İyunun 15-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
Afina Akropolunda olublar.
Altı min illik tarixi olan Afina dünyanın ən qədim şəhərlərindən
biridir. Şəhər müdriklik ilahəsi Afinanın adını daşıyır. Bütün
dünyada azadlıq, demokratiya və incəsənətin rəmzi hesab olunan
Afinaya xüsusi yaraşıq verən, şəhərin özəlliyini artıran tarixi
məkanlar arasında Akropol xüsusi yer tutur. "Yuxarı şəhər" mənasını
verən və Afinanın rəmzi hesab olunan bu müqəddəs qaya qədim
sivilizasiya ilə müasirliyi bir araya gətirir.
Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq
meydançada yerləşən, dünya tarixinin və mədəniyyətinin şah əsərləri
sırasında olan Akropol 3 min illik tarixə malik memarlıq abidələri
ilə zəngindir və sanki muzeyi xatırladır. Qədim Afinanın həm
dövlət, həm də dini mərkəzi sayılan Akropolun qorunmasına
afinalılar bütün dövrlərdə ciddi fikir vermişlər. Hətta Perikl
zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə
minlərlə insan cəlb edilmişdir. İndiyə qədər gəlib çatan bir çox
tarixi abidələr də məhz elə o dövrdə inşa olunmuşdur. Akropolun
əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya
memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion
məbədləri də vardır ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə
qədər gəlib çatmışdır. Məsələn, yunan memarlığının ən böyük əsəri
hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan
heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi
qəbul edilir.
Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan
Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə
ucaldılmış Parfenon məbədi yerləşir.
Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və
mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir. Keçmişdə Sokrat və
Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu
məkanı seçmişdilər. Aqora ərazisində yerləşən memarlıq abidələri
müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta eramızdan əvvəl XI
əsrə aid abidələrə də rast gəlmək mümkündür.
Sənayenin ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması ilə
bağlı hazırlanan böyük bərpa proqramı çərçivəsində 1980-ci ildən
etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir.
Akropol öz möhtəşəmliyi ilə onu görməyə gələn hər bir turistin
qəlbində unudulmaz hisslər yaradır.