinki hakimiyyətə,
hətta ölkəyə qayıdışına inananlar belə qalmayacaq" deyə, qaynağımız
izahat verib.
Xəbərdə o da deyilir ki, həm Rəsul Quliyev, həm Abbas Abbasov
hakimiyyətin daha iki qatı düşməni hesab olunan sabiq səhiyyə
naziri Əli İnsanov və Hüseyn Abdullayevi də bu partiya projesinə
qoşmaq istəyirlər. Amma hələ ki nə Əli İnsanov, nə də Hüseyn
Abdullayev partiya fəaliyyətinə razılıq veriblər.
Rəsul Quliyevlə Abbas Abbasov uzun müddət birgə hökumətdə
çalışıblar. Hər ikisi zamanında iqtisadi sektoru kurasiya
etdiklərindən münasibətləri də normal olub. Sabiq daxili işlər
naziri Vaqif Novruzov bir neçə ay bundan əvvəl "Yeni Müsavat"a
müsahibəsində Quliyev-Abbasov münasibətlərini ortaya qoyan bir fakt
açıqlamışdı. O demişdi ki, 1994-cü il mart ayının 23-də eks-spiker
onu evinə qonaq çağırıb və ona öz komandasını formalaşdırdığını
deyib: "Günorta gəldim Rəsul Quliyevin evinə. Çox maraqlı mənzərə
ilə qarşılaşdım. Evdə Rəsuldan başqa baş prokuror Əli Ömərov, milli
təhlükəsizlik naziri Nəriman İmranov və baş nazirin müavini Abbas
Abbasov var idi".
2013 seçkisi ərəfəsində Abbas Abbasovun Milli Şuranın vahid
namizədi olacağı xəbəri yayılanda eks-spiker onun haqqında
danışmışdı da. Eks-spiker Abbas Abbasovu "yaxşı işgüzar adam" kimi
xarakterizə edərək "mənə belə gəlir ki, düşmənləri onun adını vahid
namizədlikdə hallandırmaqla hakimiyyətin repressiya aparatını ona
tuşlatdırmaq istəyirlər" deyərək, gələcək müttəfiqini müdafiə də
etmişdi.
Bu münasibətləri vacib edən daha bir mühüm səbəb hakimiyyətin
Abbas Abbasovu "qara siyahı"ya salmasıdır. Rusiya Azərbaycan
Təşkilatları İttifaqı - Milyarderlər İttifaqını yaradaraq 2013
seçkisi ərəfəsi hakimiyyətə yönəlik sərt bəyanatlar verən Abbas
Abbasova çoxdandır Bakıya gəlmək yasağı qoyulub. Son
müsahibələrində də o, prezidentlə Bakıda görüşməsinə əngəllər
yaradıldığını və biznesini Bakıdan çıxardığını təsdiqləmişdi. İndi
iqtidarın Abbas Abbasova münasibəti heç də Rəsul Quliyevdən yaxşı
deyil, bəlkə də onunla müqayisədə daha da sərtdir.
A.Abbasovun Rəsul Quliyevlə ittifaq yaratması gözlənilən və daha
dəqiqi, zəruri idi. Abbas Abbasovla Rəsul Quliyevin ittifaqı sabiq
vitse-premyerin Kremlə bağlılığı baxımından daha maraqlı görünür.
Bu həm də o anlama gəlir ki, Rusiya Abbas Abbasov vasitəsilə
Azərbaycana müdaxilələrə son verməyib, əksinə, bunu partiya
səviyyəsində gücləndirib də...
Ən son məlumata görə, Abbas Abbasovun partiya rəhbərliyində
təmsil olunmasına etiraz olaraq bir neçə nəfər GAP-dan istefa
vermək niyyətindədir.../Musavat.com/.