İtaliyanın məşhur "Capitolino Flash" (Paytaxt İşığı)
qəzetində Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin
sədri, rəssam Həsən İsgəndərov ilə müsahibə dərc
olunub.
"Mədəniyyətin təkamülü və Azərbaycan" adlı müsahibədə İtaliya
ilə Azərbaycan arasında təhsil, mədəniyyət sahələrində əlaqələrin
daha da gücləndirilməsi, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın gördüyü işlər barədə yerli oxuculara ətraflı məlumat
verilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya
mədəniyyətinə verdiyi töhfələrdən söz açan jurnalist Paolo Onorati
yazır: "Birinci xanım Mehriban Əliyeva incəsənət və mədəniyyət
sahəsinə çox böyük diqqət yetirir. Beynəlxalq aləmdə onun bu əməyi
əvəzedilməzdir. Birinci xanımın misilsiz əməyi sayəsində Azərbaycan
mədəniyyətinin zənginliyi bütün dünyaya çatdırılmışdır. Mehriban
xanımın əsas məqsədlərindən biri öz ölkəsində və dünyada
milli-mədəni dəyərlərin qorunub saxlanılmasıdır. Məsələn,
Azərbaycanda qədim nəsillərdən gələn muğam adlı ənənəvi musiqi
janrı vardır. Ancaq bu qədim musiqiyə maraq azalırdı. Mehriban
xanımın təşəbbüsü ilə Bakıda möhtəşəm Muğam Mərkəzi tikilmişdir.
İndi bu mərkəzdə istedadlı muğam ifaçıları konsertlər verirlər.
Eyni zamanda, qədim muğamın yaşadılması və gələcək nəsillərə
ötürülməsi üçün müxtəlif beynəlxalq müsabiqələr keçirilir. Mehriban
xanımın diqqət və qayğısı sayəsində muğam haqqında xarici dillərdə
nəşrlər hazırlanmışdır".
Müsahibədə Mehriban Əliyevanın qədim Azərbaycan xalçaçılıq
sənətinin qorunmasına böyük diqqət ayırmasından da danışılır:
"Azərbaycanın hər bölgəsinin xalçaçılıq sənəti üzrə öz bədii naxış
kompozisiya quruluşu vardır. Bu xalq sənətinin gələcək nəsillərə
ötürülməsi üçün Mehriban xanımın təşəbbüsü ilə xalça mərkəzləri
yaradılıb, Xalça Muzeyi üçün yeni bina tikilir. Paytaxt Bakıda
Müasir İncəsənət Muzeyi təşkil olunmuşdur. Azərbaycanın görkəmli
sənətkarlarının işləri bu muzeydə sərgilənir".
Həmçinin müsahibədə bildirilir ki, "Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İtaliyanın paytaxtı
Roma şəhərində ən əhəmiyyətli tarixi binalardan biri olan
Kapitolino Muzeyinin Fəlsəfə zalı bərpa edilmişdir. Həmçinin
Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunmuşdur.
Bununla əlaqədar birinci xanım Mehriban Əliyeva və Kardinal Can
Franko Ravazi arasında memorandum imzalanmışdır. Mehriban Əliyeva
Vatikana səfəri çərçivəsində müqəddəs taxt-tacın dövlət katibi,
kardinal Tarçizio Bertoni ilə görüşmüşdür. Görüşdə iki ölkə
arasında dostluq və əməkdaşlıq əlaqələri, Azərbaycanın dini və
mədəniyyətlərarası dialoqda rolu vurğulanmışdır. Birinci xanım,
həmçinin Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti,
kardinal Jean-Louis Tauranla da görüşmüşdür".
Müsahibədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun
fikirlərinə də yer verilib. Səfir deyib: "Bildiyiniz kimi, İtaliya
və Azərbaycan böyük mədəniyyətə və qədim tarixə malik olan
ölkələrdir. İtaliya, dünya mədəniyyət tarixində böyük rol oynayır.
Mənim ən böyük arzum iki ölkə arasında mədəni əlaqələri daha da
gücləndirməkdir. İtaliyanın incəsənət sahəsində böyük təcrübəsi
vardır. Azərbaycan çox dinamik inkişaf edən bir ölkədir. Mən altı
il ərzində İtaliyanı və italiyalıları, onların mədəniyyətini daha
da yaxşı tanıdım. İstərdim azərbaycanlı gənclər də mənim kimi bu
mədəniyyəti yaxşı tanısınlar. Həmçinin istərdim ki, çoxlu istedadlı
italiyalı gənclər də mənim ölkəmə getsin və bizim mədəniyyətimizlə,
tariximizlə daha da yaxından tanış olsunlar".
Müsahibənin elektron versiyasını aşağıdakı linkdən izləmək
mümkündür:
http://www.capitolinoflash.it/
Azərtac